Fərid Ələkbərov
Qədim və orta əsrlər zamanı Qarabağda tibb elminin inkişafına dair
Qarabağ Azərbaycanın qədim guşələrindən biridir. Bu torpaq bəşəriyyətə dünya şöhrətli alim, rəssam və müğənnilər bəxş etmişdir. Qarabağda ən qədim zamanlardan bəri Azərbaycan türk mədəni mühitinin mövcudluğu bu torpağın Azərbaycana mənsub olmasını bir daha sübut edir. Ona görə də orta əsr Azərbaycanında Qarabağ alimlərinin irsinin araşdırılması olduqca böyuk əhəmiyyət kəsb edir.
Ortə əsrlər zamanı Qarabağ Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. Qarabağ torpağı bilik sahələlərinin nümayəndələri ilə yanaşı, başqa bir çox tanınmış təbib də yetişdirmişdi. Bu həkimlərin arasında məşhur alimlər də az olmamışdı. Onların əsərləri dünyanın bir çox əlyazma xəzinələrində, kitabxanalarında, o cümlədən AMEA-nın Əlyazmalar İnstitutunda mühafizə olunur. Tarixi mənbələrə əsəsən söyləmək olar ki, orta əsrlərdə Qarabağda sürətlə inkişaf edən müxtəlif elmlər arasında tibb elmi özünəməxsus yer tuturdu. Farmakologiya, terapiya, cərrahiyyə və tibb elminin sair qollarına aid türk, ərəb və fars dilində əsərlər yaranırdı. Bu barədə olan elmi mənbələr əsasən XI-XVIII əsrlərə aiddir, lakin tibb elminin kökü daha uzaq keçmişə bağlıdır.
Bildiyimiz kimi, eramızdan əvvəl IV əsrdən başlayaraq indiki Qarabağ torpağı müstəqil Qafqaz Albaniyası dövlətinin bir parçası olmuşdur. Bu torpaq özünün zəngin təbiəti və şəfalı bitkiləri ilə fərqlənirdi. Dağlıq Qarabağda toplanan dərman bitkiləri bir çox başqa ölkələrə ixrac olunurdu. Qarabağın səfalı dağlarından toplanmış çiçək və otlara qədim Babilistan, Roma, Yunanıstan və hətta Misir əczaxanalarında rast gəlmək olurdu. Onların arasında dazı, andız, çobanyastığı otları və məşhur xarı bülbül çiçəyi varmış. Misir xəstəxanalarının birində çalışan qədim yunan alimi Erazistrat (e.ə. IV əsr) qədim Azərbaycan tibbinin irsini öyrənmək üçün Midiyanın paytaxtı Haqmadan (müasir Həmədən) şəhərinə gəlmiş və burada Qarabağdan gətirilmiş dərman bitkilərinin nümunələrini əldə edib Misirə aparmışdı.
E.ə. I əsrdə Romanın Qafqaz Albaniyası ilə müharibəyə girməsi də məhz Qarabağın zəngin təbii sərvətlərinə yiyələnmək məqsədini güdürdü. Lakin, Romalılar Alban dövləti üzərində qələbə çala bilmədiklərinə görə onunla sülh müqaviləsi imzalamağa üstünlük verdi. Bu sülh müqaviləsində dərman bitkilərinin alış-verişi haqqında da bənd varmış.
Məşhur tarixçi Strabonun məlumat verir ki, görə Roma imperiyası ilə Albaniya arasında bağlanan müqaviləyə görə, Albaniya ölkəsindən yığılan bitkilərdən dərmanlar hazırlanmalı və kiçik şüşə qablara doldurularaq Romaya verilməli idi. Beləliklə, hələ yeni eranın əvvəlində həmvətənlərimiz Qarabağda yetişən dərman bitkilərini tibbi məqsədlərlə istifadə edirdilər.
Birinci əsrdə yaşamış məşhur Roma alimi Qalen Qafqaz Albaniyasınıdan gətirilmiş otlardan müxtəlif məcunlar, həblər və başqa müalicə vasitələri hazırlayırdı. Beləliklə, Qarabağın tibbi irsi Romada tibb və əczaçılıq elmlərinin inkişafına təsir göstərmişdi.
Qarabağda tibb elmi sonrakı əsrlərdə daha da inkişaf etmişdi. VII əsr Alban tarixçisi Musa Qağankatlı özünün «Alban tarixi» kitabında yazır ki, tibb elmində kamilliyə çatan insanlar bu ölkədə xüsusi hörmət sahibləri olmuşdular. O zaman Qarabağda xüsusi əczaxanalar varmış. Orada həm yerli dərman bitkiləri, həm də dünyanın müxtəlif ölkələrindən gətirilmiş dərman bitkiləri satılardı. Peşəkar həkimlər «türkəçarə» adı ilə şöhrət tapmış türk xalq təbabətindən də bəhrələnirdilər.
Türkəçarə müalicəsinin təsvirinə erkən orta əsrlər zamanı Azərbaycanda, əsasən, Aran Qarabağ torpağında formalaşmış «Kitabi-Dədə Qorqud» dastanında da rast gəlmək olar. Bu əsərdə dağ çiçəyindən məlhəm hazırlanması və onunla igidin yarasının müalicə olunması səhnəsi vardır. Dastana əsasən, qırx incə qız dağlara qalxıb şəfalı çiçəklər topladılar. Sonra o çiçəkləri ana südü ilə qatıb məlhəm hazırladılar və həmin məlhəmi yaralı oğlanın yarasına çəkib onu həkimlərə tapşırdılar.
