Vəfaddin İbayev
Ermənistan-Azərbaycan münaqişəsi insan hüquqları kontekstində
01.
İnsan hüquqları sahəsində müqavilələrin iştirakçısı olan sələf dövlətlərin parçalanmasından sonra onun ərazisində yaşayan şəxslər, hansı dövlətin yurisdiksiyası altına düşmə-sindən asılı olmayaraq, özlərinin beynəlxalq səviyyədə tanınmış hüquqlarının və əsas azadlıqların beynəlxalq-hüquqi müdafiə-sindən məhrum edilə bilməzlər.
02.
İnsan hüquqlarının müdafiəsi sahəsindəki müqavilələr kimi beynəlxalq humanitar hüquq sahəsində qəbul edilmiş, xüsusən müharibə qurbanlarının mühafizəsinə aid olan müqavilələr də, yeni yaranmış dövlətlərin onlara nə vaxt qoşulmasından asılı olmayaraq, onlar üçün varislik qaydasında öhdəliklər yaratmalıdır. Bu, bir tərəfdən də həmin sahədə mövcud olan müqavilə öhdəliklərinin artıq beynəlxalq adət hüququ normalarına çevrilməsi ilə təsdiqlənir.
03.
Beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ arasında mövcud olan fərqlərə baxmayaraq, onlar ideoloji cəhətdən eyni tarixi və fəlsəfi köklərə malikdir. Hər iki hüquq insanı ona düşmən olan qüvvələrdən qorumaq üçün yaranmışdır və həm eyni məqsədə, hgm də eyni «subyektə» – insana xidmət edir. Heç şübhəsiz ki, insan hüquqları hüququ və beynəlxalq humanitar hüquq insan şəxsiyyətinin müdafiəsinə xidmət etsə də, zahirən eyni məqsədlərə malik deyil. Bu da onların təcrü-bədə hüquqi nizamasalma – tətbiq sahəsinin müxtəlifliyini (ratione materiae) təsdiq edir. Lakin insan hüquqları və beynəl-xalq humanitar hüquq normaları şəxsiyyətin mühafizəsi sahəsində biri-birini tamamlayır və hüquqi təsir göstərmək məsələlərində qarşılıqlı əlaqədə olur.
04.
Bir dövlətin digərinin ərazisinə qarşı qüvvə tətbiq etməsi dərhal Cenevrə Konvensiyalarının bu dövlətlər arasında münasibətlərə tətbiqinə səbəb olur. Münaqişədə olan hər hansı döyüşən dövlətin silahlı qüvvələrinin əlinə digər dövlətin silahlı qüvvələrindən yaralı və ya əsir, yaxud digər dövlətin mülkü əhalisi düşdükdə, ya da bir dövlət digərinin ərazisinin müəyyən hissəsi üzərində nəzarəti həyata keçirməyə başladıqda onlar dərhal humanitar hüquq normalarına riayət etməlidirlər. Yaralı və hərbi əsirlərin sayı, işğal edilmiş ərazinin sahəsi əhəmiyyət kəsb etmir, çünki mühafizənin zəruriliyi say meyarlarından asılı deyildir.
05.
Beynəlxalq humanitar hüquq aşağıdakılardan asılı olmayaraq tətbiq olunmalıdır:
· müharibənin elan edilib edilməməsindən (yəni beynəlxalq humanitar hüquq faktiki olaraq gücdən istifadə edildiyi andan tətbiq olunmağa başlayır);
· tərəflərin müharibə vəziyyətini etiraf edib-etməməsindən;
· tərəflərin birinin ərazisini bütünlüklə və bir hissəsinin işğal olunmasından;
· hücuma məruz qalan tərəfin müqavimət göstərib-göstərməməsindən
06.
Ermənistanda həyata keçirilən etnik təmizləmənin yeni kütləvi dalğası SSRİ-nin süqutunun son illərinə təsadüf etdi. 1988-ci ilin qışından başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə başlandı. «Azərbaycanlılarsız Ermənistan» şüarı altında həyata keçirilən etnik təmizləmə nəticəsində Ermənistan hakim dairələrinin himayəsi və razılığı əsasında hazırkı Ermənistan adlanan dövlətin ərazisindən 40897 azərbaycanlı ailəsi, 185519 nəfər azərbaycanlı məcburi qaydada depotasiya edildi. Onların hamısı mənzil və əmlaklarından məhrum edildi.
07.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan Respublikası silahlı qüvvələri, muzdlu və erməni terrorçu qruplarının köməyi ilə 18 min nəfərdən çox azərbaycanlı öldürülmüş, 50 mindən artıq yaralanmış və əlil olmuş, bir neçə min nəfər xəbərsiz itkin düşmüşdür. Məhkəməsiz edamlar, mülki əhalinin kütləvi gülləbəran edilməsi, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində götürülmüş girovların məcburi qaydada ən ağır işlərdə işlədilməsi, işgəncə və başqa kobud, qeyri-insani rəftar adi hala çevrilmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə həyata keçirilən «etnik təmizləmə», mülki əhalinin kütləvi surətdə tələf edilməsi, çoxsaylı dağıntılar Azərbaycanda fövqəladə humanitar şərait yaratmışdır.
08.
Erməni cəlladları tərəfindən Ermənistanda və Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş hərəkətlər məqsəd və niyyətinə görə genosid cinayətini təşkil edir. Genosid törətməkdə iştirak etməyə və ya bu məqsədlə sui-qəsd, genosidə birbaşa və açıq təhrikçilik, genosidə cəhd, genosiddə iştirak etməkdə təqsirli olan şəxslər cəzalandırılmalıdır. Münaqişə nəticəsində erməni işğalı altında qalan torpaqlarımızda Azərbaycan xalqına məxsus 500–dək tarixi–memarlıq, 100–dən artıq arxeoloji abidə, on minlərlə eksponatı olan 22 muzey, dörd rəsm qal-reyası, 4,6 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır.
