Fikrət Nəbiyev
Qarabağ müasir dünyanın geopolttik maraqları kontekstində
Geopolitika hazırda beynəlxalq münasibətlər nəzəriyyəsinin ən başlıca anlayışıdır. Geopolitika ərazi-məkan xüsusiyyətlərinin dövlətlərin və dövlətlər birliyinin yerli, regional, kontinental və qlobal beynəlxalq proseslərin vəziyyətinə təsirinin yerini və konkret tarixi formalarını səciyyələndirir.
Ziddiyyətli münaqişə ilə bağlı tarixi faktlara müraciət edək. 1920-ci il noyabrın sonunda əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarət olan keçmiş İrəvan xanlığı (sonralar İrəvan quberniyası adlandırıldı) ərazisində Ermənistan Sovet respublikası yaradıldı. Bu ərazidə ta qədimdən başlayaraq Azərbaycan türkləri yaşamışdır. 1826-cı ildə İrəvan xanlığının tərkibində olan 737 kənddən 674-ündə azərbaycanlılar, 25 kəndində azərbaycanlılar və ermənilər, yalnız 38 kənddə ermənilər yaşayırdı. Bütün bu kəndlərdə 200-250 min nəfər azərbaycanlı yaşayırdı ki, bu da əhalinin 78%-ni təşkil edirdi. Hətta 1905-ci ildə İrəvan quberniyasının 624 kəndindən 341-də azərbaycanlılar, 37 kəndində azərbaycanlılar və ermənilər (qarışıq halda) və 199 kənddə ermənilər yaşayırdı. Erməni kəndlərini sayının artması İran və Türkiyədən ermənilərin buraya köçməsi sayəsində olmuşdur. Göstərilən ərazidə erməni dövlətinin yaradılması Rusiya çarizminin Qafqazda Türkiyəyə qarşı apardığı düşmənçilik siyasətini davamı idi. Lenin özü də «Türkiyə Ermənistanı» ifadəsini tez-tez işlədirdi. Ermənistan Sovet Respublikasını yaratmaqla isə Rusiya Sovet hökuməti özündən cənubda Rusiya ilə müsəlman dövlətləri arasında xristianlar yaşayan bufer dövləti yaratmağa nail oldu. Bundan əvvəlki 1918-1920-ci illərdə mövcud olan daşnak Ermənistan Respublikası hökumətinin fəaliyyəti nəticəsində Ermənistanda azərbaycanlılar yaşayan 208 kənd dağıdıldı və əhalisi qovuldu. Ermənistandakı azərbaycanlıların öz doğma yurdlarından qovulması siyasəti sovet hakimiyyəti illərində də davam etmişdir. Yalnız 1931-1988-ci illərdə azərbaycanlıların yaşadığı 61 kənddən, azərbaycanlıların və ermənilərin birgə yaşadığı 104 kənddən bütün azərbaycanlı əhali qovuldu. 1988-ci ilin sonunda isə qalan 72 azərbaycanlı kəndi zəbt edildi və 1989-cu ilin sonuna ermənistanda bircə nəfər də olsa azərbaycanlı qalmadı. Beləliklə, 90 illik Rusiya çarizmi dövrü və 70 illik sovet hakimiyyəti dövründə azərbaycanlılar ata-baba əraziləri olan irəvan xanlığından tamamilə qovuldular. Hələ SSRİ dövründə Ermənistan SSR Ali Soveti Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsi barədə qərar qəbul etmişdi. Həmin qərarı praktiki cəhətdən həyata keçirmək üçün Ermənistanın millətçi dairələri cürbəcür kələklərə əl atdılar. Nəticədə Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Belə bir vəziyyətdə MDB-yə daxil olan Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün MDB dövlətlərindən qanuni hüquqlarının müdafiə olunmasını tələb etmiş və etməkdədir. Ermənistana havadar olan bəzi dövlətlərin Azərbaycana münasibətdə qeyri-obyektiv mövqeyi respublikamızın ərazi bütövlüyünün bərpa olunmasına əngəl törədən amillərdən başlıcasıdır.
