Həcər Qasımova
Qarabağ konflikti geosiyasi problem kimi: ilkin mərhələ
Qarabağ konflikti ətrafında cərəyan edən hadisələrin sosial-siyasi mahiyyətini istər tarixilik, istərsə də geosiyasi ölçülərində ötəri analitik təhlili belə deməyə əsas verir ki, bu konfliktin müasir anlamda meydana gəlməsindən əvvəl Qarabağ bölgəsi Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi etnodini və strateji diqqət mərkəzində olmuşdur. Biz burada etnodini deyərkən hələ XVII-XVIII əsrlərdən başlayaraq Rusiyanın adı çəkilən regionda geosiyasi məqsədləri naminə apardığı diaqnostik və hərbi səylərini nəzərdə tuturuq. Rusiyanın Şərq strategiyası çərçivəsində regionda öz imperiya ambisiyaların həyata keçirmək üçün xristian amilindən və erməni millətçilərinin «Böyük Ermənistan» xülyasından istifadə etməyə üstünlük vermişdir. Bu mənada, birinci olaraq, qeyd etmək mümkündür ki, tarixən Qarabağ bölgəsi və burada baş verən hadisələr geosiyasi problemlərdən olmuşdur. Lakin biz bu problemi Rusiyanın Qarabağ siyasəti çərçivəsində ətraflı şərh etmək niyyətində deyilik. Biz burada yalnız konfliktin tarixi genezisinin bir çalarına toxunmaqla kifayətləndik.
Bugünkü reallıqlara qayıtsaq deməliyik ki, bu məsələ, Sovetlər İttifaqının dağılmasında detenator rolunu oynamış artıq geosiyasi problemə çevrilmiş, iri dövlətlərin öz milli mənafeləri baxımından Qafqaz diyarına cəlb olunmasında danılmaz faktor olmuşdur.
Vaxtilə, yəni 1992-ci ilin martında Birləşmiş Ştatların keçmiş dövlət katibi Sayrus Vensin Azərbaycan konflikti necə deyərlər, öz vətənində öyrənmək üçün gəlməsini (bəlkə də bu kəşfiyyat xarakteri daşımışdır) regionumuza geosiyasi marağın artmasının ilkin mərhələ kimi qəbul etmək mümkündür. Doğrudur, o dövrdə ki, rəhbərlik təcrübəli diplomatın bu səfərindən konfliktin həlli naminə istifadə edə bilmədi. Bunu, bəlkə də, başa düşmək olar: olduqca ağır günlər keçirən bir respublikada siyasi idarəçilik təcrübəsi olmayan hakimiyyət strukturları üçün çox çətin idi.
Lakin 1993-cü ilin yanvarında Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində olan Heydər Əliyev ABŞ prezidenti Bill Klintona təbrik məktubu göndərmiş, ölkənin başlıca problemlərini xarakterizə etmiş, Birləşmiş Ştatlarının prezidentinin Azərbaycan Respublikasına xoş və xeyirxah münasibət bəsləyəcəyinə dərin ümidini bildirmişdi. Məktubda həmçinin göstərilirdi ki, Amerika dünyanın bir çox ölkələrində təzahür edən silahlı konfliktlərin həllinə nail olmaq üçün Naxçıvanın Ermənistan tərəfindən blokadasını aradan qaldırmaq naminə bütün imkanlardan istifadə edəcəkdir. Təbii ki, bu məktub Ağ Evin siyasətçilərinin və analitiklərin reaksiyasına səbəb olmaya bilməz. Çünki artıq SSRİ-nin süqutundan sonra ABŞ Rusiya və digər MDB dövlətləri ilə geosiyasi münasibətləri qurmaq üçün özünün xarici siyasətinin və diplomatiyasının əsl strateji prinsiplərini işləyib hazırlamışdı. Məsələn, çox çəkmir ki, 1993-cü il fevral ayının 4-də ABŞ-ın Azərbaycandakı ilk səfiri Riçard Mayls Naxçıvanda H. Əliyevlə görüşmüş, regionda güclənməkdə olan konfliktin ABŞ prezidentinin narahatlığını Naxçıvan Ali Məclisinin nəzərinə çatdırmış, diyara humanitar yardımın vacib olduğunu qeyd etmişdir. Birləşmiş Ştatların regiona səfir səviyyəsində marağı çox şey demək idi. Həmin ilin may-iyun aylarında ABŞ-ın dövlət departamentinin Dağlıq Qarabağ konflikti üzrə danışıqlarda nümayəndəsi S.Mareskanın və yeni müstəqil dövlətlərlə əlaqələr üzrə müşaviri S.Talbottun Bakıya səfəri mühüm hadisə idi, təəssüf ki, bu faktordan rəhbərlik istifadə etmək imkanını əldən verdi.
