Sakit Hüseynov,Rəna Ərəbxanova
Ermənilərin ekoloji cinayətləri davam etməkdədir
Erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, nəinki kənd və şəhərlərimizin dağılmasına, eyni zamanda bitki və heyvanat aləminin məhv edilməsinə, ərazilərimizdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Ermənistan tərəfi bu əraziləri işğal etdikdən indiyə kimi orada mövcud olan təbii sərvətlər və mədəni-tarixi abidələri cinayətkarcasına dağıtmağa davam etdi.
İşğal edilmiş ərazilərin ekoloji vəziyyətinin gərgin olması haqda kifayət qədər faktiki materiallar mövcuddur və onlar barəsində bir çox beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Müxtəlif vasitələrlə əldə etdiyimiz məlumatlara görə, son vaxtlar ermənilər Ermənistan ərazisində toplanan təhlükəli tullantıları işğal olunmuş Azərbaycan ərazisinə daşıyaraq orada basdırırlar. Bu zərərli maddələrin bir müddətdən sonra Dağlıq Qarabağ ərazisində ətraf mühitin ekoloji vəziyyətinə vuracağı ziyanı dərk etmək o qədər də çətin deyil.
Fikrimizi açıqlamaq üçün faktlara müraciət edək. Son vaxtlar (fevral-mart 2004-cü il) Ermənistan hökuməti parlamentdə təsdiq etmək üçün «Tullantılar haqqında» qanun layihəsi hazırlamışdır. Bu qanun layihəsinin hazırlanması son illərdə Ermənistanda zərərli və təhlükəli tullantıların miqdarının çoxalması ilə əlaqədardır. Bu fikri erməni rəsmiləri mətbuatda təsdiq etmişlər. Məsələn, Ermənistan Təbiəti Mühafizə naziri V. Ayvazyan 2003-cü ilin martında kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə demişdir ki, təkcə 2002-ci ildə Ermənistanda 327,8 min ton zərərli tullantı yığılmışdır ki, bunların da 1,2 min tonu ekoloji cəhətdən təhlükəli tullantı hesab olunur.
Ümumiyyətlə, erməni mənbələrinin məlumatına görə, 1985-1990-cı illərdə Ermənistan ərazisində 36,7 milyon ton sənaye tullantısı toplanmışdır ki, bunlardan da 33 milyon tonu metallurgiya, 0,3 milyon tonu yeyinti sənayesi, 0,11 milyon tonu ağac emalı, 0,1 milyon tonu isə kimya müəssisələrinin payına düşürdü. Ümumi tullantılar içərisində məişət tullantıları 1,5 milyon ton təşkil etmişdir. Ermənistanda toplanan ümumi tullantıların 20 min tonu tərkibində civə, qurğuşun, nikel, xrom, ftor və başqa zərərli maddələr olan ekoloji cəhətdən təhlükəli tullantılardan ibarət olmuşdur. Hələ 80-ci illərdən başlayaraq ermənilər təhlükəli tullantıları Oxçuçayla axıdaraq Araz çayını zəhərləyirdilər. Tədqiqatlar göstərir ki, ermənilər Azərbaycana qarşı hələ 80-cı illərdə başladıqları cinayətləri indi də davam etdirməkdədirlər.
Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdikləri ekoloji cinayətlər haqqında həm tədqiqatçılarımız, həm rəsmilərimiz, həm də respublikanın əlaqədar orqanları, qeyri-hökumət təşkilatları həyəcan təbili çalmaqdadırlar. Ermənilərin ərazilərimizdə törətdikləri ekoloji cinayətləri Beynəlxalq Zirvə toplantılarında qəbul edilmiş öhdəliklərə əsaslanmaqla beynəlxalq təşkilatların diqqətinə çatdırmağa ciddi ehtiyac vardır. Məsələn, Cənubi Afrika respublikasının Yohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Ümumdünya Sammitinin (4 sentyabr 2002) yekun sənədlərində təhlükəli tullantıların dövriyyəsi ilə əlaqədar ölkələr üçün müəyyən öhdəliklər irəli sürülmüşdür. Ermənistan da bu sammitdə iştirak edərək həmin öhdəlikləri öz üzərində götürmüşdür. Yohannesburq Sammitinin yekun sənədlərində deyilir: «Təhlükəli Tullantıların Sərhəd Zonasında Dövriyyəsinə və İstifadəsinə Nəzarət üzrə Bazel Konvensiyası kimi müvafiq beynəlxalq müqavilələr çərçivəsində götürülmüş öhdəliklərə uyğun olaraq, kimyəvi maddələrin və təhlükəli tullantıların istifadəsinin beynəlxalq səviyyədə qanunsuz satışının və təhlükəli tullantıların sərhəddə dövriyyəsi və istifadəsinin qarşısının alınmasına yönəlmiş cəhdləri gücləndirmək» əsas vəzifələrdən biridir. Buradan göründüyü kimi, təhlükəli tullantıların sərhəd zonasında dövriyyəsi və istifadəsinin qarşısının alınması və ona nəzarət edilməsi beynəlxalq Sammitin yekun sənədində öz əksini tapmışdır. Buna baxmayaraq, Ermənistan beynəlxalq sənədlərdə irəli sürülən tələblərə məhəl qoymur və Azərbaycana qarşı ekoloji cinayətkarlığını davam etdirir.
Digər beynəlxalq ekoloji sənədlərdən biri də «Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında» BMT-nin Orxus Konvensiyasıdır. Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistan Orxus Konvensiyasına qoşulmuşlar. Orxus Konvensiyasının tələblərinə görə Ermənistan işğal olunmuş ərazilərimizin ekoloji vəziyyəti haqqında məlumatları dünya ictimiyyətindən gizlətməməlidir. Qeyd edək ki, beynəlxalq təşkilatlar başqa sahələrdə olduğu kimi ekoloji məsələlərdə də Azərbaycana qarşı ikili standarlarla yanaşdığına görə işğal olunmuş ərazilərimizin ekoloji vəziyyəti ilə maraqlanmırlar.
