Qeyrət Quliyev
«Hər gün Qarabağ, hər yer Qarabağ!», «Allahu-əkbər, Xankəndinə qədər!»
Şüarları vergülə qədər və sonra sistemli yanaşmada
(Problem əksliklərin vəhdəti və mübarizəsi müstəvisində gələcəyimizin təminatı kimi)
“Külli Qarabağın abu-həyatı sərtbəsərt müharibədir müharibə” (Bizim nəzirə)
Tarix onlarla klassik misallara şahiddir ki, cahanşümul proseslər, tarixi dəyişən hərəkatlar, zamanı qabaqlayan hadisələr, xalqı, milləti səfərbər edən aksiyalar, kütləni yaxşı mənada qarşısıalınmaz vəziyyətə gətirən zaman kəsikləri şüarlardan başlayıb. Onlar dövlət rəmzlərinə, millətlərin totemlərinə, sərhədlərinə bərabər tutula biləcək qədər əhəmiyyətlidir. Təbii ki, onların müəllifi və ya müəllifləri olur. Bu partiya da, hərəkat da, hansısa başqa formalı qurum da ola bilər. Əsas bu deyil, odur ki, həmin şüarlar ümummilli ola bilir, ya yox? Şüarların müəllifi və ya müəllifləri arxivlərdə itib-bata da bilərlər. Onları tapıb dəqiqləşdirmək tədqiqatçıların işidir. Şüarlar elə belə yaranmır. Xalqın, millətin başı daşdan daşa dəyir, onlar ümumi təhlükəyə məruz qalırlar. Ortaya mövcud olub-olmamaq məsələsi çıxır. Şüarla dövlət yarana, qurula, həm də dağıla, parçalana bilər. Onlar şüura hesablandığı kimi, psixikaya, emosiyaya, kütlənin bəzən zəruri olan idarəolunmazlığına da hesablanıb...Biz şüarlarla bağlı ən ümumi, ancaq prinsipial müddəalar üzərində dayandıq. Qısası, dövlət, xalq, millət ayrılıqda və birlikdə ümummilli şüarlara malik olmaya bilməz. Bu onlara hava kimi, su kimi zəruridir. Yuxarıdakı bütün müddəaları onlarla misallarla təsdiq eləmək olar. Amma bəzi nümunələrlə kifayətlənək. Məgər dünyanı kiçildib balaca bir otağa sığışdıran internet özü şüara çevrilmiş bir gerçəklik deyilmi? Axı o cahanşümul bir prosesin əsasını qoydu. Yəni informasiyanı gizlətməyə son, həlledici zərbəni vurdu. Onun sərhədlərini vurub dağıtdı. «Ortaqlaşdırmaya doğru!» şüarı dövlətlərarası nazirlik tərəfindən həyata keçirilsə, türkdilli dövlətlərin tarixini dəyişən hərəkata çevrilməzmi? Çevrilər. Hələ 1974-1975-ci illərdə «Bu quruluş dağılacaq!» demək zamanı qabaqlayan şüar irəli sürməyə bərabər idi. Elçibəy mərhələsi belə başlamışdı. Berlin divarının sökülməsinə qədər mənim xalqım quş belə səkə bilməyən imperiya sərhədini söküb xalqı, milləti səfərbər edən aksiya həyata keçirmişdi. Hara çevirsələr də bu «Bütöv Azərbaycan!» şüarının təzə doğuluşudur. Rübabə Muradovanın «Doldurun Arazdan piyaləmi mənim» oxuması da artıq şüar kimi səslənir. İndiki Xankəndində o vaxt erməniləri «Miatsum!» şüarı müalicəsi mümkün olmayan kütləyə çevirməmişdimi? Biz sərhəd qülləmizdə tək-tənha, ayıq-sayıq dayanmış Əsgərimizi totemimiz tənha boz qurddan fərqləndirmirik. Onlar da şüar qədərdirlər. «C.Qaribaldimi ümummilli şüarlar yaratdı, yoxsa