Dolayı etnosid
Dolayı etnosid – aborigenlərdə kollektiv natamamlıq kompleksi yaratmaq, etnik (milli) xəcalət, öz etnik qrupuna (xalqına) mənsubiyyətdən utanmaq, peşimançılıq hissləri aşılamaq məqsədi güdür. Son məqsəd - həmin etnik qrupun hakim xalqın tərkibində əridilməsidmr. Bu cür psixoloji məhdudiyyətlər nəticədə həyat qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Uzaq Latın Amerikasında zavallı hinduların başına gətirilən bu müsibətlərlə bizim başımıza gətirilənlər arasında qorxunc oxşarlığı görürsənmi?!. Bu qorxunc, bu dəhşətli oxşarlıq sənin ürəyini didib-dağıdan sualların cavabını verirmi, indiyəcən sirrli qalan bir çox həqiqətləri aşkarlayırmı? İndi başa düşdünmü, niyə biz millətimizə pis deyirik, özümüz-özümüzü bəyənmirik, bir-birimizin ətini yeməyə hazırıq? İndi anladınmı, niyə tarix boyu qəhrəmanlıq, mərdlik, şücaət rəmzi olan türklərin Azərbaycan qolu özlərini qorxaq, namərd, əliəyri sanır və olur?... İndi bildinmi, niyə dünya poeziyasına Nizami və Füzulini, Xaqani və Seyid Əzim Şirvanini, Məhsəti və Xurşid Banu Natəvanı, astronomiyasına və riyaziyyatına Nəsirəddin Tusi və Lütfi Zadəni, memarlığına Əsir Əli və Əbubəkr Əcəmini, fəlsəfəsinə Fəzlullah Nəimi və İmadəddin Nəsimini, Rəşidəddin və Bəhmənyarı, rəssamlığına Kəmaləddin Behzad, Sultan Məhəmməd və Səttar Bəhlulzadəni, publisistikasına Mirzə Cəlil Məmmədquluzadəni, inqilabçılığına Babək və Səttarxanı, dövlət quruculuğuna Qaraqoyunlu Qara Yusifi və Ağqoyunlu Uzun Həsəni, Şah İsmayıl Xətai və Məmməd Əmin Rəsulzadəni, diplomatiyasına Şirvanşah İbrahim və Sara Xatunu və bir çox başqa şəxsləri bəxş etmiş xalq indi keyfiyyətli avtomat düzəldəcəyinə və ermənilərə qalib gələcəyinə şübhə edir? İndi bildinmi, niyə publisist İqor Belyayev «Literaturnaya qazetanın» səhifələrində «Azərbaycanlı olmaq ayıb deyil» deyə kinayə edir?
Mosoni dolayı etnosidin hansı üsullarla həyata keçirildiyini göstərmir, daha doğrusu, bu üsullar istinad olunan mənbədə göstərilməmişdir. Əslində bu üsulların çeşidlərini, təsnifatını SSRİ-də dərc olunan mənbələrdə axtarmağın mənası yoxdur. Çox güman ki, bu sayaq üsullar üzərində keçmiş SSRİ Müdafiə Nazirliyinin və ya Dövlət Təhlükəsizliyi Komitəsinin məxfi institutları işləyib, indi isə RF Federal Təhlükəsizlik Xidmətinin müvafiq qurumları işləyir. Ancaq elə məlum olan faktlar, indiyəcən sübutu olmasa da, təkzibolunmaz mühakimə yürütməyə əsas verir: Azərbaycan xalqı üzərində «dolayı etnosid» adlandırılan əməliyyat aparılıb və çox ehtimal, indiyəcən, SSRİ dağılandan on il sonra da aparılır. Hər halda, bu istiqamətdə informasion tədbirlər görülür. Belə informasion əməliyyatın indiyəcən həyata keçirilməsinə əyani misal: cəmi iki-üç il öncə, Çeçen müharibəsi vaxtı Rusiya telekanallarından biri çeçen gəncinin müsahibəsini göstərdi. Cəbhədə vuruşan və ya vuruşmaq istəyən, dəqiq yadımda deyil, gənc ötkəmliklə demişdi «Vuruşmalıyam, vuruşmaya bilmərəm. Mən Azərbaycanlı deyiləm ki?!.» Yaralı yerimizə toxunan bu həqarətli sözlərin çeçen gəncinin ürəyindən gəldiyinə və tapşırıq almış rus televiziya müxbiri tərəfindən xüsusi dedirdilmədiyinə yalnız sadəlövh, danışdığımız mətləbdən xəbərsiz adamlarlar inanar.