Azərbaycan Respublikasının həm elm adamları, həm də dövlət nümayəndələri işğal olunmuş ərazilərin ekoloji vəziyyəti haqqında bir çox beynəlxalq konfranslarda məlumat vermişlər. Lakin həmin müvafiq təşkilatlar indiyə qədər bu çağırışlara reaksiya verməmişlər. Məsələn, 2003-cü ilin noyabr ayında ATƏT xətti ilə Qafqaz Regional Ekoloji Mərkəzinin Tbilisi şəhərində «Qafqazda ekoloji təhlukə mənbələri» mövzusunda keçirdiyi elmi konfransda biz ermənilərin günahı ucbatından Qafqazda yaranmış ekoloji təhlükə mənbələrini xəritə üzrə göstərmişdik. Lakin erməni ekoloqları bütün bu faktları inkar edirdilər. Həmin konfransda Rusiyadan Ermənistana Gürcüstan ərazisindən təhlükəli tullantıların daşınması haqqında gürcü ekoloqları da faktlar göstərdilər. Lakin erməni ekoloqları bundan xəbərsiz olduqlarını bildirirdilər.
Milli Məclisin Beynəlxalq və parlamentlərarası münasibətlər üzrə komissiyasının sədr müavini G.Hacıyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti «İşğal olunmuş Azərbaycan torpaqlarında yaranmış ekoloji vəziyyət» adlı sənədin müzakirəsini dəfələrlə qaldırsa da, hələlik bir nəticə olmadığını söyləmişdir. G.Hacıyeva qeyd etmişdir ki, Ermənistan tərəfin sənaye tullantıların, Azərbaycanın işğal olunmuş torpaqlarında, o cümlədən Mesamor AES-in radioaktiv tullantılarının basdırması haqqında dəqiq məlumatlar vardır. Respublikanın Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırov bu yaxınlarda NATO-nun təşkil etdiyi iclasdakı çıxışında ermənilər tərəfindən Ağstafa su anbarının zəhərli maddələrlə çirkləndirildiyini vurğulayaraq demişdir: «Son aylarda Ağstafa su anbarında nəinki çirkli, hətta yüksək toksik elementlərin mövcudluğu aşkara çıxarılıb. Biz bu barədə beynəlxalq təşkilatlara da məlumat vermişik. Bəlkə də, elə bunun nəticəsi idi ki, sularda toksiklik azaldı. Amma bizə heç kim zəmanət vermir ki, analoji vəziyyət təkrarlanmayacaq».
Bundan başqa, Ermənistan tərəfin təhlükəli tullantıları işğal olunmuş Füzuli və Cəbrayıl rayonlarının ərazisinə göndərdiyini təsdiq edən sənədlər də AŞ PA-ya təqdim edilmişdir. Azərbaycan nümayəndələrinin AŞ PA-ya təqdim etdiyi sənədlər Ekologiya və Kənd Təsərrüfatı Komitəsinə verilmişdir. Hələlik həmin sənədlərə baxmamışdır. Çünki Azərbaycan tərəfin təqdim etdiyi sənəddə göstərilən faktları sübut etmək üçün ciddi faktiki dəlillər yoxdur. Təəsüf ki, Azərbaycan ekoloqlarının məlum səbəblərə görə radioaktiv tullantıların basdırıldığı yerləri aşkar etmək üçün monitorinq keçirmək imkanları yoxdur. Buna görə də Azərbaycan mütəxəssisləri beynəlxalq təşkilatların bu məsələyə müdaxilə etməsinə, o cümlədən, radioaktiv və digər təhlükəli tullantılara nəzarəti həyata keçirən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) işə qarışmasını istəyir.
İşğal olunmuş ərazilərdə baş verən ekoloji cinayətləri ermənilər ört-basdır etsələr də, bəzən dolayı yolla onlar bunu etiraf edirlər. Məsələn, Qarabağ separatçılarının özündən bəy olan guya «xarici işlər naziri» Masis Mailyan jurnalistlərə verdiyi müsahibələrinin birində işğal olunmuş ərazilərdə narkotik maddələr əkilməsini təkzib etsə də, son beş ildə Qarabağın işğal edilmiş ərazilərində narkotiklərin yetişdirilməsi və satışı ilə bağlı 156 cinayət hadisəsinin qeydə alındığını təsdiq edib. 2004-cü ilin mart ayında Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının Füzuli rayonu ərazisində apardıqları əməliyyat zamanı tutulan cinayətkarlardan biri Dağlıq Qarabağ ərazisində narkotik maddələrin becərildiyini təsdiq edib. Deməli, ermənilərin işğal olunmuş ərazilərdə narkotik bitkilərin əkilməsi və daşınması haqqında artıq beynəlxalq təşkilatların məlumatı vardır. Buna görə də BMT-nin Mütəşəkkil cinayətkarlıq və narkotiklərlə mübarizə üzrə Vyana Ofisinin ekspertləri Ermənistan nümayəndələri ilə birlikdə Dağlıq Qarabağda monitorinq keçirilməsini qərara almışlar.
Azərbaycanın ekologiya üzrə ekspertləri beynəlxalq hüquq müdafiəçiləri ilə birlikdə, beynəlxalq hüquq qaydalarını nəzərə alaraq işğal olunmuş ərazilərimizdə ekoloji monitorinq keçirilməsinə nail olmalı və ermənilərin ekoloji cinayətkarlığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdırlar.