Niyazi Mehdi

Qarabağ üzrə Uppsala diskussiyasından çıxarışlar

O diskussiyada erməni tərəfinin yeritmək istədiyi tezislər bunlar idi:

1. Azərbaycan Dağlıq Qarabağla danışığa getməlidir

2. Buna tələsmək gərəkdir (konfliktin qalması nə sizə, nə bizə sərfəlidir)

3. Dağlıq Qarabağ müstəqilliyinin əvəzində sizin qazanacaqlarınız olacaq

4. Dağlıq Qarabağın müstəqilliyinə arqumentlər var

Azərbaycan Dağlıq Qarabağla danışığa getməlidir və buna qarşı azərbaycanlı tərəfin arqumentləri

Erməni tərəfdən deyilənlərin yığcamı: Hazırda güclü Qarabağ ordusu var. Onunla Ermənistan ictimai rəyi arasında ittifaq yaranıb, çünki onun etdiklərini camaat da bəyənir. Öncələr bilinirdi və biz özümüz də inanırdıq ki, Dağlıq Qarabağ ordusu və hakimiyyəti Ermənistana tabedir. Ancaq indi aydın olur ki, belə deyil. Dağlıq Qarabağda siyasi strukturlar hərbi komandanlığa tabe olan əlavələrdir. Siyasətçilər ordunu yox, ordu siyasətçiləri idarə edir. Hətta Ermənistan prezidentinin qərarı da Qarabağ komandanlığının vizası olmadan keçmir. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağı Ermənistandan asılı saymaq düz deyil və bu səbəbdən birbaşa danışığa getməlisiniz.

Lyudmila Arutunyan: Hər yerdə konfliktlər zamanı çöl (səhra) komandirləri ilə danışırlar. Bu, artıq, dünyada dəfələrlə sınaqdan çıxıb. Siz də Dağlıq Qarabağla masa arxasında oturmalısınız.

(Bir erməni iştirakçısının «öz aramızda» ilə dedikləri: Dağlıq Qarabağla, artıq, Rusiyanın, Iranın güclü ilişgiləri var. Dağlıq Qarabağ hər iki ölkənin Qafqazda platsadarmına çevrilib. Ermənistanda Rusiyadan qopmaq istəyənlər var. Şəxsən məni Dağlıq Qarabağ yox, Ermənistanın taleyi maraqlandırır. Ancaq Dağlıq Qarabağ güclüdur, bizə əngəl olur. Bu durumda onu neytrallaşdırmaq üçün və onu Rusiyanın əlindən almaq üçün Azərbaycanla Ermənistanın arasında ilişgilər, anlaşmalar olmalıdır).

Lyudmila Arutunyan: Irəlilər Israil açıqca İordaniya və baş­qaları ilə danışırdı, Fələstin Qurtuluş Hərəkatını isə ayrıca tərəf kimi tanımırdı (gizli danışıqlar getsə də rəsmi danışıqlar olmurdu). Tanıyıb danışıqlara başlayanda sonra barış prosesi də irəliləməyə başladı.

Niyazi Mehdi: Çöl, səhra komandirləri ilə çölün, düzənin problemlərini danışarlar. Yoxsa elə bilirsiniz ki, Azərbaycan Dağlıq Qarabağın separatçı komandirləri ilə ölkənin bütövlüyü, sınırları kimi siyasi məsələləri çözəcək?!

Qoy, Ermənistan öydüyünüz güclü ordunu Dağlıq Qarabağdan çıxarsın (necə çıxarsın məsələsi danışıqlar mövzusu ola bilər). Bundan sonra Azərbaycanın borcudur ki, içindəki milli azlıqla öz vətəndaşları kimi danışsın və ortaya çıxan problemləri çözsün.