Diplomatik siyasi təfəkkür dünyanın qarşılıqlı asılılığı konsepsiyası ilə sıx bağlıdır. Dünyanın qarşılıqlı asılılığı konsepsiyasının tərəfdarları isə belə bir tezisdən çıxış edirlər ki, daxili və xarici siyasət ümumi əsasa malikdir. Transnasionalizm məktəbi nümayəndələri belə qənaətə gəlirlər ki, hazırkı şəraitdə dünya siyasəti təkcə dövlətlər arasındakı münasibətlərlə müəyyən olunmur. Belə ki, qeyri-hökumət təşkilatlarının, müəssisələrin, sosial hərəkatların fəaliyyəti dövlətlərarası münasibətləri beynəlxalq münasibətlər mərkəzindən sıxışdırır və nəticədə transmilli münasibətlər ön mövqeyə keçir. Bu mənada ölkənin daxili və xarici siyasətinin ayrılması öz əhəmiyyətini azaldır. Dövlətlərarası xarici və beynəlxalq siyasət nəinki bir-biri ilə sıx bağlıdır, həm də daxili siyasətlə vəhdətdədir. Xarici siyasət fəaliyyətinin başlıca subyektləri bunlardır: dövlətlər, xarici ölkələrin partiyaları və digər ictimai təşkilatlar, ümumdünya təşkilatları və regional beynəlxalq təşkilatlar.
Daxili və xarici mənafelər qarşılıqlı əlaqəyə malikdir. Bu mənada dövlətin xarici siyasəti dövlətin beynəlxalq aləmdə fəaliyyətini səciyyələndirir və digər dövlətlərlə onun münasibətlərini tənzimləyir.
Xarici siyasətin uğurları da ölkədaxili əlverişli şəraitlə şərtlənir. Ölkə daxilində siyasi proseslərin yaxşı vəziyyəti həmin dövlətin dünya siyasətində layiqli yer tutmasına mühüm təkan verir.
Milli mənafe spesifik əlaqələrlə, mənşə etibarilə genetik və mənəvi-mədəni münasibətlərlə bağlı olan milli birliklərin və qrupların köklü mənafeyindən törəyir. Milli mənafe bu və ya digər millətin nümayəndələrini dildə, ailədə, dini və əxlaqi adət-ənənələrdə ifadə olunan mədəniyyət ümumiliyi əsasında birləşmək səylərini təcəssüm etdirir. O həmçinin siyasi sistemlərdə, davranışda, hətta geyim və bəzək şeylərində öz ifadəsini tapır. Milli mənafe insanın mənsub olduğu milli birliyin üzvlərinə rəğbət bəsləməsində və məhəbbətində təzahür edir və milli birliyin bütövlüyünü qoruyub saxlamağa, milli ləyaqətin qərarlaşmasına istiqamətlənir.
Milli mənafe şəxsiyyətin, millət və xalqların, müxtəlif milli birliklərin, bütövlükdə isə mövcud cəmiyyətin və ya dövlətin davranışı və fəaliyyətinin hərəkətverici qüvvələrindən biridir.
İdeologiya milli mənafeyi «ümumi» səviyyəyə qaldırmağa qadirdir. Bəzi hallarda milli mənafe başqa millətlərin mənafeyini məhdudlaşdırmaq hesabına özünü reallaşdırmaq və ideologiya hesabına əldə etdiyi müvəffəqiyyətləri möhkəmləndirmək səviyyəsində çıxış edir. Əlbəttə, belə halda meydana çıxan milli münaqişələr bəzən silahlı toqquşmalara və hərbi qarşıdurmaya da gətirib çıxara bilir.
Milli mənafeyin reallaşması digər müəyyən zəruri amillərlə yanaşı, bəlkə də ilk növbədə milli təhlükəsizlik şəraitinin qərarlaşmasını tələb edir. Amerikan politoloqu Hans Margentou milli mənafe problemini bütövlükdə milli təhlükəsizlik baxımından tədqiq etməyi təklif etmişdir. Əvvəllər isə qərb politoloqlarının tədqiqatlarında milli təhlükəsizlik problemi başlıca olaraq hərbi təhlükəsizliyin təmin olunması baxımından nəzərdən keçirilirdi. Milli təhlükəsizlikdə təhlükəsizliyin üç səviyyəsi başlıca yer tutur: şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi. Millət üçün qorxu yarandığı dövrdə cəmiyyətin və dövlətin təhlükəsizliyi ön plana çəkilir. Bir qayda olaraq totalitar və avtoritar rejimlər belə təhlükəli şərait yaratdığı zaman şəxsiyyətin təhlükəsizliyi başlıca yer tutur. Demokratik cəmiyyət üçün ən əvvəl, şəxsiyyətin azadlığı və təhlükəsizliyi daha qiymətlidir. Demokratik cəmiyyətdə dövlətin və cəmiyyətin təhlükəsizliyi məqsəd deyil, məhz şəxsiyyətin azadlığı və təhlükəsizliyini təmin etmək funksiyasıdır. Dövlətin təhlükəsizliyi-təsirli idarəetmə mexanizminin mövcudluğu və siyasi qüvvələrlə ictimai qrupların fəaliyyətinin əlaqələndirilməsi vasitəsilə təmin olunur. Dövlətin təhlükəsizliyi həmçinin təsirli təsisatların fəaliyyəti ilə həyata keçirilir. Cəmiyyətin təhlükəsizliyi-ictimai təsisatların, normaların, inkişaf etmiş yetkin ictimai şüur formalarının mövcudluğu ilə bağlıdır. Bu amillər əhalinin bütün qruplarının hüquq və azadlığını reallaşdırmağa, cəmiyyətin parçalanmasına istiqamətlənən hərəkətlərə qarşı çıxmağa imkan yaradır. Şəxsiyyətin təhlükəsizliyi – sosial əhəmiyyətli qabiliyyətin və tələbatın inkişafına və reallaşmasına zəmin yaradan hüquqi və əxlaqi normalar kompleksinin, ictimai təsisatların və təşkilatların formalaşdırılmasını nəzərdə tutur. Bu öz növbəsində dövlətin və cəmiyyətin qaşıdurmasını heçə endirir.
