Kərim Şükürov
Qarabağ Rusiya imperiyası tərkibində
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateci məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi (Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX века. М., 1969, с. 79-80). Belə bir şəraitdə xanlığa keçən Mehdiqulu xanın hakimiyyəti möhkəm deyildi. Çar hökuməti belə bir şəraitdə xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə ermənilərin üstün rolunu təmin etməyə çalışırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi burada da komendant idarə üsulu yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə əslən erməni olan general –leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə sistemi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirmişdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir. Şuşa qəzasının ərazisində Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati ərazi bölgüsü ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı (Çarizmin Şimali Azərbaycanda inzibati-ərazi bölgüləri haqqında daha ətraflı baxın: Şükürov K. Azərbaycan tarixi. Bakı, 1997).
Çarizmin Şimali Azərbaycan torpaqlarını işğalı onun erməniləşdirilməsi ilə bərabər gedirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. İrandan köçürülmə müqavilənin XV maddəsilə təsdiq olunurdu (Полное собрание законов Российской империи. Собр. Второе, т.III, СПб., 1830, № 1794, с.130).
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yeni işğal olunmuş ərazilərə köçürülməsi həyata keçirilməyə başlayır (Договоры России с Востоком: политические и торговые. Собрал и издал Т. Юзефович, СПб., 1869, с.58-70). Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi.
Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi A.P.Yermolovun göstərişi ilə tərtib olunan (Записки А.П. Ермолова. 1798-1826. М., 1991, с.382) «Təsvir»də əksini tapır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağdakı erməniləşdirmə siyasətinə baxmayaraq, onun aparıldığı zamanda belə burada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. «Təsvir»ə görə Qarabağ əyalətində olan 20.095 ailədən 15.729-u azərbaycanlı (1.111 şəhərdə,14.618 kənddə), - 4366-sı erməni (421 şəhərdə, 3.945 kənddə) idi. (Описание Карабахской провинции, составленное в 1823 г. Тифлис, 1866; Хялилов Х.Д. Qarabağın elat dünyası. Bakı, 1992, s.17) Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və b.) meydana gəlməyə başlamışdı (Qeybullayev Q. Qarabağ (Etnik və siyasi tarixinə dair). Bakı, 1990). 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü (Описание переселения армян азербайджанских в пределы России. М., 1831). Qeyri-rəsmi erməni köçkünləri ilə birgə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin bütövlükdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. N.Şavrov məhz buna görə yazırdı (1911) ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln-dan çoxu gəlmə idi (Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье. СПб., 1911, с. 59-61).
Artıq 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni idi (Кавквзский календарь на 1917 г., с. 190-197). Ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşması daha geniş hal almışdı.
Ermənilərin inzibati-idarə sistemində möhkəmlənməsi, köçürülmə prosesində sayının mexaniki surətdə artırılması onların iqtisadi potensialının möhkəmləndirilməsilə müşayət olunurdu (Шавров Н.Н. указ. соч., с. 59-61). Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaradılan əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı aşkara çıxdı. Neftli sahələrin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdı. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı (Свиетаховский Т. Русский Азербайджан. 1905-1920. Хазар, 1990, №1, с. 99).
Beləliklə, bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati- siyasi, sosial- iqtisadi və mədəni həyatda geniş imkanlar əldə edən ermənilər «Böyük Ermənistan» ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli əhalisini məhv etmək və ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən Osmanlı dövlətində qiyamları uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi. (Şükürov K.K. Ermənilərin Azərbaycanda və Osmanlı imperiyasındakı türk genosid tarixinin öyrənilməsi: metodoloji problemlər. Azərbaycan tarixinin çağdaş problemləri. Bakı, 2000, s.166-275).
Ermənilər 1905-ci ildən tarixə «erməni-müsəlman davası» adı ilə daxil olan qanlı qırğın törətdilər. Ermənilərin azərbaycanlılara qarşı faktik soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı (Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni- müsəlman davasının tarixi. Bakı, 1991; Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993). Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsilə yaranan tarixi şəraitdən yenidən istifadə etməyə cəhd etdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrinin Cənubi Qafqazda cəmləşdirərək azərbaycanlılara qarşı soyqrımı davam etdirməyə başladılar. Əvvəlcə çar hökümətinin devrilməsi (1917, fevral) sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917,oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnakbolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soqırımın yeni dövrünü başladılar. 1918- ci ilin mart soyqrımı azərbaycanlılara böyük zərbə vurdu (Topçibaşev A.M. Memorandum. Baku, 1993, s.31-33). Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başladı.