Qasım Hacıyev
Erməni təcavüzü və metodoloji yanaşma məsələlərinə dair
Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağın tarixi-coğrafiyası, etnoloji quruluşu, siyasi, iqtisadi və mədəni tarixi kompleks şəkildə və hərtərəfli tədqiq edilir. Qarabağın son dövrlərdə münaqişə zonasına çevrilməsinin səbəbləri araşdırılır. Dağlıq Qarabağ probleminin əsl mahiyyəti şərh edilir. Dağlıq Qarabağ düyünün obyektiv və subyektiv səbəbləri təhlil edilir. Bu gün dünya dövlətlərinin terrora qarşı ciddi mübarizə apardığı bir dövrdə Ermənistanın dövlət səviyyəsindəki terrora göz yumulmasının təəccüb doğurması açıq bəyan edilir.
Beynəlxalq aləmdə yayılmış «erməni məsələsi» , «məzlum erməni», «genosid» kimi uydurma fikirlər altında gizlənən məkrli niyyətlər açıqlanır. Dünya xalqları artıq ermənilərin əsl simasını görür. Azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması dünya ictimaiyyətinə çatdırılır. Bu təbliğatın intensivləşdirilməsinə təşəbbüslər artırılır. Böyük dövlətlərin bir çoxunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması, Azərbaycan Respublikasının, onun xalqının hüquqlarının pozulmasına göz yumulması müşahidə olunur və buna qarşı geniş təbliğat aparılır.
Dağlıq Qarabağ probleminin həlli sülh yolu ilə mümkün olmadığı halda, nəyin bahasına olursa-olsun, Azərbaycanın öz torpaqlarını azad edəcəyi fəal şəkildə gündəmə gətirilir. Ermənistan xarici havadarlarından aldığı dəstək hesabına anti-Azərbaycan, anti-Qarabağ fəaliyyətini genişləndirməsinə imkan verməmək üçün artıq müdafiə mövqeyindən hücum mövqeyinə keçilməsinə üstünlük verir. Burada elmi, siyasi, intellektual və nəhayət, hərbi sahələrdə aktiv fəaliyyət nəzərdə tutulur. Dağlıq Qarabağ probleminin beynəlxalq təşkilatlar tərəfindən həll edilməməsi bəşəri bir səhvə yol verilməsi kimi qiymətləndirilir.
Beynəlxalq aləm Dağlıq Qarabağ probleminin həll edilməməsini azərbaycanlıların hüquqi və mənəvi haqlarının tapdalanması kimi anlamaqdadır. Bu problemin Azərbaycanın ərazi bütövlüyünə toxunulmaması şərti ilə həll edilməsinin tərəfdarı olduğunu bildirməkdədir. Qarabağ probleminin həllinin bu qədər uzanması müasir qloballaşma prosesinə ziddir. Bu halın davam etməsi iqtisadi cəhətdən potensial imkanlara malik olan Azərbaycana təsir etdiyi halda, dotasiyalarla yaşayan Ermənistanı dünyada gedən proseslərlə necə ayaqlaşacağı barədə düşünməyə vadar etməkdədir.