Bəs düşdüyümüz bu vəziyyətdən necə çıxmalı? Milli natamamlıq kompleksindən qurtulumağın, sağalmağın yolunu necə tapaq?
МNК-nın aradan qaldırılmasının birinci mərhələsi
Bu, hər hansı adi, məişət natamamlıq kompleksinin müalicəsində olduğu kimi, əvvəlcə natamamlıq kompleksini doğuran amillərin aradan qaldırılmasından ibarətdir.
Doğrudan da, «İlan vuran ala çatıdan qorxar» atalar sözüylə təsvir edilən «ilan kompleksi» olan adamı ala çatı qorxusundan qutarmaq üçün ən əvvəl onu natamamlıq kompleksi doğuran amildən - ilanlardan və ilan çalmaq təhlükəsindən kənarlaşdırmaq lazımdır. Təbii ki, «ilan kompleksi» olan adamı təkrar-təkrar ilan çalsa, onun ala çatı qorxusu çətin ki yox ola. Başqa bir misal, «Ağzı elə yanıb ki, suyu üfürə-üfürə içir» məsəliylə təsvir olunan adamın suyu üfürə-üfürə içmək vərdişini tərgitməsi, başqa sözlə, «isti çay» və ya «qaynar su kompleksindən» sağalması üçün həmin adamın ağzını yenə qəfil yandırması ehtimalını heçə endirmək lazımdır.
Deməli, milli natamamlıq kompleksinin müalicəsi, ən əvvəl, MNK-nı doğuran amillərin aradan qaldırılmasından ibarətdir. Bəs sadalanan bir çətən amili –açıq və gizli tədbirləri aradan qaldırmaq mümkündürmü? Məsələ orasındadır ki, bu səbəblərin bir qismi artıq aradan qalxıb, qalanı qalxmaq üzrədir.
Tormozlayıcı amillər
1. Milli natamamlıq kompleksi xroniki xəstəlik halını alıb. Müharibənin, iqtisadi böhranın, inflyasiyanın, qaçqın amilinin, işsizliyin və s.nəticəsi olan yüksək sosial gərginlik artmaqda davam edir. (Elə təkcə torpaqlarımızın beşdə birinin ermənilər tərəfindən zəbt olunması milli natamamlıq kompleksi yaratmağa və yaşatmağa qadirdir)
2. MNK doğuran amillər hələ tam aradan qalxmayıb:
a. Milləti ziyalılardan məhrum edən, ümumi intellektual səviyyəni kəskin surətdə aşağı salan repressiyaların izi hələ də bilinir.
b. Ən güclü kütləvi informasiya vasitələri olan TV və radio, bəzi qəzetlər hələ də postkommunist mövqelərdədir.
c. Təhsil sistemi hələ də kommunist ideologiyası əsasında qurulmuş konsepsiyalara, dərsliklərə və proqramlara əsaslanır.
d. Xüsusi gizli tədbirlər qrupu hələ də naməlum qalır və sair.
3. Sosial psixologiyada şüurun obyektiv gerçəklikdən geri qalması adı ilə məlum olan amil (buna «şüur ətaləti» də deyirlər) nəticəsində yuxarıda göstərilən, vəziyyəti normallaşdırmağa, sağlamlaşdırmağa doğru aparan proseslər istədiyimiz sürətlə getmir, ona görə tənqidbazlıq davam edir, özü də azalmayıb, artıb.
4. Ermənilər Qarabağ müharibəsində və diplomatik cəbhədə qazandıqları uğurlardan get-gedə ürəklənirlər. Təbii ki, onların uğurları bizə mənfi təsir edir. Xocalı faciəsi bunu bir daha təsdiqlədi.
