Məhərrəm Zülfüqarlı
Dağlıq
Qarabağ probleminin tarixşünaslığına dair
(
1988 – 1991 – ci illər)
Ə. Abdullayevin 1995-ci ildə nəşr olunmuş “ Ermənistanın Azərbaycana təcavüzkar siyasəti tarixindən” kitabında DQMV Soveti deputatlarının 20 fevral 1988-ci il tarixli müraciətinə qədər 1987-ci ilin oktyabrında Yeravanın Puşkin adına parkda “Qarabağ komitəsi” nin mitinq keçirməsi və bu mitinqdə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsini müəllif faciənin başlanğıcı hesab etmişdir.
1989-cu ildə Bakıda rus dilində nəşr olunmuş “DQMV ətrafında hadisələr saxtalaşdırıcıların əyri güzgüsündə (materiallar toplusu)” kitabında hadisələrin baş verməsində öz fəaliyyəti ilə mühüm rol oynamış Sov. İKP Baş Katibi M. S. Qorbaçovun məsləhətçisi A. Aqanbekyanın 1987-ci ilin noyabrında Fransanın “Humanite ” qəzetinə müsahibəsi verilmişdir.A. Aqanbekyan Qarabağ və Naxçıvan haqqında verilmiş suala cavab olaraq demişdir: “ Mən bu xəbəri eşidib şad olardım ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ ermənilərin olub. Bir iqtisadçı kimi mən belə hesab edirəm ki, Qarabağ Azərbaycana nisbətən Ermənistanla daha artıq bağlıdır. Bu məsələ ilə əlaqədar mən bir təklif vermişəm, ümid edirəm ki, yenidənqurma, demokratiya şəraitində bu problem öz həllini tapacaq.”
Akademik İqrar Əliyevin 1989-cu ildə rus və azərbaycan dilində nəşr olunmuş, 117 səhifəlik “Dağlıq Qarabağ. Tarix. Faktlar. Hadisələr” kitabında həmin ərazinin coğrafi mövqeyi, qədim dövrdən 1989-cu ilə kimi qısa tarixi, milli tərkibi, DQMV–nin yarandığı tarixi şərait və bu dövrün siyasi prosesi, 1988-ci ildən başlanan separatçı hərəkətlərin səbəbləri geniş tarixi faktlar əsasında işıqlandırılmışdır. Lakin müəllif sovet tarixşünaslığı ənənələrinə sadiq qalaraq, DQMV-nin yaranmasını Lenin milli siyasətinin təntənəsi hesab edərək göstərmişdi ki, bu gün məsuliyyət, sinfi, partiya yanaşması, kommunist ciddiliyi və prinsipial tələbkarlığı haqqında məsələ mühüm əhəmiyyət kəsb edir. Daha sonra müəllif qeyd etmişdir ki, hər bir sovet xalqının milli mənafeləri o zaman ən yaxşı şəkildə qorunur ki, hər yerdə və hər zaman Sovet Sosialist Respublikaları İttifaqının mənafeləri qorunmuş olsun. Buradan belə nəticəyə gəlmək olar ki, müəllif problemin həllini SSRİ-nin qorunub saxlanmasında görmüşdü.
Robert Arakelov 1991-ci ildə rus dilində nəşr olunmuş “Faciənin müqəssirləri məlumdur” adlı kitabında ermənilər tərəfindən təşkil olunmuş “Qarabağ hərəkatı”nın fəaliyyətini beynəlxalq hüquqa və ölkələrin konstitutsiyasına zidd, avanturist bir hərəkət adlandırmış, qonşu Azərbaycanlılara qarşı düşmənçilik toxumu səpən Z.Balayanın, S.Xanzidyanın, L.Arutunyanın pis əməllərini lənətləmişdir. Bundan başqa Ermənistandan Azərbaycanlıların zorakılıqla qovularaq monoetnik Ermənistan yaradılması fikrini və bu prosesin başlanğıcında Qukar rayonunda 100 nəfərdən artıq azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsini xəstə təxəyyülün məhsulu hesab etmişdir.
