Məsud Şükürov
Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi və
onun həlli yollarının axtarılması
Dağlıq Qarabağ münaqişəsi regional bir problem kimi, yəni Azərbaycanın daxili bir məsələsi kimi yaranmışdır. Lakin bir sıra obyektiv və subyektiv amillərin təsiri nəticəsində ermənilər onu əvvəlcə SSRİ zamanı sovet dövləti səviyyəsinə, sonra isə beynəlxalq aləmə səs salaraq beynəlmiləlləşdirməyə nail oldular. Burda erməni ideoloqları, siyasətçiləri, xaricdəki erməni diasporası və lobbisi, habelə Rusiyada, ABŞ-da, Fransada və s. ölkələrdə mövcud olan tərəfdarları və himayədarları köməklik göstərdilər. İkinci bir tərəfdən ermənilər Moskvanın əli ilə Azərbaycanda tez-tez hakimiyyət dəyişiklikləri edib, buradakı siyasi qüvvələrin biri-birilə barışmazlığından da məharətlə istifadə etdilər. Ermənilər yaxşı bilirlər ki, müasir dünyanın inkişaf mənzərəsi elədir ki, orada baş verən hər hansı bir milli konfliktə artıq ikinci dərəcəli bir münaqişə kimi baxmaq qeyri-mümkündür. Böyüklüyündən və kiçikliyindən asılı olmadan bütün millətlər və xalqlar dünyanın taleyüklü məsələlərində həlledici nümunə göstərmək, onun tarixi inkişafına həlledici təsir göstərmək imkanlarına malikdirlər.
Bu mənada Rusiyanın cənub qonşuları olan Cənubi Zaqafqaziya Respublikalarındakı siyasi hadisələrdə Rusiyanın iştirakı, burada baş verən təhlükəli oyunlar və ziddiyyətlər, münaqişə ocaqları alovlanıb dünya ölkələrini də öz orbitinə cəlb edə bilər, böyük regional, hətta dünya müharibəsinə səbəb olar. Rusiya bu regionda öz prestijini qoruyub saxlamaq üçün buradakı siyasi stabilliyin pozulması tərəfdarıdır. Ermənistan-Azərbaycan münaqişəsi, Elçibəy iqtidarının devrilməsi, qurama DQR kimi qurama bir respublikanın Rusiya rəsmi dairələri tərəfindən «de-fakto» tanınması faktları buna misal ola bilər.
Xəzər dənizinin neft sərvəti və neft kəmərlərinin marşrutları ikili nəticələr vermişdir. Bu, bir tərəfdən, beynəlxalq müqavilələr yolu ilə sülh yaratmağa, digər tərəfdən isə burada möhkəmlənmək uğrunda mübarizə aparmağa səbəb olur. Ona görə də iri dövlətlər bu işə kapital qoyduqlarından onların maraqları tələb edir ki, bu zonada etnik konfliktlər aradan qaldırılsın. Lakin bu heç də o demək deyildir ki, onlar bu zonaya birbaşa sülh gətirəcəklər. Onların bu işdə öz maraqları olduğundan bu etnik zidiyyətlərdən onlar bir kart kimi istifadə edirlər. Məsələn, Rusiya erməni amilindən istifadə edərək və regionda öz qoşunlarının olmasına istinad edərək öz iradəsini Azərbaycana qəbul etdirməyə və neft kəmərinin Avropaya nəqlini uzaq olsa da və baha başa gəlsə də, Novorossiyskdən keçirməyə cəhd göstərir. Digər dövlətlərin də hərəsinin öz maraqları var. Hətta ermənilər müəyyən güzəştə getmək şərtilə neft kəmərinin Ermənistandan keçməsini israr edirlər. Hadisələrin inkişafı və İstanbul sammiti Bakı-Ceyhan neft kəməri sazişinin bağlanması Rusiyanın planlarını alt-üst etdi.
