Əlikram Tağıyev
Dağlıq Qarabağ ətrafında yaradılmış miflər və onların dağıdılması zərurəti
Dağlıq Qarabağ probleminin həlli uzandıqca onun ətrafında yaranmış miflər də təkmilləşir və yeniləşir. Bunlar əslində ermənilərin təbliğati nəticəsində daha da «inkişaf etdirilir» və ictimai şüura yeridilir. Onların məqsədi ondan ibarətdir ki, Azərbaycan tərəfi problemin həllolunmazlığını və irrasional olduğunu dərk edib onu həll etmək cəhdlərindən birdəfəlik əl çəksin. Bunlar təslimçilik aşılayır, problemin həllinin haradasa başqa yerlərdə axtarılması məqsədini güdür. Bu mifləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
1. Problemin həlli üçün azərbaycanlılarda siyasi mədəniyyətin və tolerantlıq mədəniyyətinin çatışmazlığı haqqında yalançı miflərin yaradılması.
Şübhə yoxdur ki, torpaqları əldən getmiş bir millətdən siyasi mədəniyyət və tolerantlıq tələb etmək qaranlıq otaqda qara pişiyi axtarmaq kimi bir şeydir. Bunu bizdən də yaxşı bilən ermənilər bu problemin ətrafında da yalançı bir mif yaradırlar, guya bizdə siyasi tolerantlıq Avropa səviyyəsində deyil və torpaqlarımızın işğalına baxmayaraq, biz gərək ermənilərə qarşı çox mülayim bir mövqe tutaq. Bunu mövcud tolerant prinsiplər tələb edir.
2.Problemin həll olunmazlığı haqqında uydurulmuş miflər.
Problemin həlli nə erməni, nə də Azərbaycan tərəfinin işi deyil. Bu problem regionda marağı olan iri ölkələr tərəfindən idarə olunduğu üçün həlli də onların əlindədir. Burada məqsəd ermənilərin bir növ təmizə çıxarılmasından ibarətdir. Bu məqsəd üçün gah Rusiya, gah ABŞ, gah da Fransa seçilir. Hərçənd ki, bu iddialarda müəyyən həqiqət vardır. Amma onlar mütləq deyil. Problemin yaranması və inkişafı tarixinə, bu tarixi dövrdə dünya siyasətində baş verən dəyişikliklərə uyğun surətdə manipulyasiya olunan Dağlıq Qarabağ probleminin kökündə əslində ermənilərin «Böyük Ermənistan» ideyası durur və burada əsas rolu ermənilər oynayır. Ermənilər işi elə qələmə verirlər ki, guya Azərbaycan öz vətəndaşları ilə mübarizə aparır. Ermənistan bu münaqişəyə qoşulmur və ona görə də problemin həllində guya elə bir marağı yoxdur. Əslində iri dövlətlərdəki lobbilərinin köməkliyi ilə onlar problemi süni surətdə qloballaşdırmış və indi də iddia etməyə başlamışlar ki, problem qlobal səviyyədə həll olunmalıdır. Amma yenə riyakarlıq edirlər. Çünki qlobal miqyasda qəbul olunan qərarlara da məhəl qoymurlar. Ermənistanda problemi birdəfəlik həll etməyə səylər olunmur. Olunanda isə dərhal ona qarşı qoyulan əks tədbirlər görülür, bu səylər də nəticəsiz qalır və problemin həlli istiqamətində, demək olar ki, heç nə edilmir.
3.Din və sivilizasiya müxtəlifliyinə dair miflər.
Guya problemin kökündə din və sivilizasiya fərqləri dayanır və ona görə də onun həlli bu fərqlərin mövcud olduğu təqdirdə həmişəyaşar olacaqdır. Samuel Xantinqton və başqaları tərəfindən irəli sürülən və ermənilərin əlinə bir dəstəvuz verən bu ideyalara əsasən guya bu kimi qarşıdurmaların məqsədi Avropa sivilizasiyasını xilas etməkdir. Geri qalmış İslam dini və islam sivilizasiyasının nümayəndəsi olan azərbaycanlılarla inkişaf etmiş Avropanın və xristanlığın regionda nümayəndəsi olan ermənilər bir yerdə yaşaya bilməzlər, onlar Qafqazı tərk edib Araz çayından cənuba çəkilib getməlidirlər. Mövcud bütün dinlər və sivilizasiyalar Qərb üçün qorxuludur və ona görə də ermənilər Qərb mədəniyyətinin bir üzvü kimi (!?) onlara qarşı barışmazdır. Özlərinə Qərbin isti evində rahat yer tutmağa səy göstərən ermənilər lazım olanda özlərini Qərb mədəniyyətinin nümayəndələri kimi qələmə verməyə çalışırlar. Bununla da onlar Qərbin dəstəyini almaq və Qarabağda özlərini əbədiləşdirmək fikrindədirlər.
4.Sosial-iqtisadi və mədəni inkişafın qeyri bərabərliyi haqqında miflər.