ümummilli şüarlar onu» sualı tədqiqatçılar üçündür. Əsas odur ki, İtaliya birləşdirildi. İndi biz «can bədəndən ayrı» vəziyyətindəyik. Qarabağ bəzi beynəlxalq güclərin köməyilə əsir götürülüb. Dəfələrlə dövlətimizə təklif etmişik ki, təqvimdən bir gün ayırıb «İşğal edilmiş ərazilər günü» kimi qeyd etmək haqqında qərar versin. Verməyiblər və müxalifətdən də lazımi dəstək almamışıq. O hakimiyyətə bu məsələdə davamlı təzyiq belə etməyib. Bizə bu günün qeyd edilməsi həm də Qarabağla bağlı ümummilli şüarlar formalaşdırmaq üçün zəruridir. Yaponiya dəli deyil ki, indiyə qədər «Şimal əraziləri günü»nü qeyd edir. Almaniya isə bəzi vağzallarında elan edir ki, «Qatar müvəqqəti olaraq Köniqsberqdən keçmir». Kalininqrad nəzərdə tutulur. İstənilən auditoriyada sübut etməyə hazıram ki, ümummilli səviyyədə rəsmiləşdirilməmiş şüarlar olmasa, ərazi bütövlüyümüzü bərpa edə bilməyəcəyik. Əslində xəritəyə qoyulan Qarabağ yox, bütövlükdə Azərbaycan dövləti, xalqı, millətləri və onların mövcud olub-olmayacağıdır. Biz nə təklif edirik? Hansı təcrübəyə əsaslanırıq? Beləliklə
1.İqtidar-müxalifət sisteminin baxışı və yekunu hər iki postda iflasın nəticəsi rolunda
1998-ci ilin payızında məlum oldu ki, ölkə iqtidarı və müxalifəti yeni qüvvələrin qarşısını almaqda birgə fəaliyyət göstərirlər. Təkzibedilməz dəlillər ortaya çıxmışdı. Bu yeni şey olduğundan anlayışla adlanmaq - yəni formulə edilmək tələb edirdi və biz ciddi araşdırmalardan sonra «iqtidar-müxalifət sistemi» anlayış-ifadəsini ortaya qoyduq. Axı onlar sistem əlamətlərilə birləşiblər və yeni sistem qurmaq istəyən yeni qüvvələrlə ermənilərlə vuruşmadıqları kimi vuruşurlar. Niyə də birləşməsinlər, vuruşmasınlar. İndiki iqtidar da, indiki müxalifət də həm iqtidarda, həm də müxalifətdə iflasa uğrayıblar. Xalq 6-7 ildir «İlanın ağına da lənət, qarasına da lənət» deyir...Təkcə bunlara görə siyasətdə qalmaq üçün bunların birləşməkdən başqa əlacı qalmır. Dəfələrlə iqtidar müxalifəti, müxalifət isə iqtidarı biabırçılıqdan qurtarıb. İMS (bizim «iqtidar-müxalifət sistemi» anlayış-ifadəmizi bundan sonra mötərizənin əvvəlindəki mürəkkəb ixtisar şəklində oxuyun- Q.Q) Qarabağ probleminə necə baxıb və hansı yekunlar əldə edib? İlk növbədə hakimiyyət dəyişiklikləri ilə rayonlarımızın işğalı üst-üstə düşüb. Bu o deməkdir ki, hakimiyyət uğrunda mübarizə onlara ərazilərimizin işğalından vacib olub. Şübhəsiz, bəzi hallarda rayonların işğalı hakimiyyətə gəlməyin şərti olub. 9 dövlət vəd edibmiş ki, filan namizədin (guya başqaları da var idi) «seçilməsi»nin arxasında «Qarabağ probleminin həlli durur» (bu Milli Məclisdəki naşı, şok çıxışdan sitatdır- Q.Q). H. Əliyev hakimiyyətə gələndə daha böyük ərazi işğalı oldu. Şərtləri bütün hallarda Azərbaycandan qıraqda müəyyənləşdiriblər...
