Təzəgül Qasımova
Qarabağ probleminin demoqrafik xüsusiyyətləri
Azərbaycan müxtəlif etnik azlıqların mövcud olduğu bir ölkədir. 1989-cu il əhalinin siyahıya alınmasına əsasən, etnik azlıqlar Azərbaycan əhalisinin 20%-ni təşkil edirdi. Azərbaycanın bir çox dövlətlər və qonşu ölkələrin strateci maraqlarının kəsişdiyi yerdə yerləşmiş geopolitik mövqeyi ölkənin etnik problemlərinin həlli üçün əlverişli deyil. Öz məqsədlərinə çatmaq istəyən bu ölkələr müxtəlif etnik azlıqlar arasında separatçı hissləri alovlandırmaqdan ötrü Azərbaycanın etnik problemlərindən istifadə edirdilər. Qarabağ münaqişəsi bunun təzahürüdür.
Qarabağ Muxtar Vilayətinin sosial-mədəni problemlərinin həllinə çağıran dinc nümayişlər və mitinqlərlə başlayan bu mübarizə tez bir zamanda hərbi münaqişəyə çevrildi, həyatın bütün sahələrinə böyük təsir göstərdi və demokratik dövlətin formalaşmasının ilkin mərhələlərində Azərbaycanın mövqeyini sarsıtdı. Hərbi münaqişə nəticəsində, ölkə ərazisinin 20%-i işğal olunmuş, 20000 nəfər həlak olmuş, 50000-dən çoxu yaralanmış və 4000-ə qədəri əsir , girov və ya döyüş əməliyyatları zamanı itkin düşmüşdür. (1997-ci il insan inkişafı haqqında hesabat). 1 milyona qədər əhali evlərini tərk etməli olmuşdur. Münaqişə, ölkə iqtisadiyyatına qədəri dəqiq ölçülə bilməyən ziyan vurmuşdur. Ölkənin qərbində və şimal-qərbində yerləşən yüzlərlə, sənaye kompleksləri, kənd təsərrüfatı və nəqliyyat infrastrukturu obyektləri dağıdılmışdır.
Azərbaycan keçmiş Sovet İttifaqı Respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə oldu. İlk dəfə yüzlərlə azəri 1987-ci ilin payızında Ermənistandan Azərbaycana qaçdılar. 1988-ci ilin yanvarında bu rəqəm 4000-ə çatdı. 1989-cu ilin fevralında Azərbaycan-Ermənistan münaqişəsinin başlanmasından sonra bu Sovet Respublikalarının hər ikisi qaçqınlarla həddən artıq dolmuşdu. 1990-cı ilin yanvarında artıq bütün azəri və kürd müsəlmanlar, həmçinin rusların bir hissəsi birlikdə 185,5 min nəfər Ermənistandan qovulub çıxarılmışdır. Öz növbəsində 279 min nəfər Azərbaycandan Ermənistana və 44 mini isə Rusiyaya qaçdı. 1988-ci ildən 1990-cı ilədək hər iki respublikadakı qarətlər nəticəsində 216 azəri və 119 erməni öldürüldü.
Ermənistandan və Özbəkistandan olan qaçqınlarla eyni zamanda 1988-ci ildə Dağlıq Qarabağ Vilayətindən ilk məcburi köçkünlər qaçıb gəldilər. Keçmiş Sovet İttifaqının süqutu və 1991-ci ildə Azərbaycan və Ermənistanın öz müstəqilliklərini elan etməsi Qarabağ münaqişəsini beynəlxalq münaqişəyə çevirdi. Ermənistanın silahlı qüvvələri 1991-ci ilin payızından 1992-ci ilin yayına qədər bütün yerli azəri əhalini Dağlıq Qarabağdan qovub çıxardılar. Elə həmin vaxtdan Azərbaycanda ölkə daxili didərginlərin qeydə alınması başlandı və bu rəqəm 212-220 min nəfər oldu.
1993-cü il martın sonu və fevralın əvvəlində Kəlbəcər zonasının işğalından sonra qaçqınlarla bağlı vəziyyət pisləşdi. Bunun ardınca 1993-cü ilin oktyabrına qədər Ağdam, Füzuli, Jəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.
1987-1990-cı illər müddətində qaçqınların sayı nisbətən az olduğundan onları hakimiyyət orqanları qeydə almağa qadir idilər. Lakin, Azərbaycanın 6 rayonunun işğalı ilə nəticələnən hərbi münaqişə didərgin axınına səbəb oldu. 1993-cü il aprelin əvvəlində Kəlbəcər rayonunun işğalından sonra 243 min didərgin rəsmi olaraq qeyd olunmuşdur, lakin həmin ilin dekabrının əvvəlinə Dövlət Statistika Komitəsi 778,5 min nəfər qeydə almışdır. 1997-ci ilin yanvarına olan ən son rəsmi məlumata istinad etsək, Azərbaycanda 843 min nəfər qaçqın və məcburi köçkün var ki, bu da ölkə əhalisinin 11%-ni təşkil edirdi.
