Mərziyyə Nəcəfova
Müasir poeziyamızda «Qarabağ» mövzusu
80-90-cı illər dünyamızın mürəkkəb, təzadlı olması, dövrümüzün bir cəmiyyətdən digərinə keçid mərhələsi, yaşadığımız faciələr müasir ədəbiyyatımızın qarşısına daha qəliz və ağır bir vəzifə qoydu. Ədəbiyyatımız 80-90-cı illərdə müəyyən qədər bu hadisələrə münasibət bildirdi. Bu gün də müasir ədəbiyyatımızda (hansı canrda yazılmasından asılı olmayaraq) Qarabağ mövzusunda əsərlər yaranır, məlum məsələlərə münasibət bildirilir. Ancaq 1941-1945-ci illər müharibəsində olduğu kimi, ədəbiyyatımızın publisistika və poeziya canrı elə ilk günlərdən daha fəal və çevik olub. Düzdür, poeziyamızda azadlıq hərəkatı ilə bağlı ideyalar 60-cı illərdən tədricən yaranmağa başlamışdı. Ancaq 60-cı illərdə azadlıq, müstəqillik arzuları cücərməyə başlasa da, söz demək azadlıq arzularını dilə gətirmək çətin olmuşdur, lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı uzun mübarizədən sonra azadlıq arzularına qovuşdu. 80-ci illər rus ordusunun günahsız xalqın övladlarının qanına qəltan etdiyi vaxtdan poeziyamızda və publisistikamızda azadlıq mövzuları ədəbiyyatımızın başlıca mövzularına çevrildi. O, qanlı 20 yanvar gecəsinı xatırladıqca ilk öncə xalq şairi Qabilin «Mərsiyyə»si yada düşür. Şair 20 yanvar gecəsində yaşadığımız, şahidi olduğumuz faciəni Kərbəla müsibətinə bənzədir, o dəhşətdən qeyzlənir, üsyan eləyirdi:
«Mərsiyə»də hirsindən, hikkəsindən od püskürən, hiddətindən partlamaq dərəcəsinə çatan bir şairin ürək naləsi duyulurdu. O ağır günlərdə Qabillə bahəm N. Xəzri, C. Novruz, B. Vahabzadə, X. Rza Ulutürk, M. Araz, S. Rüstəmxanlı, Z. Yaqub və başqaları hadisələrə, müsibətlərə öz münasibətlərini poeziya dili ilə bildirirdilər. Şübhəsiz ki, bu poeziya nümunələrində məqsəd, məram bir idi. Xalqın çətin və ağır günündə onlara dayaq olmaq, bu xalqın günahsız övladlarının gülləbaran edilməsində səslərini ucaltmaq, bu xalqın haqqını ədalətlə müdafiə etmək. Ancaq o dövrün poeziyasında haqsızlığa, nankorluğa, qaniçənliyə, vəhşiliyə nifrət hissləri daha da güclü idi. «Zəlimxan Yaqub» «Qalmaz» rədifli şerində bu qədər qəddarlığı, bu qədər günahı yerdə bəndə götürsə də, göydə Allahın götürməyəcəyini qəlb yanğısı ilə hiddətlə, ürək ağrısı ilə yazırdı:
Sınar dağların beli, bu qədər ah götürməz,
Adi insan olan kəs belə günah götürməz,
Yerdə bəndə götürsə, göydə Allah götürməz,
Qəm yemə, dəli könlüm, nahaq qan yerdə qalmaz (Z.Yaqub)
Və yaxud Sabir Rüstəmxanlının poeziyasındakı birliyə çağrış, azadlığa, müstəqilliyə çağırış arzuları güclü və təsirli idi. Şair müstəqilliyin nə qədər bənzərsiz olduğunu vurğulayır, azad olmaq üçün müstəqilliyi qiymətləndirir və əsas sayırdı.
Müstəqillik! ilk inamım, ilk həsrətim!
Müstəqillik! Xalqın məslək bayrağıdır
Müstəqillik – yarışlarda inanmaqdır
Öz südünlə çörəyinlə dolanmaqdır.
Şair müstəqillik anlayışını poetik ifadə ilə çox təsirli şəkildə əxz elətdirirdi.
Bu illərdə yaranan poeziya içərisində Bəxtiyar Vahabzadənin «Şəhidlər» poeması xüsusi ilə seçilirdi. Poemada müəllifin keçirdiyi hiss-həyəcan daha canlı ifadə olunur. Əsərdə şairin bu faciələrin içərisində olduğu, hadisələri əsl vətəndaş kimi, qəlb ağrısı ilə duyması, yaşaması əsərin təsirini daha da artırır. Ədəbiyyatşünas Elçin Mehrəliyevin «Müharibə və ədəbiyyat» adlı monoqrafiyasında «Şəhidlər» poemasını ədəbiyyatımızın, o cümlədən poeziyamızın 90-cı illər mərhələsinin diqqətəlayiq bədii hadisəsi kimi qiymətləndirir. Əsrin sonunda poeziyamıza, bütövlükdə bütün ədəbiyyatımıza «şəhidlər» mövzusunun müəyyən mənada bu poema ilə daxil olduğunu etiraf etmək mümkündür.