Dağlıq Qarabağda Ermənistan ordusunun olmasını isə, məsələn, o fakt doğrulayır ki, Ermənistan ora öz ərazisi kimi baxır və elə ona görə də «mədəsində» Dağlıq Qarabağ separatçılarının başçısının Ermənistana prezident seçilməsini çox yaxşı əritdi. İndi düşünün, fələstinlilərin başçısı Yasir Ərafat Misirə prezident seçilə bilərdimi?!

Bir məsələni də deyim. Siz hesab edirsiniz ki, Dağlıq Qarabağın güclü ordusunun olması onun danışıqların tərəfi olmasına əsas verir. İndi soruşuram: bu «güclü» ordu ilə separatçılar nə edəcəklər? Gəlib Bakını tutacaqlar?!

Lyudmila Arutunyanın tələsik reaksiyası: Yox.

Niyazi Mehdi: Qoy, Dağlıq Qarabağ ordusu (əslində, dedik, Ermənistan ordusu) tutdugu ərazidə «əzələlərini» oynatsın, şişirtsin. Biz başqa problemlərimizlə məşğul olacağıq. Bizim vəziyyətimiz elədir ki, ayrı yol olmayanda tələsməyə də bilərik. Gələcəkdə Qarabağ probleminin çözümünə işləyəcək o qədər məsələlər var ki. Tutalım, Azərbaycanın yerdə qalan kəsiminin iqtisadiyyatı ilə məşğul olmaq olar.

Çingiz Sultansoy: Azərbaycan, iqtisadiyyatına olan yatırıma görə, əski Sovet məkanında Rusiyadan sonra ikinci yeri tutur. Əgər bunu adambaşına götürsəniz, biz hətta birinci yerə çıxarıq.

Tahir Fərhadov: Əgər hərbi gücün "uğurlarının" qarşısında durmasaq, onda bütün Qafqaza belə bir inam aşılanar ki, kim güclüdürsə, o da haqlıdır.

Niyazi Mehdi: Bir də siz bilin, ABŞ kimi super dövlətlərin öz hərbi potensialını durmadan artırmaq, həmişə irəlilətmək üçün Kosmosdan tutmuş Okeanın dərinliyinəcən, Avropadakı bazalardan tutmuş Asiya, Afrika bazalarınacan geniş məkanı, fantastik iqtisadi və elmi-texniki imkanları var. Dağlıq Qarabağ isə, necə ki Ermənistan sıxılıb, qalıb dağların arasında. Ona görə də indi separatçıların ordusu irəlidədirsə, bu o demək deyil ki, Azərbaycan vaxtı həmişəlik əldən buraxıb və «yürüş yarışında» heç cürə erməni hərbinə çata bilməyəcək.

Tahir Fərhadov: Siz deyirsiniz ki, Dağlıq Qarabağ separatçıları ilə danışığa gedək. Gedən kimi, bununla da onların müstəqilliyini tanıyacağıq. Tanıyandan sonra nəyin danışıqlarını aparacağıq?! Dağlıq Qarabağ «müstəqil» dövləti ilə Azərbaycanın ilişgilərindən danışacağıq?! O biri yandan, Ermənistanla Dağlıq Qarabağ arasında qeyri-müəyyənlik var: gah Ermənistan deyir, Dağlıq Qarabağla danışın, gah da deyir, danışın, ancaq bizim veto hüququmuz var.

(Diskussiyaların arasında kofe süfrəsinin başında və ya kluarda söhbətlər bizim üçün ermənilərin müzakirələrdə səsləndirmə­dikləri önəmli bilgiləri ortaya çıxarırdı. Məsələn, bu söhbətlərdən aydın olurdu ki, Azərbaycaniçi hər hansı uğur onlarda yaman gərginlik, qorxu yaradır. Bizdən bir nəfər bildirəndə ki, Azərbaycanda elə müsətqil qəzetlər var ki, öz qazanclarına çıxırlar, müxbirlərinə dövlət məmurla­rına baxanda daha yüksək maaş verirlər, jurnalistlərin çoxunun cib telefonları var və s. L. Arutunyan əməlli-başlı pərt oldu.