Milli təhlükəsizliyin strukturunda siyasi, iqtisadi, hərbi, ekoloji ünsürlər, o cümlədən informasiya təhlükəsizliyi və millətin mədəni inkişafı təhlükəsizliyi əhəmiyyətli yer tutur.
Milli təhlükəsizlik siyasiət elminin mühüm kateqoriyalarındandır. O, sosial təsisatların vəziyyətini, şəxsiyyətin və cəmiyyətin mövcudluğu və inkişafının səmərəli şəraitini qoruyub saxlamaq məqsədilə həmin təsisatların təsirli fəaliyyətini səciyyələndirir.
Siyasi təfəkkürün formalaşmasında siyasi təhlükəsizlik böyük rol oynayır. Azərbaycan politoloqu Məcid Əfəndiyevə görə, siyasi təhlükəsizlik hər şeydən əvvəl, cəmiyyətin daxili sabitliyinə əsaslanır. Başlıca sosial qrupların mənafeyini əks etdirən sabit siyasi sistemin, siyasi təşkilin, həmin mənafeyi həyata keçirən siyasi recimin mövcudluğu millətin birliyinə zəmin yaradır və iqtisadi, sosial, mədəni inkişaf vəzifələrinin səmərəli həllinə təminat verir. Bundan əlavə, nüfuzlu, xalqın əksəriyyəti tərəfindən müdafiə olunan siyasi idarəetmə orqanları beynəlxalq aləmdə ölkənin mənafeyini müvəffəqiyyətlə müdafiə etməyə qadirdir. Siyasi təhlükəsizlik beynəlxalq münasibətlər sistemi çərçivəsində sabit siyasi suverenliyin mövcudluğunu və cəmiyyətin sabitliyini nəzərdə tutur. Bu isə siyasi sistemin formalaşmasını, şəxsiyyətin aliliyi əsas götürülməklə müxtəlif sosial qrupların mənafeyinin tarazlığını təmin edir.
Milli təhlükəsizliyin ünsürlərindən biri də iqtisadi təhlükəsizlikdir. İqtisadi təhlükəsizliyin mahiyyəti bu və ya digər ölkənin özünü digər dövlətlərdən təcrid etmək deyil, məhz ölkə daxilində cəmiyyətin hərtərəfli inkişafı üçün maddi zəmin yaratmaq və bu zəmində dünya təsərrüfat əlaqələri sisteminin müstəqil və bərabərhüquqlu subyekti kimi çıxış etməkdən ibarətdir.
Hərbi təhlükəsizliyin spesifikliyi bundan ibarətdir ki, o, milli təhlükəsizlik mənafeyini hərbi zorakılıq vasitələri ilə təmin edir. Milli təhlükəsizliyin hərbi aspekti millətin xarici hərbi təhlükəyə qarşı durmaq və ya onun qarşısını almaq qabiliyyətini səciyyələndirir. Bu müasir hərbi qüvvələrə yiyələnməyi, kollektiv və ya ümumi hərbi təhlükəsizliyin zəruriliyini nəzərdə tutur. Eləcə də mövcud hərbi siyasi birliklərə daxil olmaq həyati tələbatdır. Soyuq müharibə təcrübəsi təsdiqləyir ki, hərbi təhlükəsizliyin möhkəmləndirilməsinin daha təsirli yolu səmərəli beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılmasıdır. Hərbi təhlükəsizliyin daxili aspekti isə ölkə daxilində ordunun gücləndirilməsi ilə bağlıdır.
Milli təhlükəsizliyin başlıca ünsürlərindən biri insanın və cəmiyyətin mədəni inkişafının təhlükəsizliyidir. Doğrudan da mədəniyyət ənənələrini itirən xalq kütləyə çevrilir. İ.Kant ölkə əhalisini iki yerə - mədəniyyət ənənələrini mənimsəyən xalqa və cəmiyyətin mənəvi həyatından kənarlaşan camaata - tör-töküntüyə ayırır. Elə bir millət təsəvvür etmək mümkün deyil ki, o, dünya və vətən mədəniyyətindən xəbərsiz olsun.