Poemanın başlıca bədii-sənətkarlıq xüsusiyyətlərindən bəhs edərkən, ilk növbədə burada həmin məsum tarixi günlərdə xalqın keçirdiyi hisslərin son dərəcə təsirli və yüksək poetik həyəcanla ifadə olmasını ayrıca vurğulamaq lazımdır. Şübhəsiz ki, bunun ilk səbəblərindən biri həmin hadisələrin baş verdiyi, cərəyan etdiyi günlərdə şairin bilavasitə bu hadisələrin içərisində olması, həm qanlı yanvar gecəsi ərəfəsində, həm də ondan sonrakı vaxtlarda həyata keçirilən ictimai-kütləvi tədbirlərdə, mitinqlərdə, Ali Sovetin iclaslarında, müxtəlif səviyyəli görüşlərdə fəal iştirakıdır; hadisələrin doğurduğu ağrı və iztirabları, məhrumiyyət və itkilər kədərini bilavasitə yaşamasıdır. Buna görə də şair poemada ümumxalq kədərini öz şəxsi kədərindən, öz vətəndaş «Mən»inin ağrı və iztirablarından çıxış edərək ifadə etmək yolu ilə getmişdir ki, bu cəhət poemanın yalnız məzmununu, ideyasını yox, müəyyən mənada həm də canr və formasını təyin etmişdir (E.Mehrəliyev).
Müasir dövr Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda yazıb-yaradan şairlərimiz içərisində Ələmdar Quluzadə xüsusilə seçilir. Bu, bəlkə də, Ələmdar Quluzadə poeziyasındakı yanğıdan, təbiilikdən irəli gəlir. Ələmdar Quluzadə poeziyası Xocalı faciəsinin törədilməsində erməni vəhşiliklərinin şahidi olub və bütün bu faciəni yaşamaq, poeziyaya gətirmək Ələmdar Quluzadənin tale yazısı olmuşdur. Elə buna görə də Ələmdar Quluzadə haqqında yazırlar: «Ələmdar Quluzadə dünyanın dərdlərinin içində yaşayan, zamanın ağrılarını içində yaşadan, Vətən, torpaq duyğularını, bəşəri sevgi hisslərini xalq hikmətləri ilə yoğuraraq poeziyaya çevirməyi bacaran şairimizdir» (M.Yusif).
Şair Məmməd Araz yazdığı kimi, «Müəllif öz dərdini, hamımızın dərdini böyük bir məharətlə ümumiləşdirib, bu xalqın övladlarını ayıq-sayıq olmağa çağırıb».
Milli qəhrəmanlarımızın döyüş yolunu əks etdirən yazarlardan biri də Abdulla Qurbanidir. A.Qurbani oxuculara hələ «Şəhidlər dastanı», «Gültəkin qayası», «Kərki həsrəti», «Naxçıvan şəhidləri», «Gedin deyin Xan çobana», «Ana, Murovdan gəlirəm», «Koroğlunun Ağdərə səfəri» və s. vətənpərvərlik ruhunda yazdığı əsərlərdən tanışdır. Şair A.Qurbaninin poeziyasındakı təb daha da fərqlidir. Çünki şair illərlə «Murovdağ» cəbhə bölgəsində döyüşlərdə olmuş, gördüklərini, yaşadığı ağrını və acını poeziyaya gətirmişdir. Müəllifin «Ana Murovdağdan gəlirəm» şerlər kitabı isə onun Murovdağ səngərlərində yazdığı qəm dastanı, şəhidlərimizin xatirəsinə ehtiramıdır. Şairin meyitləri Miras dağlarından çıxarılmayan şəhidlərin xatirəsinə yazdığı «Ağlamasın analar» şerində şəhidlərimizin ölməzliyi, şəhid vüqarı vurğulanır, «şəhid analara» şəhidlərin öz dilləri ilə açıqlanır, analarımızı başlarını dik tutmağa, səbirli, dəyanətli olmağa çağırır.
Gedər, qalmaz qara bulud,
Göz yaşın sil, qəmi unut,
Şəhidəm, başını dik tut,
Ağlama, anam, ağlama (A.Qurbani)
Son illərdə nəinki bədii yaradıcılıqda eyni zamanda elmi məqalə və əsərlərdə, diplom və kurs işlərində Qarabağ mövzusunda əsərlər yazılır, məlum məsələlərlə bağlı yazılmış bədii ədəbiyyat nümunələri təhlil olunur, onlar haqqında fikirlər söylənilir. Bu baxımdan Saleh bəyin «Dünyanın taleyi», Elçin Mehrəliyevin «Ədəbiyyat və müharibə», Mərziyyə Nəcəfovanın «Qarabağ mövzusu bədii publisistikada», Hicran Nəsibovanın «Müasir Azərbaycan poeziyasında milli azadlıq hərəkatı», Almaz Bünyadzadənin «Poeziyada milli azadlıq duyğuları» əsərləri nəşr olmuşdur.