Birləşmiş Ştatların MDB dövlətləri ilə bağlı ilkin geosiyasi strategiyasının əsasında belə bir taktika dururdu. ABŞ əvvəllər hesab edirdi ki, Rusiya «strateji tərəfdaşlıq» çərçivəsində bütün postsovet məkanında demokratikləşmənin və sosial yönümlü bazar iqtisadiyyatının həyata keçirilməsində və bu proseslərin idarə edilməsində dəyərincə mexanizm ola bilər. 1993-cü ilin sonuna qədər bu siyasi tezis özünü doğrultmadı. 1993-cü ilin dekabrında Rusiya Parlament seçkilərində V.Jirinovski kimi Qərb siyasətinə zidd siyasi qüvvələrin qələbəsi ABŞ diplomatiyasını çaşdırmışdı. Politoloqların leksikonunda regiona münasibətdə «praqmatik tərəfdaşlıq», «xülyasız tərəfdaşlıq», «vaxtı çatmamış tərəfdarlıq» (Z.Bcezinski) kimi terminlər meydana gəldi. Lakin «vaxtı çatmamış» anlayışı aktuallığını çox saxlaya bilməzdi, çünki postsovet məkanı kimi burulğanlı böyük bir regionu nəzarətsiz də qoymaq düzgün deyildi.
Hər halda 1995-ci ilin fevralında Ağ Ev «Beynəlxalq işlərə cəlb olunma strategiyası və dünyada demokratiyanın yayılması» adlı və yeni yüzilliyə aparan strategiya kimi qiymətləndirilən sənəddə Amerika mənafeləri dairəsinə Cənubi Qafqaz dövlətləri, Xəzər dənizi bölgəsi, Dağlıq Qarabağ da göstərilir. Onu da qeyd edək ki, hələ bu sənəddən əvvəl ABŞ-ın keçmiş dövlət katibi C.Beyker paralel yanaşma «konsepsiyasını irəli sürmüş və burada göstərmiş»di ki, Birləşmiş Ştatlar öz diplomatiyasında təkcə Rusiya ilə deyil, həm də paralel olaraq hər bir MDB dövləti ilə iş aparmalıdır. Hər halda 1995-ci il sənədi ABŞ-ın regiondakı geosiyasi təşəbbüsünə güclü təkan verdi, belə ki, burada açıqca deyilirdi: «Regiondakı dövlətlərin suverenlik, sabitlik, çiçəklənmə və beynəlxalq səhnədə möhkəm mövqe tutmaq yolunda irəliləməsinə baxmayaraq, hələ çox şey həyata keçirmək xüsusilə Dağlıq Qarabağla bağlı regional konfliktləri tənzimləmək lazım gələcəkdir».
Suveren Azərbaycan Respublikası məhz belə geosiyasi reallıqlar şəraitində Respublika prezidenti H.Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin diplomatiyasının başlıca prinsiplərini belə formalaşdırmışdı: Azərbaycanı tanıtmaq, bundan ötrü informasiya və iqtisadi blokadanı yarmaq, diplomatik təcridlikdən çıxmaq, dünya siyasətini formalaşdıran dövlətlərlə simmetrik ittifaqa daxil olub, dövlətin milli mənafelərinin əsasında duran Qarabağ konfliktini sülh yolu ilə həll etmək.
Özünün Fransaya ilk səfəri ilə ölkə başçısı artıq Avropa ictimaiyyətinin nəzərini Qarabağ konfliktinə, regionda gedən geosiyasi problemlərə cəlb edə bilmişdi. Məsələn, «Mond» qəzeti 1993-cü il 23 dekabr sayında «Prezident H.Əliyev bəyan edir ki, Azərbaycanda rus qoşunlarını görmək istəmir» adlı məqaləsində yazırdı: «Azərbaycan dövlətinin başçısı H.Əliyev dedi: «Biz bütün ölkələr, o cümlədən Qərb ölkələri ilə bərabərhüquqlu əlaqələr qurmaqda maraqlıyıq…» Cənab Əliyev Ermənistan silahlı birləşmələrinin ərazisi 4 min km2 olan Azərbaycanın Dağlıq Qarabağ torpağını, başqa daha 10 min. km2 ərazisini işğal etdiyini söylədi və qeyd etdi ki, biz öz torpaqlarımızdan əl çəkməyəcək və Dağlıq Qarabağı heç vaxt müstəqil qurum kimi tanımayacağıq. Amma biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyat verməyə hazırıq». Daha sonra deyilir ki, Rusiya Dağlıq Qarabağa sülhməramlı qüvvələr gətirmək adı altında Azərbaycanda öz qoşunlarını yerləşdirmək istəyir. Lakin ATƏM bunu rədd edir: Məqalə müəllifi bunu da qeyd edir ki, «V. Kazimirovun təşəbbüsü ilə Aland adasında Azərbaycan və Ermənistan parlament nümayəndələrinin görüşü keçirilmişdir». Bu fakt hər halda dövlətlərin regiona geosiyasi marağının təzahürü kimi qiymətləndirilə bilər. Konflikti həll etmək məramı altında regionun müxtəlif fəaliyyəti sahələrinə nüfuz etmək hər halda geosiyasi niyyətlərdən xəbər verir.