Son illərdə siyasi ab-havanın yumşalması Ter-Petrosyanın «Barış yoxsa savaş» məqaləsində də öz əksini tapmışdır. Lakin bütövlükdə ziddiyyətli fikirlər söyləyən sabiq prezident məqalənin sonunda yazır: «Bütün ermənilər bilməlidir ki, Dağlıq Qarabağ ermənilərinin imzası olmayan sənədə Ermənistan qol çəkməyəcək», yaxud elə bu məqalədən bir müddət sonra verdiyi bəyanatda azərbaycanlılara məsləhət görürdü ki, «Qarabağ fikrini birdəfəlik başlarından çıxarıb atsınlar» və Lissabon Sammitinin «Azərbaycan tərəfinin cidd-cəhdlə diplomatik qələbə kimi təqdim etdiyi vəziyyət, əslində, təbliğat müharibəsində qələbədir». Yeni prezident Koçaryanın da buna uyğun verdiyi ziddiyyətli bəyanatlar, müsahibələr Azərbaycan ictimaiyyətini çaşdırmaq, Qarabağ siyasəti istiqamətində götürülmüş sülh və danışıqlar yolu kursunu pozmaq, regiondakı bu müharibə ocağını yenidən yandırmaq və Rusiya-Ermənistan xəttinin və estafetinin həyata keçirilməsi üçün Azərbaycana müxtəlif təsirlər göstərmək məqsədini güdür.
Rusiyanın Qafqazdakı ekspansiyasının əsas hərəkətverici qüvvəsi lap əvvəllərdən ideoloji və ticarət amilləri olmamış və o, geopolitik və strateji xarakter kəsb etmişdir. Üç əsr ərzində Rusiya öz ərazisini genişləndirib, nəhayət Qafqaza gəlib çatmışdır. Bu yolda o, İran və Türkiyə ilə qanlı vuruşmalar aparmış, yerli xalqların müqavimətini qırmalı olmuşdu. Onun Qafqaza gəlişi heç də «səlib müharibəsi» xarakterində deyildi. Qafqaz İran, Rusiya və Türkiyə arasında bir növ «bufer zonası» idi və tərəflərin hər üçü tarixən bu zonada möhkəmlənməyə, Qara dəniz və Xəzər dənizi arasında strateji mövqe tutmağa çalışmışlar. Rusiyanın bu regiona olan geopolitik maraqları SSRİ dağılandan sonra da yaşamaqdadır. Rusiya regiondan çəkilən kimi oranı milli qarşıdurmalar və münaqişələr bürüdü. Ora yenidən qayıdan Rusiya bu dəfə başqa paltarda idi, o artıq xalqları barışdıran sülh məramlı qüvvələr donunda zühur etmişdi.
Məsələn, Dağlıq Qarabağın baş inzibatçısı A.Volski 1992- ci ildə yazırdı ki, Rusiyanın geopolitik maraqları Qafqazda XIX əsrdə olduğu kimi qalır. Ona görə də, hətta biz istəsək belə, indi Qafqazdan çıxıb gedə bilmərik.(128, 1992, 4 oktyabr) Rusiya ondan ehtiyat edir ki, Qafqazda böyük dövlətlərdən hansı birisə (məsələn, ABŞ, İran, Türkiyə və b.) onun yerini tuta bilər. Bu da onun həyati maraqlarına zərbə vura bilər. Rusiyanın öz siyasətinin mahiyyətini bir sıra ortasəviyyəli çinovniklər həll etmişlər.
Rusiya iqtisadiyyatı və eləcə də onun hərbi sənayesi üçün əhəmiyyətli obyektlərin bir çoxu məhz Cənubi Zaqafqazda yerləşir. Məsələn, neft qazma avadanlığının üçdə ikisi Azərbaycandan gedirdi, Su-25 qırıcı təyyarələri Tbilisidə yığılır, hissələri isə Ermənistanda hazırlanırdı. Ermənistanda digər hərbi texnika növləri də hazırlanırdı. Keçmiş müdafiə naziri Vazqen Manukyan yazırdı ki, SSRİ dağılanda onun ölkəsinə böyük hərbi zavodlar miras qoyub getmişdir. Blokadaya baxmayaraq, onlar mütəmadi olaraq Rusiyaya ixrac olunurdu. AXC hakimiyyəti dövründə Azərbaycanın Rusiyadakı səfiri H.Hacızadə deyirdi ki, bir sıra Azərbaycan müəssisələri hələ də Rusiyanın sifarişini yerinə yetirir (117, 1993, 9 iyul). Rusiyanın Qafqazdakı maraqlarından biri də burada etnik rusların yaşaması və onların təhlükəsizliyinin qorunmasıdır. Qafqaz Respublikalarından heç biri antirus milli siyasət yeritməmişlər, Ermənistandan başqa. Məsələn, Azərbaycanda yaşayan 528 min rusun çox az bir hissəsi respublikanı tərk etmişdi. Lakin Ermənistanda yaşayan 66 min rusun hamısı çıxıb getmiş, hətta onlardan müəyyən qismi də Azərbaycanda məskunlaşmışdılar.
