Elçin Əhmədov
Qarabağ münaqişəsində Rusiyanın mövqeyi və rolu
Özünü SSRİ-nin hüquqi varisi hesab edən Rusiyanın 1992-ci ildən Azərbaycana birbaşa təsiri kəsildikdən sonra o, Dağlıq Qarabağ probleminin həllini öz əlində saxlamaq üçün Ermənistana hərbi yardımı davam etdirdi. Nəticədə, ermənilər Rusiya ordusunun 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək yüzlərlə dinc sakini qətlə yetirdilər. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən işğal edildikdən sonra az müddət içərisində büthn yuxarı Qarabağ zəbt olundu.
1992-ci ilin martında Minsk qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması Rusiya siyasi dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir vaxtda münaqişənin dinc vasitələrlə həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərdi.
Rusiya ATƏM-in Minsk qrupunun üzvü olsa da, hələ 1993-cü ildə özünün müstəsna rolunu israr etməklə, istər BMT, istərsə də ATƏM çərçivəsində regionda “sülhün və sabitliyin təminatçısı” statusunu almağa səy göstərirdi. Həmin dövrdə Rusiya ATƏM çərçivəsində vasitəçiliyi bitərəfləşdirməklə özünün muünaqişənin nizama salınması planına aşkar üstünlük verirdi. Münaqişənin həllinə dair planlarda ATƏM ilə Rusiya arasında yaranmış fikir ayrılığı ondan ibarət idi ki, ATƏM münaqişənin nizama salınmasında çoxtərəfli vasitəçiliyin olmasını istəyir, sülh prosesinin beynəlxalq müşahidəçilərin nəzarəti altında aparılmasına və çoxmillətli sülhməramlı qüvvələrin formalaşmasına çalışırdı. Rusiya isə əksinə, münaqişənin nizamlanmasını öz nəzarətində saxlamaq və regionda geosiyasi maraqlarını təmin etmək üçün münaqişə bölgələrində yalnız rus qoşunlarının yerləşdirilməsini istəyirdi. Rusiyanın məqsədi Böyük Siyasi Sazişin imzalanması, münaqişə bölgəsinə rus qoşunlarının gətirilməsi və gələcəkdə bu problemin həllini öz inhisarına alıb bütövlükdə Qafqazda möhkəmlənmək idi. Lakin bu planı həyata keçirə bilməyən Rusiya Ermənistanda öz qoşunlarını yerləşdirmiş, onu gizli və aşkar yolla silahlandıraraq, bununla da onu şirnikdirmiş, Azərbaycan ərazilərinin işğal etməsinə şərait yaratmışdır.
1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə kecirilən Zirvə toplantısında Minsk qrupunda həmsədrlik statusu alan, reqionda xüsusi maraqları və hadisələrə real surətdə təsir gostərmək imkanları olan Rusiyanın bu qurumda daimi həmsədrliyi sonrakı illərdə daha da möhkəmləndi.
Rusiyanın Qafqazda hegemonluğunu artırmaq məqsədilə atdığı növbəti addım Ermənistanın Rusiyanın strateji aləti olduğunu bir daha sübut etdi. 1995-ci il martın 16-da Moskvada Rusiya və Ermənistan arasında 25 il müddətinə müqavilə imzalandı. Bu müqaviləyə görə, Ermənistan Respublikasındakı Rusiya hərbi düşərgələrinə hərbi baza statusu verildi.
1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. Məlum oldu ki, bu silahlar 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlanmış və bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmış, atəşkəs elan ediləndən sonra da bu proses davam etmişdir.
Azərbaycanın israrlı təkid və qəti etirazlarına baxmayaraq, Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi məqsədilə 1998-ci ildə Ermənistanda C-300 raketləri və MIQ-29 təyyarələri göndərildi. Rusiya tərəfi bu dəfə də öz ənənəsinə sadiq qalaraq, bunun Ermənistanda yerləşən öz hərbi bazalarının silahlarının təzələnməsi proqramı çərçivəsində edildiyini bildirdi. Rusiyanın Azərbaycana qarşı qərəzli mövqeyi iki dövlət arasındakı münasibətlərə xələl gətirməklə bərabər, onun imperiya xülyalarından əl çəkmədiyini bir daha sübut etdi.
Rusiyanın təcavüzkar Ermənistanla bu cür münasibətləri Azərbaycanın ciddi narahatlığına səbəb olduğundan, Azərbaycan Respublikasının Prezidenti H.Əliyev 1999-cu il aprelin 2-də Moskvada MDB üzvü olan ölkələrin Dövlət başçıları Şurasının respublikaların suverenliyinə, ərazi bütövlüyünə, regionda sülhə və sabitliyə təhlükə törədən problem haqqında bəyanatla çıxış etdi.
Bəyanatda göstərilirdi ki, “Rusiya hərbi texnikasının Ermənistana göndərilməsi, onun ərazisində hərbi bazaların yerləşdirilməsi bütün beynəlxalq hüquq prinsiplərinin pozulması ilə yanaşı, 1992-ci il mayın 15-də MDB ölkələrinin kollektiv
təhlikəsizliyi haqqında Daşkənddə imzalanan müqavilənin müddəalarının da kobud surətdə deməkdir.” Azərbaycanın dövlət başçısı Rusiya Federasiyasından qaldırılan məsələlər barədə dəqiq cavab verməyi və ən səmərəli tədbirlər görməyi tələb etdi.
Azərbaycan dövlətinin bu haqlı tələblərinə biganə və etinasız yanaşan Rusiya hakim dairələrinin Ermənistana silah satışını və hərbi əməkdaşlığını davam etdirilməsi, onu göstərirdi ki, Rusiya özünün tarixi imperiya ənənələrinə sadiq qalaraq Azərbaycana müftəlif vasitələrlə təzyiqlər göstərir və regionda yalnız öz maraqlarını təmin etməyə çalışır.
Təhlil belə bir fikir söyləməyə əsas verir ki, münaqişənin nizama salınması prosesinə “sülhpərvərlik” missiyasını üzərinə götürmüş Rusiyanın
MDB kollektiv təhlükəsizlik sistemində müttəfiqi olan və Azərbaycana qarşı təcavüz edən Ermənistanla ayrıca müqavilə bağlayaraq ona hərbi yardım etməsi Rusiyanın Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarını pozaraq birtərəfli mövqedə durduğunu göstərir. Ermənistanın Rusiya tərəfindən müxtəlif vasitələrlə himayə olunması, külli miqdarda müasir silahlarla təmin edilməsi, Rusiya-Ermənistan hərbi əməkdaşlığı bu gün də davam edir və bütün bunlar Rusiyanın Ermənistanın strateji tərəfdaşı olduğuna bir daha sübutdur.