Y. Pompeyevin 1992-ci ildə Bakıda rus dilində nəşr olunmuş “Qarabağ qan girdabında” kitabında Dağlıq Qarabağ probleminin yaranma səbəbləri göstərilmiş və erməni terrorçuluğu tarixi faktlarla ifşa edilmişdir. Müəllif 1926-cı ildə nəşr olunmuş “Böyük Sovet Ensklopediyasına” istinadən göstərmişdir ki, Birinci dünya müharibəsi başlanan zaman Rusiya və Türkiyə arasında səpələnmiş ermənilər Bosfor və Dardanel boğazlarını ələ keçirmək istəyən Rusiya və İngiltərə üçün böyük siyasi əhəmiyyət kəsb etməyə başlamışdı. 387-ci ildə dövlətçiliyini itirmiş ermənilər təxminən min 500 ildən sonra, yəni 1877-ci il Rusiya–Türkiyə müharibəsindən sonra Rusiyanın himayəsi ilə erməni dövləti yaratmağa cəhd etmişlər. Müəllif Dağlıq Qarabağ probleminin Rusiya, Türkiyə və Qərb ölkələrinin Cənubi Qafqazda strateji maraqlarının toqquşmasından yarandığını tarixi faktlarla açıb göstərmişdir.
Müəllif Zaqafqaziyanın partiya boslarından olan Levon Mirzəyanın 1923-ci ildə dediyi “ Təmiz şəkildə Qarabağ məsələsi yoxdur. Erməni kəndlisi Bakı və Ağdamla sıx əlaqələri olmasa, yaşaya bilməz ” - sözlərini qeyd edərək, bütün bunlara baxmayaraq, ermənilərin sovet hakimiyyətinin müxtəlif dövrlərində öz separatizmləri üçün məqam axtardıqlarını qeyd etmişdir. Məsələn kitabda göstərilir ki, ermənilər A. Mikoyanın köməkliyi ilə 50-ci illərin axırlarında da Dağlıq Qarabağ məsələsini qaldırmağa cəhd etmişlər. Onların müracətinə N. S. Xuruşov belə cavab vermişdir: “ Mən Dağlıq Qarabağ ermənilərinin Ermənistana bir sutka ərzində köçürülməsini təmin etmək üçün 12 min hərbi yük maşını ayrılmasını təklif etməyə hazıram.” N. S. Xruşovun bu sözləri onları geri çəkilməyə məcbur etmişdir.
Müəllif erməni terroçululuğunun qanlı cinayətləri haqqında da məlumat vermişdir. O, “ Yeni Ermənistan” partiyasının terrorçu üzvlərinin 1977 - ci ilin yanvarında Moskva metrosunda onlarla adamın ölmü ilə nəticələnən partlayış törətmələrini, erməni diasporunun terrorçu dəstəsinin 1991-ci ilin sentyabrında Paris şəhərinin Usman məhəlləsində 60 nəfəri girov götürməsini, ASALA (“ Erməni gizli azadlıq ordusu ”) üzvlərinin 1991-ci ilin dekabrında Budapeştdə Türkiyənin səfiri Bədrəddin Tunabaşa sui-qəsd təşkil etməsini və digər faktları qeyd edərək, erməni terrorizminin köklərini açıb göstərmişdir. Müəllif Sumqayıt hadisəsinin də səbəblərini beynəlxalq aləmlə və erməni terrorizmi ilə əlaqələndirərək, bu hadisədən sonra Ermənistanda tarixən azərbaycanlıların yaşadığı və DQMV ərazisindən 2 dəfə artıq olan 8 min kv. km ərazini əhatə edən 172 kənddən 200 minə qədər əhalinin vəhşicəsinə qovulmasını, bu qanlı cinayət zamanı 216 nəfərin, o cümlədən 57 qadının, 5 südəmər körpənin, 18 müxtəlif yaşlı uşaqların qətlə yetirilməsini faktlarla göstərmişdir.
Dağlıq Qarabağ problemiinə aid xarici ölkələrdə də bir sıra obyektiv kitablar yazılmışdır. Bunlardan Əhməd Təbrizlinin Fransız dilində yazdığı, AFR-də 1989-cu ildə nəşr olunmuş “Qarabağın tarixi və ona aid sənədlər”, Tamara Draqadzenin Londonda 1989-cu ildə çadan çıxmış “ Erməni-Azərbaycan münaqişəsi: struktur və inkişaf. Üçüncü dünya dördlüyü ” və s. kitabları göstərmək olar.
Azərbaycan KP MK-nın partiya Tarixi İnstitutu tərəfindən hazırlanaraq, 1989-cu ildə nəşr olunmuş “Dağlıq Qarabağ: zəka qalib gələcək” kitabında 152 partiya və dövlət sənədləri, həmçinin Dağlıq Qarabağ hadisələri ilə bağlı digər sənədlər toplanmışdır.