Nəzərə almaq lazımdır ki, milli natamamlıq kompleksi yalnız hindular, az inkişaf etmiş xalqlar arasında və Azərbaycanda təzahür edən hal olmayıb, dünya siyasətində, iqtisadiyyatında, mədəniyyətində öncül rolu olan millətlərdə də müşahidə edilmişdir:
MNK-sı olan millətlər
1. Almanlar. Növbəti müharibədə növbəti dəfə məğlub olan Almaniyada dağıntılar, inflyasiya, hərc-mərclik, aclıq və s. o həddə çatmışdı ki, alman millətin gələcəyi şübhə altına alınırdı. Kayzer Vilhelm bu ağılara cavab olaraq «Nə qədər ki, alman anaları və alman müəllimləri var, Almaniyanın gələcəyinə inanıram!» demişdi. (Azərbaycan anaları haqqında eyni sözləri demək mümkün olsa da, təəssüf ki, bu sözləri indiki Azərbaycan müəllimlərinə aid etmək mümkün deyil. Bu halın səbəbləri isə ayrıca söhbətin mövzusudur)
2. Yaponlar. İkinci Dünya Müharibəsində məğlub olandan sonra Yaponiya dərin böhran içərisində idi, milli natamamlıq kompleksi geniş yayılmışdı. Bu hal 50-ci illərin əvvəlinə kimi davam etdi. Yaponiyanın sonrakı iqtisadi uğurları tədricən natamamlıq kompleksini azaldıb heçə endirdi. Əldə olan məlumata görə, MNK-dan azad olmaq üçün atılan ilk addım indi dünya şöhrətli, o vaxtlarsa öz ölkəsində də aztanınan recissor olan Akiro Kurosavanın çəkdiyi «Rasömon» filminin 1950-ci ildə Kann kinofestivalında «Qran-pri» mükafatını alması oldu. O illərdə «Qran-pri» mükafatı Amerikanın Oskar kinomükafatından daha nüfuzlu hesab olunurdu. Bu fakt indi bizə qəribə gələ bilər. Yaponlar kimi ulu bir millət kiçicik bir uğuru ilə – yapon filminin mükafat alması ilə öyünür və bu mükafatı özünəinamsızlıq, gözüqıpıqlıq xəstəliyindən qurtulmaq yolunda mərhələ hesab edir.
3. İtalyanlar. Məşhur aktyor Nino Manfredi «Çörək və şokolad» filmində isveçrəli müsahibinə deyir: «Siz isveçrəlilər, biz italyanlardan yaxşı millətsiniz. Roma papasının qvardiyası əbəs yerə isveçrəlilərdən təşkil olunmayıb ki!..». Nino Manfredinin oynadığı millətini pis hesab edən qəhrəman milli mənsubiyyətindən elə usanır ki, cildini dəyişib isveçrəli olmaq qərarına gəlir…
Yeri gəlmişkən. Bu filmin Ayaz Salayevin zəruri şərhləri ilə Azərbaycan televiziyasının «Retro» verilişində göstərilməsi milli natamamlıq kompleksini aradan qaldırmaq üçün çox faydalı olar.
4. Şotlandlar. Orta əsrlərdən ingilislərin əsarəti altına düşmüş və indiyəcən qurtarmamış, dövlətini, dilini itirən şotlandlarda milli natamamlıq kompleksi güclüdür. Belə bir fakt: İspaniyada keçirilən beynəlxalq futbol yarışlarında Şotland yığma komandası ingilisləri məğlub edir. Şotland azarkeşləri qələbədən vəcdə gəlib, əski milli bayraqlarla futbol meydançasına yüyürürlər və «Məgər biz millət deyilik?!» bağırırlar. Millət olduğuna şübhə etməyən millətin nə özünü bu sayaq təsdiq etməyə, nə də bu sualı verməyə ehtiyacı yoxdur. Şotland natamamlıq kompleksinin təzahürü və yaranma səbəblərinin bir qismi bu sətirlərin müəllifinin «Besstrastnaya ulıbka Klio» yazısında göstərilmişdir.
5. İngilislər. Folklend (Malvin) adaları üstündə hərbi toqquşmada Argentinaya qalib gələndən sonra ingilislərin ovqatını təsvir edən mətbuat yazırdı: «Folklend konfliktindəki qələbə, əhəmiyyətinə görə İngiltərənn İkinci Dünya Müharibəsindəki qələbəsindən sonra ikinci yerdə (?!) durur. Bu qələbə ingilislərin son dövrdə zəifləyən özünə inamını möhkəmlətdi». Başda Hindistan olmaqla bir çox ingilis müstəmləkələrinin İngiltərədən məhz bu dövrdə qopduğunu xatırlasaq, vəziyyət aydın olar…
6. Amerikalılar. Amerika mətbuatı yazırdı ki, İrak üzərində qələbə Vyetnamdakı uğursuz müharibədən sonra amerikalılarda yaranmış kiçik milli natamamlıq kopleksini (!) ləğv etməyə kömək etdi.