Bu baxımdan «Fiqaro» qəzetində 23 dekabr 1993-cü ildə dərc olunmuş «Biz bir parça torpağımızı belə güzəştə getmirik» adlı yazı da maraqlıdır. Burada deyilir ki, Türkmənistanda MDB ölkələri sammitində Azərbaycan prezidenti H. Əliyev… konfliktin gərginliyinə baxmayaraq, ermənilərə heç bir güzəştə getməyəcəyini elan edib. Müxbir analitik H. Əliyevin ölkədəki bu ağır şəraitdə idarəetmə yükünü üzərinə götürməsini yüksək qiymətləndirir. O, yazır: «O, (H. Əliyev müəl.) Parisdə müəyyən sənədlər imzalamaqla bərabər, ölkəsinə Fransada siyasi dəstək qazanmışdır.» Fransa kimi bir dövlətin siyasi dəstəyinə nail olmaq, çox şübhəsiz ki, həm də Avropa qitəsində diplomatiyanı genişləndirmək baxımından mühüm geosiyasi uğurdur. Təsadüfi deyildir ki, Qarabağ konfliktinin həlli yolunda həmin dövlətlə münasibətlərin genişləndirilməsi vacib faktor olmuşdur. Məsələn, maraqlıdır ki, həmin «Fiqaro» 14 oktyabr 1996-cı il sayında Fransanın Xarici İşlər naziri Erve de Şaretin «Qafqaz Fransa üçün strateji zonadır» adlı yazısını vermişdir. Nazir Azərbaycanın bu zonada önəmli rolunu qeyd edir.
Başqa bir mənbədə 1993-cü il 21 dekabr tarixində «Humanite» qəzetində çıxan material da maraqlıdır. Məqalə belə adlanır: «Bakı Dağlıq Qarabağda öz suveren hüquqlarını tələb edir. «Məqalə müəllifi yazısını Azərbaycan prezidentinin bu sözləri ilə başlayır: «Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və sərhədlərimiz toxunulmazdır». Həmin dövrdə H.Əliyev «Elf Akıten» neft şirkətinin rəhbərliyi ilə söhbət zamanı Qarabağ konfliktinin regionda sabitliyin yaranmasının və normal iqtisadi əlaqələrin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır».
Təbii qəbul edilən siyasi faktordur ki, istənilən geosiyasi bölgədə normal siyasət yeritmək üçün hər şeydən əvvəl sosial sabitlik vacibdir. Bu baxımdan Azərbaycan dövlətinin səyləri nəticəsində atəşkəsə nail olmaq son dərəcə önəmli siyasi akt oldu. Maraqlıdır ki, 1993-cü il dekabrın 9-da «Mond» qəzetində Sofi Şihabın dərc edilmiş məqaləsi «Azərbaycanlılar öz torpaqlarını itirməyi dayandırmışlar» adlanır. Bununla fransalı müəllif azərbaycanlıların H.Əliyevin başçılığı ilə öz torpaqlarını azad etmək naminə əzmkarlığını bildirmişdir.
Qeyd edək ki, H. Əliyev həmin dövrdə «Fiqaro» qəzetinin müxbirinə «Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir» cavabını vermiş, Azərbaycanın federal ölkəyə çevrilməsinə imkan verilməyəcəyini bir daha vurğulamışdır. Lakin daha maraqlı məqam budur ki, Sofi Şihab «Dağlıq Qarabağ Silahlı Birləşmələri» ifadəsini dırnaqda vermiş, bununla da Dağlıq Qarabağın Fransa tərəfindən ayrıca qurum kimi qəbul edilməyəcəyinə işarə vurmudu. Konfliktin sülh yolu ilə aradan qaldırmağın bu günə kimi mümkün olmadığından təəssüflənən müəllif onu da qeyd edir ki, böyük nüfuza malik siyasətçi H. Əliyev Dağlıq Qarabağın müstəqil dövlət olmasını qətiyyətlə həll edir, Ermənistanı və Moskvanı başa salır ki, bu, qeyri-mümkündür. Burada Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarından çıxış etməsi yəni ölkənin ərazi bütövlüyünün toxunulmazlığı, Moskvanın Azərbaycanın daxili işlərinə qarışmasına qarşı çıxış etmək mövqeyi Fransanın da geosiyasi mövqeyinə cavab verir.
Bir daha qeyd edək ki, biz problemin formalaşmasının ilkin mərhələsindən qısaca bəhs etdik. Bizcə, gətirilən faktlar bunu deməyə əsas verir ki, Dağlıq Qarabağ konfliktinin həlli yolunda atılan, istər siyasi, istərsə də iqtisadi addımlar ümumi geosiyasi mənada toqquşaraq regionda diplomatik baxımından çox zaman mürəkkəb, bəzən də ziddiyyətlər yaratmış olur. «Əsrin müqaviləsinin» bağlanması, ATƏT-in uğursuz siyasəti buna əyani sübutdur. Lakin, bu, müstəqil mövzudur.