Almaz Zülfəliqızı
Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə
1917-ci il oktyabr çevrilişi ölkədə vəziyyəti daha da gərginləşdirdi və Azərbaycanda da hakimiyyət uğrunda mübarizəyə təkan verdi. Bakıda eser-menşevik-daşnak bloku ilə bolşeviklər arasında gedən mübarizə bolşeviklərin qələbəsi ilə nəticələndi. Bakı sovetinin 1917-ci il 31 oktyabr və 2 noyabr tarixli iclasları bolşeviklərin qələbəsinin ilkin mərhələsini təmin etdi və Bakıda Sovetlərin hakimiyyəti elan edildi.
1917-ci il noyabrın 15-də Tiflisdə Cənubi Qafqaz komissarlığının yaranması ilə Azərbaycanda ikihakimiyyətlilik meydana gəldi. Hakimiyyətin birini Bakı Soveti digərini isə Cənubi Qafqaz komissarlığı təmsil edirdi. Bakı və onun ətraf kəndləri Bakı Soveti tərəfindən, qalan yerlər isə Cənubi Qafqaz Komissarlığı tərəfindən idarə olunurdu.
1917-ci ilin dekabrında Bakı Sovetinə keçirilən seçkilər nəticəsində bolşevik-daşnak ittifaqının yaranması Azərbaycanda siyasi vəziyyəti xeyli kəskinləşdirdi.
1917-ci ilin dekabrında S.Şaumyanın Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilməsi Azərbaycanda, o cümlədən Zəngəzur qəzasında və Qarabağın digər bölgələrində yeridilən siyasət ermənilərin burada törətdikləri zorakılıqlara zəmin yaradırdı. Bolşevik Rusiyasından dəstək alıb şirnikləndirilən ermənilər Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq planını reallaşdırmaq istiqaməti götürmüşdülər və buna nail olmaq üçün hər cür ən iyrənc müəyyən vasitələrə də əl atırdılar.
Onlar hətta Qarabağda kəndlilərin etiraz çıxışlarının təşkilində də iştirak edirdilər. S.Şaumyan dəfələrlə Cənubi Qafqazın bütün müsəlman əhalisinə müraciət edərək, onları bəylərin torpaqlarını zəbt etməyə çağırırdı.
1918-ci ilin əvvəllərində Şuşa və Cavanşir qəzalarının kəndlərində başlayan kəndli hərəkatı xeyli davam etmişdi. Yevlax, Qaryagin (Füzuli) və başqa yerlərdə kəndlilər yerli orqanlara qarşı hücuma keçir, bəy torpaqlarını tutur, bəzi hallarda da mülkədarları, bəyləri öldürürdülər.
Ermənilər Qarabağda siyasi qarşıdurma yaratmaqla öz məqsədlərinin həyata keçirilməsini asanlaşdırmağa çalışırdılar.
S.Şaumyan və başqalarının vasitəsilə Rusiyanın himayəsinə arxalanan ermənilər, xüsusi ilə də daşnak general Andranikin silahlı quldur dəstələri Qarabağa soxulmuş, Şuşanın 35 kilometrliyinə gəlib çatmışdılar. Andronik Xaçın rayonunun bir hissəsində, Cerabert, Vərəndə, Dizak ərazilərində özbaşınalıq və talançılıq hökmranlıq edirdi, yerli türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirirdi. Bundan sonra Andranik Zəngəzura hücum etdi. 1918-ci il may-avqust aylarında Zəngəzurun Sisyan hissəsində Azərbaycan torpaqlarını ələ keçirərək, orada genosid - «etnik təmizləmə» aparmaqla məşğul oldu.
Zəngəzur qəza rəisi M. Namazəliyevin 1918-ci il sentyabrın 11-də AXC Daxili İşlər Nazirliyinə göndərdiyi raportda qeyd edilirdi ki, Andranikin silahlı quldur dəstələri tez-tez müsəlman kəndlərinə basqınlar edir və cinsinə, yaşına heç bir fərq qoymadan hamını qırırlar.
Azərbaycanlıları xilas etmək üçün Osmanlı Türkiyəsi 1918-ci ilin payızında Şuşaya 400, Xankəndinə 2 min nəfərə qədər kontingenti olan qoşun göndərmiş və azərbaycanlılara qarşı törədilən vəhşiliklərin qarşısını almağa çalışmışdı.
1918-ci il 30 oktyabr Mudros sazişinin tələsinə görə, türk qoşunları Azərbaycanı tərk etdi, ermənilərə himayədarlıq edən ingilis qoşunları noyabrın 17-də Bakıya daxil oldu. 1918-ci il dekabrında ingilislər öz dəstələrini iki zirehli maşınla Şuşaya göndərdi. Şuşada eyni zamanda ingilis hərbi missiyası yerləşmişdi. Missiyanın məqsədi Qarabağda yaradılmış hakimiyyət orqanlarına nəzarət etmək idi. Bir qədər sonra Şuşada «Yaxın Şərqə Amerika Köməyi Komitəsi»nin də şöbəsi yaradıldı. ABŞ həmin şöbə vasitəsilə Qarabağı siyasi və iqtisadi cəhətdən öz təsiri altına almaq istəyirdi. Amerika komitəsinin fəaliyyəti də Qarabağda yerli əhalinin narazılığına səbəb oldu.
