Nail Əliyev
XX əsrin əvvəllərində Qarabağda türk-müsəlman soyqırımı:
problemin mənbəşünaslığına dair
XX yüzilliyin əvvəllərində ermənilər tərəfindən Qarabağda da dəhşətli türk-müsəlman soyqırımları törədildi. Bunu çoxlu sayda qaynaqlar, yəni arxiv sənədləri, dövrü mətbuat və şifahi tarix materialları da yetərincə təsdiqləyir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Osmanlı və Rusiya imperatorluqlarının, RSFSR, Qərb dövlətlərinin hakimyyət strukturlarının sənədləri;
2. Transqafqaz Seyminin və onun milli fraksiyalarının toplantılarının materialları (protokolları, yazışmaları və s.);
3. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC-nin) müəyyən orqanlarının fəaliyyətinə dair sənədlər;
4. Azərbaycan, Rusiya və Avropa mətbuatında özünə yer alan rəsmi məlumatlar, analitik yazılar, faktiki materiallar, jurnalist araşdırmalarının nəticələri və s;
5. Qanlı hadisələrin şahidlərinin sifahi və yazılı xatirələri, müxtəlif ictimai-hüquqi qurumlara verdikləri ifadə-izahatlar və s.
Birinci qrup qaynaqlar sırasında Osmanlı Xarici İşlər nazirliyinə aid xeyli sənəd diqqəti cəlb edir. 1905-ci il 9 seyntabr və 4 oktyabr tarixli iki sənəddə (Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındakı Münasibetlere Dair Arşiv Belgeleri, Cilt I (1578-1914), Ankara, 1992, səh.233-235, 237-238) ermənilərin həmin dövrdə Şuşada müsəlmanlara qarşı törətdikləri zorakılıq hərəkətlərindən bəhs olunur. Xarici İşlər naziri Tevfik paşa və sədr-əzəm Fərid paşanın məktublarından ibarət olan həmin sənəd Rusiya hökumətinin erməniləri dəstəklədiyini də açıqlayır. Çarlığın yerli hakmiyyət orqanlarının (Qafqaz canişinliyi, Gəncə general-qubernatorluğu və s.) müxtəlif sənədləri 1905-1906-cı illərdə Qarabağ mahalında yüzlərlə müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığını təsdiqləyir.
İkinci və üçüncü qrupa aid olan mənbələr arasında özünə yer alan sənədlər sırasında aşağıdakıları xüsusilə vurğulamaq lazımdır:
- Transqafqaz Seyminin 1918-ci il 17 mart tarixli iclasının protokolu. Bu və digər müzakirələrdən bəlli olur ki, ermənilər 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək olan müddətdə təkcə Qarabağın 157 azərbaycanlı kəndini dağıtmış və əhalisinin bir hissəsini qırmış, qalanını isə qovmuşdular. Həmin iclasın materialları erməni qulduru Andranikin S. Şaumyanla hərtərəfli əlaqələrindən də xəbər verir;
- AXC Fövqəladə İstintaq Komissiyasının (FİK-in) təhqiqat materialları. FİK-in, ermənilərin törətdikləri türk-müsəlman soyqırımlarını əks etdirən materialları 3500 səhifədən ibarət olmaqla 36 cilddə toplanmışdır. Onun 2 cildi (80 səh.) bilavasitə Qarabağ general-qubernatorluğunun Zəngəzur qəzasında törədilən vəhşiliklərdən bəhs edir (Azərbaycan Dövlət Arxivi, fond 100, siyahı 2, iş 791, v. 132). FİK-in materialları arasında, onun üzvü Mixaylovun ermənilərin Şuşa, Cəbrayıl, Zəngəzur və Cavanşir qəzalarındakı müsəlman kəndlərini dağıtmalarına və əhalisini qırmalarına dair məruzəsi xüsusi yer tutur;
-AXC parlamentinin Qarabağla əlaqədar məsələləri ayrıca müzakirə edən iclaslarının (15, 20.XII. 1918, 22.1.1920) materialları. Həmin materiallar erməni silahlı dəstələrinin Qarabağda və Zəngəzurda törətdikləri türk-müsəlman soyqırımlarına dair çoxlu faktları aşkarlamağa imkan verir;
-AXC-nin Paris Sülh konfransındakı nümayəndə heyətinə göndərilən məlumatlar. Onların bir hissəsi digər sənədlər və materiallarla birlikdə «Ermənilərin müsəlman əhalisi üzərində etdikləri vəhşiliklər haqqında» adı ilə nəşr olunmuşdur (İstanbul, 1919).