Guya Azərbaycan xalqı istər sosial-iqtisadi, istərsə də mədəni cəhətdən daha yüksək tələbatlara malik olan ermənilərin bu tələbatlarını ödəmək iqtidarında olmadığından ermənilər bu sahədəki mövcud dünya standartlarından geri qalır və onların əsas narazılığı guya buna görədir. Azərbaycan bu tələbatı yerinə yetirə bilmədiyindən onlar Mütləq Ermənistanla birləşməlidir. Erməni milli hərəkatının vəzifələri bunu tələb edir. Halbuki Qarabağ iqtisadi əlaqələr baxımından tarixən həmişə Ermənistandan çox Azərbaycanla bağlı olmuşdur və bu qarşılıqlı əlaqə onun xalqı üçün daha əlverişlidir. Statistik faktlar göstərir ki, Dağlıq Qarabağ əhalisinin sosial iqtisadi təminati və yaşayış səviyyəsi həmişə həm Azərbaycanın, həm də Ermənistanın digər regionlarından yüksəkdə olmuşdur. Əslində «birləşmə» şüarını biz ortaya atmalıyıq. Zəngəzurun Ermənistana birləşdirilməsi ucbatından Qədim və ayrılmaz tarixi torpaqlarımız olan Naxçıvan respublikasından ayrı salınmış, düşmən qarşısında müdafiəsiz qalmışdır. Tarixi ədalətsizlik aradan qaldırılmalı, Naxçıvanı Azərbaycandan ayıran zolaq yenidən ona birləşdirilməlidir.
5.Erməni milli mentalitetinin müstəsnalığı, onun başqa xalqlarla, xüsusən türklərlə bir araya sığmaz olması haqda olan miflər.
Ermənilər guya ən qədim dövrlərdən indiyədək dəyişilməz xarakterə, milli həyatın əlahiddəliyinə və müstəsnalığına malik xüsusi bir etnos olduqlarından başqaları ilə qaynayıb-qarışmağa meylli deyillər və onlarla birlikdə yaşaya bilməzlər. Amma bu heç də ermənilərə öz qızlarını daim azərbaycanlılara ərə vermələrinə mane olmamışdı. Bu gün Bakıda yaşayan və milliyyətcə erməni olan 30 minlik qadın ordusunu ermənilər harada gizlətmək fikrindədir? İkinci bir tərəfdən tarixi faktlar sübut edir ki, ermənilər həmişə qonşuluqda yaşayan iri xalqlar üçün ara düzəldən rolunda çıxış etmiş, onların dillərini öyrənmiş, onlarla qaynayıb-qarışmağa, xüsusən gənc qızlarını bu millətdən olan oğlanlarla evləndirməyə çalışmışlar.
6. Müharibə başlayacağı təqdirdə ermənilərin bütün Azərbaycanı işğal edəcəkləri mifi.
«Nə müharibə, nə də sülh» vəziyyətinin hələ bundan sonra da uzun müddətə qalması məqsədini güdür. Həqiqətdə isə indi Azərbaycan hər cəhətcə əvvəlkindən daha güclüdür, onun nizami ordusu var. İşi ağılla qurmaq əsasında müəyyən hərbi əməliyyatlar keçirməklə biz itirilmiş torpaqları geri qaytara bilərik. Ermənilərə elə gəlir ki, azərbaycanlılar «şərti bir millət», Azərbaycan Respublikası isə «şərti bir respublika» olduğundan onun sərhədlərini istənilən miqyasda məhdudlaşdırmaq olar. «Şərti» olan Azərbaycan Respublikası öz sərhədlərini öz doğma torpağı olan Qərbi Azərbaycan hesabına nə üçün də genişləndirib şərtilikdən canını birdəfəlik qurtarmağa çalışmasın? Bu sonuncu çox ciddi məsələdir və onun üzərində düşünmək lazımdır. Nə qədər müdafiə olunmaq olar? Ən yaxşı müdafiə isə tarixin sübut etdiyi kimi, hücumdur. Bu, bütün inqilabların və müharibələrin əsas prinsipidir və onun tətbiq olunması vaxtı çatmışdır.
7.Dağlıq Qarabağ probleminin həll edilməsinə dair əlimizdə müəyyən bir proqramın olmaması haqqında mifilər.
Bu miflər heç də əvvəlkilərdən az əhəmiyyət kəsb etmir. Guya respublikada nə iqtidarın, nə də müxalifət dairələrinin bu sahədə əldə rəhbər tutula biləcək sanballı bir proqramı heç vaxt olmamışdır. Bu kimi iddiaların yaranmasına səbəb iqtidarla müxalifətin bu məsələdə bir nöqtəyə vurmamasıdır. Ona görə də çalışmaq lazımdır ki, onların hər ikisi öz fikirlərini birləşdirsinlər və vahid platformadan çıxış etsinlər. Biz nə qədər ki, bu birliyə nail olmayacağıq, problem bir o qədər qəlizləşəcək və həlli müşkülə çevriləcək. Çünki onu ancaq özümüz həll etməli, xaricdən kiminsə dəstəyinə ümid bəsləməməliyik. «Sapı özümüzdən olan baltalar» ifşa və tərksilah edilməli, Qarabağ problemindən yararlanmağa çalışan müxtəlif siyasi qüvvələr isə ümummilli maraqların həyata keçirilməsi naminə öz səylərini vahid məqsəd üçün birləşdirməlidirlər. Əks halda problemin həlli yenə də ləngiyə bilər.
Yuxarıda deyilənlər göstərir ki, Dağlıq Qarabağ ətrafında yaranmış miflərin əksəriyyəti erməni iddialarının xeyrinədir və ona görə də onlara qarşı daim ardıcıl və arqumentləşdirilmiş mübarizə aparmaq vacibdir.