Firdovsiyyə Əhmədova
Qarabağ iddiasında ermənilərin istifadə etdiyi prinsiplər
Cənubi Qafqazın Rusiya imperiyası tərkibinə qatılması ilə müsəlmanlara məxsus tarixicoğrafi yaşayış məskənləri Rusiya hökuməti tərəfindən tətbiq edilən, mütəmadi dəyişdirilən və etnosiyasi məqsəd güdən yerli idarəçilik formalarına tabe edilməklə xeyli itkiyə uğradı. Rusiya imperiyasının ənənəvi xarici siyasəti Qafqaz ərazisində də uzunmüddətli strateji plan əsasında "ikivariantlı tabeçilik" rejimi yaratdı. Qafqaz ərazisi imperiya tabeçiliyindən azad olduqda belə, əhali arasında etnik nisbətdə çoxluğun qeyri-müsəlmanlarla təmin edildiyi, idarəçiliyinin də əsasən onların əlində cəmləşdirildiyi inzibati vahidlər yenidən yaradılan müsəlman idarəçilik sisteminin tarixi əraziləri bütövlüklə özündə birləşdirməsini əngəlləyən mühüm mane oldu. Cənubi Qafqaz respublikalarının bəyan edilməsi və mövcudiyyəti prosesində ən ağrılı problem də məhz ərazi məsələsi idi. Bu respublikaların ərazi münaqişələrində vahid bir prinsip gözlənilmirdi.
Hər bir dövlət ancaq onun üçün sərfəli olan prinsiplə işləyirdi: "Pompey yürüşləri dövrünədək çatan tarixi hüquq, iqtisadi şərtlər, dövlət sərhədlərinin strateji müdafiəsi, təbii sərhədlər və sair". 11 ərazi 4 Qafqaz respublikası arasında mübahisə obyekti kimi göstərilmişdir. Ərazi mübahisələri ilə bağlı Azərbaycan xarici işlər komissarlığının məlumatında Qarabağ ərazisinə geniş yer ayrılmışdır. Göstərilir ki, XVIII əsrdən paytaxtı Şuşa olmuş Qarabağ, müstəqil müsəlman xanlığı kimi, digər xanlıqlardan daha uzun müddətdə müstəqilliyini saxlamış, müstəqil müsəlman vilayəti kimi rus imperiyasına daxil olmuşdu. Qeyd edək ki, Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi və Şəki, Şirvan, Talış əyalətləri ilə birlikdə, mərkəzi Şuşa şəhəri olan "Müsəlman əyalətləri rəisliyi"nə tabe edildi. Müstəmləkə rejiminə qarşı bölgələrdə baş verən kəskin üsyanlar, müqavimət hərəkatı inzibati islahatı labüd etdi. Şuşa qəzası mərkəzi Şamaxı olan Xəzər vilayətinə tabe edildi. Növbəti inzibati-ərazi bölgüsündə Şuşa qəzası Şamaxı quberniyasına aid idi. 1868-ci ildə yaradılan, mərkəzi Yelizavetpol (Gəncə) olan Yelizavetpol quberniyası Şuşa, Yelizavetpol və Zəngəzur qəzalarından ibarət idi. Sonradan yaradılan Cəbrayıl və Cavanşir qəzaları da bu quberniyaya daxil edildi. Göründüyü kimi ermənilərin mənafeyinə uyğun tədbirlər həyata keçirildiyi idarəetmə sistemində Qarabağ, Şuşa daima müsəlman inzibati-ərazi vahidi tərkibində olmuşdur. Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarını ləğv edərək, həmin ərazilərdə süni tərzdə meydana gətirilən "Erməni vilayəti"nə və XIX əsrin ortalarında yaradılan İrəvan quberniyasına heç zaman tabe edilməmişdi. Baxmayaraq ki, ermənilərin köçürülmə işlərinə, yerləşdirilmə məntəqələrinin təyinatına məhz ermənilər başçılıq edirdi və rus siyasəti ilə erməni milli mənafeyi çuğlaşırdı. General İ.F.Paskeviç Türkmənçay müqaviləsi bağlanandan az sonra ermənilər üçün lütfkarlıqla "başlıca olaraq İrəvan, Naxçıvan vilayətlərində və qismən Qarabağda yerləşdirilsin, bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün" göstərişini verir.
