Tofiq Həsənov

XX əsrin I yarısında ermənilərin Şimali Azərbaycan

ərazisinə iddiaları

XIX əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən Rusiya imperiyası onların dövlət yaratmaq arzularının həyata keçirmələrinə yaxından kömək edirdi. Birinci dünya müharibəsinin qızğın vaxtında rus çarı II Nikolay Fransa səfiri ilə söhbətində ermənilərə «ən azı muxtariyyət verəcəyini» bildirmiş və öz vədinə sadiq çıxaraq, 1917-ci il yanvar ayının 11-də Türk Ermənistanı haqqında dekret imzalamışdır. 1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər rus çarı II Nikolayın əksər qərarlarını tanımasalar da onun «Türk Ermənistanı haqqında» dekretini 1917-ci il dekabrın 27-də tanıdılar. 1917-ci il dekabr ayının 16-da V. İ.Lenin tərəfindən S.Şaumyan Qafqazın fövqəladə komissarı təyin olundu. O, Bakıda bolşevik hərəkatına rəhbərlik etməyə və bununla bərabər Azərbaycanda yerli türk-müsəlman əhalisinə hər hansı muxtariyyata nail olmağa yol verməmək və nəticədə «Türk Ermənistanı dekreti»ni həyata keçirmək kimi tarixi vəzifəsini yerinə yetirmək üçün göndərilmişdi. 1918-ci ilin mart ayında Brest-Litovsk sazişindən sonra bolşevik Rusiyasının Qarsı, Batumu və Ərdəhanı Türkiyə torpaqları olaraq qəbul etmələri bu dekretin tətbiq olunduğu ərazini dəyişdi. Türkiyə 1918-ci ilin mart-aprel aylarında Ərdəhan, Qars və Batum torpaqları üzərində öz siyasi dövlət quruluşunu bərpa etdi. Anadoludan rüsvayçılıqla qovulmuş Qafqaz rus orldusu tərkibində türklərə qarşı döyüşən erməni hərbi birləşmələri Cənubi Qafqazın qədim türk-müsəlman əhalisi yaşayan İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında ərazi iddiaları irəli sürərək təcavüzə başladılar. Bununla bərabər, bolşevik Rusiyasına arxalanan və Moskvada güclü dəstəyi olan ermənilər Bakı quberniyasını Azərbaycandan və xüsusilə dünya neft istehsalının mərkəzi olan Bakı şəhəri və onun ətraf neft istehsal edən bölgələrini Azərbaycandan ayırmaq və erməniləşdirilmiş müstəqil bir vilayət şəklində Rusiya tərkibinə daxil etmək barədə planları var idi. Bolşeviklərin ermənilərlə birgə siyasəti hələ Şaumyanın rəhbərliyi altında təşkil olunmuş Bakı kommunası dövründən üç vəzifədən ibarət olmuşdur: 1) Bakının milliyyətcə türk-müsəlman əhalisini qırıb azaltmaq və didərgin salmaq yolu ilə yox etmək; 2) Bakını faktiki və hüquqi olaraq Azərbaycandan ayırmaq; 3) Bakını erməniləşdirmək. Rusiyanın Cənubi Qafqaz siyasətinin iflasa uğrayacağı ilə qorxudan Şaumyan belə deyirdi ki, Bakı Azərbaycanın paytaxtı elan olunsa «Cənubi Qafqaz Rusiya üçün itirilmiş olar». S.Şaumyanın qəddarlığı və erməniçilik xəstəliyinə tutulduğu ondan görünürdü ki, o, «ancaq Sovet hakimiyyətini qəbul edən müsəlmanların təhlükəsizliyini təmin edə biləcəyini bəyan edirdi». Bakı kommunasının daxili işlər komissarı A.Caparidze öz vəzifə borcunu yerinə yetirmək əvəzinə söyləyirdi ki, «əgər müsəlmanların mənə inandığına əmin olsaydım onlara yardım edərdim». S.Şaumyan məqsədini gizlətməyərək deyirdi ki, biz 1918-ci ildə düşünülmüş şəkildə milli qırğına getdik, «əgər Müsavat qalib gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan olunacaqdı». 1918-ci ildə Rusiyanın xarici işlər komissarı Q.V.Çeçerin rəsmi toplantıların birində «Bakı qəzasının həmişəlik olaraq Rusiyada qaldığı»nı bəyan etmişdir. Bu Azərbaycanın Xəzər dənizi sahillərindən tamamilə məhrum olması demək idi.

