Kəmalə Hüseynova
1905-1906-cı illərdə Qarabağda türk-müsəlman soyqırımı
Bəşər tarixinə inqilablar əsri kimi daxil olan XX əsrin ilk xalq inqilabı-1905-1907-ci illər birinci rus burcuademokratik inqilabı əsrin əvvəllərində Rusiyada mövcud olan sosial-iqtisadi və siyasi böhranın kəskinləşməsi, inqilabi hərəkatın avanqardına çevrilən fəhlə sinfinin mübarizəsinin yüksəlməsi, kəndli çıxışlarının artması fonunda əhalisinin 57 faizi asılı xalqlardan ibarət olan çoxmillətli imperiyanın ucqarlarında milli-azadlıq hərəkatının genişlənməsinə təkan verdi.
İmperiyanın inkişaf edən sənayesinin xammal bazası və dörd ən iri sənaye mərkəzlərindən biri olan Bakı fəhlə hərəkatının da mərkəzlərindən birinə çevrildi. Balaxanı, Sabunçu, Ramana mədənlərində 1904-cü il dekabrın 13-dən başlayan və dekabrın 30-da Rusiya tarixində neft sənayeçiləri ilə fəhlələr arasında ilk kollektiv müqavilənin imzalanması ilə başa çatan kütləvi tətilin gedişində fəhlələrin iqtisadi terror metodlarından istifadə etməsi (dekabrın 25-dən 30-dək Balaxanı-Sabunçu-Ramana mədənlərində 125, bütövlükldə şəhər üzrə 225 buruq yandırılmışdı) Rusiya çarizmini narahat etməyə bilməzdi (Д.Гусейнов. Славная победа бакинского пролетариата. Bakı, 1955, səh. 61, И.Багирова. Политические партиии организачии Азербайджана в начале ХХ века. Бакы, 1997, сящ. 66-67).
Odur ki, öz hökmranlığını qoruyub saxlamağa çalışan Rusiya çarizmi kütlələri inqilabi hərəkatdan yayındırmaq üçün «istibdadın ən qədim və köhnə üsullarından biri olan» üsulu işə saldı, «özünə tabe olan millətləri bir növ ilə yağılaşdırıb və tutuşdurub müxtəlif millətlər arasında ziddiyyət və düşmənçilik salmaq» metodundan məharətlə istifadə etdi.
Siyasi cəhətdən təşkilatlanmağa başlayan erməni millətçilərinin X1X əsrin ikinci yarısında Osmanlı dövləti ərazisində törətdikləri separatçı fəaliyyətlərinin məğlubiyyətə uğraması, burunları ovulan ermənilərin öz əməllərinin ağırlıq mərkəzini Azərbaycana keçirdikləri çarizmə yaxşı bəlli olduğu halda, velikorus siyasətinin davamı kimi, Türkiyədə «döyüş təcrübəsi» əldə edən erməni-daşnak bandalarının əliyalın, dinc azəri türklərinə qarşı müharibəsinə rəvac verirdi.
Hələ inqilab ərəfəsində öz strukturlarını gücləndirən və təpədən dırnağa kimi silahlanan daşnaklar öz çirkin məqsədlərini həyata keçirməyə - müsəlmanları yaşadıqları ərazilərdən çıxarıb erməni dövləti yaratmaq uğrunda fəaliyyətə başladılar. İlk hücumlar ermənilərin sıx yaşadıqları ərazilərdə - Yelizavetpol, İrəvan quberniyalarında, Qarsda, Şuşada, Naxçıvanda başladı ki, burada ermənilərin müvəffəqiyyət qazanma şansı yüksək idi. Təpədən dırnağa qədər sılahlanmış «zinvor» dəstələrinin üzvləri çar hökumət orqanlarının tam laqeydliyini görərək, erməni yaşayış məntəqələrinə gəlib onları «türklərlə» müharibəyə səfərbər etməyə başladılar. Yel kimi çapan daşnak hissələri müdafiəsiz «türk kəndləri üzərinə qar kimi yağdılar, dağıdıb talan etdilər. Döyüş taktikaları isə çox sadə idi: gözlənilmədən müdafiəsiz dinc sakinlərə hücüm edib onları qırmaq, evləri talan edib yandırdıqdan sonra qisasla üzləşməmək üçün dərhal gözdən itmək. (Б.Наджафов. Личо врага . История армянского начионализма в Закавказье в конче Х1Х-начале ХХ вв. Бакы, 1993, с. 174-175).
Erməni millətçilərinin «Böyük Ermənistan» yaratmaq planlarında Şuşanın işğalı həmişə ən vacib məsələlərdən biri olub. Qarabağın baş şəhəri və sosial-iqtisadi, mədəni mərəkəzlərindən biri olan Şuşa həm də çox əlverişli coğrafi, strateji əhəmiyyətə malik idi. Hətta, «Daşnaksutyun»un planlarında Şuşa və Gəncə şəhərlərini birləşdirəcək şosse yolunun inşası üçün «Komitə» 60 min pul ayrmışdı. Həmin şosse yolu Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərazisindən keçməli idi. (B.Nəcəfov. göstərilən əsəri, s.182).
1905-ci ilin fevralın 6-da Bakıda başlayan erməni-müsəlman davası «… hər iki millətin zatına qondarılmış bomba kimi partladı ki, … bütün Qafqaza atəş buradan açıldı. (M.S.Ordubadi. Qanlı illər. Bakı, 1991, səh.13.). 1905-ci ilin may-iyun aylarında erməni-müsəlman qırğını İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl və Qaryagini əhatə etdi. 1905-ci ilin yayında Bakıda, Gəncədə, Şuşada və Zaqafqaziyanın digər yerlərində erməni-müsəlman qırğınına hökumət tərəfindən rəvac verildi.
