Şamil Mehdi
Qarabağ düyününün bu günkü reallıqları
Atəşkəs sazişinin imzalanmasından keçən növbəti ili yola saldıq. On ilin nəticəsində əldə etdiyimiz reallıqlar hansılardır?:
·Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 %-ə yaxın ərazisini işğal edib.
·İşğal faktı bütün dünyada Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratlarını həll etmək hüquqlarının həyata keçirilməsi kimi qəbul edilir.
·Azərbaycan müharibədə Ermənistana məğlub olmuş, iqtidarı onillik müddəti keçmiş atəşkəs sazişi imzalamış, ərazilərinin işğal altında qalması faktı ilə razılaşmışdır.
·Seçki saxtakarlığı nəticəsində hakimiyyətdə qalmış Azərbaycan hakimiyyəti, yalnız hakimiyyəti saxlamaq haqqında fikirləşir və torpaqlarы azad edilməsi üçün heç bir əməli addım atmır.
·Mövcud güc mərkəzləri və beynəlxalq qurumlar Azərbaycanı reallıqları qəbul etməyə, uduzmuş tərəf kimi güzəştlərə getməyə və sülh müqaviləsini imzalamağa çağırırlar.
Bu siyahını bir az da uzatmaq, genişləndirmək olardı. Bu reallıqları dəyişə biləcək, Qarabağın azad olunmasına təsir edə biləcək hadisələri şərti olaraq iki qrupa bölmək olar: xarici və daxili proseslər. QAT-ın 2-ci “Qarabağ dünən, bu gün və sabah” konfransından keşən bir il ərzində baş vermiş ən vacib hadisələri gözdən keçirək.
Ermənistanda prezident seçkilərindən növbəti dəfə, barışmamazlıqları ilə seçilən, başda R.Köşəryan olmaqla Qarabağ müharibəsi “qəhrəmanları” qalib çıxdılar. Zaman keçdikcə Ermənistanın işğal olunmuş ərazilərlə bağlı mövqeyinin yumşalacağına olan sadəlövh ümidlər puça çıxır. Ermənistan əvvəlki kimi, Dağlıq Qarabağın ya müstəqilliyi, ya da ən pis halda Ermənistana birləşməsi mövqeyində durur ve bu mövqenin dəyişəcəyinə heç bir işarə yoxdur.
İqtisadi nöqteyi-nəzərdən Ermənistanın çökməsi, əhalisinin kütləvi şəkildə köçməsi və s. bu kimi bizə xoş gedən faktlar öz təsdiqini tapmır. Əksinə son zamanlar Ermənistan yeni enerji layihələrinin (İran-Ermənistan-Rusiya-Avropa qaz kəməri) müzakirələrinə cəlb olunur, Rusiyadan iqtisadi və hərbi dəstək alır, ABŞ tərəfindən daima maliyyə yardımları görür. Vaxtaşırı, Dağlıq Qarabağa investisiya qoyulması haqqında məlumatlar gəlir. “Erməni məsələsi“, “erməni“ genosidi ABŞ ve Avropa ölkələrində geniş müzakirə olunur, Türkiyə Ermənistanla sərhədlərin açılmasına, diplomatik əlaqələrin yaradılmasına, iqtisadı əməkdaşlığa başlamasına təhrik edilir.
Gürcüstanda keçirilən parlament seçkilərinin saxtalaşdırılmasına xalqın etirazı, bunun nəticəsi kimi E.Şevarnadzenin istefası və demokratik prezident seçkilərinin keçirilməsi, M.Saakaşvilinin başçılığı ilə legitim hökumətinin formalaşması Gürcüstanın beynəlxalq aləmdəki mövqelərini xeyli gücləndirdi. Son İllər ilk dəfə olaraq ölkədaxili separatçı hərəkat güc işlədilmədən və qansız şəkildə durduruldu. Önəmli məqam – Qafqazı ənənəvi olaraq öz həyati maraq dairəsinə aid edən Rusiyanın mövqelərinin zəifləməsi və Acarıstan məsələsində güzəştə getməsidir.