09.
Azərbaycanın işğal altında qalmış ərazilərindəki mədəni mülkiyyətin mühafizəsi məqsədilə 1954-cü il Haaqa Konvensiyası müddəalarına əsaslanmaqla YUNESKO-nun imkanlarından istifadə olunmalıdır. Ermənilərin əlinə keçən bütün muzey əşyalarımız və digər itirilmiş mədəniyyət sərvətlərimiz haqqında YUNESKO-ya, İncəsənət Sahəsində Tədqiqatların Beynəlxalq Fonduna, İnterpola, Sotbis və digər hərrac mərkəzlərinə ətraflı, müfəssəl məlumatlar çatdırılmalıdır.
10.
Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti iki aspektə malikdir. O, bir tərəfdən, dövlətin siyasi məsuliyyətinin formasıdır, digər tərəfdən isə, konkret fiziki şəxslərin beynəlxalq hüquq normalarını pozmasından törəyən cinayət məsuliyyətidir.
Fiziki şəxslər tərəfindən istər silahlı münaqişə, istərsə də dinc dövrdə törədilmiş beynəlxalq cinayətlər dövlətin siyasi və maddi məsuliyyəti ilə yanaşı, onların da beynəlxalq cinayət məsuliyyətinə səbəb olur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş fiziki şəxslərin, delikvent dövlətin məsuliyyətindən asılı olmayaraq, beynəlxalq cinayət məsuliyyəti daşıması beynəlxalq hüququn tələbidir.
11.
Ad hoc beynəlxalq cinayət tribunallarının yaradılması yolu ilə beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin böyük siyasi, mənəvi və təcrübi əhəmiyyəti olmuşdur.
Əvvəla, tribunalların çıxardığı hökmlər bir çox cinayətlərin, o cümlədən genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər sahəsində məhkəmə təcrübəsinin artmasına səbəb olur.
İkincisi, beynəlxalq hüquqda birbaşa fərdi cinayət məsuliyyəti prinsipi müəyyənləşdirilir. Yəni beynəlxalq məhkəmə orqanları beynəlxalq hüququ pozan şəxcləri, hətta bu cinayət bir dövlətin ərazisi hüdudlarında baş verdikdə belə, mühakimə edə bilərlər.
Üçüncüsü, tribunalların yaradılması Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üçün zəmin hazırlayır və onun zəruriliyini bir daha təsdiq edir.
Dördüncüsü, beynəlxalq cinayətin törədilməsinin qarşısının alınmasında tribunalların böyük əhəmiyyəti olacaqdır.
Beşincisi, tribunalların fəaliyyəti dövlətlər arasında sülhün əldə edilməsində əhəmiyətli rol oynaya biləcək. Çünki yalnız özbaşınalıqlara son qoyulduğu, cinayətkarların qanuni cəzasını aldığı təqdirdə dövlətlər arasında sülhün əldə edilməsi mümkündür.
12.
Beynəlxalq Cinayət Məhkəməsi Statutunun qüvvəyə minməsi təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin daxili hüququna, hər şeydən əvvəl cinayət və cinayət prosessual hüququna ciddi təsir göstərəcəkdir. İlk növbədə milli hüquq sistemi BCM ilə əməkdaşlığa uyğunlaşdırılmalı, Statutda nəzərdə tutulmuş cinayət tərkibləri milli hüquq sisteminə daxil edilməlidir. BCM-in yaradılması eyni zamanda böyük xəbərdaredici funksiyanı yerinə yetirir. Artıq iştirakçı dövlətlərin vətəndaşları törədəcəkləri beynəlxalq cinayətlərə görə mühakimə olunacaqlarının reallığını hiss edəcək, beynəlxalq humanitar hüquq normalarının yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacaqlar.
13.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi nəticələrinin 13 ildən artıq müddətdə davam etməsi, bəzi cinayətlərin «davam edən» xarakteri, xüsusən də, hərbi əsirlər və girovların, beynəlxalq hüquq normalarına müvafiq olaraq, Vətənə qaytarılmasından imtina edilməsi BCM-in yurisdiksiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cinayətlərə şamil olunmasını istisna etmir. Digər tərəfdən, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi tənzimlənməsinin hələ də başa çatmaması, Azərbaycan torpaqlarının işğal altında qalmaqda davam etməsi, BCM-in Statutunda təcavüz cinayətinin anlayışının müəyyənləşdirilməməsi, nəhayət, Azərbaycan xalqının öz torpaqlarını güc tətbiq etməklə də olsa, azad etmək niyyətindən əl çəkməməsi Respublikamızın BCM-nin Statutuna qoşulması zərurətini meydana çıxarır.
14.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş şəxslər müəyyən edilərsə, onların tələb olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin axtarılıb tapılması, tələb olunması və mühakimə edilməsi istiqamətində fəaliyyət canlanmalıdır.
15.
Müharibə qurbanlarına kompensasiya ödənilməsi təcrübəsi insan hüquqlarının müdafiəsinin təmini baxımından ədalətli sayılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan dövlətinin Azərbaycana təcavüzü nəticəsində ölmüş və ya bədən xəsarəti almış, həmçinin əmlaklarından məhrum olunmuş şəxslərə, onların ailə üzvlərinə bu cür kompensasiyanın ödənilməsi beynəlxalq hüquq normalarının tələbidir. Həmin tələblərin təmini mühüm əhəmiyyət kəsb edir.