Rəna Mirzəzadə
Qarabağ siyasəti və mənəvi-psixoloji durum
Azərbaycanın tale və yaşam məsələsi olan, bəzən problem, bəzən düyün, bəzən də münaqişə adlanan QARABAĞ deyiləndə göz önünə itirilmiş ərazilər, əzablara düçar olmuş çoxsaylı məcburi köçkün və bütün bunlara müxtəlif yanaşma tərzləri gəlir.
Nəzəri-fəlsəfi baxımdan təhlil edərkən «problem»-«düyün»-«münaqişə» anlayışlarının QARABAĞ FACİƏSİ kimi səciyyələndirməsi daha muvafiqdir. Bu elan olunmamış müharibə nəticəsində torpaqların işğalı, dağılan yaşayış məskənləri, axan qanlar, ölən-itən-yaralanan, əsir düşən insanların FACİƏ-sidir.
Siyasətdə Qarabağ faciəsinin kökləri dərin, səbəbi hər zaman tarixi qonşularımıza GÜZƏŞT-dir. Bu fəlsəfədə xatırlayaq ki, məlum Topxana hadisəsi ilə əzmkarlıq göstərən millət öz faciəsini kədərlə, «filan yerin işğal günü tarixi»nin yası ilə deyil, əbədi yaşayış məkanına qayıdış mübarizliyində formalaşdırmalıdır.
Bəzən bizim «qəhrəman» simvolu göstəricisində – «mübarizləri» kənarda axtarır, fəxrlə çeçenləri nümunə göstərib, cəsur türk ordusunu təqdir edir, hətta nostalgiyaya qapılıb məlum sovet əsgərini təbliğ edərkən önəmli bir sual yaranır: «Bəs Biz kimik?»
Təbii ki, Qarabağ siyasətinin qaranlıq məqamları içində satqınlıq, ziyankarlıq, qorxaqlıq kimi dəlillər də danılmazdır. Lakin bu o demək deyil ki, özümüzə qarşı «torpaqlarını qoyub qaçan bir millət», «hərraca qoyub satan xalq» kimi ittihamı qəbul edib, işğalçının təcavüzkarlığına «torpaqlar satılıb» fikri ilə əsas verib, problemin ölçüyə gəlməz cinayətlərini yüngülləşdirməliyik. Bu fikir əsas siyasətin və düşmənin diqqətdən yayınmasına xidmət edir. Bütün bunlar mühakimə olunmalıdır: QƏLƏBƏ-dən sonra.
QARABAĞ SİYASƏTİ 20 faiz torpaqlarımızın işğalı, erməni təcavüzkarlarının CİNAYƏTKAR ƏMƏLİDİR.
Bu siyasətin problem olaraq hazırkı çətinliyi hər bir vətəndaşın ellikcə eyni mövqedən bu ağırlığı dərk edərək, məsuliyyəti öz üzərinə götürməməsi, biganəliyidir. Budur əsas problem! Qarabağ adlı elan edilməmiş savaşda şəhidi, şikəsti olmayan, evi dağılmayan, özünün şəxsi torpaq sahəsini itirməyənlərin BÖYÜK TORPAQ itkisinə biganəliyi, yadlığı, laqeyd soyuqluğu kimi subyektiv amillərin reallığıdır. Bu fəlsəfənin mahiyyəti çözülməzdir.
QARABAĞ SİYASƏTİ – XIX və XX əsr boyu ermənilərin əsassız torpaq qoparmaq cəhdləri və bu siyasətdə onlara dəstək verənlərin insan hüquqlarından danışa-danışa aşkar zorakılıq fəlsəfəsidir.
Faciənin düyün kimi çözümundə istər iqtidar, istər müxaliəfət yönlü KİV-lərin əsasən ictimai fikrdə hamılıqla problemin Özününküləşdirilməsi fəlsəfəsi, Yadlaşma-Özgələşmə dilemmasından çıxardıb bunun ÜMUMMİLLİ FACİƏ olaraq, mənəvi–psixoloji istiqamətdə unudulmasına yol verməməkdir.
Bədbinlik, məyusluq nikbinliklə əvəzlənərək, nəğməkar xalq olduğumuz kimi, mərd, qalib, şücaətli, əzmkar, hər an torpağı xilas etməyə hazır olmaq iradəsini də hər birimiz özümüzə təlqin etməliyik.
QARABAĞ SİYASƏTİNİN digər ağır bir fəsadı da əmək qabilliyətini itirmiş, işsizlik-bekarçılıq nəticəsində ələ baxımlıq-humanitar paylar alma vərdişinə yiyələnən, ümumi psixoloji durumu acınacaqlı olan qaçqın-köçkün ordusunun məşəqqətli güzəranıdır. Cəmiyyət də «Ver yeyim» adətinin onların yararlılığı, GƏRƏKLİ-liyi effekti ilə əvəzlənməsi vacibdir. Siyasətdə QARABAĞ FƏLSƏFƏSİ bu milyonadək didəgin insan taleyidir.
Buradaca real olan bir faktoru da qeyd edək ki, qaçqın və köçkünlər özləri də təbəqələşib: əzəldən imkanlı olan və yaxud işbazlar yüksək həyat tərzinə malikdirlər. Od-alov içindən bir canını və ailəsini xilas edənlər. Onlar ən adi həyati tələbatlardan belə məhrumdurlar. Digər bir təbəqə isə müəyyən mənada başını «küçə ticarəti» ilə saxlayanlardır. Bütün bunlar həll olunası QARABAĞ SİYASƏTİNİN görünən və ziddiyətli fəlsəfəsidir.
