Salidə Şərifova
Qarabağ mövzusu Azərbaycan lirikasında
Mən aşığam Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ.
XX əsrin sonunda Dağlıq Qarabağda etnik münaqişənin kəskinləşməsi Azərbaycan ədəbiyyatında öz əksini tapmaya bilməzdi. Belə ki, Qarabağ mövzusu müasir ədəbiyyatımızda öz əksini tapmış aktual mövzulardan birinə çevrilmişdir.
Qeyd olunmalıdır ki, Qarabağa dair ədəbi əsərlər müxtəlif canrlarda yaradılmışdır. Lakin lirik canrlar üstünlük təşkil etmişdir. Lirika vasitəsi ilə Dağlıq Qarabağ probleminin müxtəlif aspektlərini qələmə almağa müvəffəq olunmuşdur. Ədiblərimiz əsərlərində Dağlıq Qarabağ mövzusunun müxtəlif tərəflərinə toxunmuşlar.
İlk növbədə qeyd etmək istəyərdim ki, poetik üslubdan ictimaiyyətin diqqətini Qarabağ probleminə cəlb etmək məqsədilə geniş istifadə edilmişdir. Həmid Abbas «Beləmi sevərlər Azərbaycanı?!» şerində yazırdı:
Dolur bulud kimi, dolur Qarabağ,
Atəşlərə hədəf olur Qarabağ.
Dörd ildir saçını yolur Qarabağ,
Soruşur: dərdimin varmı dərmanı?
Beləmi sevərlər Azərbaycanı?!
Bununla yanaşı, hərbi döyüşlərin gedişatı vətənpərvəlik mövzusunda tərtib edilən lirik əsərlərin canr xüsusiyyətlərinə önəmli təsir göstərmişdir. Təsadüfi deyil ki, 90-cı illərin əvvəllərində çoxsaylı marşlar və qəhrəmanlığı mədh edən lirik əsərlərin yaradılmasına üstünlük verilmişdir. XX əsrin əvvələrində milli ədəbiyyatımızda intensiv inkişaf dövrünü yaşamış marş 90-cı illərdə yenidən dirçəlmişdir. Azərbacyan əsgəri Əhliyyət Süleymanovun «Əsgər marşı»nın sədaları altında düşmənlə vuruşmuş və həmin əsərdən ruhlanmışdır:
Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq, namus bizə ar olsun.
Nə gözəldir ölmək bizə sevimli Vətən üçün,
Yanar ürək yurd eşqinə daima için-için.
Marş irəli! Marş irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri!
Azərbaycan əsgəri!
Fikrimizcə, Dağlıq Qarabağ münaqişəsinin təsiri altında yaradılmış hərbi marşların birlikdə tədqiq edilməsi zəruridir. Bu zərurilik həmin əsərlərdə müşahidə edilən ideoloji potensialın genişliyi ilə əlaqəlidir.
Qarabağın zəbt olunması ədəbiyyatımızda qəmli notlarla seçilən lirik əsərlərin yaradılmasına təkan vermişdir. Şairlərimiz lirika vasitəsi ilə azərbaycanlıların Qarabağ həsrətini ifadə etmişdilər. Ayrılıq hissləri, həmin doğma torpaqla mənəvi əlaqələr müxtəlif şairlər tərəfindən qələmə alınmışdır.
Qarabağda qalam var,
Talan düşən talan var!
Qarabağ bir anadı,
Bəs deməzmi balam var!
Ağa Laçınlının «Qarabağda qalam var» şerindən olan bu sətirlərdə şairin doğma torpaqlarına məhəbbət hissləri dolğunluqla ifadə edilmişdir. Şairlərimiz ermənilərin haqsız, qəddar və amansız cinayətlərini öz əsərlərində qeyd etməyə bilməzdilər. «Vahid Ermənistan» ideyası altında vəhşiləşmiş millətin mənəvi durumu ədiblərimiz tərəfindən əsərlərində qeydə alınmışdır:
Kim deyir Azərbaycanda Kərbala mövcud deyil,
Yol boyu qız-gəlinlər yoxsa ki, qol-bud deyil,
Qan içənlər, baş kəsənlər, bəs nədir Namrud deyil,
Göz çıxardıb, ev yıxanlar haqq bilir məsud deyil,
Məsud olmaz, inşallah, olsa sultan erməni!
Müzəffər Şükür Məchulun «Müsibətnamə»sindəki bu bəndlə ermənilərin əsil sifəti yığcam və aydın əks etdirilmişdir.
Azərbaycan lirikası Qarabağ itkisi kimi millətimiz üçün əhəmiyyətli mövzusundan yan keçə bilməzdir. Bu səpkidə olan əsərlər əsasən Azərbaycan millətinə ünvanlanmış çağırış formasında tərtib edilmişdir. Belə ki, Əflatun Saraçlı «Ya Qarabağ, ya ölüm!» şerində qeyd etmişdir:
Bu millət qol qoymaz şərəfsiz sülhə,
Bu gədər alçalmaz vətənim, elim;
Ya Allah, ayağa qalxsın qoy ölkə:
Ya doğma Qarabağ, ya da ki ölüm!...
Görkəmli şair Əflatun Saraçlının bu çağırışı Azərbaycan millətinin daxili durumunu, Qarabağ münaqişəsinin həllinə dair ümidlərini ifadə edir. Bu sətirlərdən göründüyü kimi, Dağlıq Qarabağ mövzusu unudulmamışdır. Fikrimizcə, şairlərimiz Azərbaycanın ümummilli dərdi olan Qarabağımıza dair lirik əsərlərinin yaratmasını davam etdirərək, Qarabağı milli təfəkkürdən silinməməsi istiqamətində öz borclarını yerinə yetirməkdə davam edəcəklər.