1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində Qarabağda çox mürəkkəb bir şərait əmələ gəlmişdi. Burada müsəlman və erməni milli şuraları da fəaliyyət göstərirdi. Erməni milli şurası ingilislərə yaltaqlanır, onların tapşırıqlarını danışıqsız yerinə yetirirdi. Digər tərəfdən ermənilər Azərbaycan höküməti tərəfindən görülən bir çox işlərə də müdaxilə edir, aranı qarışdırmağa səy göstərirdilər. Andranikin quldur dəstələrinin Zəngəzurun bir sıra kəndlərinə hücumları, dinc əhalini qırmaları 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində daha da gücləndi. Şuşa, dağıdılmış türk-müsəlman kəndlərdən gəlmiş qaçqınlarla dolu idi. Burada 8300-ə qədər, Cavanşir qəzasında isə 2500 qaçqın var idi.
Qarabağda vəziyyətin mürəkkəbliyini görən AXC Höküməti Zənqəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən mərkəzi Şuşa şəhəri olan müvəqqəti general-qubernatorluq yaradılmasını zəruri hesab etdi. Azərbaycan hökümətinin 1919-cu il yanvarın 29-dakı iclasında «Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında» məruzə dinlənildi və Xosrov bəy Sultanovun general-qubernator təyin edilməsi, nazirliyin 20 mln. manatlıq fondundan general-qubernatorluğun ehtiyacları üçün 5 mln. manat ayrılması haqqında qərar qəbul edildi.
1919-cu il fevralın 12-də X. Sultanov Şuşaya gəlmiş və öz vəzifəsini icra etməyə başlamışdı. Ermənistan höküməti isə bunu etirazla qarşıladı. Ermənistan xarici işlər naziri S. Tiqranyanın etiraz notasına cavab olaraq, Azərbaycan xarici işlər nazirinin əvəzi A. Ziyadxan 1919-cu il yanvarın 31-də Ermənistan Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda bildirirdi ki, general-qubernatorluğun yaradılmasına hər hansı bir etiraz əsassızdır, çünki həmin ərazilər AXC-nin ayrılmaz tərkib hissələridir. A. Ziyadxan teleqramında Ermənistan hökümətinin etirazını daxili işlərə qarışmağa cəhd göstərmək kimi qiymətləndirirdi.
Qeyd etmək lazımdır ki, 1919-cu ilin iyun ayında Qarabağda bolşeviklər partiyasının Mahal Komitəsi də təşkil edilmişdi. Bu təşkilatın yaradılmasında Bakı partiya təşkilatı tərəfindən göndərilən Kamran Ağazadənin böyük rolu olmuşdu. Mahal Partiya Komitəsinin işində Ocaqqulu Musayev, Hüsü Hacıyev, Nəriman Abdullayev, Suren Şadunts və b. fəal iştirak etmişdilər. Qarabağ mahal və qəza komitələri partiya özəklərinin yaradılmasına xüsusi fikir verirdilər. Qoçəhmədli, Xatınbulaq, Pirəhmədli, Horadiz, Babı, Qaryagin, Cuvarlı, Hadrud və b. kəndlərdə partiya özəkləri yaradılmışdı. 1919-cu ilin payızına yaxın Qaryagində 18, Hadrudda 20 partiya özəyi var idi. Qarabağ partiya təşkilatlarının əsas vəzifələrindən biri də «beynəlmiləl tərbiyəni» gücləndirmək idi.
1920-ci il martın sonu, aprelin əvvəllərində erməni silahlı dəstələrinin hücumları yenə də davam edirdi. Həmən hücumlar bir sıra kəndlərin əhalisinin öz yaşayış yerlərini tərk etməsi ilə nəticələndi. Deməli, 1918-1920-ci illərdə ermənilərin Qarabağ və Zəngəzur ərazilərinə arası kəsilməyən silahlı basqınları olmuşdur.
Qarabağda vəziyyətin mürəkkəbliyi ilə bağlı AXC Höküməti oraya xeyli qoşun hissəsi yeritmişdi. Əsas hərbi qüvvə Xankəndində yerləşirdi. Bundan başqa Şuşada, Xocalıda, Ağdamda, Əskəranda, Cəbrayılda və b. yerlərdə də batalyon və rotalar dayanırdı.
Azərbaycan Xalq Cumhuriyyəti Höküməti tərəfindən müəyyən tədbirlərin görülməsi nəticəsində ermənilərin torpaq iddialarının və etnik təmizləmə siyasətinin həyata keçirilməsi istiqamətində edilən ilkin səyləri dəf olunmuşdu.
1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal etdikdən sonra ermənilər daha da fəallaşdılar. Sovetləşmədən sonra da onlar Naxçıvana, Qarabağa, Zəngəzura sahib olmaq üçün ərazi iddiaları irəli sürdülər. Rusiyanın ermənilərə yardımı nəticəsində, daha doğrusu, Sovet Rusiyasının strateci maraqları tələb etdiyinə görə Azərbaycan Zəngəzur mahalını ermənilərin xeyrinə itirməli oldu. Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qəti rədd edildikdən sonra isə ona muxtariyyət verilməsi ön plana keçirildi.