Qubad İbadoğlu
Qarabağ probleminin həlli müstəvisində sosial və iqtisadi amillərin retrospektiv və perspektiv təhlili
Azərbaycanın inkişaf strategiyasında Qarabağ probleminin həllinin önəmi əvəzedilməzdir. Bu, bütün ölkənin gələcəyi üçün yalnız siyasi, sosial deyil, həm də iqtisadi əhəmiyyət kəsb edən məsələlərdən ən vacibi hesab oluna bilər. Hazırkı iqtidarın leytemotivini "neft diplomatiyası" təşkil edən xarici siyasətinin "Qarabağ problemi"nin həlli istiqamətində heç bir irəliləyişlə nəticələnə bilməməsi, əksinə növbəti dövr üçün əhəmiyyətli olan bir sıra mövqelərin itirilməsinə gətirib çıxarması onunla bağlı daha dərin və hərtərəfli düşünülmüş siyasi xətt müəyyənləşdirməyi zərurətə çevirmişdir. Atəşkəs dövrü ərzində daxili imkanlardan səmərəli istifadə olunmamasına, hərbi-sənaye kompleksinin inkişaf etdirilməməsinə, müdafiə qabiliyyətinin artırılıb möhkəmləndirilməməsinə yol verilməməsinin bir tərəfdən büdcə vəsaitlərinin çatışmazlığı səbəbindən, digər tərəfdən də korrupsiya, dövlət vəsaitinin təyinatından kənarlaşdırılması ucbatından törəndiyi inkarolunmazdr. Nəticədə bu problem məhz bu və ya digər iqtisadi, siyasi səbəblərdən son 8 ilin həlli mümkün olmayan və buna görə də ildən-ilə ötürülən problemlərdən başlıcası hesab olunur. Lakin bütün bunlar vəziyyətdən çıxış yolunun tükənməsi demək deyildir. Azərbaycanın geostrateji mövqeyi, iqtisadi sahədəki təbii üstünlükləri, ölkə vətəndaşlarının vətənpərvərliyi və mübarizliyi bu problemin də tez bir zamanda həlli üçün geniş imkanlar açır. Bunun üçün ilk növbədə aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması məqsədəuyğun olardı.
Əvvəla, ölkənin hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi və müdafiə qabliyyətinin möhkəmləndirilməsi məqsədilə dövlət büdcəsinin vəsaitləri və digər mənbələr hesabına müdafiə xərclərinin maliyyə kanalları çoxaldılmalı və onun həcmi genişləndirilməlidir. Yeri gəlmişkən, qeyd edək ki, " Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü bəndinə görə, bu il üçün müdafiə xərcləri 608 milyard 577 milyon manat proqnozlaşdırılmışdır. Lakin, bu vəsait hazırkı problemlərin fonunda vəziyyətin normallaşdırmaq üçün yetərli hesab oluna biləz. Ona görə də, ölkəyə neft gəlirləri daxil olduğunu və 1 aprel 2002-ci il tarixə Dövlət Neft Fondu vəsaitlərinin 537 milyon ABŞ dollarına çatdığını nəzərə alaraq, bu mənbədən də həmin məqsədlərin maliyyələşdirilməsinə vəsaitlər cəlb olunmalı və onların istifadəsi ilə bağlı informasiyalar sərhədi dövlət sirri olan məsələlərə qədər şəffaflaşdırılmalıdır.
İkincisi, ölkəninin mütləq və nisbi üstünlüklərindən bəhrələnməklə Qərb yönümlü iqtisadi inteqrasiyaya meyl gücləndirilməli, beynəlxalq əhəmiyyətli regional proqramlar işlənib həyata keçirilməsi genişləndirilməlidir. Bu proses çərçivəsində Azərbaycanın müxtəlif (NATO yönlü) konvensiyalara qoşulması, dünyanın aparıcı Qərb dövlətləri ilə hərbi əməkdaşlıq sayəsində ikitərəfli sazişlər imzalanması məqsədəuyğundur.
Üçüncüsü, qeyri-qanuni yollarla ölkədən xarici çıxarılaraq banklara qoyulmuş vəsaitlərin mənbələri leqallaşdırılmalı və bununla da hazırkı hakimiyyət üçün kövrək situasiyalarda onların Azərbaycana təzyiq vasitəsi kimi çıxış etmək imkanları neytrallaşdırılmalıdır. Həmin vəsaitlərin ölkəyə qaytarılmasına nail olunmalı və onun da bir hissəsi ordu quruculuğu və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilməlidir.
Dördüncüsü, demokratik və vətəndaş cəmiyyətinin,hüquqi dövlətin qurulması, insan haqlarının qorunması və iqtisadi islahatların sürətləndirilməsi yolu ilə azad, müstəqil və vətənpərvər Azərbaycan vətəndaşlarının yetişdirilməsinə nail olunmalıdır. Əhalininin əmək və təsərrüfat fəaliyyətinin stimullaşdırılması, dövlət qayğısınını ehtiyacı olanlara (əsasən də qaçqın və məcburi köçkünlərə) məqsədli və ünvanlı formada çatdırılması yolu ilə sosial problemlərin həlli təmin olunmalı, fiziki və mənəvi cəhətdən sağlam Azərbaycan vətəndaşlarınıın yaşayıb var olması üçün normal şərait formalaşdırılmalıdır.