Vaqif Hacıbəyli
Azərbaycan-Ermənistan münaqişəsi: təcavüzün aradan qaldırılmasının hüquqi əsasları və sülh danışıqlarının əsas prinsipləri
Mövcud durumun qısa xarakteristikası:
Dağlıq Qarabağ ermənilərinin vasitəsilə Azərbaycanın 12 min km/2 ərazisini on ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan beynəlxalq aləm tərəfindən təcavüzkar kimi tanınmır və heç bir təzyiqə məruz qalmır. Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarında güzəştsiz və qeyri-konstruktiv mövqe tutmasının mövcud reallıqlar şəraitində dəyişəcəyinə ümid etməyə heç bir əsas yoxdur, indiki vəziyyətdə münaqişənin dinc yolla siyasi nizamlanmasının heç bir pozitiv perspektivi də görünmür. Belə ki, ATƏT-in Minsk qrupunun 1997-ci ilin iyununda və dekabrında verdikləri və Azərbaycan rəhbərliyinin qismən razılaşdığı saziş layihələrinin təhlili sübut edir ki, bu cür nizamasalma prosesi hətta Ermənistan rəhbərliyinin qəbul etmədiyi variantlar da belə, Qarabağın itirilməsinin bir fakt kimi rəsmiləşdirilməsindən başqa bir şey deyil.
Təcavüzün aradan qaldırılmasının hüquqi əsasları:
Azərbaycanın əlindəki ən qüdrətli silah BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələridir. Bu qətnamələrdə Ermənistan təcavüzkar kimi göstərilməsə də, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi tələbi var. Müasir dünyada zor tətbiq edilməsi üçün BMT qətnamələrinin yerinə yetirilməsi tələbi etibarlı hüquqi əsas kimi qəbul edilir.
BMT qətnamələrinin yerinə yetirilməsi Azərbaycan üçün legitim hüquqi əsasdır. Azərbaycan bu missiya ilə yəni Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın azad olunması üçün istənilən vaxt hərbi əməliyyatlara başlaya bilər. Lakin bu əməliyyatın adını müharibə yox, humanitar əməliyyat adlandırmaq daha doğru olardı. Bundan ötrü Azərbaycan parlamenti BMT qətnamələrinin yerinə yetirilməsini təmin etmək vəzifəsini Azərbaycan Ordusunun üzərinə qoyaraq ölkə daxilində ordudan istifadə etmək üçün Azərbaycan prezidentinə müvafiq səlahiyyətlər verdikdən sonra qanunvericiliyə uyğun surətdə ümummilli səfərbərlik elan edilməlidir. Eyni zamanda, BMT qətnamələrinin tələbini yerinə yetirmək məqsədilə keçirilən humanitar əməliyyatlara hərbi müdaxilə edəcəyi təqdirdə cavab tədbirlərinə məruz qalacağı barədə Ermənistana ultimatum verilməli, təcavüzkara yardım edən istənilən ölkə ilə diplomatik əlaqələrin kəsiləcəyi ölkə rəhbərliyi tərəfindən bəyan edilməlidir. Rusiya və İran təcavüzkara hərbi yardım göstərərsə, bu ölkələrlə diplomatik münasibətlərin kəsilməsindən çəkinmək olmaz. Həmçinin ölkə rəhbərliyi bütün beynəlxalq təşkilatlara və xarici dövlətlərə müraciət edərək üç ay müddətində torpaqlar işğaldan azad edilməsə, humanitar əməliyyatlara başlanacağını bəyan etməli və bu müddət başa çatdıqdan sonra isə lazım bildiyi vaxt hərbi əməliyyatlara başlamalıdır. Ermənistan Dağlıq Qarabağa hərbi yardım göstərdiyi barədə təkzibolunmaz dəlillər əldə edildiyi gün Azərbaycan Ermənistana müharibə elan etməli və ölkədə hərbi vəziyyət elan olunmalıdır.1991-1994-cü illərdə Azərbaycanın hərbi məğlubiyyətlərinin başlıca səbəblərindən biri də müharibənin elan edilmədən aparılması idi. Partizan hərəkatı səviyyəsində aparılan döyüşlərdə isə qələbəni çox vaxt zərurət yox, təsadüf həll edir. Şübhəsiz ki, humanitar əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmalı, əsirlərə münasibət 1992-ci ildə Ağdərə erməni işğalçılardan azad edildiyi vaxt olduğu kimi qanunvericilik çərçivəsində olmalıdır və dinc əhali arasında itkilərin qarşısı mümkün qədər alınmalıdır. Və Azərbaycan xalqını heç bir qüvvə heç vaxt Qarabağın itirilməs ilə razılaşmağa vadar edə bilməz. Azərbaycan xalqı yenidən qüvvəsini toplayıb torpaqları işğaldan azad etməyə hazır olmalıdır. Sülh danışıqları prosesi isə torpaqlar işğaldan azad edildikdən sonra başlamalıdır.