Asiya ilə Avropanın qovuşuğunda yerləşən Qafqaz, o cümlədən Azərbaycan həm də strateji-hərbi əhəmiyyət kəsb edir. MDB hərbi qüvvələrinin Ali Baş Komandanı Marşal Şapoşnikov elan etmişdi ki, əgər Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə iştirak edərsə, bu üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
1993-cü ilin ortalarında Azərbaycandan çıxan rus hərbi qüvvələri ona yenidən Türkiyə və İran sərhədlərini qorumaq üçün təsir göstərməyə başladı. Həm də o, bir qayda olaraq, erməni kartından istifadə edir. Ermənistan isə Azərbaycanı və Türkiyəni qorxu altında saxlamaq üçün rus ordusunu öz ərazisində saxlayır. Rus ordusu yenidən Gürcüstana, Abxaziya və Cənubi Osetiyaya gətirildi - bu dəfə sülh məramlı qüvvələr kimi. Yəqin ki, Qafqazın hər hansı bir yerində haçansa xarici bir orduya ehtiyac olacaqsa bu yenə də birinci növbədə rus ordusu olacaqdır.
Çünki Gümrüdə yerləşən 123-cü motoatıcı diviziyasının qarşısında duran əsas vəzifə keçmiş SSRİ sərhədlərinin qorunmasıdır. 1992-ci ilin mayında Daşkənddə bağlanmış müqaviləyə əsasən, Qafqaz respublikalarına rus hərbi texnikası verilmişdir. Bu müqavilə bu üç respublikanı həmin hərbi texnikanın ehtiyat hissələrlə təmin olunması və onları idarə etməyi öyrənmək üçün istər-isətəməz yenə də Rusiyaya bağlamışdır. Bu respublikaların hərbi kadrları yenə də Rusiyada hazırlanmalıdır. Belə ki, Rusiyanın bu respublikalardan uzaqlaşması yalnız zahiri illüziyadan başqa bir şey deyildir.
1998- ci ilin iyul ayının ikinci yarısında Rusiyanın müdafiə naziri İ.Sergeyevin Ermənistana səfəri zamanı belə bir fakt bir daha təsdiqləmişdir ki, Ermənistan regionda Rusiya mənafelərinin təmsilçisi rolunda çıxış etməkdədir. Səfərin əsas məqsədi Rusiyanın buradakı silahlı qüvvələrinin döyüş hazırlığını yoxlamaq olub. İ.Sergeyev bundan razı olduğunu bildirib. O, həmçinin Ermənistan prezidenti, baş naziri və müdafiə naziri ilə də danışıqlar aparıb. Səfərin nəticəsi kimi birgə bəyanat və protokol imzalanıb. Xüsusilə də bəyannamədə vaxtilə 1997-ci il avqustun 28-də imzalanmış Rusiya ilə Ermənistan arasında «Dostluq, əməkdaşlıq və qarşılıqlı hərbi yardım haqqında» Moskva müqaviləsinə əsasən ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi bildirilib. Belə bir əməkdaşlığın regionda strateji qüvvələr nisbətinin Ermənistanın xeyrinə doğru istiqamət götürməsinə səbəb olmuşdur. «Türk təhlükəsi» və «azərbaycanlıların birləşməsinə mane olmaq» məqsədilə son illər İran da bu hərbi-siyasi ittifaqa daha çox cəlb olunmaqdadır. Rusların S-300 tipli raketlərinin Ermənistanda və DQR- də yerləşdirilməsi, rus ordusunun Gürcüstandan çıxarılması ilə eyni vaxta düşür. Ermənistanın hərbi potensialının yüksəldilməsi bu missiyanın Gürcüstanda yaşayan ermənilər üzərinə qoyulacağına işarə verir. Habelə, neft kəmərinin Gürcüstandan keçməsi faktı da burada rus mənafelərinin qorunması zərurətini meydana çıxarır. Deməli, Gürcüstandan çıxan rus ordusunun vəzifəsini də indi burada ermənilər yerinə yetirə bilər. Rus hakimiyyət orqanları 90-cı illərin əvvəllərində Azərbaycanda da belə bir manevr etmişlər. Onlar Azərbaycandan öz ordularını çıxaran kimi, erməni qoşunlarını müdafiəsiz qalmış Azərbaycan şəhərləri və kəndləri üzərinə göndərmişlər. Analoji hadisə rus ordusu çıxarılandan sonra Gürcüstanı da gözləyə bilər. Rusiyanın İranla sövdələşməsi, Xəzər dənizinin bölüşdürülməsi və digər məsələlərdə ruslarla yaxınlaşması prosesində şübhə yoxdur ki, əsas amil Azərbaycan məsələsidir. Ruslar və iranlılar Azərbaycanı ya diz çökdürmək, ya da parçalamaq xəttini yeridirlər.