Siyasi vəziyyətin ağırlığını başa düşən Gəncə şəhərində yer­ləşmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacıniski 1918-ci il iyunun 4-də Osmanlı imperiyası ilə dostluq müqaviləsini imzaladılar. Bu müqavilə Azərbaycan dövlətinin beynəlxalq aləmdə təsdiq olunması və Azərbaycan türk millətinin müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanılmasında zəruri addım idi. 1918-ci il iyun ayının 11-də Gəncə şəhərində erməni silahlı dəstələrinin tərki-silah edilməsi ilə başlanan hərbi əməliyyat, həmin ildə sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsi ilə başa çatmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyski 1918-ci il sentyabrın 15-də Bakının azad olunması münasibətilə Qafqaz İslam Türk Ordusu komandanı Nuru Paşaya teleqramında yazmışdı. «Millət Sizə minnətdardır…».

1918-ci ilin may ayında öz azadlığına qovuşmuş Cənubi Qafqazın türk-müsəlman əhalisi və yeni yaranmış Azərbaycan hökuməti mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etməyə çalışırdı. Azərbaycan hökuməti 1918-ci ilin may ayında keçirilmiş Batum konfransının nəticəsi kimi üç yeni yaranmış respublikalar arasında müqavilə im­zalandı. 1918-ci il may ayının 29-da tarixən Azərbaycanın ərazisi olmuş İrəvan şəhəri paytaxt olmaqla 10 min kv. km. ərazi yeni yaradılan Ararat (Ermənistan) respublikasının ərazisi kimi müəyyənləşdirildi. Lakin Azərbaycan tərəfindən irəli atılan bu xeyirxah addım erməniləri daha da şirnikləndirdi. Onlar «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün əlverişli məqam olduğunu sanaraq Azərbaycana qarşı daha geniş ərazi iddiaları irəli sürdülər. Tarixən Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur ərazilərinə iddia edən erməni daşnakları eyni zamanda bu torpaqlarda etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Zəngəzur, Naxçıvan və Qarabağda yaşayan dinc əhali Andronik, Dro, Ncdenin quldur dəstələri tərəfindən məqsədyönlü soyqırıma məruz qalmışlar. 1918-1920-ci illərdə yeni yaradılmış Ararat respublikası ərazisində etnik təmizləmə nəticəsində 575 min türk-müsəlman yaşamışdırsa, 1922-ci ildə onların sayı azalaraq 10 min nəfərə enmişdir.

Qarabağın dağlıq hissəsində kök salmış erməni daşnaqları 1918-ci ilin iyul və sentyabr aylarında keçirdikləri qurultayda bu mahalın müstəqilliyini elan etdilər. Zəngəzurun bir hissəsində möhkəmlənən Andronik burada «paytaxtı Gorus olmaqla» erməni qubernatorluğu təşkil etdi. Sonradan «paytaxtı Şuşa olacaq», «kiçik Ermənistan» dövlətini yaratmağa çalışdı. Azərbaycan ərazisinə torpaq iddialarına və orada yaşayan yerli türk-müsəlman əhalisinə qarşı erməni-daşnaklarının təcavüzünün qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1919-cu il 15 yanvar tarixli iclasında Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə general-qubernatorluq yaradılmasını qərara aldı. Müvəqqəti olaraq yaradılmış general-qubernatorluğa fövqəladə səlahiyyətlər verdi. Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru vəzifəsinə təsdiq olundu. Azərbaycan hökuməti Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar bölgələrinin müvəqqəti general-qubernatorluğu təşkil olundu. Bəhram xan Naxçıvanski general-qubarnator, Kərim xan İrəvanski və Hacı Mehti Bağırov isə onun köməkçiləri təyin olundular.

Qarabağda olan daşnak erməni təşkilatları müvəqqəti siyasi dövr üçün yaradılmış Qarabağ general-qubernatorluğuna etiraz olaraq 1919-cu il aprel ayında keçirdikləri beşinci qurultayında Azərbaycana qarşı olan münasibətlərini müzakirə edib, daşnak ünsürlərinin təzyiqi altında Azərbaycan hökuməti ilə əlaqəsi olan hər hansı bir dövlət idarəçiliyini qəbul etməyəcəkləri barədə qərar qəbul etdilər.