Rusiyanın mövqelərinin Qafqazda zəifləməsinə təsir edən amillərdən ikisi də nəzərə alınmalıdır: Avropa Birliyinin və NATO-nun 10 yeni üzv-ölkə hesabına genişlənməsi, Rusiya Federasiyasının quru sərhədlərinə gəlib çıxması və ABŞ-ın heç nəyə məhəl qoymadan, terrorizmlə mübarizə bayrağı altında Əfqanıstan və İraqda hərbi əməliyyatları, Orta Asiya və Qafqaz ölkələrində hərbi bazalarının yerləşdirməsi xüsusi rol oynayır.
Azərbaycan daxilində dönüş nöqtəsi ola biləcək prezident seçkiləri ən vacib hadisə idi. Qarabağın azad olunması üçün son illərdə növbəti dəfə münbit şərait yetişirdi. Seçkilərin demokratik, şəffaf, obyektiv keçirilməsi Azərbaycanın gələcəyi üçün çox vacib idi. Lakin hakimiyyət növbəti dəfə saxtakarlıq yolunu seçdi. Ali hakimiyyət neomonarxist rejimlərdə olduğu kimi, atadan oğula ötürüldü. Varisin atasından fərqli siyasət yürüdəcəyi, ölkədə vətəndaş həmrəyliyi yaradacağı, demokratik islahatlar aparacağı və ən başlıcası Qarabağın azad olunması yolunda addımlar atacağı haqqında xülyalar əriyərək yox olur. Hakimiyyətə yiyələnmiş prezident, sələfinin yaratmış olduğu “məxməri” diktator reğimini (mahiyyətcə klassik diktaturadan heç nə ilə seçilmir, dünya və ölkə ictimaiyyətinə keçid dövrünün modeli kimi təqdim edilir) nəinki yumşaltmağa, əksinə daha da sərtləşdirməyə çalışır.
Azərbaycanda siyasi hakimiyyət faktiki olaraq bir nöqtədə - prezident aparatında toplanıb və hakimiyyətin digər qolları buradan yönləndirilir. İqtisadiyyatda total nəzarət mexanizmi qurtulub, oliqarx klanlardan kənar sahibkarlıq fəaliyyəti mümkün deyil, maliyyə və maddi qaynaqlar monopoliya altındadır. Azərbaycan iqtidarının “nou-hau”su hesab oluna biləcək idarə olunan korrupsiya sistemi qurulub. Təhsil, səhiyyə, idarəetmə strukturları məhdud bir qrupun mənafeyinə qulluq edir. Acanacaqlı haldır ki, digər sahələrdə olduğu kimi ordu da başdan-ayağa korrupsiya çirkabına bulaşıb. Əfsuslar olsun ki, birbaşa vəzifələri olduğu halda istər Milli Məclis, Nazirlər Kabineti, istər Prezident Aparatı tərəfindən Qarabağın azad edilməsi ilə bağlı heç bir müzakirələr aparılmır, ictimaiyyətə fəaliyyət istiqamətləri açıqlanmr. Qarabağla bağlı məsələlər iqtidarın inhisarındadır. Muharibədə şəhid olmuş insanların ailələrinə, əlil və veteranlara hökumətin münasibəti göz qabağındadır.
Cəmiyyətdə mənəvi dəyərlər deqradasiyaya uğrayıb, yeni meyarlar yaradılıb. Əsil Sovet ənənələrinə uyğun olaraq mifik lider, millətin “babası” obrazı yaradılır, televiziya və qəzetlər əfsanəvi qələbələrdən, nailiyyətlərdən bəhs edir, çoxsaylı tirajlarla bioqrafik və ensiklopedik kitablar çap olunur, filmlər çəkilir. Zəhmetkeşlərin “kütləvi toplantıları” keçirilir, şəhər, rayon, qəsəbə mərkəzlərində, kənd klublarında mərmərdən, qranitdən, tuncdan və gipsdən büstlər qoyulur. Hava limanları, idman sarayları, küçələr dahi rəhbərin adı ilə adlandırılır (maraqlıdır ki, əvvəllər bu obyektlərin çoxu V.İ.Leninin adı ilə hağlı idi).