Erməniləri bizim neftimiz də yaman paxıllandırırdı. Çox vaxt belə çevirirdilər ki, sizin nə uğurunuz varsa, bəxtinizə düşmüş neftin uğurudur, özünüzün bacarığınız deyil.

Bunun cavabında Niyazi Mehdi söyləmişdi: bizim iqtisadi şüurumuzda neft o qədər də öndə deyil. Nigeriya təcrübəsi göstərir ki, neft dollarları inflyasiya problemlərini yarada bilər, hərçənd Azərbaycan iqtisadi şüuru bu vəziyyəti ağır etməmək potensialına malikdir. Bizim üçün iqtisadiyyatın başqa problemləri daha aktualdır.

Lyudmila Arutunyan: yəni deyirsiniz, yeni qüvvələr hakimiyyətə gəlsə, korrupsiya olmayacaq?

Niyazi Mehdi: Olacaq, ancaq xeyli az.

Ermənilər: tələsmək gərəkdir

(konfliktin qalması nə sizə, nə bizə sərfəlidir)

Erməni tərəf Qafqazda iqtisadi, sosial, mədəni inteqrasiyanın gərəkliyini qoyub onun qarşısına çıxan problemlərdən danışdı.

Yeridilən arqument bu idi: İnteqrasiyanın hamımıza xeyri olacaq, onun üçün də bizim ölkələr arasında ticarət olmalıdır. Dağlıq Qarabağla bağlı durum isə inteqrsiyanın başlamasına əngəl olur. Dağlıq Qarabağın müstəqilliiyini tanıyın ki, başımızdan açılsın və keçək inteqrasiyaya. İlkində bəlkə də inteqrasiya üçün münasibətləri düzəltmək çətin olacaq. Onun üçün də sadə şeylərdən başlamaq olar. Məsələn, biz dərsliklərdən genosidlə bağlı bəzi şeyləri çıxara bilərik.

Niyazi Mehdi: Ticarət hələ inteqrasiya deyil. Özünüz də demisiniz ki, inteqrasiya üçün Qafqazda dövlətlərüstü qurumlar olmalıdır. Bəlkə də haçansa Qafqazda Avropasayağı inteqrasiya olanda ümumi Qafqaz Məhkəməsi yaradılacaq və bu məhkəmə həm İnsan Haqları, həm də etnik, milli azlıqların haqları pozulacaqsa, onların qarşısını alacaq. Bəlkə də Qafqazda Ümumi parlamentə oxşar nəsə yaradılacaq və orada milli azlıqların nümayəndələri kvota əsasında, özü də veto hüququ ilə iştirak edəcəklər. Parlament isə bütün Qafqaza aid qanunları çıxaracaq, proqramları qəbul edəcək.

Qafqazda inteqrasiya olsa, Azərbaycan Türk dünyasından, İslam dünyasından Qafqaza kapitalın axması üçün kanal olacaq. Ermənistan Rusiyadan, İrandan, bəzi Ərəb ölkələrindən, Qərbdən kapitalı cəlb edən ölkə olacaq. Gürcüstanın da öz yeri olacaq.

İnteqrasiya olanda, məsələn, sərhədlə bağlı atavizmdən qur­tulmaq lazım gələcək. Azərbaycan üçün bu atavizm ondadır ki, biz sınırlara nəsə möhkəm, dəmir qurşaq kimi baxırıq. Başqaları üçün atavizm odur ki, xalqın sərhədləri onlar üçün tamah obyektidir. İnteqrasiya proseslərində bu atavizmlərdən qurtulmaq gərək olacaq.

Ancaq inteqrasiyanı yaxın zamanların məsələsi saymaq olmaz. İnteqrasiyadan qabaq hər ölkənin iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə qarantlar sistemi olmalıdır. Çünki kapital acgözdür, bir az sonra siyasəti əlinə almaq istəyir. İnteqrasiya mühitində kapitalların miqrasiyasında elə ola bilər ki, bir ölkənin kapitalı başqa ölkədə hakimiyyəti ələ ala bilər. Bütün bunlara görə də inteqrasiya gələcəyin işidir, hərçənd indidən onun təbliğatını aparmağın ziyanı yoxdur.

