Valeh Baxşəli
Qarabağ probleminin həllinə bir baxış
Ermənilər 1988-ci ildə Azərbaycana qarşı ərazi iddialarını məharətlə pərdələyirdilər. Çünki dünya ictimaiyyətinin separatizmə və ərazi iddialarına açıq dəstək verməsi mümkün deyildi. Ölkəmizin ağır ictimai-siyasi vəziyyətindən istifadə edən Ermənistan Rusiyanın hərbi dəstəyi ilə Azərbaycan ərazisinin 20%-ni işğal etmişdir. Bu gün qondarma “DQR” yaratmışdır. Təbii ki, bu “dövləti” heç kim tanımır və gələcəkdə də tanımayacaq. Hətta Ermənistan da “DQR”-i tanımaqdan çəkinir. Çünki bu, separatizm, təcavüz və barışmaz mövqe nümayişi demək olardı.
1994-cü ildən cəbhədə “atəşkəs” elan edilmişdir. Lakin “atəşkəs” rejimi və işğal müddəti uzandıqca xalqımız mənəvi və maddi aşınmaya məruz qalır, düşmən tapdağı altında inləyən Qarabağ unudulur, proqnazlaşdırılan “Qarabağ probleminin konservləşdirilməsi” prosesi baş verir. Bundan istifadə edən ermənilər ciddi-cəhdlə “DQR”-in müxtəlif strukturlar yaradılması prosesini ardıcıl həyata keçirməyə çalışırlar.
Məlum həqiqətdir ki, bu gün dünyada baş verən bütün hadisələr və proseslər bu və ya digər dərəcədə bir-birindən asılıdır. Artıq Qafqazda Rusiyanın mövqelərinin getdikcə daha çox zəiflədiyi müşahidə olunmaqdadır. İraqa qarşı hərbi əməliyyatı Yaxın Şərqdə Rusiyanın maraqlarına vurulan birinci zərbə kimi qəbul etmək olar. İkinci zərbə isə Yuqoslaviyaya edilən hərbi müdaxilə və Rusiyanın Balkanlardan çıxarılmasıdır. Rusiyaya vurulan hər iki zərbənin effektivliyi göz qabağındadır. Üçüncü – həlledici zərbənin Qafqazda olacağı şübhəsizdir. Son zamanlar NATO qüvvələrinin və ABŞ hərbi birləşmələrinin Gürcüstana və Azərbaycana gələcəkləri haqqında fikirlər buna sübutdur. Separatizmə və terrorizmə qarşı mübarizədə beynəlxalq, şəraitin bizim xeyrimizə dəyişdiyinə baxmayaraq Qarabağ probleminin həllinə daha ciddi və çevik yanaşılmalıdır.
Fikrimizcə, Qarabağda lokal hərbi uğurlar qazanmadan siyasi danışıqlarda irəliləyiş mümkün olmayacaq. Lakin buna baxmayaraq, sülh danışıqlarında Azərbaycanın mənafeyini nəzərə alan sazişlərin bağlanmasına nail olmaq mümkündür. İndiyədək ATƏT in Minsk qrupunun Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün irəli sürdüyü 3 təklifdən (layihədən) heç biri Azərbaycan tərəfdən qəbul olunmasa da, hər halda artıq vasitəçilərin mövqeyi əsasən məlumdur. Gələcəkdə bağlanacaq sülh sazişinin əlverişli hala salınması üçün nə etməli?
Fikrimizcə, sülh danışıqlarının əsas məqamı Şuşa problemidir. Məşhur bir fikir var: “Şuşa kimindirsə - Qarabağ onundur”. Minsk qrupunun layihələrində Şuşa və keçmiş Şaumyan şəhərlərinin bir-birinə alternativ qoyulması bu gün Azərbaycana şirnikləndirici görünür. Lakin bu bizim üçün tələ rolunu oynaya bilər. Yəni müəyyən məqamda sülh sazişi bağlanarsa, onun sonuncu bəndi – Şuşa və Şaumyan şəhərlərinə münaqişədən əvvəlki sakinlərinin qaytarılması prosesi – bu şəhərlərin dəyişdirilməsi, başqa sözlə bugünkü vəziyyətin saxlanması şəklində həll edilə bilər. Odur ki, Minsk qrupunun təklifləri əsasında bağlanacaq sülhün praktiki tərəfinə daha ciddi diqqət yetirilməlidi. Fikrimizcə, təkliflərdə nəzərdə tutulduğu kimi bütün ərazilər hər iki tərəfdən boşaldıldıqdan və təhlükəsizliyə tam təminat yaradıldıqdan sonra əhalinin öz yerlərinə qaytarılması prosesinin ilk növbədə Şuşa və Laçın rayonlarından başlanması sazişdə öz əksini tapmalıdır. Şuşa problemini həll etmədən, Qarabağ problemini həll etrmək mümkün deyildir. Odur ki, Şuşanın qaytarılmasına beynəlxalq təşkilatlardan real təminat alınmalıdır. Yəqin ki, bu şərt daxilində “DQR” ə veriləcək digər dövlətçilik atributlarının Azərbaycanın iqtisadi potensialı hesabına zaman-zaman sıradan çıxacağını gözləmək olar. Obrazlı şəkildə desək, tərəzinin gözünə biz tərəfdən “DQR” in bəzi “müstəqillik” atributları, ermənilər tərəfdən isə Şuşanın qaytarılması qoyulur. Sülh danışıqlarında Azərbaycanın əsas tələbi Şuşa probleminin həlli və ona tam təminatın verilməsi olmalıdır.
Qarabağın hərbi, yoxsa siyasi yolla qaytarılması səlahiyyətlərinə malik olan Azərbaycanın bugünkü iqtidarı tarix qarşısında məsuliyyətini nəzərə alaraq, nəyin bahasina olursa olsun bu qara ləkəni millətimizin üzərindən götürülməli, torpaqlarımızın xalqın iradəsi ilə azad olunmasını təmin etməlidir.