Kamil Səlimov
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində
Dağlıq Qarabağ və beynəlxalq hüquq problemləri
1.
Birinci ehtimal. Dağlıq Qarabağda Ermənistanın
hərəkətlərinə hüquqi qiymət verilməsinin ilkin pozisiyası. Azərbaycan konfliktin
baş verdiyi vaxtdan bəri Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal
etməsi faktından çıxış edir. Bu fakt isə danılmazdır. Lakin beynəlxalq
təşkilatlar, BMT və bəzi nüfuzlu dövlətlər Ermənistanı işğalçı tərəf kimi
qiymətləndirmir.
Nə üçün?
1.1. Azərbaycan Ermənistan tərəfindən baş vermiş təcavüzkarlıq aktını sübut edə bilmir, çünki Azərbaycanın keçmiş Dağlıq Qarabağ Vilayəti və onun ətrafında Ermənistan nizami qoşunlarının olması barədə kifayət qədər dəlillər ortaya çıxarmaq imkanı yoxdur. Bunun səbəbi 1992-1993-cü illər ərzində Ermənistanın Dağlıq Qarabağa qoşun yeritməsi barədə sənədli məlumatların yoxluğu və nəzarətin imkan xaricində olmasıdır.
1.2. Qondarma “DQR”ın “rəsmi nümayəndələri”Dağlıq Qarabağ ərazisində və ondan kənarda Ermənistan qoşunlarının olmamasını bəyan etməklə yanaşı, münaqişədə Dağlıq Qarabağ ordusunun iştirakı faktını da təsdiqləyirlər.
1.3. BMT TŞ-nin məlum dörd qətnaməsininin heç birində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı yox, Dağlıq Qarabağ və onun hüdudlarından kənarda olan rayonların “Qarabağ ermənilərinin”silahlı birləşmələri tərəfindən işğal edilməsi faktı təsdiqlənir ki, bu da münaqişənin nizama salınmasına dair hüquqi mexanizmin müəyyən olunmasında başlıca məqamlardandır.
1.4. Ermənistan bütün diplomatik forumlarda, ölkə başçılarının görüşlərində, kütləvi informasiya vasitələrində və s. tədbirlərdə Dağlıq Qarabağda özünün birbaşa hərbi iştirakı faktını rəsmi olaraq inkar edir və hətta prezident A.Köçəryan Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbulu vaxtı eks-prezident L.Ter-Petrosyanın Ermənistan nizami qoşunlarının Azərbaycan ərazisində olmaması fikrini təkrarlamış, ən başlıcası isə söyləmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın daxili problemidir.
Belə olduqda Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrindən savayı, hansı qüvvələr mübarizə aparır?
2. İkinci ehtimal. Dağlıq Qarabağ ermənilərinin qeyri-qanuni hərbi qurumlarının cinayət əməllərinə hüquqi qiymət verilməsinin ilkin pozisiyası.
Dağlıq Qarabağ ermənilərinin qondarma “Dağlıq Qarabağ Ordusu”nun hərbi birləşmələrində iştirak etməsi faktına Azərbaycan etinasız yanaşmamalıdır. Bu vəziyyət bizim Dağlıq Qarabağla bağlı diplomatik fəaliyyətimizin ən zəif yerlərindən biridir. Azərbaycan vətəndaşı olan bütün millətlərin nümayəndələrinə Azərbaycan hörmətlə yanaşır, lakin eyni zamanda Dağlıq Qarabağın həm Azərbaycan, həm də erməni millətindən olan dinc vətəndaşlarına qarşı istiqamətlənmiş hər hansı terrorçuluq yönümlü qeyri-qanuni hərbi birləşmələrlə barışmaz mübarizə aparmalıdır. Bu problemin mühümlüyünü nəzərə alaraq məsələnin daha ətraflı araşdırılması məqsədəuyğundur.
BMT-nin normativ sənədlərinə nəzər salaq. BMT Nizamnaməsinin 1-ci maddəsinin 2-ci bəndinə əsasən, BMT-nin məqsədlərindən biri xalqların bərabərlik və öz müqəddəratını həll etməsi prinsipinə hörmət zəmnində millətlər arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. Bu aktın 55-ci maddəsi isə həmin prinsipi beynəlxalq iqtisadi və sosial əməkdaşlığın əsası kimi dəyərləndirir. Qeyd etmək lazımdır ki, ilkin olaraq BMT-nin Nizamnaməsində xalqların bərabərlik və öz müqəddəratını təyin etməsi prinsipi dedikdə, ayrılma hüququ yox, öz müqəddəratını həlletmə hüququ başa düşülür. BMT Baş Assambleyasının “Əsarətdə olan ölkələr və xalqlara azadlıq verilməsi haqqında”1960-cı ilin 14 dekabr tarixli Bəyannaməsində xalqların öz müqəddəratını təyinetmə prinsipini inkişaf etdirdi və onun daha geniş şərhini verdi. Həmin Bəyannamə müəyyən etdi ki, “bütün xalqlar öz müqəddəratını təyinetmə hüququna malikdirlər; bu hüquqa nəzərən onlar öz siyasi statusunu sərbəst olaraq təyin edir, öz mədəni və iqtisadi inkişafını həyata keçirirlər”. Həmin sənədin 6-cı maddəsi isə bu hüququn reallaşmasının məhdudiyyət hüdudlarını müəyyən edir: “ölkənin milli birliyinin və ərazi bütövlüyünün müəyyən qədər və ya tam dağıdılmasına yönəlmiş hər hansı cəhd Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərilə bir yerə sığmır”.