Dövlət orqanlarının qaçqın və məcburi köçkünlərə münasibəti ildən-ilə dəyişməyə başladı. 1992-ci ilin sentyabrın 29-da Respublika Parlamenti keçmiş sovet respublikaları içərisində birinci olaraq qaçqınların status və hüquqlarını təyin edən qanun qəbul etdi. 1992-ci ilin dekabrın 8-də Azərbaycan 1951-ci il Konvensiyası və 1967-ci il Qaçqınların Statusu üzrə protokolu ilə razılaşdı.
1988-ci ildə başlanmış Qarabağ münaqişəsindən bir qədər sonra aparılmış 1989-cu il əhalinin ümumi siyahıya alınmasının nəticəsinə görə, o vaxt Azərbaycanda 7,021 mln nəfər əhali yaşayırdı ki, onun 83%-ni azərbaycanlılar təşkil edirdilər. Sonrakı qanlı hadisələr və minlərlə insanların respublikaya, ondan kənarlara miqrasiyası Azərbaycandakı demoqrafiq vəziyyəti kəskinləşdirdi. Azərbaycanda yaşayan 390000 ermənidən 323000-i respublikanı 1988-ci ildə tərk etdi. Yerdə qalan 67000-i hələ də Dağlıq Qarabağda yaşayanlardır və bir neçəsi Bakı sakinləridir.
Miqrasiya slavyan əhalisinə, xüsusilə ruslara da təsir göstərdi. Rəsmi məlumatlara görə, 169000 rus, 15000 ukraynalı və 3000 belarus ölkəni tərk etmişlər. Onların əksəriyyəti 1990-1992-ci illərdə köçmüşlər. Həmin dövrdə əsas səbəb ölkədəki qeyri-sabit siyasi vəziyyət idi. Lakin sonralar rusların miqrasiyası əsasən sosial və iqtisadi səbəblər üzündən baş verirdi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1997-ci ilin yanvarına qədər Azərbaycan əhalisinin sayı 7566000 nəfərə çatmışdır. Ölkədə azərbaycanlıların sayı 6750000 nəfər olmuşdur ki, bu da əhalinin 90%-ni təşkil edirdi.
Qarabağ münaqişəsi başladıqdan sonra baş vermiş miqrasiya prosesləri azərbaycanlılara da təsir etmişdir. Birincisi, «rus dilli» Azərbaycan əhalisi, əsasən Bakı sakinləri, 1988-1990-cı illərdə Rusiyaya köçdü. Miqrasiyanın əsas səbəbələri qeeyri-sabit vəziyyət, milli-vətənpərvər qüvvələrin güclənməsi üzündən öz gələcəkləri barədə qorxu və xeyli sayda qaçqın-kənd əhalisinin axını nəticəsində şəhərin sosial strukturunun dəyişməsi idi.
Bundan başqa, 1994-dən başlayaraq, ölkədən kənara gedən qaçqın və məcburi köçkünlərin sayı hiss olunacaq dərəcədə artdı. Azərbaycandakı işsizlik üzündən onlar xaricə, ələlxüsus da Rusiya, Türkiyə və İrana getdilər.
Türkiyə, əsasən, Naxçıvandan olan əhalini və orada yaşayan qaçqınları qəbul edirdi. İranda onun Tehran, Təbriz, Ərdəbil və Urmiya kimi şəhərlərində çoxlu məcburi köçkünlər yaşayırlar.
Bəzi hesablamalara görə, 1991-1996-cı illərdə 1,5 milyon nəfərdən çox əhali Rusiyaya köçüb və hələ də orada çalışır. Azərbaycanlıların əksəriyyəti Moskva və onun ətrafında cəmləşib. Onların arasında xüsusilə Fizuli və Ağdam rayonlarından olan məcburi köçkünlərin sayı daha çoxdur.
Ümumiyyətlə, Qarabağla bağlı müzakirələrə, ayrılıqda isə Azərbaycan qaçqınlarının problemlərinə beynəlxalq reaksiya da müxtəlif idi və bu da respublikada sosial iqlimə təsir göstərdi. Azərbaycan çoxlu sayda qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək problemi qarşısında qalmışdı.
Respublika əhalisinə nisbətdə qaçqınların və məcburi köçkünlərin sayının çoxalması, ölkə ərazisinin 20%-nin işğal altında olması Azərbaycanda sosial mütəşəkkilliyə nail olmanı çətinləşdirir.