Qurban Bayramov

Qarabağ elm və mədəniyyət mərkəzi kimi

Qarabağ yeraltı və yerüstü təbii sərvətlərlə çox zəngin olan, öz təbii gözəllikləri ilə dünyanın ən əsrarəngiz, baxımlı yerlərindən biridir, eyni zamanda böyük şəxsiyyətlər nadir istedadlar yurdu, şer, sənət, musiqi, muğam, hikmət beşiyidir. Bu torpaq Hacı Hüsü, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Süleyman Ələsgərov və digər görkəmli musiqiçilər, muğamçılar, bəstəkarlar yetirmişdir.

Lakin tarixi sənədlər və tədqiqatlar göstərir ki, bugünkü bəzi siyasətçilərin iddialarının əksinə olaraq, Qarabağ təkcə musiqi, muğam beşiyi deyil, eyni zamanda elm, ədəbiyyat, poeziya, fəlsəfə sahəsində də böyük simalar və mütəfəkkirlər yurdudur.

Ancaq çox təəssüf ki, Qarabağ ədəbi mühitin tarixi, təkamül yolu hələ də ayrılıqda öyrənilməmişdir.

Qarabağ ədəbi mühitində, yazılı ədəbiyyatda bir fakt kimi hələlik elmə məlum olan ilk şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağdır. Onu bu günə gəlib çatan yeganə şeri Alban-Partav-Bərdə çarı Cavanşirin qətlinə yazdığı ağı kamil şer mətnidir… Bu şerin ideya-estetik xətti və üslubu sübut edir ki, Davdağ dövrünün, tanınmış qüdrətli sənətkarı olmuşdur.

X əsrdə yaşayıb-yaratmış, Azərbaycanın ərəbdilli ədəbiyyatının yaradıcıları Əbu Bəkr Əhməd əl-Bərdəi, Xətib Bağdadi Məhəmməd əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl-Bər-dəi, Səid ibn əl-Qasım əl-Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi təkcə Azərbaycanda deyil, bütün islam dünyasında məşhur alimlərdən və dövrünün filosof-şairlərindən olmuşlar.

XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqanidir. Zəki ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fəqih-filosof kimi yüksək elmi rütbəyə çatmışdır.

XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair yaşamışdı.

XV əsrdə Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna qədər yüksəlmiş, “Gülşəni” təxəllüslü ilə ədəbiyyat aləmində məşhur olmuşdu. O, Mövlanə Gülşəni kimi yüksək məqama çataraq, bütün Osmanlı imperiyasına öz təriqətini yaymışdır. Xanagahı Qahirədədir və bu gün də fəaliyyətdədir. Mövlani Gülşənin iki oğlu-Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyid Əli Gülşəni də şair olmuşlar…

Yusif ibn Məhəmmədcan Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə - Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif məqmına yüksəlmişdi.

XVI əsrdə yaşayıb-yaratmış, Ş.İ.Xətai sarayının yaxın dostu, ustadlar ustadı Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşiq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və M.P.Vaqifin adları çox mətləblərdən xəbər verir.

XVIII əsrdə Pənahabad şəhərinin – Şuşanın bünövrəsi qoyulandan sonra Qarabağ-Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi. Qarabağla Naxçıvan, İrəvan, Gürcüstan, Gəncə, Şəki, Bakı və başqa xanlıqlar arasında sıx əlaqələr yarandı. Həmin əlaqələr Qarabağ ədəbi mühitinin təsir dairəsini daha da genişləndirirdi.

Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinə Natəvan və M.M. Nəvvab başçılıq edirdilər. Bu məclilərdə toplaşan 40 nəfər şair Azərbaycanın başqa ədəbi məclisləri ilə şerləşirdi.