ABŞ özünün Qafqaza münasibətində hələ lap əvvəllərdən ehtiyatlı mövqe tutmuş və hətta onun Rusiyanın təsir dairəsinə daxil olduğu faktını qəbul etmişdir. BMT, ATƏT, ATƏM kimi beynəlxalq təşkilatların da bir sıra səylərinə baxmayaraq, problemin Rusiya tərəfindən həlli gözlənilir.
Dağlıq Qarabağ barədə ABŞ-ın mövqeyinə gəldikdə isə o, regionda əldə olunmuş atəşkəsin mümkün qədər daha çox uzadılması və bundan istifadə edərək problemin sülh yolu ilə həll edilməsinə tərəfdardır. 1997-ci il avqust ayında Azərbaycan prezidenti H.Əliyev Vaşinqtonda olarkən ABŞ prezidenti Bill Klintonla mühüm danışıqlar aparılmış və «Amerika Azərbaycan münasibətləri haqqında birgə bəyanat» imzalanmışdı. Burada göstərilir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü, demokratik inkişafını, müstəqilliyini və suverenliyini dəstəkləyir. ABŞ bu münaqişədə ədalətli və uzunmüddətli sülhün əldə edilməsi məqsədilə ATƏT-in Minsk qrupunda Rusiya və Fransa ilə birlikdə işləmək əzmindədir. Hər iki tərəf qeyd etdilər ki, münaqişənin həlli ATƏT-in Lissabon Sammitinin üç prinsipinə əsaslanmalıdır.
Həmin prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənir. Onlar aşağıdakılardır:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Azərbaycanın tərkibində Dağlıq Qarabağa öz müqəddaratını təyin etməyə əsaslanan bir razılaşma ilə müəyyən edilən, Dağlıq Qarabağ üçün ən yüksək özünüidarəetmə dərəcəsində hüquqi status;
3. Məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinin təminatı;
Bundan başqa hər iki tərəf bildirdilər ki, «Azadlığı müdafiə aktının 907-ci maddəsi ABŞ və Azərbaycan arasında əməkdaşlığın imkanlarını məhdudlaşdırır və ona görə də prezident Bill Klinton 90-ci maddənin ləğv olunmasının adminstrasiya tərəfindən qətiyyətlə dəstəklənməsini bir daha təsdiq etdi».
SSRİ-nin dağılması ilə əlaqədar olaraq, İranın geopolitik vəziyyəti xeyli yaxşılaşdı. İranla həmsərhəd olan və yeni müstəqillik qazanmış Azərbaycan, Gürcüstan, Türkmənistan İranla Rusiya arasında bir bufer zona yaratmış olurdu. İran dövləti bu ərazilərdən iqtisadi xeyir güdməyə, orada öz malları üçün geniş bazarlar əldə etməyə səy göstərdi. İran habelə Türkmənistandan və Azərbaycandan gəlib İrandan keçəcək neft-qaz kəmərinin çəkilməsi təklifi ilə çıxış etdi. Lakin İran beynəlxalq aləmdə və Qafqazda yaranmış siyasi vəziyyətlə razılaşmalı oldu. Bir tərəfdən Rusiya ilə yaxınlaşma meyli, digər tərəfdən bu respublikalara, xüsusən Azərbaycana edilən xarici təsirlər İranı məcbur etdi ki, o öz xarici siyasətində bəzi düzəlişlər etsin. Belə ki, azərbaycanlıların birləşmək meyli və burada yeridilən türkpərəst siyasət İranın ermənilərlə iqtisadi-siyasi və mədəni əlaqələrini möhkəmlətməyə və Azərbaycana qarşı sərt mövqe tutmağa gətirib çıxardı. Azərbaycana və Türkmənistana edilən ABŞ və Qərb təsirləri nəticəsində İranın təklifləri bu ölkələrdə qəbul edilmədi və İran da öz növbəsində Azərbaycana qarşı öz münasibətində erməni kartından istifadəyə üstünlük verdi.
Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün regionda stabilliyi poza biləcək bir amil kimi çıxış edə biləcəyindən qorxan İran Rusiya ilə hərbi sahədə də əməkdaşlığı genişləndirdi. İran həm də bununla regionda ABŞ-ın iştirakına qarşı Rusiya ilə birlikdə bir cəbhədə çıxış etməyi nəzərdə tuturdu. 1991- 1994-cü illərdə İran Cənubi Qafqazda siyasi stabilliyi nizamlamaq üçün bir neçə dəfə cəhd göstərdi və təkliflər verdi.
Onun Qafqazda İslamı geniş yaymaq cəhdləri o qədər məhdud idi ki, ruslar Çeçenistana hərbi müdaxilə edəndə İran zəif bir etirazla kifayətləndi. Görünür, İran üçün Rusiya ilə iqtisadi və hərbi əlaqələr panislamist prinsipləri hələ o vaxt qabaqlamışdı.
Rusiyanın səyləri və onunla bağladığı çoxlu müqavilələr İranı məcbur edir ki, Ermənistana qarşı siyasətində müəyyən qədər neytral mövqe tutmuş olsun. AXC hakimiyyəti illərində İranın vasitəçiliyindən imtina edilməsi, azərbaycanlıların birləşməyə çağırılması, antiİran siyasətinin yeridilməsi İran-Azərbaycan münasibətlərində soyuqluq yaratmış və nəticədə cəbhələrdəki məğlubiyyətlərimiz, İranla olan 160 km-lik sərhədlərin ermənilər tərəfindən işğalı İranın ciddi etirazlarına səbəb olmamışdı. Naxçıvana ermənilərin hücumu zamanı İranın Aərbaycanla müştərək mühəndis qurğularını qorumaq bayrağı altında öz əsgərlərini bu obyektlərə göndərməsi isə əksinə, Rusiyanın ciddi etirazına səbəb olmuş və o, İrandan tələb etmişdi ki, bu münaqişəyə qoşulmasın. Lakin bütün bunlara baxmayaraq, sadə iranlılar ermənilərin bu vəhşi hərəkətlərini pisləyir və dövlətə təsir göstərib onu bu məsələyə dair siyasətində düzəlişlər aparmağa çağırırdı.
Ərazisi üç yüz il ərzində öz böyük şimal qonşusu Rusiya tərəfindən həmişə təqib və hücumlara məruz qalmışdır. Ona görə də SSRİ-nin dağılması və Qafqazda müstəqil respublikaların yaranması İran üçün böyük əhəmiyyətə malik olan bir hadisə idi. Nəhayət, İran bu regiona öz iqtisadi və mənəvi təsirini gücləndirə bilərdi.
Əhalisinin böyük bir qismini Azərbaycan türkləri (azərilər) təşkil etməsi faktı da Dağlıq Qarabağ hadisələrinə İranın biganə qala bilməməsinin əsas səbəbidir. Lakin İran hər iki Azərbaycanın birləşə bilməsi imkanını aradan qaldırmaq üçün onun heç birini güclü görmək istəməzdi. Cənubi Azərbaycan ərazisinin ostanlara bölünməsi, Dağlıq Qarabağda azərbaycanlıların məğlub olub zəifləməsi də İranın təhlükəsizliyi üçün normal sayılan hadisələr olduğundan İran, öz vətəndaşlarının səylərinə baxmayaraq, ermənilərə qarşı elə ciddi bir təäbirə əl atmadı. Şübhə yoxdur ki, İran ermənilərin də güclü olmasını istəmir, amma İran böyük iqtisadi potensiala və böyük əraziyə malik olan bir dövlət olsa da, güclü hərbi maşına malik deyil, ona görə də istər Ermənistan, istərsə də Azərbaycan həmişə onun vasitəçilik missiyasına ehtiyac görməmişlər.
İran bu konfliktlərin həlli yolunda özünün imkanlarını yaxşı qiymətləndirdiyindən və Türkiyənin regionda nüfuzunun artmasından qorxub Rusiya ilə yaxınlaşır və münaqişənin həllində onun gücünə arxalanır. Bundan başqa, İran Qafqaz və Orta Asiya problemləri üçün Avropa Şurası ilə də əlaqələr saxlayır. İranda bu problemin həlli üçün əməkdaşlıqda Türkiyəni Rusiyadan üstün tutan qüvvələr də var. Amma ABŞ və NATO amili buna mane olur.