(Sonradan erməni tərəfi məhkəmə ideyasını Ermənistanla Azərbaycanın yaxınlaşması üçün ilk addıma çevirdilər. L. Arutunyan söylədi ki, Sumqayıt və Xocalı cinayətləri ilə bağlı məhkəmələrin keçirilməsi bizi yaxınlaşdırardı. Niyazi Mehdi isə cavabında söylədi ki, düzdür, ancaq Sumqayıt üzrə, artıq, məhkəmə olub, kimlərsə tutulub, bir nəfər də güllələnib. Xocalı üzrə isə belə şey hələ ki yoxdur).

Dağlıq Qarabağın müstəqilliyi əvəzində erməni tərəfi nələri Azərbaycanın qazancı sayır

Lyudmila Arutunyan: Siz bizə kömək edin Rusiyadan qopaq (yəni Dağlıq Qarabağı saxlamaq üçün ermənilər Rusiyaya möhtac olurlar).

Niyazi Mehdi: Rusiyadan qopmaq sizin problemdir. Rusiyanın sizi itirməklə Qafqazda zəifləməsi elə şey deyil ki, onu biz Dağlıq Qa­rabağı itirməyin əvəzində böyük mükafat, fayda sayaq.

(Kluarda Dağlıq Qarabağdan çıxmış bir erməni iştirakçısı Niyazi Mehdiyə söylədi ki, mən istəyirəm Türkiyə ilə yaxınlaşaq. Köçəryana təklif etmişdim ki, Ermənistandakı kürd düşərgələrini bağlayaq, kürd terrorçularını Türkiyəyə təhvil verək, genosid məsələsini yığışdıraq. Ancaq buna güclü müqavimət var. Dağlıq Qarabağ məsələsi çözülsəydi müqavimət də zəifləyərdi.

O biri söhbətdə başqa erməni iştirakçısı bildirdi: Dağlıq Qarabağ müstəqil olsa, siz də neftin gəlirindən rahat istifadə edərsiniz. Bir də, axı, qələbə çalmış Dağlıq Qarabağ öncəki statusa, muxtar vilayət statusuna necə qayıda bilər?!

Niyazi Mehdi: Dağlıq Qarabağ separatçıları hələlik qələbə qazanıblar, ancaq bilmirlər bu qələbə ilə neyləsinlər. Neft isə bizim üçün elə mərkəzi problem deyil. Bir də ermənilər neftin gəlirindən Azərbaycanın «rahat» istifadə etməsinin qarşısını nə ilə ala bilərlər ki, almay­anda sevinək, bunu mükafat sayaq?!).

Ermənilərə görə Dağlıq Qarabağın müstəqilliyinə nələr ar­qumentdir

Ermənilərdən kimsə: Dağlıq Qarabağ onsuz da ayrıca tərəfdir. Indiki Azərbaycan Respublikası Müsavatçı Respublikanın bərpası, varisi kimi özünü elan edib və bildirib ki, Sovet Azərbaycanının irsindən imtina edib. Müsavatçı Azərbaycan Respublikası Dağlıq Qarabağla ayrıca tərəf kimi danışıqlar aparırdı. Ortada hətta müqavilə də var. Indi niyə danışıqlar olmasın?! (Bir neçə bağlaşmanın adını çəkir. Sezilir ki, onun çıxışı Dağlıq Qarabağda hazırlanmış mətnə söykənir).

(Açıqlama: Bizdən heç kim onun adını çəkdiyi sənədlərlə bağlı tutarlı bir şey deyə bilmədi, çünki onların məzmunundan və doğru, ya girdirmə olmasından xəbərimiz yox idi. Ümüd edirik ki, bu etirafımızdan sonra mütəxəssislər nəzərə alacaqlar ki, ermənilər mövqelərini güclü etmək üçün Demokratik Cümhuriyyət çağı ilə bağlı nəsə mifikmi, ya nəmi sənədlərə göndəriş verə bilərlər).