Azərbaycan və Ermənistan arasında sülhün əsas prinsipləri:
Ermənistan və Azərbaycan arasındakı müharibədə qalıb və məğlub olmamalıdır prinsipinin heç vaxt dəyişməyəcəyi ehtimalı çox böyükdür. Buna görə Azərbaycan “simmetrik status” ideyasını reallaşdıra bilər. “Simmetrik status” ideyasına görə Ermənistan azərbaycanlılarının Zəngəzur və Göyçə ərazilərinə qaytarılıb Göyçə-Zəngəzur Respublikası ilə “ümimi dövlət” qurmağa hazırdırsa, Azərbaycan bərabər miqyaslı ərazidə və bərabərsaylı əhali prinsipi əsasında nəinki Dağlıq Qarabağ, hətta Artsax adlanacaq respublika ilə “ümimi dövlət”ə razıdır. Ermənistan təhlükəsizliyinə təminat verdiyi azərbaycanlılara öz döğma yurdlarına qayıtmağa şərait yaradırsa, Azərbaycan da ermənilərə eyni şərait yaratmağa razıdır. Əgər ermənilər azərbaycanlıların Ermənistana qayıtmasına razı deyillərsə, onda ermənilərin Azərbaycanda hər hansı status istəməsi də qeyri-mümkündür.
Sülh danışıqlarının nəticəsindən asılı olaraq, Azərbaycanın inzibati-ərazi bölgüsündə dəyişikliklər edilə bilər. Çox böyük ehtimalla ermənilər azərbaycanlılara indiki Ermənistanın ərazisində nə “ümimi dövlət”, nə də hər hansı muxtar qurum yaratmağa razı olmayacaqlar. Bunu nəzərə alsaq DQMV-nin “ümimi dövlət”, yaxud muxtar qurum formasında bərpası qeyri-mümkündür. Keçmiş DQMV-yə ən yüksək status verilməsi təklifini Azərbaycan xalqı heç vaxt qəbul etməyəcək. Ona görə də azərbaycanlıların Ermənistandakı döğma yerlərinə qaytarılmasına imkan verilirsə, hal-hazırda Dağlıq Qarabağda yaşayan ermənilərə də özünüidarə hüququ verilə bilər. Lakin bu status bütöv Qarabağa verilməlidir.
Hələ münaqişənin əvvəlindən Yuxarı Qarabağla Aran Qarabağın birləşdirilməsi təklifi dəfələrlə gündəmə gətirilib. 2001-ci ildə qəbul edilmiş Ümummilli Xartiyada öz əksini tapan prinsiplərə uyğun olaraq ermənilərə Qarabağda özünüidarə statusunun verilməsi sülh danışıqlarının ən optimal nəticəsi ola bilərdi. Bu şərtlə ki, eyni status Göyçə-Zəngəzur bölgəsində azərbaycanlılar üçün də təmin edilsin. Digər tərəfdən, 1980-ci ildə DQMV-nə verilən statusun Azərbaycan üçün yaratdığı təhlükələr nəzərə alınmalı, milli təhlükəsizliyin və ölkənin ərazi bütövlüyünün təminatı sahəsində mərkəzi hakimiyyətin vilayət üzərindəki səlahiyyətləri artılmalı, dövlətin maraqlarını təmin edə biləcək yeni qanunvericilik mexanizmləri yaradılmalıdır. Qarabağ vilayətinin mərkəzi təklif edilən ərazisi Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonlarının sərhədləri ilə üst-üstə düşür. Qarabağın ərazi paytaxtı Şuşa şəhərinin əvvəlki statusunun bərpa edilməsi və hər iki iqtisadi rayonun birləşdirilərək bir mərkəzdən idarə olunması siyasi, iqtisadi və etnososioloji meyarlar baxımından məqsədəuyğun görünür.