Bütün bu imkanlara baxmayaraq, Qarabağ torpağını erməni idarəçiliyinə salmaq niyyəti XIX əsrdə reallaşa bilmədi. Belə ki, ermənilərin köçürülərək yerləşdirildiyi əsas ərazilərdən biri də məhz Qarabağ torpağı idi. Rus hökuməti erməniləri Qarabağa köçürməkdə türk əhali kütləsinin bütövlüyünü parçalamaq vasitəsini görürdü. Ona görə də erməniləri bu əraziyə köçməyə təhrik edirdi. Türkiyə ərazisindən əlavə, Cənubi Qafqazda da muxtariyyət iddiası olan ermənilər XX əsrin əvvəllərindən onu zor gücünə həyata keçirmək yolunu tutdular.
Azərbaycan Cümhuriyyəti dövründə Andronikin başçılıq etdiyi erməni silahlı dəstələri Qarabağın erməni əhalisini ayağa qaldırır, yerli müsəlmanlara qarşı kütləvi zorakılıq edirdilər. Erməni təcavüzünün qarşısını almaq üçün Azərbaycan hökuməti Qarabağ general-qubernatorluğunun təsisinə qərar verdi. Bu inzibati-ərazi qurumuna Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları daxil idi. Qarabağ ermənilərinin VII qurultayı Azərbaycan hökumətinin hakimiyyətini tanısa da, 1920-ci ilin yazında yenidən Qarabağa soxulmuş erməni dəstələri qiyam qaldırdı, Şuşa təhlükə altında qaldı. Qarabağın bir parçası olan Zəngəzur qəzası da qanlı münaqişə ocağı idi.
Tarixi hüquq prinsipini kənara qoyub, siyasi-iqtisadi mülahizələrdən hərəkət edənlər belə, Qarabağın ərazicə bütöv tam təşkil etdiyini dönə-dönə vurğulayırdılar: "Bütün Yelizavetpol quberniyasının harasa birləşdirilməsindən danışıb razılaşmaq olar, nəinki bir hissəsinin ayrılmasına." Hələ 1919-cu ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü A.Mikoyan V.Leninə məlumatında yazırdı: "Erməni hökumətinin agentləri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə çalışırlar, amma bu, Qarabağ əhalisi üçün Bakıdan, həyat mənbəyindən məhrum olub, heç zaman və heç nə ilə əlaqələri olmayan İrəvanla bağlılıq qurmaq demək olardı". Sovet hakimiyyəti Cənubi Qafqaz respublikaları arasında mübahisəyə səbəb olmuş ərazi problemini, elan etdiyi prinsipin məxsusi yozumunda həll etdi. "Öz müqəddəratını təyinetmə" prinsipindən faydalanan ermənilər Qarabağın dağlıq hissəsini Azərbaycanın tərkibindən qopartmaq qərarına gəldilər. Qarabağ məsələsinin yüksək rəsmi səviyyədə müzakirəsi N.Nərimanovun qətiyyəti və Qars müqaviləsinə aparan Türkiyə-Rusiya danışıqları prosesi dövrünə təsadüf etdiyindən Azərbaycan SSR tərkibində saxlanması qərarı ilə nəticələndi. "Elastik muxtariyyət" formalarından biri də DQMV gerçəkliyi oldu. DQMV-nin Azərbaycan tərkibində detonator rolu oynayacağı şəksiz olSA da və tarixdə təsdiqini tapsa da, ermənilərin "Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində qalması üzərində israr etməsi"ni gələcəkdə planlarının həyata keçməsi üçün istifadə baxımından düşünülmüş addım kimi qiymətləndirənlər də var. "Zəngəzur, Naxçıvan və Qarabağın təxirə salınmadan Ermənistana qaytarılmasını" tələb edən daşnak hökumətini əvəz edən sovet Ermənistanının istəyinə və israrlı cəhdlərinə baxmayaraq, yalnız Zəngəzura sahib çıxmağın və Dağlıq Qarabağın ermənilərlə müsəlmanların (türklərin) qarışıq yaşadığı yarı hissəsinə muxtariyyət verilməsinə nail ola bildilər.
