Mübariz Əhmədoğlu

«Qafqazda Demokratiya Sabitlik və İnkişaf»la bağlı

Mübariz Əhmədoğlunun məruzəsinin tezisləri

Qafqaz mürəkkəb siyasi orqanizmdir. Coğrafi anlamda Avropa Qafqazına Azərbaycan Ermənistan Gürcüstanla yanaşı, Rusiya Federasiyasının və Türkiyənin bir hissəsi aiddir. Qafqaz Asiya və Avropanın yollarının kəsişdiyi məkanda yerləşir. Burada 150-ə yaxın etnosun 4 əsas dinin nümayəndələri yaşayır.

Ümumilikdə, Qafqazda gedən proseslərdə tərəqqi əldə etməyin yolu Cənubi Qafqaz dövlətlərinin promodel kimi qəbul edilmə­sindən başlanır. Qafqazın qalan xalqlarının bu üç dövlətdən ən azı ikisi ilə sıx əlaqəsi mövcuddur.

Müxtəlif maraqların rastlaşmasının müsbət təsirini artırmaq mənfi təsirini azaltmaq və Qafqazda ümumilikdə bu maraqlara reaksiya almaq üçün bu üç dövlətin nümunə seçilməsi zəruridir. Rusiya və Türkiyə Qafqazda gedən proseslərdə həm maraqlı tərəf, həm də Qafqaz dövləti kimi iştirak edə bilər. Qalan 3 dövlətin buna imkanı yoxdur və onlar proseslərdə yalnız bir statusla iştirak edə bilərlər.

Konseptual baxışların əsasında Cənubi Qafqazın bu 3 dövlətini (Azərbaycan Ermənistan Gürcüstan) promodel kimi qəbul etmə burada əldə olunan müvəffəqiyyətlərin Qafqazın digər hissələrinə yayılmasını təşkil etmək durur. Bunun üçün:

I.Regional təhlükəsizlik konsepsiyasının işlənib hazırlanmasına və qəbul edilməsinə nail olmaq. Həmin konsepsiya özündə hamı tərəfindən qəbul edilmiş aşağıdakı prinsipləri birləşdirməlidir:

1) region dövlətlərinin ərazi toxunulmazlığı;

2) dövlətlərin suverenliyi;

3) bir-birinin daxili işlərinə qarışmamaq;

4) qonşu dövlətin daxili işinə müdaxilə üçün üçüncü dövlətin vasitəçisinə çevrilməmək;

5) bir-birinə qarşılıqlı faydalı olmaq.

 Regional təhlükəsizlik və əməkdaşlıqla bağlı müxtəlif modellər müzakirə edilə bilər: a) 3+2 (3-Azərbaycan Ermənistan Gürcüstan 2- Rusiya və Türkiyə); b) 3+3 (3-məlumdur 3-Rusiya Türkiyə ABŞ) C) 3+3 (3 məlumdur 3-Rusiya ABŞ Avropa Birliyi). ATƏT-i də əlavə etməklə daha müxtəlif kombinasiyalar əldə etmək mümkündür. Avropa Birliyi ATƏT həm də imzalanmış Regional Təhlükəsizlik Konsepsiyasının təminatçısı qarantı rolunu da oynaya bilərlər.

II. Cənubi Qafqazda, o cümlədən, ümumilikdə Qafqazda demilitarizasiya proseslərinin başlanmasına nail olmaq. Bütövlükdə Qafqaz «silahsız zona» elan edilməlidir. Qafqazda toplanan silahın istifadəsiz qalma ehtimalı çox azdır. Burada kənar dövlətlərin silahları hərbi bazaları olmamalıdır. Hərbisiz Qafqazın xalqlarının bir-biri ilə dil tapması daha asandır.

III. Mövcud olan münaqişələrin həllində beynəlxalq qurumların (BMT ATƏT AB AŞ və s.) vahid standartlara söykənən mövqeyi olmalıdır. Beynəlxalq hüquq normaları rəhbər tutulmalıdır. Bunun üçün ATƏT-in İstanbul sammitində (dekabr 1999) qəbul edilmiş «Avropa Təhlükəsizlik Xartiyası» daha geniş imkanlar açır. ATƏT münaqişələrin tənziməlnməsində effektivliyini artırmaq üçün zəruri hallarda, münaqişənin dinc tənzimlənməsi uzandığı halda «konsensus-1» (konsensus minus bir) və ya «konsensus-2» (konsensus minus 2) prinsiplərindən istifadə edə bilər. Bu, hər hansı bir və ya iki dövlətin dünya birliyinə qarşı durmaq cəhdlərinin qarşısını ala bilər tərəfləri dinc tənzimlənmə proseslərinə daha məsuliyyətli yanaşmağa vadar edər.

