Hacı Hacılı
Qafqazda münaqişələr və ekoloji təhlükəsizlik problemləri
1. Qafqaz, baş verən, əsasən lokal hərbi toqquşma xarakteri daşıyan münaqişələr baxımından dünyanın ən rəngarəng regionlarından biridir. Tipoloji yanaşma baxış bucağından bu münaqişələr etnik zəminli münaqişələr sayılır. Lakin, qeyd etməliyik ki, burada sosial və siyasi determinantların xüsusi yeri və rolu vardır. Artıq 15 ildən çoxdur ki, davam edən və çoxsaylı qanlı toqquşmalarla müşayət olunan münaqişələrin nəticələri çox ağırdır: on minlərlə insan həyatına son qoyulmuş, yüz minlərlə insan öz ənənəvi yaşayış yerlərini tərk etməyə məcbur olmuşlar.
2. Hərbi toqquşmalar və ondan sonra yaranmış situasiya təkcə sosial-iqtisadi mənzərənin zəifləməsinin vizual göstəriciləri deyil, həm canlı təbiət və ətraf mühitə dəyən zərbələrin miqyası baxımından diqqəti cəlb edir. Qafqazda baş verən hərbi münaqişələr zamanı minlərlə hektar torpaq sahələri eroziyaya məruz qalıb, meşə sahələri məhv edilib, təbii otlaqlar deqradasiyaya məruz qalıb. Bu toqquşmaların böyük bir qismi dağlıq ərazilərdə baş verdiyindən ərazilərdə çoxsaylı sürüşmə hadisələri qeydə alınıb.
3. Toqquşmalardan sonra ətraf mühitə vurulan ziyanlar özünü bir qayda olaraq qaçqınların kompakt yaşadıqları çadır şəhərcikləri, iri şəhərlərdə qaçqın və məcburi köçkünlərin məskunlaşdırıldığı yataqxana kompleksləri, uşaqların təlimi ilə bağlı olan infrastruktur obyektlər, yay və qış otlaq ərazilərində daha qabarıq büruzə verir. Təkcə, Ermənistan-Azərbaycan münaqişəsi zamanı sayı bir milyona çatan qaçqın və məcburi köçkünlər ordusu əmələ gəlib ki, bunun da ekoloji nəticələrini təsəvvür etmək mümkündür.
4. Münaqişələrin həll edilməmiş nəticələri, münaqişəyə cəlb olunmuş tərəflərin ictimai-siyasi konstruksiyasındakı hüquqi-prosedur boşluqlar, rəsmi hakimiyyət nümayəndələrinin «kumulyativ» gücə malik olan qaçqınlarla həddindən artıq ehtiyatlı davranışı və nəhayət, qaçqınların özünün yerli mühitə adaptasiyası sosial ehtiyacların ödənilməsi məqsədilə, onlar tərəfindən geniş torpaq sahələrinin tutulması prosesinin əsasını qoyur ki, bunun da uzaq gedən ekoloji nəticələri vardır.
5. Erməni-Azərbaycan, Gürcü-Abxaz, Gürcü-Osetin və RusÇeçen münaqişələri zamanı ətraf mühitə dəyən zərbələrdən biri də, transsərhəd ərazilərin nəzarətdən kənarda qalması və bu yerlərdə ekoloji monitorinqin aparılmasının qeyri-mümkünlüyü nəticəsində dəyən zərbədir. Qafqaz münaqişələrinin perimetri boyunca transsərhəd ərazilərdə nəzarət altından kənarda qalan 11 dövlət qoruğu və yasaqlıqlar vardır. Bu qoruq və yasaqlıqların əsası hələ çar Rusiyası və SSRİ dövründən qoyulmuşdu. Həm transsərhəd, həm də işğal altında olan torpaqların Qafqazda ümumi sahəsi təxminən 65 min kv. km-ə bərabərdir ki, bu da region üçün olduqca böyük bir rəqəmdir.
6. İşğal altında olan ərazilərdə, bir qayda olaraq, hərbi bazalar yerləşdirilir, hərbi təlimlər keçirilir, müxtəlif zərərli kimyəvi tullantılar «qəbiristanlıqları» yerləşdirilir. Bu ərazilər beynəlxalq nəzarətdən kənarda olduğu üçün qeyri-qanuni silah və narkotik maddələrin tranziti üçün «əlverişli» ərazilər sayılır. Son bir neçə ildə Dağlıq Qarabağ ərazisi ətrafında işğal olunmuş 6 inzibati rayonun ərazisindən Ermənistan AES-in tullantılarının poliqonu kimi istifadə edilməsinə dair qeyd edilmiş rəsmi məlumatlar bunu daha aydın sübut edir.
7. İşğal edilmiş və münaqişə tərəflərinin transsərhəd ərazilərinin nəzarətdən kənarda qalması öz unikal təbiəti ilə seçilən Qafqazın təbii mühitində öz əksini tapmaqla bərabər, həm də, region ölkələrinin ümumi təhlükəsizliyinə də öz mənfi təsirini göstərə bilər. Ona görə də region dövlətlərinin ekoloji təhlükəsizlik məsələsində öz səylərini birləşdirməsi və regionda əməkdaşlıq ruhunun formalaşmasına böyük ehtiyac duyulur.