Nəzərə almaq lazımdır ki, Qarabağın yuxarı hissəsinə muxtariyyət verilməsi prosesi Azərbaycan tərəfinin nə təşəbbüsü, nə də məmnunluq bildirən razılığı ilə baş verməyibdir. Məcburiyyət qarşısında məsələnin kompromis həll variantı kimi qərara alınıb və nəzərdə tutulubdur ki, muxtar vilayətin inzibati mərkəzi Şuşa şəhəri olsun. Yəni Qarabağın yuxarı hissəsi Ermənistana verilməyibdir, yalnız 1921-ci il iyulun 4-də Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Dağlıq Qarabağın ermənilər yaşayan hissəsini Ermənistan tərkibinə daxil etməyin lehinə səs vermişdilər və bunun baş tutmamasında N.Nərimanovun qəti etiraz mövqeyi mühüm rol oynadı, Orconikidzenin özü şəxsən səhəri gün, iyulun 5-də Nazaretyanla birlikdə Qarabağ haqqında bir gün əvvəlki qərara yenidən baxılması barədə məsələ qaldırır.
RK(b)P MK Qafqaz bürosu plenumunun 5 iyul 1921-ci il tarixli qərarını "Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi üçün" yeganə "hüquqi əsas" kimi göstərən bu günkü erməni siyasətçiləri saxtalaşdırdıqları tarixə özləri də, yəqin ki, inanmağa başlayıblar və odur ki, bölgə tarixindən nəinki bixəbər olanlara, hətta iddia etdikləri bölgənin vətəndaşlarına yanlış tarixi təlqin etməyə çalışırlar.
Erməni milli ideologiya tarixində dəfələrlə sınaqdan keçirilmiş bu üsul artıq ənənəvi səciyyə daşıyır: yanlış informasiyanın təsbitlənmə mərhələsindən ona söykənən növbəti mərhələyə keçmək.
Qarabağın Azərbaycana hüquqi mənsubiyyətinə dair əsas axtaran kəslərə çoxəsrlik tariximiz və mədəniyyətimiz barədə söhbət açmağa heç bir ehtiyac yoxdur, tək bircə faktı - 1805-ci il Kürəkçay müqaviləsini yada salmaq kifayətdir.