Milli təhlükəsizlik millətin mədəniyyət vasitəsilə özünüdərkindən, öz ruhunu anlamasından çox asılıdır. Siyasi uzaqgörənlik xeyli dərəcədə varisliklə bağlıdır. Cəmiyyətin sabit inkişafı adət-ənənələri gözləməkdən çox asılıdır.
Xarici siyasət fəaliyyətində bütün dövlətləri maraqlandıran beynəlxalq qlobal problemlərin - ekoloji problemin, aclığın, beynəlxalq sabitliyin, müharibə təhlükəsinin aradan qaldırılmasının və digər problemlərin həllinə mühüm diqqət yetirilir. Dünya siyasətində yeni qaydaların tətbiq olunması, yeni siyasi təfəkkür tərzinin qərarlaşması ictimai inkişafın, tarixi tərəqqinin qəti hökmüdür. Dünya siyasətində yeni sağlam düşünülmüş əməli fəaliyyətin təntənəsi beynəlxalq siyasi, ictimai və mədəni əlaqələrin yeni, mütərəqqi zəmin üzərində təşkilini şərtləndirir, böhransız, münaqişələrsiz dünyanın formalaşmasına təkan verir. Heç də təsadüfi deyil ki, qərb siyasi təfəkküründə yeni cəmiyyət və yeni dünya nəzəriyyəsi geniş əksini tapıb. Dünyada sülhü, firavanlığı, ədaləti, bərqərar edən inteqral humanizm cəmiyyəti ideyası liberal-demokratik humanist futurologiyanın nümayəndələri tərəfindən irəli sürülür. Bəşər cəmiyyətinin, demokratik zəmində yenidən qurulması sivilizasiyanın ümumi təkzibolunmaz qanunudur. Demokratik siyasi təfəkkür müasir dünyanın aparıcı düşüncə üslubuna çevrilməkdədir.
Xarici siyasətin həyata keçirilməsinin ənənəvi və başlıca forması dövlətlər arasında diplomatik münasibətlərin yaradılmasıdır. Xarici siyasətin həyata keçirilməsinin digər formaları isə aşağıdakılardır: Ümumdünya və regional beynəlxalq təşkilatlada dövlətin nümayəndələrinin təmsil olunması və ya dövlətin həmin təşkilat üzvlüyünə qəbul olunması, dost ölkələrin siyasi partiyaları və digər ictimai təşkilatları ilə əməkdaşlıq; bu və ya digər ölkələrin, onların partiyaları və ictimai təşkilatlarının nümayəndələri ilə müxtəlif səviyyələrdə və müntəzəm əlaqənin yaradılması;
İndi Azərbaycanda bir çox Qərbi Avropa ölkələrinin, ABŞ-ın, Yaxın və Orta Şərq dövlətlərinin, BMT-nin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyə, İran, Almaniya, ABŞ, Misir, Səudiyyə Ərəbistanı, Pakistan, Gürcüstan və s. ölkələrdə Azərbaycan Respublikasının səfirlikləri təsis edilmişdir. 1992-ci ilin martında Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü oldu. Sonradan Respublika Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə, İslam Konfransı Təşkilatına, İqtisadi Əməkdaşlıq Təşkilatına, Beynəlxalq İnkişaf və Yenidənqurma Bankına, İslam İnkişaf Bankına, Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlar qəbul olundu.
Beynəlxalq əməkdaşlıq münasibətlərinin formalaşmasında müxtəlif mahiyyətli beynəlxalq təşkilatlar və birliklər mühüm rol oynayırlar. Məsələn: ATƏT Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması üçün müəyyən işlər görür və bu yolda mühüm rol oynayır.
Beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafında beynəlxalq təşkilat olan BMT prinsipal əhəmiyyət kəsb edir. Onun nəzdində olan müxtəlif idarə və təsisatlar (məs: MOP, YUNESKO və b.) beynəlxalq iqtisadi, texniki, mədəni və s. sahələrdə əməkdaşlığın genişlənməsinə təsir göstərir. Azərbaycan BMT-nin fəaliyyətində, xüsusən qaçqın və məcburi köçkünlərlə bağlı problemin həllində yaxından iştirak edir. Respublikamızın müxtəlif guşələrində məskunlaşan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə beynəlxalq humanitar yardım göstərilməsi hamımıza məlumdur. Humanitar yardım beynəlxalq hümanizm prinsiplərindən biridir.