Nəsib Nəsibli
Qarabağ probleminə gerçəkçi yanaşma
Ermənistanın 15 ildir davam edən və həlli hələ görünməyən təcavüzünə müxtəlif yanaşmalar var. Bu illərdə ən sadəlövh fikirlərdən tutmuş, ən fantastik ideyalara qədər səslənmişdir. Həyati problemimizə münasibətdə liberal və inqilabi baxışlar üstünlüyə malik olmuşdur. Problemin elmi cəhətdən dərk edilməsi və ondan çıxış yolunun axtarılması istiqamətində, bizcə, ən faydalı vasitə gerçəkçi/realist nəzəriyyə, xüsusilə onun özəyini təşkil edən güc nisbəti nəzəriyyəsi ola bilər.
Güc nisbəti nəzəriyyəsi nədir?
Güc nisbəti nəzəriyyəsi (theory of balance of power) beynəlxalq münasibətlərə modern baxışın yaranması ilə meydana çıxmış, XVIII əsrdən 1890-cı illərədək Böyük Britaniyanın xarici siyasətinin əsasını təşkil etmişdir. O, 1920-30-cu illərdən sonra yenidən diqqəti çəkmişdir. Daha sonralar bu nəzəriyyə Amerika alimi Hans Morgentau tərəfindən dərindən işlənmiş və ən populyar nəzəriyyəyə çevrilmişdir. Qısaca, bu nəzəriyyəyə görə:
· Siyasət - güc/qüdrət uğrunda mübarizədir;
· Güc - birisinin fikirlərinə/hərəkətlərinə təsir vasitəsilə onun üzərində kontrola sahib olmaqdır;
· Milli güc – coğrafi güc, təbii sərvətlər, sənaye qabiliyyəti, hərbi hazırlıq, əhali, milli xarakter, milli əhval-ruhiyyə (moral), eləcə də milli diplomatiya və iqtidar kimi komponentlərdən ibarətdir;
· Beynəlxalq münasibətlərdə əsas oyunçu millət-dövlətlərdir (nation-state);
· Millət-dövlət təhlükəsizliyini özü təmin etməlidir (self-help prinsipi).
Dövlətlərarası güc nisbətini/balansını təmin etməyin klassik yolları bunlardır:
silahlanmanın artırılması;
mümkün qədər ərazinin tutulması;
neytral bufer dövlətin yaradılması;
müttəfiqlər;
müdaxilə;
güc nisbətini dəyişmək üçün qarşı tərəfin müttəfiqlərinin ələ alınması.
Beynəlxalq münasibətlərə realist/gerçəkçi yanaşmanın canını təşkil edən bu nəzəriyyəni Qarabağ probleminin izahına və həlli məsələsinə tətbiq etsək, nə alınar?
Qarabağ probleminin yaranma səbəbləri
Problemin yaranması və illərdir ölkəni iflic vəziyyətində saxlanması ona görə mümkün olmuşdur ki, münaqişənin əvvəllərindən indiyədək Azərbaycanla Ermənistan arasında güc tarazlığı olmamışdır. Ermənistan, milli güc (national power) baxımından 1987-ci ildə – Yerevanda Qarabağ tələblərinin rəsmi səviyyəyə çıxarılmasından, başqa sözlə, Ermənistanın təcavüzünün başlanmasından sonra – Azərbaycana nisbətən üstünlüyə malik olmuşdur:
Ermənilər Qarabağ uğrunda əhalini mübarizəyə cəlb etmək baxımından, mütəşəkkillik səviyyəsinə görə qonşularından fərqlənmişdir;
Rus hakimiyyətinin 200 illik mirası səbəbindən ermənilər hərbi hazırlıq baxımından daha üstün idilər;
Ermənistandakı yerli sovet iqtidarı Azərbaycandakı həmkarlarına nisbətən daha çox milli hərəkata bağlı olmuşdur.
Bu səbəblərə görə, Azərbaycandan üstün mövqeyə sahib olan Ermənistan və ermənilər təşəbbüsü ələ almış, üstün daxili amillərlə yanaşı, xarici amilləri də milli mübarizəsinə cəlb etməyə çalışmışdır.
15 il keçəndən sonra milli güc nisbətində durum necədir? Milli iqtidar gücü sahəsində, milli ideya sahəsində Azərbaycanla Ermənistan arasında tarazlıq yarandığını düşünmürəm. Ən həssas sahələrdən biri – silahlı qüvvələr sahəsində durumun Azərbaycanın xeyrinə tam dəyişdiyini iddia etmək də böyük cürət tələb edir. Azərbaycan ordusunun ildən ilə qüvvətlənməsi haqqında səslənən bəyanatlar bizi sevindirməyə bilməz. Amma Rusiyanın Ermənistan ərazisində hərbi bazalarının olması, son illərdə erməni ordusunun sürətlə silahlandığını nəzərə almış olsaq, bu sahədə ifrat optimizmə yer qalmadığını görərik.