Erməni daşnaklarının Azərbaycanın ərazisinə qarşı olan iddiaları hərbi təcavüzə çevrilirdi. Erməni təcavüzünün qarşısını almağa gücü çatmayan Azərbaycan kəndlərinin əhalisi yurdlarını tərk etməyə məcbur olurdular. 1919-cu ilin oktyabr ayında ermənilər Zəngəzurun 110 böyük türk-müsəlman kəndlərini məhv etmişdir. Bu kəndlərin sakinlərini qırmış, qaçqın düşmüş 60 minə yaxın əhalisi Qarabağa pənah gətirmişlər. Ermənilər Dilicandan 7 min, İrəvan quberniyasının Yeni Bəyazid qəzasından Zəngəzura xeylı silahlı qüvvə gətirmişdilər. Qara­bağı ələ keçirmək üçün çox saylı erməni silahlı dəstələri yola düşmüşdü. 1919-cu il noyabr ayının 23-də Tiflisdə imzalanmış sülh sazişinə görə Azərbaycan və Ermənistan hökumətləri öz qoşunlarını Zəngəzurdan geri çəkməli idilər. Azərbaycan hökuməti müqaviləyə əsasən öz hərbi qüvvələrini Zəngəzurdan çıxarsa da, Ermənistan öz hərbi qüvvələrini nəinki geri çəkmədi, əksinə daha da gücləndirdi. Sülh sazişi imzaladıqdan təxminən iki ay keçmiş az bir müddətdə Zəngəzurun daha 40 kəndi talan edilib sakinləri qətlə yetirildi.

1920-ci il mart ayının 22-də gecə saat 3-də erməni daşnaklarının üsyançı dəstələri Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan hökumətinin qoşun bölmələri üzərinə basqınlar etdilər. Mart ayının 29-da Azərbaycan qoşunları Ağdamdan Əsgərana doğru hücuma keçdi. Hücuma keçən Ağdam dəstəsi, Zaqatala piyada alayı, Şirvan alayı və Tərtər süvari alayının hissələri ilə gücləndirilmişdi. Aprel ayının 3-də hücuma keçən Ağdam dəstəsi gərgin döyüşlər nəticəsində erməni qüvvələrini məğlub edib Əsgəran və Xocalını azad etdi. Aprel ayının 5-də Şuşaya daxil oldu. Aprel ayının 9-dan 11-dək Şuşa yaxınlığındakı Keşişkənd ətrafında gərgin döyüşlər baş verdi. Bu döyüşlərdə Qarabağdakı erməni-daşnak qüvvələrinə sarsıdıcı zərbə vuruldu və çox güclü möhkəmləndirilmiş bazası məhv edildi. Azərbaycan Ordusunun təzyiqinə davam gətirməyən erməni hərbi hissələri ailələrini Zəngəzura köçürüb kiçik dəstələrlə Azərbaycan kəndlərinə hücum edirdi. Ağdam silahlı dəstələri bəzi ərazilərdə fəallaşan erməni silahlı dəstələrini susdururdu. Aprelin 18-dən 19-na keçən gecə erməni silahlı dəstələri Qaybalı kəndinə daxil olub onun bir hissəsini yandırdı.

1920-ci ilin əvvəlində Şimali Qafqazda qırmızı ordunun uğurlu hərbi əməliyyatları erməni silahlı dəstələrinin fəallığını daha da artırdı. 1920-ci ilin yanvarından Ermənistan hərbi əməliyyatları yenidən gücləndirdi. Sovet Rusiyası Azərbaycan Xalq Cumhuriyyətinə qarşı fitnəkar bir siyasət aparmışdır. Rusiya ermənilərin torpaq iddialarını daha da qızışdırmaqla onları Zəngəzur və Qarabağda Azərbaycan dövlətinə qarşı müharibəyə təhrik edirdi. Nəticədə Azərbaycan ordusunun böyük bir hissəsi erməni hərbi hissələrinə qarşı Qarabağ və Zəngəzurda döyüşlərə cəlb olunurdu. Azərbaycan ordusu 1920-ci il aprelin sonunadək ölkənin ərazi bütövlüyünü qorumaqla öz vəzifə borcunu şərəflə yerinə yetirdi.

Tarixi sənədlərdən aydın olur ki, XI Ordu Bakını işğal edərək buranı Azərbaycandan ayırıb sovet Rusiyasının ərazisi elan etməyə çalışırdı. Lakin sonradan Lenin bu fikirdən əl çəkdi. Onun göstərişinə əsasən, Qafqaz cəbhəsinin komandanı M.Tuxaçevski XI Ordunun komandanı M.Levandovskiyə göndərdiyi 1920-ci il 23 aprel tarixli teleqramında; «490 №-li göstərişimizə dəyişiklik olaraq, əmr edirəm ki, ordunun son məqsədi ancaq Bakı quberniyası deyil, bütün Azərbaycana keçirməkdir».

