Arzu Abdullayeva
Hərb modeli və sülh modeli
Dünyadakı çoxsaylı münaqişələrin tarixi, ictimai, siyasi, psixoloji və iqtisadi səbəbləri nə qədər rəngarəng olsa da, onların təzahürləri əsla fərqlənmir və eynidir: işgəncə, təhqir, qətl, qovulma, dağıntı, tənəzzül və vəhşiləşmə. Vəhşiləşmə sözü təsadüfən işlədilmədi, dinc əhalinin əsir götürülməsi, onlara əzab verilməsi düşmən sayılan millətə kollektiv nifrət, bu millətdən olan fərdlərin vətəndaş və insan hüquqlarının tanınmaması və bu qanun pozuntusunu əhalinin əksəriyyətinin alqışlaması obyektiv olaraq cəmiyyətdə müasir siyasi və hüquqi mədəniyyətdən barbar mədəniyyətinə qayıdış kimi qiymətləndirilməlidir. Münaqişələri doğuran və yaşadan məfhumların, davranış və hərəkətlərin mövcudluğu bütövlükdə insan cəmiyyətində hərb mədəniyyəti adlanan qüdrətli, lakin mənfi işarəli bir sistem yaradır. Bu sistem çox qədimdir, ola bilsin ki, cəmiyyət qədər qədimdir və mahiyyətcə heç bir zaman dəyişməmişdir, bu mədəniyyət həm Polineziyanın cəngəlliklərində yaşayan ibtidai tayfaları, həm də kompyuterli-avtomobilli Avropa və Amerika cəmiyyətlərini ortaq məxrəcdə birləşdirir.
Cəmiyyət və insana məxsus bütün təzahürlər kimi hərb mədəniyyəti də alimlər tərəfindən öyrənilmiş və onun təsnifatı verilmişdir. Güclü siyasi və iqtisadi qurumlar hərb mədəniyyətinin işləmə mexanizmindən məharətlə istifadə etməyi bacarır və özlərinə lazım gəldikdə onu işə salır. İctimai fikirdə məlum səbəblərə görə əsla təbliğ edilməyən bu bilik və məlumat əslində hakimiyyət mexanizmlərindən biridir. Münaqişənin sona yetməsində maraqlı olan xalqlar və insanlar hərb tərəfdarlarının əlində alətə çevrilməmək üçün onun mahiyyətini, işləmə prinsipi və mexanizmlərini gözəl bilməlidirlər.
Konkret olaraq Cənubi Qafqazda cərəyan edən münaqişələri tədqiq etmiş Helsinki Vətəndaş Assambleyası hərb mədəniyyətinin aşağıdakı mühüm ünsürlərini qeyd etməyi zəruri sayır:
1. Üçüncü-əcnəbi (kənar) tərəfin bölgədə gərginlik yaratmaqda marağı;
2. Üçüncü tərəf münaqişə tərəflərinə gələcək münaqişə üçün zəruri olan təsirləri göstərir və münaqişənin qızışmasında əsas rol oynayacaq qüvvə və şəxsləri dəstəkləyir;
3. “Düşmən”surəti yaradılır;
3.1. KİV kütləni isteriya vəziyyətinə salır;
3.2.Təxribatlar hazırlanır və gerçəkləşdirlir.
4. Münaqişə başlayır və tədricən zorakılıq mərhələsinə keçir;
5. Tərəflərin silahla təchizatı başlanır;
6. Müharibə mərhələsinə keçid;
7. Münaqişəyə cəlb olunmuş tərəflər “tarazlaşdırma” siyasəti yürüdən üçüncü qüvvənin vasitəçiliyindən və himayəsindən asılı vəziyyətə düşür.
Xalqımız sadalanmış yeddi ünsürün hər biri haqqında zəngin məlumata malikdir, cildlərlə kitab yaza bilər, film çəkə bilər, dram, opera və hətta balet tamaşası qoya bilər. Və bu zaman xalqımızın haqlı olması haqqında əlimizdə tutarlı sübutlar da var. Bu sübutları isə özümüzə yox, münaqişəni qızışdırmış və onu idarə edən üçüncü qüvvəyə təqdim edirik. Faciəvi cəhət isə ondan ibarətdir ki, münaqişənin digər tərəfi də eyni cür düşünür, onun da özünün haqlı olması barədə tutarlı dəlilləri var və bu dəlilləri üçüncü tərəfə təqdim edir.
Münaqişə aparan ölkələrdə hərb mədəniyyətli xalqlar hakimiyyətə hərb tərəfdarlarını gətirirlər. Hərb tərəfdarları hərbdən böyük siyasi və maddi mənfəət götürdüyündən münaqişənin davam etməsində maraqlı olur. Hərbdə maraq münaqişədə olan tərəflərin hakim zümrələrini üçüncü tərəf ilə birləşdirir və münaqişə davamlı səciyyə alır. Münaqişədən uduzan isə hər iki iştirakçı tərəfin adi insanları, xalqlar olur. Münaqişəyə son qoymaq üçün xalqlar öz həqiqi mənafeyini dərk etməli, təşkilatlanmalı və hərb mədəniyyətinin hər bir ünsürünə qarşı sülh mədəniyyətinin müvafiq ünsürünü qoymalıdır. Helsinki Vətəndaş Assambleyası fəallarının düşüncəsinə görə, sülh modeli təxminən aşağıdakı ünsürlərdən ibarətdir:
1. Etnik konfliktlərə cəlb olunmuş maraqlı şəxslər qəbul edilir;
2. İctimai şüura konfliktin əks tərəfi ilə dialoqun məqsədəuyğunluğu və qəbulu ideyası yeridilir;
3. Kütləvi informasiya vasitələri dialoq prosesinə cəlb olunurlar;
4. Qarşılıqlı fəaliyyət: treninqlər, seminarlar, simpozium və görüşlər, eləcə də yığıncaqlar təşkil olunur;
5. Düşmən obrazı ləğv edilir;
6. Sülhə nail olunur;
7. Münaqişənin qarşısısının alınması üçün preventiv tədbirlər görülür.
Sülh modeli aşağıdakı proseslərdə əhəmiyyətli rol oynaya bilər:
Sülh strateqiyasının müəyyən olunmasında;
Münaqişə tərəfləri arasında sülhün bərqərar edilməsi üçün konseptual problemlərin həlli və münaqişələrin qarşısının alınması üçün tədbirlər görülməsində;
İctimai şüurun formalaşdırılmasında.
Göstərilən prosesdə aşağıdakı qruplar mühüm rol oynaya bilərlər:
· milli azlıqlar və etnik qruplar;
· jurnalistlər;
· tələbələr;
· uşaqlar (mövzu - dözümlülükdür);
· siyasi partiyaların və qeyri – hökumət təşkilatlarının nümayəndələri;
· hər iki tərəfdən olan qaçqınlar;
· münaqişə zonalarında vəzifədə olan və olmuş şəxslər (indinin və keçmişin liderldəri).
Sülh Modeli HVA-nın Cənubi Qavqaz departamentləri tərəfindən sülhyaradıcı fəaliyyətləri üçün nəşr edilmişdir. Sülh qoruyucuları müharibənin qarşısının alınması üçün lazım olan yanaşmanın səmərəliyinə inanır və etnoslar arası və digər münaqişələrin həlli istiqəmətində öz səylərini davam etdirirlər.