Tofiq Həsənov
XX əsrdə Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı ermənilərin təcavüzü
I Pyotrdan başlayaraq Rusiya daima ermənilərə qarşı xoş məramdadır. Xristian erməni əhalisindən şərq siyasətində agentura, müharibələr vaxtı isə bir köməkçi kimi istifadə etmək məqsədi ilə onlara himayədarlıq edən rus dövləti Cənubi Qafqazı işğal etdikdən sonra İran və Türkiyə dövlətlərində yaşayan bir milyondan çox erməni əhalisini köçürüb Qarabağ, İrəvan və Gəncə xanlıqlarının torpaqlarında yerləşdirdi. Artıq 1908-ci ildə Cənub Qafqaza gəlmə erməni əhalisinin sayı 1,3 milyona çatmışdı. Ermənilər Kiçik Qafqazın təbii şəraiti səfalı olan dağətəyi torpaqlarında yerləşdirilmişdir. Rus dövlətinin bu siyasəti yerli türk-müsəlman əhalisinin narahatlığına səbəb olurdu.
XIX əsrin 90-cı illərinin ortalarından başlayaraq erməni məsələsi özünün yeni inkişaf mərhələsinə daxil olur. Osmanlı Türkiyəsində sarsıdıcı zərbələrə məruz qalan erməni daşnakları erməni məsələsini Türkiyədən Cənub Qafqaza keçirmişlər. Çar hökuməti erməni millətçi – terrorçu təşkilatlarını artıqlaması ilə silahlandırırdı. Bu silahlanma milli zəmində toqquşmaların baş verməsinə gətirib çıxartdı. 1905-1906-cı illərdə erməni – müsəlman döyüşləri İrəvan quberniyasında - İrəvan və Naxçıvanda baş vermişdi. Bundan sonra döyüşlər Yelizavetpol quberniyasının Şuşa və Gəncə, Bakı quberniyasının Bakı, Tiflis quberniyasının Tiflis şəhərlərində olmuşdu.
Birinci dünya müharibəsində rus ordusunda olan 150 min nəfər erməni əsgərdən başqa, 50 mindən çox erməni də təbəəsi olduğu Osmanlı imperiyasına xəyanət edərək, Rusiya tərəfinə müxtəlif yollarla köməklik etmişdilər. Nəticədə 1914-1918-ci illərdə ermənilər Kiçik Asiyanın şərq vilayətlərində 1,9 milyon nəfər türk-müsəlman 600 min nəfərdən çox kürd əsilli əhalini işğalçı rus ordusunun köməyi sayəsində məhv etmişlər.
Kazım Qara Bəkir paşanın komandası altında irəliləyən Osmanlı hərbi hissələrinin qarşısından qaçan daşnaq-erməni hərbi dəstələri Cənubi Azərbaycanın Urmiya, Salmas, Maku və Xoy şəhərlərindən keçərək 250 min türk-müsəlmanın həyatına qəsd etmişlər.
Cənub Qafqazda öz fəaliyyətlərini davam etdirən erməni hərbi hissələri İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda milli zəmində qırğınlar təşkil edirdilər. ABŞ kəşfiyyatnın materialları əsasənda hesablamalara görə, İrəvan quberniyasında 180.000 türk-müsəlman əhalisinin üçdə ikisi (120 min nəfəri) öldürülmüş və qaçqın düşmüşdür. 1918-ci ilin mart hadisələrində Bakıda erməni hərbi hissələri 12.000 (bəzi məlumatlara görə 25.000-dən çox) Şamaxı qəzasında 40.000, Quba qəzasında 2000, Lənkəran qəzasında 4000 nəfər türk-müsəlmanı məhv etmişlər. Nəticədə 1913-1920-ci illərdə Şimali Azərbaycanın əhalisi 387.000 nəfər və ya 16,6 faiz azalmışdı, yəni 2.339 min nəfərdən 1.952 min nəfərə düşmüşdü. Zəngəzur qəzasına daxil olmuş erməni-daşnak quldur dəstələri 115 türk-müsəlman kəndini yandırmış, on mindən çox əhalini qırmış və şikəst etmişlər. Zəngəzurun kürdlər yaşayan Baqudi kəndində 400 nəfər müsəlmanı məscidə yığıb yandırmış, on beş qıza fiziki işgəncə verilərək öldürülmüşlər. Baqudi kəndinin sağ qalmış kürd sakinlərinə isə zorla xristianlığı qəbul etdirmək istəmişlər. Şuşa, Cavanşir və Cəbrayıl qəzasında iyirmi bir türk-müsəlman kəndini yandırmışlar. Təkcə Cavanşir qəzasının Kolanı icmasının on iki kəndi dağıdılmışdır. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov ermənilərin iki silahlı qiyamını yatırmışdı.
Şimali Azərbaycanı işğal edən XI Qızıl Ordu və onun tərkibinə qatılmış erməni millətindən olan hərbçilər 1920-ci il aprel çevrilişindən sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qırğın siyasətini sinfi mübarizə adı altında davam etdimişlər. Respublikanın müxtəlif cəza orqanlarına 1920-1940-cı illərdə soxulmuş daşnak ermənilər cinayətkar fəliyyət göstərmişlər. Onlar sovet dövlətinin müxtəlif siyasi şüarlarından istifadə edərək əsl qırğın aparmış, xalqımızın hərbçilərinin, ziyalılarının, bacarıqlı kənd əhalisinin məhvinə, Sibirə həbs düşərgələrinə atılmasına, Qazaxıstana və Orta Asiyaya sürgün etdilməsinə nail olmuşdular. Rusiyanın hərtərəfli köməyindən və Azərbaycan dövlətində tutduqları vəzifələrdən istifadə edən ermənilər 1923-cü ildə Azərbaycan dövlətinin Qarabağ bölgəsində Şuşa, Cavanşir, Karyagin, Qubadlı qəzalarının 200-ə yaxın kəndi hesabına “DQMV” adlanan qurumun təşkilini həyata keçirmişlər.
XX əsrin əvvəllərindən axırlarınadək Şimali Azərbaycanda 500.000 nəfərdən artıq türk-müsəlman əhalisi ermənilər tərəfindən öldürülmüşdür.