İsmayıl Musayev
Rusiya-Ermənistan sazişləri (1920): Azərbaycanın
ərazi bütövlüyünə yeni qəsdlər
Ölkəmizin quzeyinin Rusiya tərəfindən yenidən işğalı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını daha da qüvvətləndirdi. Onun Rusiyanın hərtərəfli yardımı ilə Azərbaycan torpaqlarına (Qarabağ, Zəngəzur, Naxçıvan və s. bölgələrə) yiyələnmək siyasəti xeyli fəallaşdı. Rusiya isə Ermənistanı da tutmaq və bu işi, habelə digər planlarını asanlıqla başa gətirmək məqsədilə Azərbaycan torpaqlarını ona «bağışlamağa» başladı. Bu və digər məsələlər Rusiya ilə Ermənistan arasında 1920-ci ilin yayında aparılan «danışıqlar»da da mərkəzi yeri tutdu. Müəyyən «müzakirələr»dən sonra onlar 1920-ci il avqustun 10-da ilkin saziş (Azərbaycan Dövlət Tarix Arxivi (ADTA), fond 28, siyahı 1, iş 201, vərəq 171-172) imzaladılar. Həmin sazişə görə:
- Ermənistan və Rusiya silahlı qüvvələri arasında baş verən hərbi toqquşmalar dayandırıldı;
- Ermənistan qoşunları Şahtaxtı, Xok-Əznəbürd-Sultanlı və Küküdən şimal - Bazarçaydan Qərbə doğru xətlər boyu əraziləri tutmalıydı;
- Rusiyanın XI ordusunun hissələri isə mübahisəli vilayətləri (?!-İ.M.), yəni Qarabağ, Zəngəzur, Naxçıvanı tutmalı və işğal altında saxlamalı (ifadə RSFSR Xalq Xarici İşlər komissarı (XXİK-i) G. Çiçerinə məxsusdur) idi;
- Şahtaxtı-Culfa dəmir yolunun, Rusiya ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasınadək, sonuncunun müvafiq idarəsinə verilməsi (bu yol «hərbi məqsədlər üçün istifadə oluna bilməz» kimi ibarəli şərtlə) nəzərdə tutulurdu. Həmçinin XI ordu hissələrinin tutduqları xəttin arxasında qalan daşnak qoşunlarının (silahla, ləvazimatla) Ermənistana sərbəst buraxılmalarına RSFSR tərəfindən təminat verilirdi.
İlkin sazişin mahiyyəti və məqsədlərilə bağlı məsələlər nəzərdən keçirilərkən aşağıdakı diqqətçəkən məqamları vurğulmaq lazımdır:
Birincisi, bu sazişlə həm də Ermənistan-Azərbaycan münasibətlərini «tənzimləməyə» cəhd edilirdi. Belə ki, Rusiyanın nümayəndəsi B.Leqranın daşnak hökuməti ilə apardığı danışıqlarda, habelə sazişdə əsas yer tutan məsələlərdən biri də Ermənistanla Azərbaycan arasındakı münaqişə, ilk növbədə isə Qarabağ və s. ilə əlaqədar ərazi mübahisələri idi. Burada ən mənfi cəhət isə belə bir məqam da öz ifadəsini tapmışdı: Azərbaycanın iştirakı olmadan torpaqlarının məsələsi müzakirə (həll) olunur və Ermənistanla danışıqlarda Rusiya onun adından çıxış edirdi. Hətta o dövrün Qafqaz mətbuatındakı yazılarda da vurğulandığı kimi, bu hal Azərbaycanın müstəqil dövlət olmamasından və Rusiyanın müttəfiqi deyil, müstəmləkəsi olmasından irəli gəlirdi.