Daha sonra bunlar problemin həllini tam həcmdə fövqəldövlətlərin və beynəlxalq güclərin ixtiyarına təqdim etdilər. ATƏT-in Minsk qrupunun yaradılması həm də atəşkəsə razılıq vermək idi. H.Əliyev nöqtə qoyub ona imza atdırdı. İnsaf naminə, fərqlər də var. AXC-Müsavat hakimiyyətsizliyi dövründə ordumuz Xankəndinin həndəvərində idi, xalq «Qarabağ» hayqırırdı, kimisə müharibə təbliğatına görə mühakimə etmirdilər. H.Əliyevin dövründə isə xalqın döyüş ruhunu qırmaq, təslimçilik siyasəti xətti aparılırdı. Xalqı «Barı Naxçıvan»a oynatmağa çalışırdılar. Bu hakimiyyətin məşhurlaşdırdığı maddələr (57- Vətənə xəyanət, 220- qanunsuz silah saxlama) kütləvi şəkildə tətbiq edilərək əslində özünəməxsus represiyalara çevrildi. Müharibə təbliğatına görə məhkəmələr qurmaq cəhdindən əl çəkmirdilər. Fərarilik ən yüksək səviyyədə bağışlandı. Yadınızdadır, H.Əliyev Prezident Aparatında fərarilərlə zal dolu bir görüş keçirdi. Bu müharibə tərəfdarlarına mesaj idi. H.Əliyevin bir müstəsna xidməti də olub. O atəşkəsi səskəsə çevirib cəmiyyətin təpəsinə çırpıb. Onun yaratdığı sabitliyi (biz buna həmişə «məzarlıq sükunəti» demişik) haqqında adi tənqid deyəni o saat sıxışdırıblar ki, bəs atəşkəsi pozursan. Yəni bu ölkədə atəşkəs müharibədən başqa hər şeyə aid olub. Onu daxili siyasi rəqibləri əzmək üçün istifadə ediblər. Ordunu möhkəmləndirməkdən ötrü yox. H. Əliyev özü hava limanında bir az da fəxrlə dedi ki, «Bir tank da almamışıq»...Bir müddət hər iki tərəf işğal günlərində işğal olunmuş rayonun ictimaiyyətilə görüşmək yarışına girişdilər və sonra bunu da unutdular...Və, nəhayət, İMS ölkə Avropa Şurasına daxil olanda yazılı, imzalı öhdəlik götürdü ki, müharibə etməyəcəklər. Ötən ilki prezident seçkilərində bunu xaricdəki ağalarına çox yaxşı nümayiş etdirdilər. Dönə-dönə deyirdilər ki, müharibə etməyəcəklər. Biri o birisini şantaj edəndə deyirdi ki, filankəs gəlsə, müharibə edəcək, pullarınız batacaq. Bax, burda əksliklərin vəhdəti var, amma mübarizəsi yoxdur.
Beləliklə, bunlar heç nəyə nail olmayıblar. Sülh deyib durublar. Təfəkkürləri də belədir ki, nəyinsə həllini nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaqdan və ona gəlməkdən qıraqda görmürlər. Bunlardan ötrü belə məsələlər yoxdur ki, onlarla müqayisədə hakimiyyət məsələsi çox kiçik görünsün. İçlərində elələri var ki, bir rayondan ibarət ölkənin belə prezidenti olmağa razı olarlar. Bunlar «dSxS»dirlər. Bizim bu mürəkkəb ixtisar belə açılır – «daxildə Səddam, xaricdə Samosa». Öz postlarına, xalqa münasibətdə Səddam olan bu adamlar xaricin əsiri olduqlarından Samosadırlar. ABŞ və fövqəlgüclər qarşısında Samosa olmaq uğrunda təhqiramiz yarışırlar. Yenə də əksliklərin vəhdəti var, amma mübarizəsi yoxdur. Onlar isə müharibədən danışmağı gerilik əlaməti, az qala vəhşilik sayırlar. Bu yaxınlarda təxminən belə AŞ-dan V. Şvimmer danışdı. Dedi ki, «Azərbaycanla Ermənistan siam əkizləridirlər. Ayırsan qan tökülər» Biz İMS-dən prinsipial olaraq ayrıldığımızdan, onların hər iki tərəfinə müxalifətdə olduğumuzu rəsmən elan etdiyimizdən onlara «nöqtə» işarəsini çoxdan qoymuşuq. Qarabağ məsələsində də bütün digər məsələlər kimi bitiblər. Amma bu ölkədə onların yaratdığı xeyli «üç nöqtə» qoyula biləcək suallar var. Bizim onları həll etməyə iddiamız da var, müddəamız da. Bəs Qarabağ məsələsində bu müddəalar nədən ibarətdir? Yəni
2. İki şüarın iki vergülünün, iki nidasının mahiyyəti baxışın və yekunun dəyişəcəyinə təminat yolu