Dördüncü və beşinci qrup qaynaqlar da çoxşaxəlilikləri və zəngin faktiki materialları ilə seçilir. Burada öncə «Həyat», «Azərbaycan» və s. qəzetlərdə dərc olunan müxtəlif yazıları qeyd etmək lazım gəlir. Bu kimi materiallar sırasında Ə. Ağayevin (Ağaoğlunun) «Həyat»da (1906-cı il; №47) məqaləsində ermənilərin 1905-1906-cı illərdə Qarabağda və digər bölgələrimizdə müsəlmanları qırmaları, öz tarixi yurdlarından qovmaları və s. qələmə alınmışdır. Bizcə, Ü. Hacıbəylinin «Andranik məsələsi» məqaləsi («Azərbaycan» qəzeti, türkcə, 15 dekabr 1918-ci il) bu baxımdan çox önəmlidir və ayrıca nəzərdən keçirilməlidir. Bu yazıda Andranikin quldur dəstələrinin Qarabağda və s. yerlərdə törətdikləri zorakılıqlara da toxunulmaqla onun birbaşa Ermənistan tərəfindən yönləndirilməsi vurğulanır.
«Azərbaycan» qəzetinin (rusca) Qarabağda həyata keçirilən türk-müsəlman soyqırımları ilə əlaqədar yazıları arasında Q.Xəlil İbrahimin «Qarışıq günlərdə Qarabağın vəziyyəti» başlıqlı məqaləsində (21, 23, 28 oktyabr, 1 noyabr 1918-ci il; 14, 16, 20, 24 saylı) çoxlu konrket faktlar qələmə alınmışdır. Qəzetin (17 iyun 1919-cu il, 123 saylı) «Qarabağda son hadisələr» yazısında mahalın general-qubernatoru X.Sultanovun məlumatları əks olunmuşdur. Burada Xosrov bəyin ermənilərin törətdikləri soyqırımların qarşısının alınması, ümumiyyətlə, Qarabağ probleminin həllinə dair mülahizələrinə də yer verilmişdir.
Ermənilərin 1917-1921-ci illərdə Qarabağın türk-müsəlman əhalisini qırmaları həmin vaxtlarda bölgələrdə olan Qərb jurnalistlərinin yazıları tərəfindən də öz təsdiqini tapır. Bunlardan S.Liddelin yazdığı «Erməni-tatar sazişi. Qarabağda dinclik yaranması» diqqəti çəkir. Bəzi yanlış cəhətlərinə baxmayaraq məqalə ermənilərin planlarını açıqlamağa imkan verir, onların törətdikləri antibəşəri hərəkətlərin regionda millətlərarası münaqişələrin gərginləşdirilməsinə xidmət etdiyini isbatlayır.
1905-1906-cı və 1917-1921-ci illərdə Qarabağda ermənilərin müsəlmanlara qarşı etdikləri zorakılıq hərəkətlərini çoxsaylı acı xatirələr, şahid ifadələri də kifayət qədər təsdiqləyir. Onların xeyli hissəsi FİK-in təhqiqat materialları arasında, habelə bəzi toplularda və s. öz əksini tapmışdır.
Bütövlükdə isə, bu məsələ ilə əlaqədar xeyli aşkarlanmamış, yerətincə araşdırılmamış qaynaqlar mövcuddur. Onların üzə çıxarılması və təhlili ermənilərin törətdikləri türk-müslman soyqırımlarının daha ətraflı araşdırılmasına və «erməni genosidi»nə dair təbliğatın zərərsizləşdirilməsinə müsbət təsir göstərə bilər.