Şuşa ermənilərinin tədricən silahlanması və müharibəyə hazırlaşmasına etinasız münasibət bəsləyən şəhər əhalisi - «ermənidən nə pəhləvan?», «erməni qorxaq millətdir» - fikri ilə öz adi həyatlarının yaşadıqları bir vaxtda 1905-ci il avqustun 8-ə keçən gecə ermənilər bir İran azərbaycanlısını öldürüb müsəlman karvanlarının qarət etdilər, avqustun 16-da isə qaçmağa cəhd edən bir erməni kazaklar tərəfindən öldürüldü. Baş verənlərdə azərbaycanlıları günahlandıran ermənilər ixtişaşlar törətməyə başladılar. Diş həkimi Maşoryansın erməniləri türklərə qarşı müharibəyə çağırışı ilə şəhərin azərbaycanlılar yaşayan məhəllələrinə hücum başlandı. Avqustun 17-də şəhərin Xəlfəli və Köçərli məhəllərinə hücum edən təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlıların güclü əks hücumu altında geri oturduldular. Avqustun 19-da azərbaycanlılar Xandəmirov teatrını və bir çox erməni evlərini yandırdılar. Sentyabrın 10-na qədər şəhərdə atəş kəsilmədi. Qafqaz canişini Vorontsov-Daşkovun şəhərə gəlişi ilə atəş dayandırıldı. Sentyabrın 14-dən sülh elan olunsa da, avqustun 21-də realnı məktəbində təmir işləri görən 17 nəfər iranlı fəhlə ermənilər tərəfindən qəddarcasına qətlə yetirildi. Lakin müsəlmanlar səbr nümayiş etdirib sülhü pozmadılar. 1905-ci ilin avqust hadisələrində Şuşa şəhərində 100-ə qədər azərbaycanlı öldürüldü, 20-dək ev yandırıldı. (M.S.Ordubadi. Qanlı illər. Bakı,1991, s.58). Bir il sonra isə çar məmurlarının xeyir-duası ilə ikinci Şuşa faciəsi baş verdi. Naxçıvan və İrəvanda qanlı qırğınlar törədən ermənilər 1906-cı ilin yayında Qarabağ istiqamətində öz mənfur fəaliyyətlərini genişləndirməyə başladılar. İyun ayında Cəbrayıl - Qaryagin qəzalarında istədiklərinə nail olmayan ermənilərin xüsusi cənfəşanlığı və Qarabağ bəylərinin maymaqlığı nəticəsində yenidən öz vəzifəsinə qaytarılan Qoloşapov Duma qlavası erməni Kiki Kələntərovun fitvası ilə Şuşanın azərbaycanlı əhalisinin növbəti soyqırımına rəvac verdi. Qısa müddət ərzində şəhərə ətraf kəndlərdən 7000 min silahlı erməni toplamağa nail olan daşnaklara generalın himayəsində olan 850 nəfər rus əsgəri də istənilən vaxt kömək etməyə hazır idi. Kiki Kələntərovdan xəyanətkar fəaliyyətinə görə 10 min manat rüşfət alan Qoloşapov iyulun 12-də Şuşanın müsəlman əhalisinə qarşı erməni qımdatların geniş hərbi əməliyyata başlamasına icazə verdi. «…Rus ordusunun 5, ermənilərin 6 topu səngərlərdən peydər-pey atırdı… cəmi bir topu olan şuşalılar onu təkərə mindirərək səngərləri dolandırır və erməniləri çaşdırırdılar. Şuşalı ustanın tökdüyü bu bürünc topun bir gurultusu vardı… qorxusu erməniləri dəhşətə salırdı» (M.Nəvvab. 1906-cı ilin iyul ayında Şuşada baş vermiş erməni müsəlman davası. «Vətən səsi» qəzeti, 28 avqust 1991-ci il, s.4-5). Ətraf kəndlərdən köməyə gələn dəstələrlə birlikdə əks hücuma keçən azərbaycanlılar erməni məhəlləsində evlərə od vurub yandırmağa, erməni səngərlərini ələ keçirməyə başladılar. 5 gün davam edən döyüşdə 18 azərbaycanlı, 700-ə qədər erməni öldürüldü. Kazak və ruslardan ölənlərin sayı 31 nəfər idi. (M.Nəvvab. Göstərilən əsəri. «Vətən səsi» qəzeti, 5 sentyabr 1991-ci il, s.2.) İyulun 18-də ermənilərlə azərbaycanlılar arasında barış elan olunsa da, öz xəyanətinin dərəcəsini yaxşı bilən Qoloşapov şəhərdə çox ehtiyatla dolanırdı. Müsəlmanların dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra Qoloşapov Tiflisə göndərildi və burada «Difai» partiyasının fəalları tərəfindən qətlə yetirildi.
Bu hadisələr Qarabağda baş verən erməni talanlarını nə əvvəlincisidir, nə də sonuncusu. Maraqlı məqam isə odur ki, üstündən bir əsrədək vaxt keçməsinə baxmayaraq, ermənilərin taktika və strategiyaları dəyişməyib. M.S.Ordubadinin hadisələrin qaynar izi ilə 245 müxbir məktubu əsasında ürək ağrısı ilə qələmə aldığı «Qanlı illər» kitabında 1905-1906-cı illərdə ermənilərin Azərbaycanda törətdikləri türk-müsəlman soyqırımının səbəblərinin çoxu bu gün də oz aktuallığını saxlamaqdadır.