«Hər gün Qarabağ, hər yer Qarabağ!»… «Allahu-Əkbər, Xankəndinə qədər!»…İllərdir biz bu şüarları ictimai şüura yeridirik. Nəticə də var. Dəfələrlə tanımadığım adamlar bəndənizi küçədə, telefonda, tədbirlərdə bu şüarlarla salamlayıblar. Amma partiya sədri olub ki, B. Dadaşovanın konsertinin fasiləsində bəndənizlə rastlaşanda şüarı ələ salıb və cavabını artıqlaması ilə alıb. Bu adam prezident olmaq iddiasındadır… Biz hesab edirik ki, Azərbaycan siyasətinin konsepsiyası, modeli, texnologiyası, adət-ənənələri dəyişməsə, ərazi bütövlüyümüz bərpa olunmayacaq. Ölkə hakimiyyətində və müxalifətində sistem islahatları da aparılmalıdır. Bunlar birlikdə ölkənin islahatı demək olacaq. Keçək şüarlara. Biz nə sadəlöhv, nə də fanatik deyilik ki, təkcə şüarlarla Qarabağı almağın mümkünlüyünə inanaq. Amma dəqiq bilirik ki, xalqın təfəkkürünə oturmuş, qanına hopmuş, iliyinə işləmiş şüarlarsız bu mümkün deyil. Bunlarla yanaşı, bizim şüarlarda başqa fəlsəfə var. Nədən biz şüarı «Hər gün Qarabağ, hər yer Qarabağ!» kimi formulə etmişik? Vergüldə dayanıb, onun yerinə «nida» qoymaqla qurtarmaq olmazdımı? Yoxsa bu improvizə tamlığını («Hər gün Aşura, hər yer Kərbəla!» şüarından improvizə nəzərdə tutulur – Q.Q) qoruyub saxlamalıdır.? Yox və yox. Söhbət prinsipial müddəalardan gedir. Bizim bu vergülümüz «iqtidar-müxalifət sistemi» anlayış-ifadəmizdə olan tiremiz kimi ciddi əhəmiyyət kəsb edir. Tire orada sistem əlamətlərilə birləşməni simvolizə edirdi və edir. Vergül isə o deməkdir ki, ölkənin ermənilərdən qalan 80 faizi də işğal edilib. Yəni iqtidar-müxalifət sistemi tərəfindən. Ölkədə onların ictimai don geyindirdikləri şəxsi iddialarından qıraqda hər qüvvəni amansızcasına, əxlaqa, sivil mübarizə prinsiplərinə məhəl qoymadan məhv edirlər. Son 6-7 ildə bu alınmadığından «isterika» vəziyyətindədirlər. Yeni qüvvələri əvvəl ələ salıb inkar etdilər, sonra perspektivləri yoxdur dedilər, sonra avanturistcəsinə bleflədilər ki, yeni qüvvə də bizik. Ən maraqlısı və fəndgiri seçkilərdə baş verdi. Öz seçki orqanlarında, bəyanatlarında müstəqil siyasətçilərə yer verməyə hazır olduqlarını vurğuladılar… Heç bir həqiqi müstəqil siyasətçi onların bu tələsinə düşmədi. Seçkidən sonra seçicilərin səslərini qoruya bilməmələrinə, fəaliyyətsizliklərinə haqq qazandırmaq üçün yenə də blefə əl atdılar ki, bəs yeni qüvvələrə vaxt versək də, onlar üzə çıxa bilmədilər. Bunun arxasında o dəli inam durur ki, bu ölkədə onların razılığı olmadan heç bir qüvvə siyasi səhnəyə çıxa bilməz… Əlbəttə, özlərindən başqa heç kim bu mifə inanmadı. Amma bunları qınamaq da olmaz. Axı əksəriyyəti iqtidarın və xaricin razılığı olmadan «mık» belə eləmirlər. Qayıdaq şüara. Onun vergüllə ayrılan tərəfləri arasında prinsipcə «bərabərlik» işarəsi qoymaq olar və heç nə dəyişməz. Kəsəsi, ölkə bunların işğalından azad edilməsə, Qarabağ azad edilməyəcək. Bunu biz edəcəyik. Artıq ictimai şüuru İMS-in əlindən almış kimiyik. Bəzən belə mesajlar gəlir ki, biz folklorda deyildiyi kimi «iynə ilə gor qazırıq»… Bəli, bəli, razıyıq, bizim belə vaxtımız olub. Amma arxada qalıb. Biz o vaxt and içmişdik ki, iynə ilə olsa belə bu iqtidarın, bu müxalifətin siyasi gorunu qazacağıq. İndi hansı əmək aləti ilə işlədiyimizi qoy xalq desin. Lakin bu 100 faiz iynə deyil. Onların öz içərisində müstəqillər əmələ gəlib. Məsələn, onlardan biri müsahibəsində deyir ki, KİV-dən ona gündə 15-20- müraciət olur və heç biri həmin partiyanın funksioneri olması ilə bağlı deyil, müstəqil siyasətçi kimi qəbul edilməsiylə bağlıdır. Kim desə ki, bu həm də bizim Azərbaycan cəmiyyətində 1999-cu ilin aprelindən planlı şəkildə işləməyə başladığımız iynə ilə bağlı deyil, bilin ki, səmimi deyil.
