Namiq Əsədov
XX əsrin əvvəllərində Qarabağın sənayesinə dair
Şərabçılıq. Qarabağın sənayesini, əsasən, kənd təsərrüfatı ilə bağlı olan müəssisələr təşkil edirdi. Bu baxımdan Qarabağda şərabçılıq, ipəkçilik və pambıqçılıq müəssisələri üstünlük təşkil edirdi.
Qarabağın Şuşa qəzasında şərabçılıq müəssisələri digər qəzalara nisbətən daha çox idi. Şuşa qəzasının ən iri spirt istehsalçıları Şuşa və Ağdamda spirt zavodları olan Xublarov və Soqomonov qardaşlarının firmaları idi. XX əsrin əvvəllərində Qarabağda 5 konyak zavodu var idi. Həmin zavodlar Ağdam rayonunun Xoruzlu və Əlimərdanlı kəndlərində yerləşirdi. Bu zavodların istehsal gücü o qədər də yüksək deyildi.
İpəkəyirmə. Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşirdi. XX əsrin əvvəllərində Şuşa qəzasında 12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən fabrik var idi. Bu fabriklərin bəziləri maşınla, buxar qazanları ilə təchiz edilmiş iri fabriklər idi. Qarabağın ipəkçilik sənayesində hətta səhmdar cəmiyyətlər də fəaliyyət göstərirdi. Belə səhmdar cəmiyyətlərdən biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılmışdı. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu fabriklər əsas etibarilə Şuşa qəzası ərazisində yerləşmişdi. Yalnız iki baramaboğan fabrik- biri Yelizavetpol quberniyasının Güzlər kəndində və o biri Zaqafqaziya dəmir yolunun Samtredi stansiyasında idi. Bütün fabriklər o dövr üçün müasir olan texnika əsasında qurulmuşdu. Səhmdar cəmiyyətin əsas kapitalı 500 min manata bərabər idi.
Pambıqtəmizləmə. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda pambıqtəmizləmə işi meydana çıxdı. Pambıqtəmizləyən zavodların meydana çıxmasına qədər pambıq əl ilə təmizlənirdi. İbtidai, geri qalmış «Cəhrə» üsulu əsas yer tuturdu. Bu alətlə gündə 10-15 girvənkə (4-6kq) pambıq təmizlənə bilirdi. Bu dövrdə pambıqçılıq rayonlarına Zaqatala və Samur dairələrindən «cəhrə» ilə pambıq təmizləmə işində usta hesab olunan kəndlilər gəlirdilər. Onlar muzd olaraq təmizlədikləri pambığın 4/1hissəsini alırdılar. XX əsrin əvvəllərində Qarabağda iki pambıqtəmizləyən zavod inşa edildi. Bunlardan biri Ağdamda, o biri isə Hindarxda idi.
XX əsrin ikinci onilliyində bütövlükdə pambıqçılıqda, mahlic istehsalının isə bəzi sahələrində inhisarlaşma prosesi müşahidə olunmağa başladı. 1912-ci ildə Yelizavetpol quberniyasında pambıqtəmizləmə sənayesində fəaliyyətə başlayan və ilkin kapitalı 600 min manat olan «Qafqaz pambığı» aksioner cəmiyyətinin 1916-cı ildə artıq 5 milyon manat kapitalı var idi. Bu cəmiyyət Şuşa qəzasında öz zavodları üçün pambıq-xammal bazası yaratmaq məqsədilə knyaz Həsən xan Urmiyalının 8,3 min desyatin torpağını ələ keçirmişdi. Beləliklə, əmtəə əkinçiliyi olan pambıqçılıq XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın, eləcə də Qarabağın təsərrüfatında görkəmli yer tutmağa başlamışdı və ildən-ilə inkişaf edirdi.
Xalçaçılıq. Xalçaçılıqda Qarabağ rəqabətsiz birincilik əldə etmişdi.
Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilirdi. Qarabağ xalçaları Bərdə, Ağcabədi xalçaları adı altında birinci qrupa, Şuşa xalçaları adı altında 2-ci qrupa, Cəbrayıl xalçaları adı altında 3-cü qrupa ayrılırdı. Bərdə qrupuna «Bərdə», «Xanqəvənd», «Aran», Qoca», «Çələbi», Buynuz», «Dəyanur», «Açma-yumma», «Şabalıd buta», «Balıq» adlanan xalçalar daxildir. Ağcabədi xalçalarına «Lənbəran», «Ləmpə», «Xantirmə», Şuşa qrupuna «Malıbəyli», «Ləmpə», «Bağçadagüllər», «Bulut», «Saxsıdagüllər», «Nəlbəki gül», «Gül yaylıq», «Muncuq» və «Zərməxmər» aiddir. Cəbrayıl qrupuna «Xanlıq», «Qaraqoyunlu», «Qubadlı», «Kürd», «Qasımuşağı», «Bəhmənli», «Muğan», Talış» xalçaları daxildir.
Qarabağda xüsusilə Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında toxunan xalçalar xarici bazarlarda yüksək qiymətləndirilirdi. Xüsusilə Oarabağ «xalı»larına ingilis və amerikan bazarlarında yüksək tələbat var idi.
Qarabağda maldarlıqla bağlı olan sənaye sahələri əsasən kustar xarakter daşıyırdı. Bu sənaye sahələrinə misal olaraq dəri və dəri məmulatları, mahud, yağ, pendir və s-ni göstərmək olar ki, bunlarla da Qarabağın bütün qəzalarında məşğul olurdular.
Bundan başqa Şuşada 24 fəhlənin çalışdığı 7 sabunbişirən müəssisə də var idi ki, bu müəssələrin ümumi dəyəri 68000 manata yaxın idi.
Bütün bu göstərilənlərdən aydın olur ki, XX əsrin əvvəllərində Qarabağın iqtisadiyyatı sürətlə olmasa da hər halda inkişaf edirdi və bu inkişaf tədricən kapitalist xarakteri daşıyırdı.