IV. Qafqazı Qərblə birləşdirən alternativ kommunikasiya vasitələrinə nail olmaq. Qafqazdan Qərbə açılan yeganə yol Gürcüstan ərazisindən keçir. Gürcüstanın problemlərinin ona təzyiqlərin çoxluğu da məhz bununla bağlıdır. Bakı-Mehri (Ermənistan)- Naxçıvan -Türkiyə yolunun fəaliyyətə başlaması bütövlükdə regionu (Gürcüstan yolu da nəzərə alınmaqla) iki xətt vasitəsilə qalan dünya ilə birləşdirər Gürcüstana təzyiqlərin böyük bir qismini əhəmiyyətsiz edər. Mərkəzi və Orta Asiya ilə əlaqəni də daha inamlı edə bilər. Alternativ yolun açılmasına əsas maneə Ermənistandır. Ermənistan regionun Qərbə inteqrasiyasında maraqlı deyil; Azərbaycan torpaqlarını işğal altında, Naxçıvanı blokadada saxlamaqda maraqlıdır.

V. Qafqazda münaqişələrə münasibət iki prinsipə söykənməlidir:

1) Yeni dövlətlərin yaranması Qafqazda təhlükəsizlik üçün ciddi təhlükədir.

2) Preventiv tədbirlər üstünlük təşkil etməlidir.

Əks təqdirdə Qafqazda «dövlətlərin» sayı qısa müddətdə 10-nu ötüb keçə bilər. Cənubi Qafqazın 3+… modeli ilə fəaliyyətinə bu regionun 3 dövlətindən (Azərbaycan Ermənistan Gürcüstan) heç birisi prinsipial olaraq etiraz etmir.

VI. Qafqazın demokratik inkişafı üçün konsensual demokratiya modelini tətbiq etmək məqsədəuyğundur. Cənubi Qafqazdan başlanan bu modelin Qafqazın digər regionlarına yayılma perspektivləri ciddi surətdə nəzərə alınmalıdır. Bu iş uzunmüddətli hazırlıq tələb edir. Bu model dini etniki mənsubiyyətin kəskin fərqləndiyi regionlarda özünü doğruldur. Konsensual demokratiya 2 əsas prinsipə söykənir:

1) Demokratik idarəetmə və oyun qaydalarının razılaşdırılması;

2) Bu oyun qaydalarına nəzarət mexanizmlərinin işlənib hazırlanması.

Ayrı-ayrı cəmiyyətlərin demokratik inkişafında siyasi partiyalararası münasibətlərə və onların özlərinin inkişafına daha çox üstünlük verilməlidir. Demokratik inkişafın məsuliyyəti partiyaların üzərinə qoyulmalıdır.

VII. Cənubi Qafqaz dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaq üçün 2 istiqamətdə fəaliyyət göstərmək məqsədəuyğundur:

1) İqtisadi inteqrasiya üçün siyasi mühitin formalaşdırılması. Bu, əsasən, siyasi maneələrin aradan qaldırılmasından ibarətdir.

2) Ölkədaxili iqtisadi inkişafda olan disbalans aradan qaldırılmalıdır. Regionda elə dövlət var ki, onun ümumölkə iqtisadi proseslərində indiki zamanda feodal elementlərə rast gəlmək mümkündür. Bu feodal elementlər region dövlətlərinin iqtisadi inteqrpasiyasına maneçilik etməklə yanaşı onların qlobal iqtisadiyyata inteqrasiyası prosesinə də maneçilik edir.

VIII. Fəaliyyətdə olan xalq diplomatiyasının imkanlarını sistemləşdirmək və ona yeni dinamizm vermək məqsədəuyğundur. Xalq diplomatiyasının həqiqi mahiyyəti açıqlanmalıdır. Region xalqlarının nümayəndələri həm region daxilində həm də regiondan kənarda bir-biri ilə daim təmasdadırlar. Bu təmaslar MDB-nin iri şəhərlərində daha sıxdır. Oradakı münasibətlər siyasiləşməmişdir. «Rəsmiləşmiş xalq diplomatiyası» siyasiləşmiş cəmiyyətlərin yaxınlaşması istiqamətində məhdud resurslara malikdir. Bu sahələrdə də ciddi islahata ehtiyac var.

 IX. Cənubi Qafqaz dövlətlərinin potensiallarının bir-birinə indiki qloballaşma dövründə faydalılığını diqqətlə tədqiq etmək tədqiqat materialları əsasında dövlətləri və cəmiyyətləri buna inandırmaq.

X. Demokratiya və vətəndaş quruculuğu sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar fondlar da Cənubi Qafqaz dövlətlərində fəaliyyətlərini vahid standartlar əsasında qurmalıdırlar. Hər üç dövlətin cəmiyyətləri mentalitet baxımından bir-birindən çox da uzaqda deyillər.

XI. Qafqazın hərtərəfli tədqiqi prosesindəki boşluğu aradan qaldırmaq. Bu işə yerli mütəxəssisləri cəlb etmək. Mərkəzi qərargahı Avropa dövlətlərinin birində olmaq şərtilə regionda minimum 4 şöbəsi və ya filialı olan Qafqazşünaslıq mərkəzi yaratmaq. Qafqazın ümumi parametrləri ilə yanaşı yerli adət-ənənələrin onların siyasi-ictimai mahiyyətinin öyrənilməsi bunların ümumi sivil inkişafa qoşulması yollarını ara­maq çox faydalı ola bilər.