Qarabağ ədəbi mühitində son üç əsrdə fəaliyyət göstərmiş sənət korifeylərinin adlarına nəzər salaq: M.P.Vaqif - ilk realist şerin banisi; Q.Zakir - Azərbaycan satiriki, milli maarifçi-realizmin görkəmli nümayəndəsi; Aşıq Pəri - Azərbaycanın ilk peşəkar qadın aşığı; Natəvan - M.Gəncəvidən sonra ən qüdrətli Azərbaycan şairəsi; N.Vəzirov ədəbiyyatımızda ilk faciə janrının, Azərbaycan teatrının (H.Zərdabi ilə bilikdə) banisi, ilk müəllif-aktyor; M.M.Nəvvab – astronom, musiqişünas, rəssam, şair; Ə.Haqverdiyev - ədəbiyyatımızda tarixi dram janrının banisi, ilk opera rejissoru və dirijoru; Ü.Hacıbəyli – Şərqdə ilk professional bəstəkar, dramaturq, liberetto müəllifi, opera və musiqili komediya janrının yaradıcısı, publisist; Y.V.Çəmənzəminli – ilk tarixi romanlar müəllifi, etnoqraf, diplomat; C.Hacıbəyli – yazıçı-piblisist, diplomat, folklorşünas (Parisdə ilkə dəfə “Qarabağ folkloru” kitabını fransızca və orijinal mətnlərlə çap etdirib); Ə.Ağaoğlu - Azərbaycan dövlətçiliyinin ilk ideoloqlarından biri, yazıçı-publisist, alim, “Difai” təşkilatının yaradıcısı; F.Köçərli – ilk ədəbiyyat tarixçisi, maarifçi, Qazax müəllimlər seminariyasının müdiri; S.S.Axundov – uşaq ədəbiyyatının ilk yaradıcılrından biri, “Laçın yuvası” dramında azərbaycanlı mentalitetini bütövlükdə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, ilk Milli Qəhrəman adı alan yazıçı-pedaqoq; H.Vəzirov – görkəmli publisist, mühərrir, Şekspirin ilk tərcüməçisi.

İndi bütün bunları bəzi hallarda görməməzliyə vurmaq, “Qarabağdan yalnız oxuyanlar, müğənnilər çıxır” – fikrini istehza ilə ictimaiyyətin beyninə yeritməklə milli təfəkkürümüzdə tarixi təhriflər yaratmaq, vahid milli mədəniyyətimizi regionçuluq kimi bədxah hissə qurban vermək cəhdlərindən başqa bir şey deyil.

XX əsrin ikinci yarısından yeni dövr ədəbiyyatını yaradan yüzdən artıq qarabağlı ədib və alimləri bu siyahıya əlavə etsək, bu torpağın Azərbaycan ədəbi fikrinə, mədəniyyətinə verdiyi töhfəni təsəvvürə gətirmək çətin olmaz: xalq yazıçıları - S.Rəhimov, Ə.Vəliyev, İ.Əfəndiyev, B.Bayramov, S.Əhmədov, Elçin; M.Məmmədov kimi qüdrətli rejissor və aktyor; Ə.Ağayev, O.Xəlilli, M.Əlioğlu, Ə.Qasımov, İ.Məlikzadə, M.Şamxalov, C.Əlibəyov, Q.Qasımzadə, F.Mehdi, T.Elçin, C.Gözəlov, Y.Kərimov, Ş.Ələkbərzadə, V.Cabrayılzadə, S.Səxavət, V.Bəhmənli, A.Abbas, Ə.Əmirov, Z.Fəxri, Ə.Əmirli, M.Çəmənli, Ə.Əhməd kimi istedadlı ədəbiyyatşünas, yazıçı və şairlər; alimlərimiz – M.Mehdizadə, R.Əliyev, X.Məmmədov, Ə.Hüseynov, İ.İbrahimov, Ə.Bayramov, T.Hacıyev, K.Məmmədov, K.Vəliyev, A.Hacıyev, F.Vəzirova, R.Tağıyev, Q.İsmayılov, A.Səfiyev, V.Quliyev, İ.Rəhimli.

Bundan başqa adlarını çəkmədiyim onlarla digər söz-sənət nümayəndələri Azərbaycan ədəbiyyatını öz orijinal bədii-estetik, elmi təfəkkürləri ilə dəyərli yaradıcılıqları ilə zənginləşdirmiş və inkişaf etdirmişlər. Qarabağdan başlayan bu nəhəg, coşğun, qurumaz fikir nəhri indi də axmaqdadır.