Fəzail İbrahimli
Qarabağ üsyanı tariximizin şərəfli səhifəsidir
1920-ci il aprelin 27-də XI Ordu tərəfindən Azərbaycanın işğalı ilə xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövr sovet tarixşünaslığında tamamilə təhrif olunmuş formada tədqiq edilsə də, əsl həqiqət bundan ibarət idi ki, milli müstəqilliyimizə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyünə qəsd edildi, respublikanın simasızlaşdırılması xətti həyata keçirildi.
İşğalın ilk günündən xalqa müraciət edən Azərbaycan Kommunitet Partiyasının Mərkəzi Komitəsi müqavimət göstərənlərə qarşı terror tətbiq edəcəyini bəyan etdi.
Lakin ilk günündə nə xalq, nə də Milli Ordu tərəfindən XI Orduya qarşı elə ciddi müqavimət göstərilmədi ki, bu da aşağıdakı səbəblərlə bağlı idi:
Birincisi, hadisələrin mahiyyətni dərk edən və işğalçı qoşunlara qarşı çıxmağa qadir olan qüvvələr başa düşürdülər ki, yaranmış qüvvələr nisbətində müqavimət mənasızdır və saysız qurbanlarla nəticələnə bilər;
İkincisi, 1918-ci ilin mart günlərinin dəhşətlərini yaşayanlar yenidən bolşeviklərin hakimiyyətə gəlməsindən vahilmələnərək, bağlara, meşələrə çəkilib bu işin hansı sonluqla qurtaracağını gözləyirdilər;
Üçüncüsü, Azərbaycanın şəhər və qəzalarında yaşayan qeyri-azərbaycanlılar XI Ordunun gəlişini rəğbətlə qarşılayır və bolşevik hakimiyytini özlərinin qanuni hakimiyyəti kimi qəbul edirdilər.
Bolşeviklər tərəfindən əvvəlcədən hazırlanmış ssenari məhz belə bir mənəvi-psixoloji şəraitdə çox rahatlığa həyata keçirilirdi.
Mayın əvvəllərində XI Ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil oldu. Özünü Qarabağ İnqilab Komitəsinin sədri elan etmiş Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənarlaşdırıldı və bununla da Qarabağın qara günləri başlandı.
Tarixən heç bir işğalçı tərəfindən müqavimət qırılmayan Azərbaycan xalqı XI Ordu qarşısında da mütilik göstərmədi. XI Ordunun gəlişini sükutla qarşılayan Azərbaycan xalqının təmkini uzun çəkmədi. Tərəddüd edənlər, ümid gözləyənlər mübarizə aparmağın mənasız olduğunu guman edənlər, qeyri-leqal fəaliyyətə keçən siyasi partiya üzvləri və Milli Ordu əsgərləri qısa müddətdə başa düşdülər ki, sakit dayanmağın heç bir mənası yoxdur. XI Ordunun özbaşınalığı, qarətçilik, kütləvi güllələnmə xalqın qəzəbinə səbəb oldu. Respublikaının ayrı-ayrı bölgələrində üsyanlar baş verdi.
Belə bölgələrdən biri də Qarabağ idi.
Məlumdur ki, işğaldan sonra Milli Ordu hissələrinin sıxışdırılmasına başlandı. Milli hissələrə inamsızlıq bolşevik siyasətində aparıcı yer tuturdu. Müsəlman yaxşı kommunitet ola bilər, lakin ona inanmaq olmaz, çünki onun qəlbində müsavat istəyi yaşayar, «əxlaq» isə yeni siyasi hakimiyyətin apardığı siyasətdə aparıcı xətt idi.
Məhz bütün bunlar xalqın nifrətinə səbəb olur, XI Ordu ilə Milli Ordu arasında ziddiyyətləri kəskinləşdirdi.
Milli Ordu ilə XI Ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə üsyan dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı.
Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan ordusunun, Tərtər, Cavanşir, Ağdam süvari və Bakı piyada alayı və iki topçu diviziya xalqın mənafeyini müdafiə edir, XI Ordunun bu yerlərində törətdikləri cinayətə göz yummurdular. Qarabağda vəziyyəti gərginləşdirən digər amil erməni daşnaklarının hərəkətləri idi. Bu qüvvələr XI Ordu zabitləri ilə «dil tapır» ictimai-siyasi hərc-mərclikdən istifadə edib öz mənfur niyyətlərini həyata keçirirdilər. Siyasi hakimiyyətin dayağı sayılan XI Ordu hissələri erməni özbaşınalığına biganə qalırdılar. Odur ki, xalq nə XI Orduya, nə də bolşevik hakimiyyətinə inanmır, bütün ümidini Milli Orduya bağlayırdılar.