Niyazi Mehdi: Axı, öncədən danışmışdıq ki, tarixə müraciət etməyəcəyik.

Lyudmila Arutunyan: Bu, tarix deyil, gücdə olan sənədlərdir. Məsələn, Qars muqaviləsi də gücünu saxlayır.

Niyazi Mehdi: Tarixin magiyası var, özunə çəkib burulğana salaraq batırır. Nədir, istəyirsiniz biz də Şah Abbasdan, başqalarından qalma sənədləri çıxaraq? Sizin dediyiniz müqavilələr və başqa tarixi faktlar haqqında Ermənistanda da, Azərbaycanda da, ən azından, çoxlu savadlı tekstlər yazılıb. Bu savadlı diskussiyalara görə də "gerçək haradadır?" məsələsi problematik vəziyyətdədir. Indi biz hazır deyilik sizə cavab verək. Ancaq mənim və ya onun yadında oimamaq hələ Azərbaycanın haqsızlığı deyil. Nə olar. Gəlin, bu məsələ üzrə mübahisəni növbəti görüşə saxlayaq. Arxayın olun ki, onun cavabı olacaq

(Açıqlama: ancaq hər halda pis oldu ki, bu məsələ ilə bağlı həməncə faktları ortaya qoya bilmədik. Hətta dialoqu aparan Piter Vallensteyn desə də ki, tarixdəki muqavilələrin dürlü yozumları olur, ona görə də onlara belə məsələlərdə söykənməyin mənası yoxdur.

Bu yerdə erməni iştirakçılarından birinin diskussiyaya gülüş gətirmiş anekdotunu gətirmək istəyirik. Lətifə belədir: Müəllim şagirdlərə xəritədə Ermənistanı və Qara Dəniz həndəvərini göstərib deyir, bura Ermənistandır. 50 il keçir, müəllim xəritədə daha böyuk dairəni - Moskvaya çatan dairəni göstərib deyir, bura Ermənistandır. 50 il də keçir. Müəllim bütün qlobusu göstərib deyir: bura Ermənistandır.

Şagirdlərdən biri soruşur: müəllim, bəs o deşik kimi qara ləkə haradır? Müəllim deyir: ora Dağlıq Qarabağdır, hələ də bizə verməyiblər. Hamı gülüşdü.

Özünəgülüş çox az hallarda alçaldır, çox vaxt isə adamı yaxşı, effektli göstərir. Erməni iştirakçısı, bəlkə də bunu duyaraq öz xeyirlərinə olmayan lətifəni danışdı).

Diskussiyanın axırında baş vermiş gərginlik

«Dəyirmi Masa» bithabitdə ortaya məsələ çıxdı ki, yeni görüşün gündəliyini hazırlayaq.

İsveç təşkilatçıları Dağlıq Qarabağ haqqında rəsmi danışıqlarda Ümumi dövlət variantının mümkünlüyündən çıxış edib gələcək dartışmada bu anlayışı da diskussiya etməyi təklif etdi: bizim müzakirələrimiz elmi-akademik xarakter daşıyır. Gəlin baxaq, görək, bu anlayışın məzmununda nələr var və nələr ola bilər?

Niyazi Mehdi: Ümumi dövlət ideyası ATƏT tərəfindən səslən­dirilib və Azərbaycan toplumunun bütün kəsimlərində, qatlarında bu ideya ya hiddət, ya da kinayə doğurub. Bundan sonra onu müzakirə etməyin nə mənası var?! Hətta kimsə müzakirə etmək istəsə də bunu gələcək seminarların iş planına salmayıb da edə bilər. Bizim bu akademik mühitdə erməni həmkarlarımızla nə qədər mədəni, nəzakətli münasibətimiz olsa da bir-birimizə tam etibar etməyə əsasımız yoxdur. Ola bilər ki, Ümumi dövlət ideyasının iş planına rəsmi salınmasından sonra onlar təbliğat üçün istifadə etsinlər.