Dağlıq Qarabağ problemi ilə bağlı qərb alimlərindən O. Altstadtın, T. Svyatoxovskinin və digər müəlliflərin məqalələri obyektivliyi ilə diqqəti cəlb edir. ABŞ-ın məhşur sovetşünası, Azərbaycan tarixi üzrə mütəxəssis, professor T. Svyatoxovski 1989-cu ilin fevralında ABŞ-dakı erməni mərkəzinin Kolumbiya universitetində təşkil etdiyi Dağlıq Qarabağ məsələsi ilə bağlı azərbaycan - erməni millətlərarası münaqişənin ildönümünə həsr olunmuş konfransda çıxış edərək demişdir:“Azərbaycan yaşayan ermənilər də daxil olmaqla Zaqafqaziyada yaşayan bütün ermənilər köklü xalq deyil, gəlmədilər. Onların böyük hissəsi X1X əsrdə İran və Türkiyədən köçürülüblər... Mənim fikirimcə, ermənilərin tələbləri ədalətsiz tələbdir... Burada yaşayan yerli ermənilər də Qarabağ və Gəncə xanlığının tərkibində yaşamışlar. Gəncə kimi Qarabağ da, şübhəsiz ki, Azərbaycan torpağıdır”. Qarabağ problemi Fransada keçirilmiş “Dialoq-89 “ və s. beynəlxalq görüşlərdə də müzakirə olunmuşdur.
Z. Səmədzadənin 1995-ci ildə nəşr olunmuş “Dağlıq Qarabağ: naməlum həqiqətlər” kitabında erməni saxtalaşdıcılarının fikirləri faktlarla ifşa edilmişdir. Müəllif göstərmişdir ki, DQMV-də sənaye məhsulunun ümumi həcmi 1976-cı ildə 53 % idisə, 1986-cı ildə 60 % olmuşdur. Bu müddətdə sənaye məhsulları istehsalının inkişaf sürətinə görə orta respublika göstəricisi 178,7 % idisə, DQMV-də 183 % idi. Adambaşına düşən sənaye məhsullarının həcminə görə DQMV respublikanın digər regionları arasında birinci yerə çıxmışdı. Kitabda qeyd olunur ki, Azərbaycan SSR Dövlət statistika idarəsinin 1988-ci ilə olan məlumatına görə, sosial iqtisadi inkişafın bir sıra sahələrinə görə DQMV-dən Azərbaycanı, yox Ermənistanı da qabaqlayırdı.
Kitabda daha sonra göstərilir ki, 1979-cu il əhalini siyahıyaalınmasının nəticələrinə görə Azərbaycanda ermənilərin ümumi sayının 25, 9 % DQMV payına düşürdü. 1926-1988-ci illərdə vilayət əhalisinin sayı 57, 1 min nəfər və ya 45,6 % artmışdır. 70-ci illərdə vilayətin azərbaycanlı əhalisinin respublikanın və SSRİ-nin digər ərazilərinə köçməsi əhalinin nisbətinə təsir göstərmişdir. Müəllif qeyd etmişdir ki, 1989-cu ilin yanvarına olan məlumatda vilayətin 189 min 29 nəfər sakininin 145 min 450 nəfərinin (77 %) erməni, 40 min 632 nəfərinin (21 %) azərbaycanlı olduğu göstərilsə də, bu, həqiqəti əks etdirmir. Çünki 1989-cu il siyahıya alınmasında ermənilərlə bağlı şişirdilmiş rəqəmlər əsas götürülmüşdür. Yəni rəsmən vilayətdə qeydiyatda qalan, lakin Ermənistan SSR də, yaxud SSRİ nin başqa ərazilərində daim yaşayan və işləyən ermənilər (15-20 %) vilayət sakini kimi qələmə verilmiş, vilayətin azərbaycanlılar yaşayan kəndlərindən, o cümlədən Stepanakertdən 1988-ci il sentyabrın 18-də qovulmuş 15 min azərbaycanlı nəzərə alınmamışdı.
Dağlıq Qarabağ probleminin tarixşünaslığının təhlili göstərir ki, Azərbaycan alimləri problemin tədqiqində öz imkanlarından lazımi səviyyədə istifadə etməmişlər. Onlar problemə aid bir sıra məqalə və kitablar yazsalar da bu kifayət deyildir. Dağlıq Qarabağ probleminin ədalətli həllinə kömək etmək sahəsində alimlərin qarşısında görülməli işlər hələ çoxdur.