«Allahu Əkbər, Xankəndinə qədər!» şüarına görə başımız çox çəkib. Bunların nə gündə olduğu apreldə olmuş müzakirədən göründü. Hələ də «Stepanakert» deyib-yazırlar. Ermənilər Əli İnsanova Yerevanda elə-belə deməmişdilər ki, «Bizim yeganə ümidimiz Heydər Əliyevədir». Antiiçi müxalifət o vaxt lağa qoydu. Biz isə tam ciddi yazdıq ki, «Bəli, bəli ermənilərin bu ölkədə ümid edə biləcəyi yeganə quvvə H. Əliyev və komandasıdır». R. Mehdiyevin, F. Abdullazadənin və digərlərinin oturduğu aparat ancaq belə müzakirə təşkil edə və erməniləri sevindirə, xalqımızın, millətimizin isə bağrını çatlada bilərlər. Prezident Aparatındakı tragikomik tamaşa göstərdi ki, ermənilərin rəhmətliyə olan ümidləri özündən sonra da doğrulur. Professor İ. Vəliyevin də məsuliyyəti var. Amma onun əsas günahı İMS-dən ayrılmaması, onun içində olmasıdır. 32 kitabı, 700 məqaləsi var. Üst-üstə yığsan bəzi adamların boyundan və çəkisindən artıq olar… Dəxli olan haşiyədən qayıdaq şüara. Təbii ki, İslam irsinin, təcrübəsinin istifadəsini nəzərdə tuturuq. Kiminsə inkar etməsindən asılı olmayaraq, dünyada dini zəmində nəhəng qarşıdurma var. Bunu etiraf etməyənlər «qarşıdurma» əvəzinə «rəqabət» deyirlər. Biz folklorda buna «Həsən keçəl, keçəl Həsən» deyirik. Xristian təəssübkeşliyi, islama (müsəlmanlığın olduğu ölkələrə) ən azı soyuq münasibət beynəlxalq güclərin (BMT, DB, BVF, ÜDTT, AŞ və..) əsas qeyri-rəsmi fəaliyyət prinsipidir. Papa özü V.Putinə deyib ki, «ötən minillikdə Amerikanı xristianlaşdırdıq, bu minillikdə də Asiyanı xristianlaşdıracağıq». Biz torpaq davasına din davası kimi baxmağın qəti əleyhinəyik. Baxmayaraq ki, faktik olaraq buna çəkilmiş kimiyik. Dünyanın enerci ehtiyatları əsasən müsəlmanların ölkələrindədir. Qərbdə, ABŞ-da, Avropada isə həm enerci ehtiyatları tükənir, həm də total mənəvi böhrandır. Yəni təkcə təbii ehtiyatlarımza sahib olmaq üçün marionetləri iqtidarda və müxalifətdə saxlamaqla kifayətlənmirlər. Həm də millətimizi məxluqatlaşdırmaq, xalqımızı zombiləşdirmək, dövlətimizi sifətsizləşdirmək yolunu tutublar. Biz bütün bunlara müharibə elan etməliyik. «Allahu-Əkbər» sədası bizdə var, amma Xankəndində olmadığından şüarda vergüllə dayanıb, sizləri qərar qəbul etməyə dəvət etmişik. Bizim qərarımız belədir ki, dinimizi ərazimizdə bərpa etməliyik. Məscidimiz bərpa olunacaq. İlahidən gəlmə musiqi, saat olan azan səslənəcək. Yaxşı, axı biz müharibə vəziyyətindəyik. Bu müharibədir, yoxsa biznes? Yəni
3. Müharibə üstündə biznesdən müharibəyə və ya epiloq proloq yerinə
İstənilən səviyyədə sübut edə bilərik ki, bizdə müharibədən çox müharibə faktoru üstündə biznes olub, var və yeni qüvvəllər bu ölkəni İMS-dən alıb camaatımıza qaytaranda olmayacaq. Müharibə üstündə biznesin əsas tezisi nədir? Odur ki, ölkə iqtidarı da, müxalifəti də hər şeyi olmayan müharibə ilə izah edir. Bu artıq dərin kök salmış istiqamətdir. Ən adi işləri görməmələrinə haqq qazandırmaq üçün camaata deyirlər ki, «keçid dövrüdür». Bu nömrə keçməyən kimi