Qabil Hüseynli
Türkiyə xarici siyasətində Qarabağ məsələsi
Qarabağ probleminin diplomatik – siyasi həlli Türkiyə xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bunun iki əsas elementini xüsusi vurğulamaq lazımdır:
Beynəlxalq təşkilatlarda problemin həllinə hər cür diplomatik-siyasi dəstək verilməsi;
Erməni təcavüzünün dəf edilməsi istiqamətində Azərbaycana çeşidli yardımlar göstərilməsi.
Türkiyə Azərbaycanla ilk diplomatik münasibət yaradan ölkə kimi Azərbaycana qarşı erməni təcavüzünə siyasi qiymət verilməsi istiqamətində beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyən ən fəal ölkə olub. Azərbaycana qarşı erməni təcavüzü faktını ilk tanıyan da Türkiyə Respublikası olub. Təsadüfi deyil ki, Türkiyə Azərbaycana qarşı təcavüzü təsbit edən beynəlxalq sənədlərin bir çoxunun ya təşəbbüsçüsü, ya da müəlliflərindən biri olub. BMT-nin məlum 4 qətnaməsi haqqında bu fikirləri söyləmək olar. Bundan başqa, Türkiyə ATƏT-in Minsk qrupunun təsisçisi olan 11 dövlətdən biri kimi problemin həlli məsələsinin daim gündəmdə saxlanılması üçün sistemli fəaliyyət göstərib. Ermənistana lobbiçilik edən bir sıra dövlətlərin səyləri nəticəsində Türkiyənin Minsk qrupunun həmsədrliyinə namizədliyi keçməsə də, bu qrupun fəaliyyətinin canlandırılmasında artıq bir neçə ildir ki, Türkiyə fəal surətdə iştirak edir. NATO üzvü kimi Türkiyənin NATO ölkələri arasında problemlə bağlı apardığı lobbiçilik fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Getdikcə Cənubi Qafqazda mövqeləri güclənməkdə olan Türkiyənin Qarabağ məsələsinin həllində həlledici fiqurlardan birinə çevrilməsi ehtimalı da artır. Son dövrlərdə Türkiyə regionda gedən inteqrasiya proseslərinə qoşmaq üçün ardıcıl səylər göstərir. Bu məqsədlə yaradılmış Türkiyə - Ermənistan barış komissiyası da bu strateyi niyyətlərə xidmət edir.
Türkiyənin kütləvi iformasiya vasitələri Qarabağ problemini dünya ictimai rəyinə çatdırmaqda əvəzsiz rol oynayıb. Məsələnin tarixi, kökləri, baş vermə səbəbləri haqqında ən dolğun və sistemli yazılar Türkiyə mətbuatının ana mövzularından biri olaraq qalmaqda davam edir. Məhz əksər ölkələrin radio, televiziya və qəzetləri Ermənistanın Azərbaycana təcavüzü haqqında ən operativ və səhih məlumatları Türkiyənin xəbər agentliklərindən alıblar. Türkiyə jurnalistlərinin hərbi əməliyyatların gedişində canlı reporttajları da dünyada geniş rezonans doğurub. Türkiyənin Azərbaycana bundan sonrakı diplomatik-siyasi dəstəyi Qarabağ probleminin həllində həlledici rol oynayacaqdır.