(Ermənilər Umumi dövlət anlayışının iş planına salınması və gələcəkdə müzakirəsi üstündə çox durdular).

Niyazi Mehdi: Axı, Azərbaycan dövləti də bu variantı rəsmi inkar edib.

Azərbaycan tərəfindən kimsə: İnkar edibsə, deməli, danışıqların gündəliyindən çıxıb, aktual deyil. Bizim müzakirəmizə nə ehtiyac var?!

Erməni tərəfi: Biz də Isveç təşkilatçılarının hesabatındakı bəzi şeylərlə razı deyilik, məsələn, «erməni isğalı» ifadəsi ilə. Yazmaq olardı «Azərbaycan tərəfinin deyimincə, erməni işğalı» və s. Eləcə də «Ümumi dövlət» anlayışını işlətməyin formasını tapmaq olar.

Niyazi Mehdi: Gələcək seminar üçün onsuz da çox məsələlər təklif olunub. Bunların hamısına biz vaxt sərf edib hazırlaşmalıyıq. Öncədən uğursuz saydığım bu anlayışa mən hədər vaxt sərf etmək istəmirəm, eləcə də mənim həmkarlarım. Niyə onu gündəliyə salaq. Yazmaq olar «muxtəlif dövlət, avtonomiya formalarının müzakirəsi». Erməni tərəf istəyər, gələn «Dəyirmi Masada» bu rubrikanın içində Ümumi dövlət modelinə toxunar, bəlkə o zaman biz də bir şey taparıq deməyə. Bir də bu simptomatik deyilmi ki, bir tərəf onu müzakirəyə salmaq istəyir, o biri tərəfsə yox?! Deməli, burada gələcək seminarların toqquşma üslubunda keçməsi üçün təhlükə gizlənib.

Axırda, Isveç təşkilatçıları Azərbaycan tərəfinin söylədikləri ilə razılaşdılar.

Uppsala diskussiyasınının dərsləri

Görünür, azərbaycanlılar gələcəkdə ermənilərlə hələ çox «Dəyirmi Masalarda», seminarlarda dartışmalar yapmalı olacaqlar. Onun üçün də mən iştirak etdiyim diskussiyanın əsasında bizimkilərə aşağıdakıları məsləhət verərdim:

Onlarla diskussiyalarda təkcə tarixi faktları, sənədləri bilmək bəs etmir. Danışanlar mütləq çıxışlarını ifadəli, mədəniyyətin dürlü simvolları, olayları, hətta qatları ilə oynayan diskurslar üstündə qurmalıdırlar. Bu, formal üslub deyil. Bu diskussiyada sayrışan semantikaların ovsununu yaratmaqdır. Komandada ayrı-ayrı istiqamətlər üzrə xüsusi hazırlığı olan adamlar olmalıdır.

Komandada xarakter tipləri də bölünməlidir: sərt cavab verən, xətrə dəyməkdən çəkinməyən üzv (Isveç görüşundə bu funksiyanı Cingiz Sultansoy yerinə yetirirdi) oldugu kimi, söhbəti başqa maneralarda aparanlar da olmalıdır.

Danışıqlar üçün müdafiə planı ilə yanaşı hücum planı da olmalıdır (Uppsalada bizim hücum, ittiham planımız yox idi) Danışanlar mütləq danışıqlarına effektli təklifləri səpələməlidirlər.

Xalq diplomatiyasında Azərbaycan tərəf göstərməlidir ki, Dağlıq Qarabağ erməni əhalisinin İnsan Haqlarının qorunmasını, onların demoqrafik təhlükəsizliyini, iqtisadi özünüidarəsini muzakirə etməyə, bütün bunlara qarantiyalar axtarmağa tam açıqdır.