Ümumiyyətlə, Dağlıq Qarabağ problemi hər üç dövlətin – Rusiya, İranın və Türkiyənin birgə vasitəçiliyi ilə həll oluna bilər.
SSRİ-nin dağılması Türkiyə-Azərbaycan əməkdaşlığı qarşısında böyük perspektivlər açdı. Türk xalqlarının müstəqillik qazanması bu respublikaların siyasi cəhətcə yaxınlaşmasına və Avrasiyada yeni bir türk-islam mərkəzinin yaranmasına səbəb olardı. Lakin Türkiyənin Orta Asiya və Azərbaycan üçün Avropanın forpostu rolunu oynamaq, habelə, özünün Avropa ilə Yaxın Şərq arasında bir bufer zona təşkil etmək ümidi özünü doğrultmadı. Çünki Qərb ölkələri bu yolda Türkiyənin vasitəçiliyindən istifadə etməkdənsə, özlərinin siyasətlərini bu regionda elə özləri yerinə yetirməyə başladılar. ABŞ-ın «türk siyasi amilindən» istifadə etməklə onu Çin və Rusiya kimi iri qüvvə mərkəzlərinə qarşı qoymaq cəhdləri də bəzi Qərb ölkələri tərəfindən dəstəklənmədi. Bu mənada «türk siyasi birliyi» bir eyforiya kimi qaldı. Bu birlik hər bir türk respublikasının öz milli maraqları ilə uyğun gəlmədiyindən onların özləri tərəfindən də müdafiə edilmədi.
Türklərin elə dairələri vardı ki, onlar SSRİ-nin dağılması ilə 120 milyondan çox türkü özündə birləşdirə biləcək Turan ideyasının reallaşa biləcəyinə inanırdılar. Belə bir dünyəvi dövlətin yaranması, onun Türkiyə kimi Şərqlə Qərb arasında bir körpü rolunu oynaması Avrasiyada qüvvələr nisbətinin türklərin xeyrinə dəyişilməsilə nəticələnə bilərdi. İkinci bir tərəfdən belə bir güclü dövləti slavyan dünyasına və eləcə də Çinə qarşı qoymaq olardı. Adriatik dənizindən Çinə qədər uzanacaq bu dövlət bütün türk-tatar xalqlarının yüz ildən çox tarixi olan türkizm ideyalarını həyata keçirə bilərdi. Hətta xristian dinli qaqauzlar belə xilas yolunu Ankaradan gözləyirdilər. İslam Kərimov bütün türk dünyası üçün vahid parlamentin yaranması ideyasını irəli sürdü. Qərb ölkələrinin türklərin bu planını müdafiə etməsində iki moment vardı. Nə qədər ki, SSRİ mövcud idi, Qərb üçün Türkiyə böyük strateji əhəmiyyət kəsb edirdi. Çünki onun özündəki silahlı qüvvələrindən, ərazisindən, iqtisadi imkanlarından SSRİ-yə qarşı istifadə etmək olardı. Bundan başqa, Türkiyə İsrailin əleyhdarları (Suriya, İraq) və ABŞ- ın düşməni olan İranla həmsərhəd idi və istənilən vaxt Türkiyəni onlara qarşı da yönəltmək olardı. İran körfəzindəki müharibə zamanı Türkiyə ərazisinin qiyməti birə-beş artdı. 1992-ci ilin noyabr ayında «Uoel- strit jornal» Türkiyəni Qərbin həyatındakı rolunu belə qiymətləndirirdi: «Türkiyə yeni yaranan İslam ölkələrinə dünyəvilik və demokratiya yolunda kömək edir. O, Qərb, Balkanlar və Yaxın Şərq arasında bir körpü rolunu oynayır. O, Qərbin təhlükəsizliyi üçün böyük rol oynayır və ona görə də onunla Qərbin dostluğu zəruridir».
Lakin Türkiyənin bu ölkələrlə həmsərhəd olmaması, İran və Ermənistanın, digər amillərin törətdiyi əngəllər, Rusiya imperiyasının yaşarılığı, keçmiş SSRİ məkanında Turan əvəzinə Moskvanın rəhbərliyilə yeni bir MDB qurumunun yaradılması, türk ölkələrilə Moskvanın keçmiş əlaqələri və bağlılığı kimi amilləri bunun reallaşmasına imkan vermədi. Həm də Qərb SSRİ-dən sonra Turan kimi güclü bir dövlətin meydana gəlməsilə özünə qarşı yeni bir təhlukə mənbəyi yaranacağına inandı.