Məhərrəm Zülfüqarlı

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixşünaslığı

Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış DQMV 80-ci illərin sonlarına qədər, yəni münaqişə başlanana qədər fəaliyyət göstərmişdir. DQMV sovetinin məlum qərarından sonra ermənilərin separatçılığına cavab olaraq Azərbaycan SSR Ali Soveti vilayəti ləğv etmişdir. DQMV tarixinin müxtəlif dövrlərinə aid çoxlu sayda kitab və məqalələr yazılmışdır. DQMV-nin tarixşünaslığının tədqiqi erməni separatçılarının 80-cı illərin axırlarında irəli sürdükələri cəfəng iddiaların ifşa edilməsində müsbət rol oynaya bilər.

DQMV yaranmasının 60 illiyi münasibətilə İ.S.Müslümov, İ.M.Mosesova, E.Q.Sarkisovun rus dilində birgə hazırladığı “Sovet Dağlıq Qarabağı. Lenin milli siyasətinin təntənəsi ” kitabı 1983-cü ildə çapdan çıxmışdır. Bu kitabda müəlliflər Lenin milli siyasətinin Azərbaycan SSR-də və onun muxtar qurumunda necə müvəffəqiyyətlə həyata keçdiyini, DQMV-də 49 millət və xalqın nümayəndəsinin mehriban ailə kimi yaşamasını, beynəlmiləlçilik ideyalarının, xalqlar dostluğunun həyatda özünə dərin kök saldığını faktlarla sübut etməyə çalışmışlar.

Kitabın “İnqilabi rus təqvimi ilə” başlıqlı birinci hissədən başlayaraq vilayətin 60 illik tarixi qoyulmuş tələblərə uyğun müsbət faktlarla sovet tarixşünaslığına xas bir surətdə işıqlandırılmışdır. Kitabın sonunda 1970-1983-cü illər ərzində vilayətin sənaye və kənd təsərrüfatı sahəsində əldə etdiyi müvəffəqiyyətlər xüsusi cədvəllərdə rəqəmlərlə göstərilmişdir. Kitabda millətlərarası münasibətlər sahəsində 60 il ərzində mövcud olmuş problemlər barədə söz açılmaması sübut edir ki, müəlliflərin əsas məqsədi obyektivlikdən uzaq, formal xalqlar dostluğunu təbliğ etmək olmuşdur. Bu cür formal yanaşma sonradan daha ciddi problemlərin ortaya çıxmasına, qondarma Dağlıq Qarabağ problemi ilə bağlı silahlı münaqişəyə və Ermənistan- Azərbaycan arasında müharibəyə gətirib çıxarmışdır.

R.İmanovun 1984-cü ildə nəşr olunmuş “Çiçəklənən diyar” adlı kitabı giriş və üç fəsildən ibarətdir. Kitabın giriş hissəsində müəllif yazır: “1920-ci il 28 aprel günü - Azərbaycanda sovet hakimiyyətinin qələbə çaldığı gün Dağlıq Qarabağın yeni tarixinə qızıl həriflərlə yazılmışdır. 1923-cü ilin 7 iyul günü vilayətin tarixində xüsusi yer tutur. Həmin gün Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Müxtar Vilayətinin təşkil olunmasını elan etmişdir... Oxuculara təqdim olunan bu kitabda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ fəhlə, kolxozçu və ziyalılarının əmək hünərləri, Muxtar Vilayətində sosializm quruculuğu illərində baş verən köklü ictimai dəyişiklər, son üç beşillikdə iqtisadiyyat və mədəniyyətin inkişafı sahəsində Azərbaycan KP MK-nın rəhbərliyi altında vilayət partiya təşkilatının məqsədyönlü fəaliyyəti konkret materiallar əsasında işıqlandırılır.”

