Zərduşt Əlizadə
Münaqişə sistemli tamdır
Münaqişənin dörd əsas mövcudluq mühiti aşağıdakılardır: fərd, cəmiyyət, dövlət, zaman. Münaqişə bioloji və ictimai varlıq olan insanın mahiyyətinə xasdır. Münaqişə fərdlərin qarşılıqlı ünsiyyətdə olduqları cəmiyyətin üzərində durduğu iki əsas mədəniyyətdən – savaş və barış – birinin təzahürüdür. Münaqişə zor aləti olan dövlətin öz daxilinə və xaricinə yönəlmiş iki əsas təsir növündən – tənzimləmə və məcburetmə – birinin təzahürüdür. Nəhayət, münaqişə “zəmanə” və “dövran” adlandırılan müəyyən siyasi hakim və ya tabe ünsürlərindən biridir.
Fərd fitri xüsusiyyətləri ilə yanaşı, onu tərbiyələndirmiş mühitin ona aşıladığı təfəkkür və davranış qəlibləri çərçivəsində hərəkət edir və onları dəyişdirmək üçün gərgin zehni əməyə və uzunmüddətli təcrübəyə möhtacdır. Bu ünsürün islahı və humanistləşməsi üçün savaş və barış mədəniyyətləri arasındakı qüvvələr nisbətini dəyişdirmək gərəkdir.
Cəmiyyətdə demokratik təsisatların və ənənələrin, ilk növbədə qanunun aliliyinin təminatı münaqişələrdən yayınmaq üçün ən səmərəli və sınanmış yoldur.
Dövlət güclü və demokratik olarsa, o, nəinki münaqişələrin törənməsinin qarşısını zorla ala bilər, hətta onun ehtimal edilə bilən səbəblərini belə aradan qaldırmağa qadir ola bilər. Xaricdən sırınan münaqişənin isə qarşısını zor gücünə ala bilər.
Zaman dünya miqyasında ictimai fikrin, münasibətlərin, davranış qəliblərinin və ənənələrin humanistləşməsi sayəsində münaqişələrin mümkünsüz olduğu “zəmanə”yə çevrilir.
Kənar müdaxilələr, fərd və qrupların mənafeyinin millətin və bəşəriyyətin mənafeyini üstələməsi hər dörd ünsürdə münaqişə ehtimalını gücləndirən əsas amillərdir ki, bunların qarşısına yalnız fərdlərin toplanmış kollektiv iradəsi qoyula bilər.