yalandan əsəbləşirlər ki, «müharibə vəziyyətindəyik». Ölkə qəddarcasına talanır və söhbətsiz bunu həm də müharibə vəziyyətinin adına sənədləşdirirlər, silirlər, süpürürlər… Adını qoyurlar «inventarlaşdırma». Zavodların avadanlığını söküb satıb-dağıdıblar ki, hərbi məhsul istehsalına keçirik. Ermənistana yanacaq göndərib ölməyə qoymurlar. Həlak olanlar, əsir düşənlər, girov götürülənlər üstündə də uzun müddət milyardlar qazananlar olub. Minlərlə saxta əlil sənədləşdiriblər. Bir-iki şəkil çəkdirib «döyüşmüşəm» deyə bu millətin boğazına keçən siyasətçilər var. Bir dəfə rəhbərlik etdiyim şöbənin müxbiri bir siyasətçinin belə bir şəkilini gətirdi ki, əlimə keçib, gedim özündən bunun tarixini öyrənim. Düz bir səhifə danışmışdı ki, ay belə döyüşmüşük… Biləndə ki, müxbirə şəkili özü verib sarsıldım və müxbiri işdən uzaqlaşdırdım…Uzatmaq istəmirəm. Sadəcə qeyd edim ki, bizdə müharibə biznesi dövlət aparatı ilə çulğalaşmış kölgə iqtisadiyyatının tərkib hissəsidir və onun qalmasında həmin bu dairə maraqlıdır. Onlar müharibə etməyəcəklər ki, milyardlarla pulu itirməsinlər… Hələ danışıqlar prosesinə sərf olunan maddi-texniki vəsaiti demirəm. Bu da beynəlxalq biznesdir. Turist biznesi. Belə eybəcər vəziyyətə baxmayaraq, bizdə müharibə tərəfdarları ilə əleyhdarlarının açıq mübarizəsi hələ başlamayıb. Bəs başlayacaqmı? Biz sözümüzü məlum şairdən etdiyimiz improvizədə demişik – «KÜLLİ QARABAĞIN ABU-HƏYATI SƏRTBƏSƏRT MÜHARİBƏDİR MÜHARİBƏ!» Bu epiloqu təhlilin proloqu kimi səsləndirib keçirik sintez mahiyyətli nəticələrə.
İşğaldan azadlıq müharibəsinə və azad, demokratik, ədalətli Azərbaycana!
Nəticələrə qoyduğumuz ümumi ad şüar kimi səslənir və epiloq kimi verilmiş nəzirəni də nəzərə alanda artıq 4 şüarımız olur. Başqa ümummilli şüarlar təklif edilərsə, onlar da müzakirə edilə bilər. Amma indiki şüarsızlıqla qurtarmağın vaxtı çoxdan keçib. Biz dövlət, xalq, millət olaraq ümummilli şüarların yaxşı mənada əsiri olmalıyıq. İMS-dən xilas olmağın yeganə yolu azad, bərabər, demokratik, ədalətli seçkidir. Bizim istəyimiz, tələbimiz də budur. Belə seçkidə uduzsaq, qalibi tanıyacaq və müxalifətdə qalmaqla dövlətin, xalqın, millətin talyei ilə bağlı məsələlərdə iqtidarla əməkdaşlıq edəcəyik. Lakin BMT-nin üzvüyük və onun bizim də qoşulduğumuz rəsmi sənədində belə bir müddəa nəzərdə tutulur ki, xalqın onu qane etməyən rejimə qarşı üsyan etmək hüququ var. Politologiyada buna «məxməri inqilab» deyirlər. Biz son saniyəyə qədər də bunun əleyhinə olacağıq. Amma İMS ölkəni küçə variantına sürükləyir. Xalq buna gedəndə onun qarşısında biz də daxil olmaqla bütün qüvvələr çox aciz qalacaq. Ən son variant kimi bu baş verəndə seçki ilə qanuniləşəcək. Qısa müddətdən sonra azadlıq müharibəsinə qalxıb torpaqlarımızı azad edəcəyik. Burada beynəlxalq hüquqa zidd olan heç nə yoxdur. Bütün bunlarla yanaşı, İMS-dən fərqli olaraq bizim üçün bir sıra məsələlər hakimiyyətlə müqayisədə çox kiçikdir. Bunu həmişə nəzərə almışıq, alırıq, alacağıq da.