Araşdırılan problemə baxılmasında beynəlxalq məhkəmə praktikası da az maraq kəsb etmir. Belə ki, BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən Burkina-Faso və Mali arasında qalxmış sərhəd mübahisəsinə baxılarkən “öz müqəddəratını təyinetmə” və “ərazi bütövlüyü”prinsiplərinin nisbəti aydınlaşdırılmışdır. Münaqişənin həlli yolunun əsası kimi öz müqəddəratını təyinetmə prinsipi yox, beynəlxalq hüquqda ənənəvi uti possidetis prinsipi, yəni ərazi status-kvonun dəyişməsinin yolverilməzliyi prinsipi götürülmüşdür. Müəyyən edilmişdir ki, əslində “Afrikada əksər hallarda status-kvonun qorunması ən yaxşı addımdır”. 1992-ci ildə Avropa Şurasının Arbitraj Komissiyası Yuqoslaviya barədə analoji fikir söyləmişdir: “hər hansı bir vəziyyətdən asılı olmayaraq öz müqəddəratını təyinetmə hüququ müstəqillik zamanı (uti possidetis juris) mövcud olan sərhədlərin dəyişməsini özündə cəmləşdirə bilməz”.
Öz müqəddəratını təyinetmənin subyekti kimi xalq (millət) çıxış edir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının inzibati tərkib hissəsi olaraq əsasən Azərbaycan və erməni millətindən olan əhaliyə (xalq və millət yox) malikdir. Millətin və ya xalqın ayrılmaz bir hissəsini təmsil edən əhali isə “öz müqəddəratını təyinetmə”nin hüquqi subyekti kimi çıxış edə bilməz. Məhz buna görə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna müraciət etməsi mahiyyət etibarilə adi fırıldaqçılıqdır.
Hüquqi dövlətlərdə Konstitusiya Məhkəmələrinin hüququnun aliliyinin ölkədaxili təminatı təcrübəsi kifayət qədərdir. Cənubi Afrikanın Konstitusiya Məhkəməsi öz müqəddəratını təyinetmənin “miqyası”məsələsinə baxarkən qərara alıb ki, Konstitusiyaya görə öz müqəddəratını təyinetmə “siyasi müstəqillik”və ya “ayrılma”məfhumu daşımır.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 13 mart 1992-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, RF Konstitusiyası respublikaların federasiyadan çıxmaq hüququnu nəzərdə tutmur.
“Öz müqəddəratını təyinetmə hüququ” və “ərazi bütövlüyü” prinsiplərinin nisbəti.
Beynəlxalq hüquq, beynəlxalq və ölkədaxili məhkəmə praktikası beynəlxalq sənədlərə əsaslanaraq dövlətlərin ərazi bütövlüyünü ən yüksək başlıca prisipi kimi götürür.
Dağlıq Qarabağ ordusuna oxşar milli-separatçı yönümlü terror aksiyaları analoji sülh problemləri olan bir çox regionlarda da həyata keçirilir. Müasir beynəlxalq hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə yönəlmiş çoxsaylı beynəlxalq aktlar vardır. BMT Təhlükəsizlik Şurasının 1999-cu il 22 oktyabr tarixli qətnaməsi motiv və iştirakçılarından asılı olmayaraq, bütün terror aktlarını pisləyir. MDB çərçivəsində beynəlxalq terrorçuluq, separatçılıq və ekstremizmlə mübarizədə əməkdaşlıq barədə bir sıra qərarlar imzalanıb.
Dağlıq Qarabağda terrorçuluq dalğaları isə davam edir. İnsan və vətəndaş hüquqlarının pozulması sona çatmaq bilmir. Dağlıq Qarabağ və ondan kənarda terrorçu zorakılığı elə geniş vüsət almışdır ki, bu gün bütöv vilayət və rayonlar terrorçuların nəzarəti altındadır.
Azərbaycan Respublikasının Milli Məclisi Dağlıq Qarabağ ordusunun törətdiyi zorakılığı terror kimi qiymətləndirməlidir. BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq terrorçuluq barədə 2000-ci il 19 oktyabr tarixli son qətnaməsini əldə əsas tutumaqla Dağlıq Qarabağ və ondan kənarda terror zorakılığının qarşısının alınması və ləğv edilməsi üzrə köklü proqram işlənib hazırlanmalıdır. Sadalanmış əsaslardan əlavə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Dağlıq Qarabağda antiterror əməliyyatı keçirmək üçün beynəlxalq sanksiyadır.
Beləliklə, bu gün Azərbaycan, BMT-nin Təhlükəsizlik Şurasının məlum qərarlarında verdiyi sanksiyalarına müvafiq olaraq, özünün işğal edilmiş ərazilərində antiterror əməliyyatları keçirmək üçün tam hüquqa malikdir. Bu hüquqdan istifadə edilməsi Dağlıq Qarabağın azad edilməsinin birinci mərhələsi ola bilər.