Kəmalə Sofiyeva
1918-ci ildə Osmanlı ordusunun Qarabağda apardığı əməliyyatlar
1918-ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra erməni separatçılığı Qarabağda da geniş vüsət almışdı. S.Şaumyanın və başqalarının vasitəsilə Sovet Rusiyası tərəfindən himayə edilən ermənilər, xüsusən də Andranikin quldur dəstələri 1918-ci ilin yazından etibarən Azərbaycan torpaqlarına bilavasitə təcavüz etməyə başladılar. Əvvəlcə Naxçıvan, sonra isə Zəngəzur və Qarabağ bölgələrinə soxuldular.Avqustun əvvəllərində Naxçıvanda Osmanlı qoşunları ilə döyüşlərdə məğlub olan Andranik Gorusa gələrək özünə burada məskən salmışdı.
Zəngəzuru ələ keçirən Andranik buradakı türk-müsəlman kəndlərini dağıtmış, əlinə keçən əhalini məhv etmişdi. Osmanlı hərbi qərargahının 20 avqust tarixli məlumatında onun Naxçıvandan şimal-şərqdəki erməni məntəqələrində səfərbərlik elan edərək, 15 yaşından 45 yaşına kimi erməniləri silahlandırdığı, yanında 5 min silahlı erməninin olduğu bildirilirdi.
Zəngəzurla kifayətlənməyən ermənilər öz nüfuz dairələrini qonşu mahallara da yaymağa çalışırdılar. Andranik Qarabağdakı türk-müsəlman əhalini qırmaq, didərgin salmaq yolu ilə bu bölgənin bütünlüklə ermənilərin nəzarəti altına keçməsinə nail olmağa çalışırdı. O, Azərbaycanın digər bölgələrində olan erməniləri “Osmanlı süngüsü altında məhv olacaqları” təhlükəsi ilə qorxudaraq Qarabağa toplaşmağa təhrik edirdi.
Qarabağ məntəqəsi komandanı Qarabağın azad edilməsi üçün əməliyyatlara mümkün qədər tez başlamağı Nuru paşadan xahiş edib, əks təqdirdə ermənilərin bu ətrafdakı müsəlmanların hamısını qətlə yetirəcəklərini bildirmişdi.
Lakin Qarabağa hərbi qüvvə göndərmək yalnız Bakı azad edildikdən sonra mümkün oldu. Ermənilər Ağdam ilə Şuşa arasındakı Əsgəran keçidini nəzarət altına alaraq, Şuşaya sığınmış azərbaycanlıları burada mühasirədə saxlayırlar. Qarabağda genişlənən erməni təcavüzünün qarşısının alınması və vəziyyətin sabitləşdirilməsi Cəmil Cahidin komandanlıq etdiyi I Azərbaycan diviziyasına tapşırıldı. I Azərbaycan diviziyası Osmanlı ordusunun 9-cu və 106-cı alayları ilə möhkəmləndirildi.
Türkiyə-Azərbaycan qoşunları sentyabrın 25-dən etibarən Qarabağ ərazisinə daxil olmağa başladılar. Qarabağ ermənilərinə tərk-silah olmalarını və onlardan Azərbaycan qanunlarına itaət tələb edən ultimatum verildi.
Nuru paşa Qarabağın erməni quldurlarından təmizlənməsinə xüsusi fikir verdiyindən oktyabrın 1-də özü Ağdama gəldi.
Erməni millətçiləri artıq məğlub olacaqlarını dərk etdilər və Qarabağ ermənilərinin oktyabrın 3-də çağırılmış növbəti qurultaylarında Azərbaycan hökumətini tanımağı qərara aldılar. Lakin onlar silahların təhvil verilməməsi barədə Osmanlı komandanlığına müraciət etdilər. Qafqaz İslam Ordusunun etirazından sonra tərksilah olmağa məcbur oldular. Lakin bu formal xarakter daşıyırdı. Onlar təslim olmaq fikrində deyildilər. Şuşaya doğru hərəkətə başlayan Qarabağ dəstəsi oktyabrın 4-də Əsgəran keçidində ermənilərin güclü müqavimətinə rast gəldi. Ağbulağa doğru hərəkət edən 9-cu Qafqaz piyada alayı buranı ələ keçirərək, ermənilərin cənuba doğru geri çəkilmək yolunu bağladı. Ermənilər mühasirəyə düşəcəklərindən ehtiyatlanıb Əsgəran keçidindən çəkilməli oldular. Oktyabrın 6-da Əyrikənd yaxınlığında erməni quldurlarından ibarət dəstə ilə döyüş oldu. Topların sürəkli atəşi silahlı erməni quldurlarını qaçmağa məcbur etdi. Şuşa istiqamətində oktyabrın 6-dək davam edən döyüşlərdə Türkiyə-Azərbaycan qoşunlarından 1 zabit və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmışdı.
Oktyabrın 8-də Türkiyə-Azərbaycan qoşunları Şuşaya daxil oldu və ermənilərin vəhşiliklərindən təngə gəlmiş azərbaycanlı əhali tərəfindən böyük sevinclə qarşılandı. Andranik Gorusa çəkilmək məcburiyyətində qaldı. Şəhərin komendantı təyin olunmuş Həsən Bəsri bəy onun müdafiəsinin təşkili sahəsində xeyli iş gördü.
Lakin oktyabrın ortalarında Qarabağdakı erməni quldurları fəallaşmağa başladılar. O zaman Azərbaycanda Qarabağa göndərilmək üçün əlavə qüvvələr yox idi. Digər tərəfdən də erməni millətçiləri beynəlxalq aləmdə səs-küy salaraq, Qarabağda “günahsız” erməniləri qırması barədə şayiələr yayırdılar. Bu da yeni vəzir Əhməd İzzət paşanı beynəlxalq təzyiqlər nəticəsində Qarabağda əməliyyatları dayandırmaq barədə göstəriş verməyə məcbur etdi.
Osmanlı-Azərbaycan ordusunun Qarabağda apardığı hərbi əməliyyatlar nəticəsində buranın türk-müsəlman əhalisinin – Azərbaycan türklərinin mənəviyyatı yüksəlmiş, erməni quldurlarına gözdağı verib, azğınlıqlarının qarşısı alınmışdı. Torpaqlarımızın 20%-nin işğal olduğu indiki məqamda Osmanlı-Azərbaycan ordusunun vaxtilə Qarabağı azad etmək üçün göstərdiyi qəhrəmanlıqlar gənc nəslin milli, vətənpərvər və fədakar ruhda tərbiyəsindən ötrü təsirli nümunə, tarixi keçmişimizin parlaq bir səhifəsidir.