1920-ci il aprel çevrilişindən 1933-cü ilin əvvəllərinə kimi Azərbaycan K(b)P MK-nın birinci katibi yabançı qeyri türk-müsəlman xalqların nümayəndələrindən olması ermənilərin Azərbaycan ərazisinə olan torpaq iddialarını təmin olunması ilə nəticələnmişdir. 1929-cu ildə Azərbaycanın Zəngilan rayonunun üç kəndi qeyri-qanuni olaraq Ermənistana verilmişdir. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi – Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə əks olaraq Ermənistana verildi.

N.Nərimanovun vermiş olduğu bəyanata görə, Zəngəzurun 4504,5 kv.km ərazisi Ermənistana birləşdirildi, daha doğrusu hədiyyə verildi. Bu məsuliyyətsiz bəyanatın nəticəsində Azərbaycan 11 min kv. km ərazisindən məhrum oldu. Buraya əsasən Zəngəzur, Şərur-Dərələyəz və Göyçə torpaqları daxil idi.

Azərbaycan MİK-nin 7 iyul 1923-cü il tarixli dekreti ilə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. DQMV-nin sahəsi 4372 kv.km olmaqla Şimali Azərbaycanın Qarabağ bölgəsinin: Şuşa şəhəri və Xankəndi daxil olmaqla 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi kəndi, torpaq fondu hesabına yaradılmışdır.

Erməniləri dəstəkləyən Moskva 1931-ci ildə ermənilərin xarici ölkələrdən Cənubi Qafqaza köçüb gəlmələri barəsində qərar çıxarmış­dır. Nəticədə Yaxın Şərq, Balkan ölkələrindən yüz minlərlə erməni köçüb gəlmişlər. XX əsrin 20-30-cu illərində Cənubi Qafqazda yaşayan türk-müsəlman əhalisi və XIX əsrin axırı və XX əsrin əvvəllərində təşkil olunmuş alman koloniyalarından sürgün olunmuş kəndlərdə ermənilər yerləşdirilirdi. Ermənistan ərazisindən köçüb gətirilən on minlərlə erməni nəinki DQMV-nin ərazisində, həm də Gəncə, Şəmkir, Samux bölgələrindən sürgün olunmuş almanların kəndlərində yerləşdirilmişdilər. Şura hökumətinin siyasi və inzibati cəza orqanlarında, Sovet ordusu tərkibində qulluğa götürülmüş erməni-daşnakları Cənubi Qafqazı türk-müsəlmanlardan təmizləmək məqsədilə heç bir günahı olmayan yüz minlərlə türk-müsəlman əhalisinin sürgünlərə və kütləvi qırğınlara məruz qoymuşlar. Onlar 1941-1945-ci illərdə Azərbaycan əhalisinin kütləvi surətdə Orta Asiyaya, Qazaxıstana və Sibirə sürgün olunması planını hazırlamışdılar. Onların kütləvi olaraq sürgünə dair alçaq planları baş tutmadıqda 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Arutyunov DQMV-nin Ermənistan SSR tərkibinə daxil olunması haqqında təklifini ÜİK(b)P MK-nın sərəncamına vermişdir. Azərbaycan hökumətinin əməli tədbirləri nəticəsində ermənilərin həyasız tələbləri həyata keçirilmədi. Ermənilərin DQMV-nə dair qaldırdıqları iddiadan iki il keçmiş, onların Moskvadakı havadarları SSRİ Nazirlər Sovetinə 1947-ci il 23 dekabrında «Ermənistan SSRİ kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarı qəbul etdirdilər. Bu qərara əsasən 1948-1950-ci illərdə Ermənistan SSRİ-dən 150 min azərbaycanlı öz doğma yurdlarından zorla çıxarıldı.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə Şimali Azərbaycanın 114 min kv. km ərazisi olmuşdursa, 1920-ci il aprel çevrilişindən sonra azalaraq 86,4 min kv. km olmuşdur. Şura hökuməti dövründə xalqların dədə-babadan yaşadığı ərazi məsələlərinin birtərəflli, daşnak-bolşevik sayağı «həlli» Ana vətənimizin 27599 kv.km sahəsi qonldarma Ermənistan dövləti tərəfindən zəbt olundu.