Kitabın “DQMV-nin yaranması xalqların Lenin dostluğunun təcəssümüdür” adlı birinci fəslində vilayətin yaranması tarixi qısa şərh olunur. Müəllif DQMV-nin yaranması ilə bağlı inqilabçı Həbib Cəbiyevin “Bakinski raboçi” qəzetinin 21 noyabr 1923-cü il tarixli sayında dərc edilmiş “Qarabağ məsələsi və bizim partiyanın növbəti vəzifələri” adlı məqaləsindən sitat gətirmişdir. Həmin məqalədə deyilir: “Azərbaycan daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi üçün verilən dekretə görə Azərbaycan SSR hökumətinə minnətdarlığımızı və təşəkkürümüzü bildirməliyik. Ona görə ki, bu dekret Azərbaycan və erməni zəhmətkeşləri arasında dostluq və qardaşlıq əlaqələrinin bərpası və daha da möhkəmləndirilməsi işində böyük rol oynayacaqdır.”

Sosializm quruculuğu illərində vilayətin iqtisadi və sosial inkişafı adlanan ikinci fəsildə Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 5 may və 15 dekabr tarixli dekretlərinə əsasən Dağlıq Qarabağda 117.560 desyatindən çox torpaq, 42.764 desyatin otlaq sahəsi və 140 min desyatindən artıq meşə zolağının milliləşdirilib zəhmətkeş xalqın istifadəsinə verilməsi, 1922-ci ildə 28 min desyatin torpaq becərilməsi və 5 ipəkçilik müəssəsinin istifadəyə verilməsi, 1925-ci ildə taxıl istehsalının inqilabdan əvvəlki səviyyənin 92,2 %-nə çatması, üzüm və tütün istehsalının isə 1921-ci ilə nisbətən 2,5 dəfə artması, 1922-ci ildə Şuşa pedaqoji texnikumunun açılması, 1937-1938-ci illərdə vilayətdə 191 ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi, 1925-ci ildə vilayət məktəblərində 241, 1939-cu ildə isə 1.796 müəllimin fəaliyyət göstərməsi və digər faktlar barəsində məlumatlar verilmişdir.

C.Quliyevin «Azərbaycan SSR EA Xəbərləri.” Tarix, Fəlsəfə və Hüquq» jurnalının 1973-cü il tarixli 3-cü sayında nəşr olunmuş “Dağlıq Qarabağın yaranması tarixindən ” adlı məqaləsində daşnak quldur dəstələrinə qarşı ermənilər və müsəlmanlardan ibarət beynəlmiləl dəstənin igidliklə vuruşmasını, 192-ci il iyunun 27-də Azərbaycan K(b)P MK bürosunuu Dağlıq Qarabağ məsələsini bir daha müzakirə edərək Dağlıq Qarabağın coğrafi-inzibati və iqtisadi cəhətdən respublikanın ayrılmaz bir sahəsi olduğundan, onun Azərbaycan SSR-in tərkibində qalmasını məqsədəuyğun hesab etməsini, 1923-cü il iyunun 23-də Azərbaycan K(b)P MK Rəyasət Heyətinin qərarı ilə bir inzibati mərkəz olmaqla Qarabağın-Dağlıq Qarabağ və Qarabağ kimi adlandırılmasının məqsədəuyğun hesab etməsini və nəhayət DQMV-nin təşkili haqqında Azərbaycan MİK-in 7 iyul 1923-cü il tarixli dekretini geniş şərh etmişdir.

Azərbaycanın bir qrup tarixçisinin iştirakı ilə “Partiya həyatı: 20-ci illərin problemləri“ mövzusunda keçirilmiş “Dəyirmi masa”nın materiallarının (204, 24 avqust 1989) Azərbaycanın 20-ci illər tarixinin öyrənilməsində müəyyən rolu vardır. Bu tədbirdə bir sıra alimlər 20-ci illər problemlərinə əvvəlki illərdən fərqli münasibət bəsləmişlər.

Azərbaycan SSR DQMV-nin tarixşünaslığının təhlili sübut edir ki, tarixçilər bu dövrün obyektiv tədqiqi üçün hələ çox işlər görməlidirlər. Fikrimizcə, bu işlərin görülməsi işğal olunmuş torpaqların azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpasında müsbət rol oynaya bilər.