Bəli, milli psixologiyanın öz qəribə sirrləri, dolanbacları var. Hətta qılıncının qabağı da, dalı da kəsən amerikalılara da, ingilislərə də MNK ovqatı yoluxur və onu aradan qaldırmaq, özünə inamı qaytarmaq lazım gəlir.
MNK-nın aradan qaldırılması
Bu, hər hansı adi, məişət natamamlıq kompleksinin aradan qaldırılmasındakı kimi, NK-nın varlığının, mövcud olmasının bu kompleksi daşıyan adama çatdırılmasından, anladılmasından ibarətdir. Müalicənin birinci mərhələsi düzgün aparılıbsa, ikinci mərhələdən sonra özünüsağaltma prosesi başlayır, natamamlıq ovqatı öz-özünə keçib gedir. Doğrudan da, tərifində verdiyimiz kimi, natamamlıq kompleksi şüurun strukturunu və yönünü şərtləndirən dərkolunmaz qurumdur. İnsana, onun şüuruna, psixologiyasına, davranışına hakim kəsilən dərkolunmaz bir qurumun varlığını dərk etmək – onun təsirindən çox dərəcədə azad olmaq deməkdir. Əlbəttə, NK-dan tam azad olmaq üçün vaxt lazımdır.
Məsələn, «İlan vuran ala çatıdan qorxar» atalar sözüylə təsvir edilən «ilan kompleksi» olan adamın diqqətini bu kompleksin təzahürünə yönəldəndə. izah edəndə ki. sən ilandan yox, ala çatıdan qorxursan, ala çatıdan qorxmağın mənası yoxdur, bu qorxu əsassızdır, gülüncdür, nəticədə qorxu yavaş-yavaş azalmağa başlayır. Söz yox ki, o adamı yenidən ilan çalmasa. Təkrar edirəm, natamamlıq kompleksinin aradan qaldırılmasının, bir növ müalicənin birinci mərhələsi – kompleksi doğuran qıcıqlandırıcı amilin aradan qaldırılmasıdır.
Başqa misal: «Ağzı o qədər yanıb ki, suyu üfürə-üfürə içir» məsəliylə təsvir edilən «qaynar su» kompleksli olan adamın diqqətini onun kompleksinə cəlb etsək, yəni soyuq suyu üfürə-üfürə içməyin mənasızlığını, məntiqsizliyini, gülünclüyünü ona anlatsaq, həmin adam isti su qorxusundan, inamsızlıqdan tədricən yaxa qurtaracaq.
Milli natamamlıq kompleksi bir qədər başqa səpgili olsa da, onun aradan qaldırılması təxminən natamamlıq kompleksi müalicəsi istiqamətində aparılmalıdır.
Aydındır ki, müharibənin uduzulması, torpaqların itirilməsi hətta milli natamamlıq kompleksi olmayan, sağlam təfəkkürlü millətdə belə natamamlıq kompleksi yaradar, kompleks mövcud olduqda isə onu artırar və dərinləşdirər. Bizim halda (Azərbaycan, XX1 əsr) MNK doğuran amillərdən bəziləri aradan qalxıb, lakin başqa, ən güclü bir amil – itirilmiş Qarabağ amili meydana gəlib. Sosial gərginlik – işsizlik, aşağı həyat səviyyəsi, korrupsiya və s. milli natamamlıq kompleksini artıran amillərdəndir. Səbəblər müxtəlif ola bilər, nəticə isə birdir – millətin böyük bir qismi milli natamamlıq kompleksin daşıyıcısıdır və bundan əziyyət çəkir. Deməli, natamamlıq kompleksindən qurtulmaq üçün Qarabağı geri almalıyıq, Qarabağı geri almaq üçün isə milli natamamlıq kompleksindən qurtulmalıyıq. Qapalı və sehrli bu çərxi-fələyi necə yarıb çıxmalı? Əziz oxucum, əziz bacım, qardaşım! Başqa millətlər belə böhranlardan çıxış yolu tapa biliblər, biz də taparıq. Hər halda, bizdə kompleks yaradan ən əsas səbəb – Rusiya əsarəti, kommunist rejim və ideologiyasından qurtulmuşuq, öz milli dövlətimizi qura bilmişik. Gəlin birlikdə düşünək.