XI Ordu hissələrinin yerli əhaliyə qarşı laqeyd, yaxud düşmən münasibəti təsadüfü deyildi. Daima Moskvada gedən siyasi prosesləri özlərinin siyasi xətti kimi qəbul edən erməni kommunitetləri çox yaxşı başa düşürdülər ki, XI Ordu Azərbaycan hüdudlarında dayanmayacaq, növbəti hədəf Gürcüstan və Ermənistan olacaq. Məhz siyasi şəraitdən istifadə edib Azərbaycandan torpaq qoparmaq, bunun üçün isə ordu hissələrinə yarınmaq, azərbaycanlılara ruslar arasında nifaq salmaq taktikası yeridən ermənilər bu sahədə müyyən uğurlar da qazandı. Hələ may ayında Gəncə üsyanını yatırmaq adı altında XI Ordu hissələrində vuruşan ermənilər 12 mindən artıq azərbaycanlını qətlə yetirdilər. Bu rəqəm bizə tanışdır. 1918-ci ilin 31 mart tarixində Bakıda öldürülən türk-müsəlman əhalisinin sayı elə 12 min idi.
Qarabağda yaşayan ermənilər öz mənhus niyyətlərinə Gəncə üsyanından sonra tam nail olmuşdular. Artıq XI Ordu Gəncə üsyanından sonra azərbaycanlılara düşmən münasibət bəsləyirdi. Bu düşmən münasibəti xalq açıq-aydın hiss edirdi.
Qarabağdan verilən məlumatların birində deyilirdi ki, vilayətin siyasi vəziyyəti çox böhranlıdır. Hər tərəfdə qanunsuzluq hökm sürür, əhali səbəbsiz olaraq incidilir, günahı olmayan insanlar həbs edilir, camaat hərbi hissələrdən çox qorxur. Əhalinin narazılığının səbəbi isə hərbi hissələrdə erməni daşnaklarının həddindən artıq çox olmasıdır. Digər bir məlumatda deyilirdi ki, altı aydan artıq bir müddətdə Qarabağ və Zəngəzurda dayanan 28-ci atıcı diviziya öz hərəkətləri ilə sübut edir ki, onlar nə texniki, nə də mənəvi cəhətdən bu yerlərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Yerli camaat belə bir qənaətə gəlmişdir ki, sərhəddin qorunmasını XI Orduya etibar etmək olmaz. Onun üçün xalq silah tələb edirdi ki, sərzəd hissələrində özünümüdafiə dəstəsi yaratsın.
Bölgədə azğınlıq edən dəstələrdən biri Tevon Stepanyansın quldur dəstəsi idi. Azğınlaşmış bu erməni quldur dəstəsi Şuşa, Cəbrayıl, Zəngəzur qəzalarında, Bərdə və Yevlax qayonlarında qarətçiliklə məşğul olur, hətta qadın və uşaqlara amansız divan tuturdular. Məlumatda bildirilir ki, Ermənistan hökuməti tərəfindən göstəriş və hərbi yardım alan Tevon Stepanyansın dəstəsi Qarabağda əsl qəddarlıqla məşğuldur.
Qarabağda baş verən özbaşınalığa, milli qırğına, sərhəddəki vəziyyətə cöz yummayan Milli Ordu hissələri artıq yeni hakimiyyətin «əl-qoluna dolaşan» qüvvə kimi görünürdü. Odur ki, XI Ordu rəhbərliyi Milli Ordunu sıxışdırmaq siyasətindən onu ləğv etmək siyasətinə keçdi. Milli Orduya qarşı XI Ordunun hərbi əməliyyatı iyulun 10-da başladı. Milli Ordunun müqavimətini qıra bilməyən XI Ordu hərbi təyyarələrdən istifadə etmək məcburiyyətində qaldı. Əməliyyat zamanı Tərtər və onun ətraf kəndləri bombardıman edildi. Döyüş zamanı bir neçə kənd xarabalığa çevrildi, minlərlə adam öz doğma yurdlarını tərk etməli oldu.
Qüvvəllər nisbətinin qeyri-bərabərliyi üsyanın taleyini XI Ordunun xeyrinə həll etdi. İyulun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa XI Ordu tərəfindən tam nəzarətə götürüldü. Beləliklə, Qarabağ üsyanı yatırıldı.
Azərbaycanın qəzalarında baş verən üsyanlar yatırılsa da, xalqın narazılığı günü-gündən artırdı. Yerli əhali «rus adamından», hərbçilərdən qorxur, «görəsən, bütün kommunistlər belədirmi?» - sualı meydana çıxır, «şeytanlar ərzaq kommisarlarından yaxşıdır» - fikri formalaşdı. Bu isə özlüyündə narazılığın, müqavimət hərəkatının yeni-yeni formalarını yaradırdı. Bolşeviklər isə başını onların cızdığı səviyyədən yuxarı qaldıranların hər birinin ünvanına «bandit» sözü yazılmış bolşevik möhürü vururdular. Beləliklə, banditizm ifadəsi bolşevik siyasətində özünə qanuni status qazanırdı.
Məhz 20-ci illərdə bolşevik mətbuatında, sonra isə sovet tarixşünaslığında yaranmış «banditizm» və ona qarşı mübarizə, ifadəsi belə yarandı.