Bəlli olduğu kimi, IX-X əsrlərdən başlayaraq Albaniya, o cümlədən də Aran (Arran, ər-Ran) vilayəti tərkibində olan Qarabağ ərazisi mədəni və iqtisadi inkişafın coşqun dövrünü yaşayırdı. Azərbaycanın vahid siyasi mexanizmi, ümumdövlət dili və dini böyük bir dövlətin – xilafətin tərkibinə daxil edilməsi vilayətin beynəlxalq, mədəni və təsərrüfat mübadiləsində fəal inkişafına təkan verdi.
Təbiidir ki, iqtisadi tərəqqi, geniş ticarət və digər əlaqələri regionun mədəni, elmi səviyyəsində əks olunmaya bilməzdi. Azərbaycanın Şərq aləminə xeyli alim, ədəbiyyatşünas, şair bəxş etmiş Bərdə və Beyləqan kimi iri şəhərlərinin çiçəklənməsi də həmin dövrə təsadüf edir. Mücirəddin Beyləqani, Nəciməddin Beyləqani, Məhyəddin Qarabaği, Yusif Qarabaği və başqaları bu dövrün görkəmli mütəffəkirləridir. Bu dövrdə Bərdəyi, Beyləqani təxəllüslü elm və mədəniyyət xadimlərinin adlarına təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da rast gəlmək mümkün idi.
Vətənimizdən uzaqlarda yaşayıb-yaratmış görkəmli Azərbaycan alimlərindən biri də XVI əsrin tanınmış filosofu, təbiətşünası, həkim Yusif Qarabağidir (1591-ci ildə vəfat etmişdir). Gənc ikən o, Qarabağı tərk etmişdi və Şərqin başqa ölkələrində çalışmışdı. Yusif uzun müddət Orta Asiyanın Səmərqənd şəhərində yaşamış və öz biliyi və bacarığına görə «Böyük axund» adını qazanmışdı. Dövrünün böyük filosofu olan Yusif Qarabağinin əsərləri indi Daşkənddəki, Əlyazmalar Fondunda saxlanılır. Alim tibb sahəsində də geniş biliyə malik idi. O, İbn Sinanın «Xəstəliklərdən qorunma» adlı tibbi əsərinə şərh və haşiyə yazmışdır. Bundan başqa, özünün «Həft behişt» adlı əsərində Y.Qarabaği anatomiya, fiziologiya, psixologiya və tibbin başqa sahələrindən çoxlu qiymətli məlumatlar verir.
Qeyd etmək lazımdır ki, Y. Qarabağinin elmi sistemi müəyyən qədər Aristotelin və onun Şərqdəki ardıcıllarının – Əbu Əli İbn Sinanın, əl-Fərabinin, Bəhmənyar əl-Azərbaycaninin, Nəsirəddin Tusinin elmi sistemi ilə uyğunluq təşkil edir. Onu da qeyd edək ki, Y.Qarabağinin əsərləri göstərilən faktların miqdarı və materialın ifadə metodikası baxımından o dövrün ən qiymətli elmi kitabları ilə bir sırada durur, orta əsrlər Şərqində, eləcə də Azərbaycanda elmin ümumi inkişaf səviyyəsini səciyyələndirir. Təsadüfi deyil ki, «Böyük axund»un əsərlərindən XX əsrin əvvəllərinə qədər Orta Asiya mədrəsələrində dərslik kimi istifadə olunmuşdur.
Qarabağın bir çox şəhərləri, əvvəllər Bərdə, sonralar isə Şuşa iri mədəniyyət mərkəzləri kimi şöhrət tapmışdı. Həmin şəhərlərdə o dövrün müxtəlif elmi kitabları ilə yanaşı, tibbi əsərlər də yaranır və onların üzü köçürülürdü. Qarabağ katiblərinin bir hissəsi Orta və Yaxın Şərqin bir sıra böyük mədəni mərkəzlərində işləyirdi. Bununla bağlı məşhur Şuşalı həkim, əvvəllər İsfahan xanının, sonra isə Xurşud Banu Natəvanın şəxsi təbibi olmuş Məhəmmədqulu Həsən Qulu oğlu Qayıbzadə Qarabağinin adını çəkmək yerinə düşərdi. Mahir həkim olmaqla yanaşı Məhəmmədqulu həm də gözəl xəttat idi. Onun köçürdüyü bir sıra tibbi əsərlər indi Əlyazmalar İnstitutunda saxlanılır.
İbn Sinanın «Tibb Qanunları» əsərinin Mənəmmədqulu Qarabaği tərəfindən hicri 1247-1268-ci illərdə üzü köçürülmüş nəfis nüsxələri dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycanın görkəmli tibb alimi Mirzə Məhəmməd Hüseyn Əfşarın cərrahiyyəyə həsr olunmuş «Risaleyi-cərrahi» və Seyid Məhəmməd Hüseyninin əczaçılıqdan bəhs edən «Məhzən ələdviyyə» əsərlərinin əlyazmaları ona məxsusdur.
Göstərilmiş faktlar qədim və orta əsrlər zamanı Qarabağda tibb elminin yüksək inkişak etdiyini sübut edir. Qarabağın məşhur təbibləri milliyətcə Azərbaybaycan türkləri olmuşdur və bu da Qarabağ torpağının tarixən Azərbaycana məxsus olmasını sübut edən daha bir dəlildir.