Rauf Xudiyev
Ermənistandan azərbaycanlıların deportasiyası haqqında (XX əsr)
1. XIX – XX əsrlər arasında çox hissəsi indiki Ermənistanı təşkil edən təkcə İrəvan quberniyasının ərazisində 407, 4 min nəfər əhali yaşayırdı ki, bunun da 250 min nəfərindən çoxu azərbaycanlılardan ibarət idi. İrəvanın özündə isə azərbaycanlılar bütün şəhərlilərin, demək olar yarısını (49,2%) təşkil edirdilər.
1918-ci ildə Ermənistan ərazisində 575 min nəfər, yəni bütün əhalisinin üçdə bir hissəsindən çoxu qədər olmuşdu. Lakin amansız şovinizm siyasəti nəticəsində yarım milyon nəfərdən çox olan azərbaycanlıların yarısından çoxu məhv edilmiş və ya doğma yerlərindən qovulmuşdur.
2. 1917-ci ildən 1918-ci ilin iyununadək erməni millətçilərinin qoşun dəstələri İrəvan quberniyasından 200 azərbaycanlı kəndini qarət edib yandırmışlar. 200 min nəfərdən çox azərbaycanlı İrəvan, Əçmiədzin, Şərur qəzalarını tərk etməli olmuşdur. 1918-ci ilin yayında və payızında Zəngəzur qəzasında 115 kənd, yəni əslində bütün azərbaycanlı kəndləri məhv edilmişdi. Bu kəndlərdə 7.729 nəfər azərbaycanlı, o cümlədən 3.257 kişi, 2.276 qadın və 2.198 uşaq vəhşicəsinə öldürülmüşdü. 1919-cu ilin axırınadək buradan 60 min nəfərədək türk-müsəlman əhali qovulmuşdu. Bu hadisələr ancaq iki qəzada baş vermişdir. 1919-cu il yayın axırınadək təkcə Bəyazid, Əçmiədzin və İrəvan qəzaları üzrə var-yoxdan çıxmış azərbaycanlıların sayı 1918-ci ildəki 575 min nəfərdən 200 min nəfərə çatmışdı.
3. 1948-1951-ci illərdə 100 mindən çox azərbaycanlı zorla Ermənistandan qovulmuş və onlardan bir çoxu ağır sınaqlara dözməyib həlak olmuşdu.
4. 1988-ci ildən Azərbaycan xalqına qarşı genosidin yeni dövrəsi başlanmışdır. Ermənistan SSR-in rəhbərliyi tərəfindən şirnikləndirilən erməni ekstremistlərinin azğın quldur dəstələri 200 min nəfərədək azərbaycanlını tarixi torpaqlarından qovub onları evdən-eşikdən didərgin salmış, var-yoxdan çıxarmışlar.
Ermənistanın millətçi başçıları özlərinin nailiyyəti ilə fəxr edə bilərlər - azərbaycanlılar qovulduqdan sonra bu respublika keçmiş SSRİ-də əhalisinin etnik tərkibi bircinsli olan yeganə respublikaya çevrilmişdir. Həsrətlə gözlənilən “Ermənistan ermənilər üçündür” şüarı həyata keçirilmişdir.