Nəzər yönəltməli bir məqam da bu siyasətdə didərgin uşaqlar, onların cəmiyyətə baxışı, münasibətidir. Dünən doğma yurdundan, bələk də, gələn körpə artıq məktəbli, tələbədir. Bu uşaqların öz ətrafına münasibətdə «niyə onlar yaxşı yaşayır» kimi aqressivliklə deyil, torpağı azad etməyə məsul, vətənpərvər kimi yetişməsi də diqqətdən yayınmamalıdır Əks halda, səfil vəziyyətdə, pərakəndə böyüyən bu uşaqlar sabah İDARƏOLUNMAZ insan kütləsinə dönüb, cəmiyyətdə xüsusi QƏBULOLUNMAZ-lar adlı potensial bir təbəqənin formalaşması təhlükəsini də yaradacaq amildir Vətəndaşın mənəvi-psixoloji durumu dövlət üçün mühüm əhəmiyyətə malik məsələdir. Çünki hər zaman ölkə əhalisinin nə düşünməsi, əhval-ruhiyyəsi, yaşam tərzi cəmiyyətdəki hadisə və proseslərin əsas istiqamətverici stimulu olub. Nəinki qaçqın-köçkün, bütövlükdə əhalinin bu FACİƏYƏ uyğunlaşması kimi neqativ təzahürlər yolverilməzdir.
Qarabağ siyasəti–vətəndaşın laqeydliyi–siyasiləşmə prosesində ziyalı passivliyinin ən əsas səbəbi siyasi liderlərə müxtəlif yanaşma tərzi, onların cəmiyyətdə tam qəbul olunmaması, yəni mənəmlik, ambisiya, eqoizm kimi təzahürlər.
Hər bir partiyada vəzifə uğrunda çarpışmanın diqqəti Qarabağ amilindən yayındırmasıdır. Əksər vaxt reallığın gerçəkləşməsində «üçüncü bir əl»in təsirini aramaq. Yaranan çoxsaylı təşkilatların eyni şəxslərdən, yəni partiya funksionerlərindən olması və orada bitərəf ziyalıya «yad baxış» tərzi. İtirilmiş ərazilərə münasibətdə hər bir kəsin, vətəndaşın, ən ümdəsi ziyalının mövqesizliyi və bütün bu həqiqətlərdə «nə etməli?» gerçəkliyi.
Cəmiyyətin əsas strukturu dövlətdirsə, cəmiyyətin avanqardı olan ziyalının borcu isə bitkin, sanballı, elmi konsepsiya, elmi proqramları ortaya qoymaqdan ibarət olmalıdır. Bu da həqiqətdir… Və bu həqiqətə əməl olunurmu? Burada da ziyalı möqeyi gərək deyilmi?
Qarabağ siyasətinin tənzimlənməsində hər bir kəsin vətəndaşlıq borcuna əməl etməsi mühüm şərtdir. Əhalinin bir qismi «coşur», bir qismi sadəcə dinir, bir qismi isə «donub». Torpaq təəsübkeşliyi «davası» dolanışıq uğrunda mübarizə həqiqətində öləziliyib, sanki əriyib… Siyasi partiyalar öz sıralarında olan «durğunları» hərəkətə gətirə bilmir. Kabinetlərində gününü qəzet oxumaqla keçirən bəzi partiya liderlərini, mürgülə-mürgüləyə, qəzet oxuyan dövlət məmurları, eləcə də skanvord həll edən vətəndaşları əslində bir amil birləşdirir: biganəlik.
İstər-istəməz düşünməli olursan ki, bəlkə, elə hər işə, hərəkətə mane olan yaşayış üçün təminatlardır… Amma bir həqiqət də var, o da vətəndaşlıq borcu… O borcun əsas daşıyıcısı isə ziyalı deyilmi? O öz ziyası, nuru, qayəsi ilə hadisə və proseslərə biganəlikdən silkinib çıxmalıdır. Millətin XXI əsrə XX əsrin əvvəlində olan tək korafəhim «sovetləşməni qəbul et, Qarabağ sənin olsun» qaranlığı ilə yox, fəal vətəndaş kimi addım atması zamanın tələbi deyilmi?
Uzun illər ərzində Araz çayına «Ayrılıq» nəğməsi oxuyan torpaq həsrəti ilə yanan «ƏZİZİNƏM QARABAĞ…» harayı dərk olunmayıbmı? Hansı siyasət, hansı hakimiyyət, hansı vəzifə davası olur-olsun, torpaq xilas olmalı deyilmi? Qoy olsun siyasiləşmiş mövzu… Təki ərazi bütövlüyü bərpa olunsun.
Adına qara kəlməsi varsa, o demək deyil ki, sən qara ilə anılmalısan, QARABAĞ! Sən millətin, xalqın, sabaha açılan işığısan QARABAĞ, ziyasısan, istisi-odusan, Sən qara yox, al-əlvan, çal-çağırlı torpağısan Azərbaycanın… Hər bir kəsin açılan donu, düzələn qəddi, dinən dili, yazan əli sənsən, Qarabağ…
Qoy siyasiləşsin sənin uğrunda bu millət – udan sənsən… Qoy siyasiləşməsin bu gün millət, sülh davası etsin, yenə udan sənsən, Qarabağ. Budur əsil həqiqət…
QARABAĞ SİYASƏTİ – bu, Cənubi Qafqazda müharibə ocağı kimi TERRORİZM YUVASI, çeşidli PROBLEMLƏR və açılası çox məsələlərin DÜYÜNÜ olan açıq həqiqətin təzahür fəlsəfəsidir.