İkincisi, G. Çiçerin hələ 1920-ci il iyunun əvvəllərində Qarabağ, Zəngəzur və Naxçıvan mahallarının Azərbaycan SSRİ hökuməti tərəfindən mübahisəli ərazilər kimi etiraf olunmasına cəhdlər göstərmişdi. Onun və həmçinin Q. Orconikidzenin müvafiq səylərinə müəyyən etirazlar da olmuşdu (Məsələn, Azərbaycan SSRİ-nin Moskvadakı səlahiyyətli nümayəndəsi B. Şahtaxtınskinin V.İ.Leninə və G. Çiçerinə ünvanladığı məktubda (13.VŞ.1920; №22). Naxçıvan mahalının Ermənistana güzəştə gedilməsinə qarşı çıxılmışdı. Məktubda qeyd edilirdi ki, Naxçıvan bölgəsinin əhalisi əvvəlcə Araz-Türk Respublikasını yaratmış, sonra isə üç il əldə silah öz müstəqilliyini ermənilərdən qorumuş və Azərbaycanla birləşmişdir. Daha sonra burada Şahtaxtı-İrəvan dəmir yolunun Ermənistana keçməsinin Maku xanlığındakı xeyli ərzaq və digər ehtiyatların ermənilər tərəfindən mənimsənilməsinə şərait yaratması, indi bir nəfər də erməninin yaşamadığı bölgənin ona verilməsinin Azərbaycan xalqının təyinmüqəddərat hüququna dair verilən vədlərin unudulması, öz azadlığını Sovet quruluşunda və kommunistlərdə görən əhalinin yenidən daşnak hakimiyyəti altına düşəcəyi halda fiziki cəhətdən məhv olacağı göstərilirdi. Son olaraq isə Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərin qəti həllinədək Naxçıvan mahalının, özünün keçmiş sərhədlərinin hüdudlarında, Qızıl Ordu tərəfindən tutulması yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu kimi göstərilirdi). Ancaq onlara heç bir önəm verilmədi və məhəl qoyulmadı. Nəticədə ilkin sazişdə adıçəkilən bölgələr mübahisəli ərazilər sayıldı (Doğrudur, sazişdə deyilirdi ki, mübahisəli ərazilərin sovet qoşunları tərəfindən tutulması Ermənistanın, yaxud da Azərbaycanın həmin vilayətlərə hüquqları haqqında məsələni həll etmir).
Üçüncüsü, preliminar sazişdə həmçinin yazılırdı ki, RSFSR bu ərazilərə qoşun yeritməklə Ermənistanın Azərbaycanla ərazi mübahisələrinin dinc yolla həllinə əlverişli şərait yaratmağı nəzərdə tutur. Bu «əlverişli şəraiti» isə Sovet Rusiyasının yaxın vaxtlarda Ermənistanla bağlayacağı sülh müqaviləsinin müəyyənləşdirdiyi əsaslar təmin etməli idi. Bununla da:
- Ermənistanla Azərbaycan arasındakı mübahisəli məsələlərin həlli, əslində birincinin ikinciyə əsassız ərazi iddiaları və hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması bilavasitə RSFSR-Ermənistan münasibətlərinin asılılığına keçirilirdi;
- «müstəqil» Sovet Azərbaycanı mövcud problemlərin müzakirə və həllindən diplomatik üsulla kənarlaşdırılırdı;
- onun hüquqlarının (mənafelərinin) müdafiəsi «etibarlı vəkilə» (Rusiyaya) həvalə edilirdi.
Bu sadalananları Ermənistan Respublikasının Xarici İşlər Naziri H. Ohancanyanın Azərbaycan SSR XXİK-i M.Hüseynova ünvanladığı 496 saylı teleqramın mətni də (ADTA, f.28, siy.1, iş 99, v.102) təsdiqləyir: Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisələri, ilkin sazişə (10.VIII.1920) uyğun olaraq, yaxın gələcəkdə bağlanacaq Rusiya Ermənistan sülh müqaviləsinin müəyyənləşdirdiyi əsaslarla həll edilməlidir.
Dördüncüsü, ilkin saziş erməni siyasi dairələri və onların mətbuatı tərəfindən birmənalı qarşılanmadı;
- «Nor Aşxatavor»un «Sözdən işə», «Mşak»ın isə «Qırmızı oyun» yazılarında – a) Zəngəzur, Qarabağ və digər torpaqların azərbaycanlılardan təmizlənməsindən sonra müqavilə bağlanması; b) Leninin, qırmızı islamçıların tələbinə əsasən, rus qoşunlarını Gorusu tutmağa göndərməsi; c) ermənilərin indiyə kimi rus, ingilis, fransız vədlərinə aldandıqları və artıq ayılmağa məcbur olduqları kimi fikirlər vurğulanırdı (ADTA, f.28, siy.1, iş 201, v.25-26, 87-88);
- «Hnçak» partiyasının Bostonda çıxan «Paak» qəzeti (24.VI.1920) saziş ərəfəsində Leninlə dostluğa, onun vasitəsilə xilas olmağa və bu yolla da müttəfiqlərdən qisas almağa çağırırdı. Bəzi mətbuat orqanları ilkin sazişi Zəngəzur, Qarabağ və Naxçıvanın öz-özünə Ermənistana birləşəcəklərinə şərait yaratdığı üçün erməni diplomatiyasının məğlubiyyəti deyil, Leqran üzərində qələbəsi kimi qiymətləndirirdi. Preliminar sazişə münasibətdə ikili mövqe tutan «Daşnaksütyun» partiyası (orqanı «Aşxatavor»la birlikdə) onu Ermənistan üçün ağır məğlubiyyət sayırdı (ADTA, f.28, siy.1, iş 203, v.7, 26 arx., 29 arx.).