Bütün bunların nəticəsi olaraq, Azərbaycanda iqtidarla cəmiyyətin arasında uçurum yaranmışdır. İctimaiyyətin müxtəlif təbəqələrindən bu uçurumun üstündə körpülər qurmaq cəhdləri iqtidar tərəfindən kütləvi represiya və həbslərlə, insanların iradəsinin əzilməsilə qarşılanır. Siyasi müxalifətin fəaliyyəti tamamilə məhdudlaşdırılıb, ədalətsiz məhkəmələr davam edir. Nəticə kimi, cəmiyyətdə qorxu xofu, biganəlik, çıxılmamazlıq əhval-ruhiyyəsi hakim kəsilib.
Eyni münasibət Qarabağla bağlı məsələlərdə nümayiş etdirilir. Dəfələrlə QAT tərəfindən dəvət edilmələrinə baxmayaraq, dövlət nümayəndələri bir dəfə də olsun tədbirlərdə iştirak etməyiblər, fikir mübadiləsi aparmayıblar. Son dörd ildə bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, Ədliyyə Nazirliyi QAT-ın qeydiyyata alınmasından əsassız şəkildə, heç bir izahat vermədən imtina edir. Bakı şəhər icra hakimiyyəti QAT-ın erməni nümayəndə heyətlərinin Azərbaycana gəlməsinə, iqtidarın fəaliyyətsizliyinə etiraz olaraq keçirilən kütləvi tədbirlərinin heç birinə razılıq vermir. QAT-ın Şuşanın işğal gününü - mayın 8-ini Işğal olunmuş Ərazilər Günü kimi qeyd olunmasını, Azərbaycan Respublikasının qanunlarına əsasən Qarabağla bağlı geniş təbliğat plakatlarının, reklam löhvələrinin hazırlanıb yayılmasını, ictimai televiziyada daimi xüsusi verilişlərin yaradılmasını və s. təkliflərini cavabsız qaoymuşlar. AzTv-də, iqtidar qəzetlərində QAT-ın fəaliyyətinə verilən qiymət Ermənistan tərəfindən verilən qiymətlə üst-üstə düşür.
Tarixi təcrübə göstərir ki, analoji vəziyyətlərdə öz tarixi yaddaşını, daxili potensialını işə sala bilən xalqlar, çətin də olsa, reallıqları dəyişə bilir. Yaxın tarixdə, keçən əsrin 20-ci illərində Türkiyədə türk xalqının, II Cahan savaşı zamanı fransız xalqının, savaşdan sonra alman və yapon xalqlarının əzmlərini misal göstərmək olar. Şahidi olduğumuz dövrdə iraq xalqının ABŞ və çeçen xalqının Rusiyaya qarşı apardıqları mübarizə ibrətamizdir.
Bu gün qarşımızda duran ən çətin məsələ məhz xalqın müqavimət gücünün bərpası işidir. Güvənə biləcəyimiz yeganə qüvvə toplumun iradəsi, cəmiyyətin mövqeyidir. Bunun formalaşması isə ancaq və ancaq fəaliyyətdən keçir. Siyasi müxalifət və elita nümayəndələri, ictimai xadimlər və el ağsaqqalları, torpaq hissi olan hər bir şəxs sözlə yox, əməli fəaliyyətlə nümunəyə çevrilməlidir. Torpaqların azad olunmasını, Qarabağın qaytarılmasını, gələcək nəsillərimizin dünya xalqları arasında layiqli yer tutmalarını, alnımızdakı ləkəni silmək istəyiriksə hadisələrin bizi yox, bizim hadisələri idarə etməyimiz vacibdir...