Bununla belə, daxili amillər sırasında Azərbaycanın bir neçə sahədə, ilk növbədə əhali və iqtisadi potensial sahəsində Ermənistandan üstünlüyü şəksizdir. Xüsusilə zəngin neft-qaz ehtiyatları Azərbaycanı üstün mövqeyini təmin edə bilər. Coğrafi gücün pozitiv (Azərbaycan ərazi baxımından Ermənistandan 2,5 dəfə genişdir) və neqativ (gələcək hərbi əməliyyatlar yüksək dağlıq ərazidə aparılmalıdır) tərəflərini də müzakirə etməyə dəyər.
Qarabağ probleminə münasibətdə xarici amillərin rolu
Heydər Əliyev 1994-cü ilin mayında Ermənistanla atəşkəs haqqında sazişin, az sonra dünyanın nəhəng neft şirkətlərilə kontraktların imzalanması vasitəsilə Qarabağ məsələsinin həllində dönüşə nail olmağı düşünürdü. Əliyevin ehtimallarına görə, dünyanın böyük dövlətlərini təmsil edən neft şirkətlərinin Azərbaycan iqtisadiyatına böyük kapital qoyması bu dövlətlərin Qarabağ məsələsinə münasibətinin dəyişməsinə səbəb olacaq. Həqiqətən, bir-birinin arxasınca imzalanan neft kontraktları dünya ölkələrinin ümumiyyətlə bölgədə sabitliyin yaranmasına, o cümlədən Azərbaycana marağını artırdı. Lakin bunlar Qarabağ münaqişəsinin həlli üçün zəruri olan güc balansının köklü dəyişməsinə gətirib çıxarmadı.
Qarabağ probleminin həlli 1992-ci ilin fevralından ATƏT-ə həvalə edilmiş, bununla o, rəsmən beynəlxalq konflikt statusu almışdır. Hazırda Qarabağ sülh prosesinə əsas tərəflər olan Azərbaycan və Ermənistandan başqa ATƏT Minsk Qrupunun həmsədrləri sifətində Rusiya, ABŞ və Fransa (Avropa Birliyini təmsilən) aktiv cəlb olunmuşlar. Cənubi Qafqazda və Xəzər dənizi hövzəsi regionunda əsas oyunçular arasında kəskin nüfuz mübarizəsi gedir.
Konfliktin həllini özünün maraqları üçün əhəmiyyətli hesab edən ABŞ-la bu regionu özünün geopolitik nüfuz dairəsində saxlamağa çalışan Rusiya arasında kəskin mübarizə getməkdədir. ABŞ və Avropa Birliyinin burada nüfuzu ilbəil artmaqdadırsa, Rusiyanın nüfuzu proporsional olaraq azalmaqdadır. 11 sentyabrdan sonrakı siyasi proseslərdə bu meyl daha aydın özünü göstərir.
Bu meyl Qarabağ probleminə münasibətdə müəyyən dəyişikliklər yaratsa da, onu göstərməyə məcburuq ki, adı çəkilən əsas oyunçular erməni lobbisinin dünyada ən güclü olduğu dövlətlərdir. Onların konfliktin həllində ərazi bütövlüyü prinsipinə birmənalı üstünlük verəcəkləri və xristian Ermənistanı özlərindən incik salacaqlarını düşünmək sadəlövhlük olardı. Hər halda böyük dövlətlər arasında siyasi bazarlıqda/sövdələşmədə (bargaining) Qarabağ bir kart kimi aktiv iştirak edir və bu bazarlığın Qarabağ sülh prosesində rolu böyük olacaq.
Beləliklə, Qarabağ probleminin həlli üçün hər şeydən öncə güc balansının dəyişməsi zəruridir. Həm daxili, həm də xarici faktorları əks etdirən güc balansının yaranması isə yaxın illərdə böyük güclər arasındakı nüfuz mübarizəsinin nəticəsindən, Azərbaycan Respublikasında, eləcə də xeyli dərəcədə Ermənistanda gedəcək proseslərdən asılıdır.
Heydər Əliyev iqtidarından fərqli olaraq, hakimiyyətə iddialı olan real alternativ güclər problemə radikal yanaşacaqlarını vəd edirlər. Qarabağ separatizmi dalğasında hakimiyyətə gəlmiş Robert Koçaryandan fərqli olaraq, onun xələfi (Ermənistanda da növbəti prezident seçkisi 2003-cü ildə keçiriləcək) problemin həllinə konstruktiv yanaşa bilər (hətta keçmiş prezident Ter-Petrosyandan konstruktiv). Üstəgəl, bu iki qonşu ölkədə cəmiyyətin bir hissəsi “nə müharibə, nə sülh” vəziyyətindən yorulmuşdur və qarşılıqlı kompromislərə meyllidir.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ya Qarabağın erməni separatçılarını qovub Azərbaycandan çıxartmaq niyyətləri qeyri-real görünür. Həqiqətən, ölkə rəhbərliyinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü prinsipləri çərçivəsində Qarabağ ermənilərinə yüksək muxtariyyət statusunun verilməsi formulu daha çox ehtimal edilir.