Beşincisi, müvəqqəti saziş Antantanın siyasi- diplomatik dairələrində rahatsızlıq yaratdı. İngiltərənin Qafqazdakı Ali komissarı Leqqi və fransız missiyasının başçısı Korbel Ermənistan rəhbərliyinə təsir göstərdilər. Belə olduqda daşnak hökumətinin XİN-i sazişin formal səciyyə daşıdığını və Ermənistanın əvvəllərdəki kimi indi də Antantaya meyl etdiyini bildirdi. Ermənistan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin başçısı Aqaronyan teleqraf (20.IX.1920) vasitəsilə ABŞ prezidenti V.Vilsona müraciət edərək («Nor Aşxatavor», 23.IX.1920; №136) bunu bildirmişdi: «Erməni xalqı Vilsonun hüsn-rəğbətini nəzərə alaraq Ermənistanın sərhədləri haqqında məsələdə onun qərarını səbrsizliklə gözləyir» (ADTA, f.28, siy.1, iş 206, v.3 arx.). Eyni zamanda mətbuatda yenə də başqa fikirlər və mövqelər səslənməkdə idi. «Mşak» qəzetinin (23.IX.1920), RSFSR-in Ermənistandakı səlahiyyətli nümayəndəliyi Məlumat bürosunun bülletenində özünə yer alan, bir materialında yazılırdı: «Hər şeydən əvvəl 1918-ci ili xatırlayaq. O vaxt biz bədbəxt qalıqlarımızı türk yırtıcılarının (?!-İ.M.) dişindən xilas edən Müttəfiqlərə həqiqətən ümid bəsləyirdik. İndi isə bu ümid daha mövcud deyildir və bizə heç bir dayaq yoxdur» (ADTA, f.28, siy.1, iş 206, v.4).
Ümumiyyətlə, isə, Rusiya-Ermənistan preliminar sazişinin bağlanmasında güdülən məqsədlər, onun əsas məqamları, nəticələri və s. məsələlərə belə bir xülasə vermək mümkündür: Bizcə, bütün bunlar, Rusiyanın Güney Qafqazı təkrarən işğal etməsinə və tarixi torpaqlarımızın tezliklə açıq (Zəngəz urun bir hissəsinin «bağışlanması», bu və sonrakı tədbirlərlə Naxçıvanın Azərbaycanın digər ərazilərindən ayrı salınması) və üstüörtülü (Dağlıq Qarabağda ermənilərə muxtariyyət verilməsi) şəklində Ermənistana ötürülməsinə hazırlıq işləri kimi dəyərləndirilməlidir. Buraya onu da əlavə etmək lazım gəlir ki, ilkin sazişdə hədəfə alınanlar (az öncə sadalanan «bağışlanma» və s. hallar), habelə Azərbaycan rəhbərliyinin beynəlmiləlçi güzəştləri RSFSR ilə Ermənistan SSRİ arasındakı hərbi-siyasi müqavilə ilə (2.XII.1920) qüvvətləndirildi və gerçəkləşdirildi. Onun 3-cü maddəsində yazılırdı ki, Rusiya Sovet hökuməti İrəvan quberniyasının…, Zəngəzur qəzasının (Cümhuriyyət dönəmində Qarabağ general-qubernatorluğuna daxil olan – İ.M.) Ermənistan SSRİ ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır. Beləliklə, Rusiya-Ermənistan münasibətlərində mühüm önəmə malik olan məsələlərdən ən başlıcası – Azərbaycan torpaqları ətrafındakı növbəti sövdələşmə o mərhələ üçün bu şəkildə yekunlaşdırıldı.