Sovet dövründə DQMV-nin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, ölkədə siyasi-ideoloji ab-havanın dəyişmə anlarında ermənilərin separatçılıq meylləri güclənirdi. İkinci dünya müharibəsi başa çatdıqdan az sonra, müharibənin siyasi nəticələrinin həll ediləcəyi dövrdə Ermənistan K(b)P MK DQMV-ni Ermənistan SSR-ə birləşdirmək yönündə rəsmi addım atdı. İddia prinsipi "Dağlıq Qarabağı Muxtar Vilayətinin Ermənistan ərazisi ilə qovuşması" və" vilayətin Ermənistan tərkibinə daxil edilməsi ilə DQMV-nin xeyli inkişaf edəcəyi, təsərrüfat idarəçiliyinin asanlaşacağı, bölgənin milli-mədəni tərəqqisinin güclənəcəyi" və s. "dəlillərlə" şərtlənirdi. Azərbaycan SSR-in adekvat reaksiyası qarşı tərəfin iddia prinsipindən çıxış edirdi. Müvafiq olaraq "kompakt yaşama" prinsipi ilə Borçalı, Göyçə və Zəngəzur da siyasi-inzibati dəyişikliyə məruz qala bilərdi. İddialarının təminatına nail olmayan ermənilər 60-cı illərdə DQMV-nin Ermənistan SSR-ə verilməsi tələbi ilə yenidən məsələ qaldırdılar. Bu dəfə də istəklərinə nail olmadılar. Artıq erməni millətçilərinin mübarizə prinsipi daha ağır bir ittiham - "genosid" kontekstində müşayiət olunurdu. Dağlıq Qarabağ Muxtar Vilayətinı iddiadan əl çəkməyən ermənilər sovet hökumətinin son illərində - "yenidənqurma" mərhələsində növbəti cəhdi etdilər. Artıq demokratikləşmə ab-havasında "inkişaf etmiş sosializm" üçün qeyri-adi görünən açıq kütləvi mübarizə metodlarından istifadəyə başladılar. Gündəlik nümayişlər, mitinqlər, etimadsızlıq, tətillər... Bu dəfə isə prinsip kimi "DQMV-nin Azərbaycan SSR-nin digər rayonlarından sosial-iqtisadi inkişaf səviyyəsinə görə geri qalması" və bu sahədə "çətinliklər" siyasi dövriyyəyə buraxılmışdı.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisini dağlıq hissəsini Ermənistana birləşdirmək uğrunda ermənilərin axırıncı mübarizə mərhələsi müharibə müstəvisinə keçmiş, artıq ləğv edilmiş vilayətin ərazisindən əlavə Azərbaycan Respublikası ərazisinin xeyli hissəsi, ümumən isə 20%-i işğal edilmiş, Ermənistandan azərbaycanlılar kütləvi şəkildə qovulmuş və bu mərhələ çox müxtəlif prinsiplərlə həm növbələşmiş, həm də çuğlaşmışdı: sosial-iqtisadi tələblər, əzəli torpaq sahibliyi, tarixi ədalət, milli müqəddəratını təyin etmə, "azərbaycanlıların anti erməni mövqeyi", "Azərbaycan Respublikasında demokratik dəyərlərə əməl edilməməsi", insan hüquqlarının müdafiəsi və s. Ermənilərin ərazi iddiaları ilə bağlı istifadə etdikləri prinsiplər siyahısını mübarizə metodlarının "rəngarənglik" ənənəviliyi kölgədə qoyur. Ərazi məsələsində prinsip, həmçinin metod tətbiqində erməni təfəkkürü və təcrübəsinə alternativ yoxdur. Son prinsiplərdən biri isə Dağlıq Qarabağın "erməniləşmiş albanların" məskəni olması mülahizəsidir. Cüzi xristian albanın məkrlə qriqoryanlaşdırılıb - erməniləşdirilməsi müqabilində Qafqaz Albaniyasının bütün qalan əhalisinin müsəlman-azərbaycanlı gerçəkliyi şərhə ehtiyac qoymur. Bir-birindən kəskin fərqlənən, çox zaman təzadlı prinsiplərin mənaca təsnifatı erməni tərəfinin mövqeyinin əsassız, qərəzli, qeyri-obyektiv mahiyyətini ortaya qoyur. Qarabağ münaqişəsinin çözülmə variantları baxımından da "problemə" analoqu olmayan status verilir. Həlli artıq çoxdan beynəlxalq müstəviyə keçən problemi Azərbaycan Respublikasının mənafeyi çərçivəsində həll etməyə nail olmaq vasitələrindən biri də təcavüzkar rəqib tərəfin mübarizə prinsipləri və metodlarına dərindən bələd olmaq, həmin zəmində onun prinsip və metodlarının mahiyyətini açıb ifşa etməklə eyni vasitələrlə qarşı tərəfi ideoloji cəhətdən tərksilah etməyə çalışmaqdır.