Xeyirbəy Qasımov, Ramil Niftəliyev
Qarabağ problemi: İmperiya siyasəti və Azərbaycanın
tarixi gerçəklikləri
XX əsrin sonlarına doğru yenidən siyasi müstəqillik qazanmış Azərbaycanın mövcud problemlər məcmusuna Dağlıq Qarabağ problemi də əlavə edildi. Həmin problem artıq dünya ictimaiyyətinin, bir sıra dövlətlərin, beynəlxalq təşkilatların müzakirə obyektinə çevrilmişdir. BMT-nin Dağlıq Qarabağ probleminə aid olan dörd qətnaməsi ilə nə erməni separatçıları, nə də münaqişədə təcavüzkar, işğalçı tərəf olan Ermənistan Respublikası hesablaşır. Azərbaycanın normal inkişafına böyük əngəl olan bu problem əslində sovet hakimiyyəti illərində (1920-1991) yaradılmışdır. Bu, imperialist, şovinist düşüncəli Rusiya dövlət xadimlərinin «uzaqgörən siyasətinin» labüd nəticəsidir.
Dağlıq Qarabağ problemi rus şovinistlərinin əlində Sovet (rus) imperiyasının əsarətindən qurtulmuş Azərbaycana perspektiv təsir vasitələrindən biridir. Sovet hakimiyyəti illərində bir çox potensial (bəziləri artıq reallaşmış) milli münaqişə ocaqları SSRİ-nin başqa respublikalarında da yaradılmışdı və hazırda beynəlxalq miqyasda öz mövqelərini qorumağa, bərpa etməyə, möhkəmləndirməyə çalışan Rusiya «bu ocaqların istisinə qızınmağa» can atır. Bu hal imperiya mərkəzi, metropoliya mövqeyini itirmiş iri dövlətlərin tarixi keçmişi və müasir gerçəkliyi üçün səciyyəvidir. Təbiidir ki, Dağlıq Qarabağ probleminin böyüyərək Azərbaycanın daxili problemindən beynəlxalq səviyyəyə çıxmış məsələyə çevrilməsində xarici amillərlə yanaşı daxili səbəbləri də nəzərə almaq zəruridir.
Sovet rejiminin banisi (V.İ.Lenin) və onun ardıcılları Azərbaycanda sosial eksperimentlər sahəsində xeyli uğurlar qazanmışdılar. 1923-cü ilin iyulunda DQMV-nın yaradılması və onun tədricən Azərbaycan tabeçiliyindən çıxarılaraq daha çox Moskvanın daimi, qayğıkeş nəzarəti altına keçirilməsi prosesinə yerli «siyasi xadimlər» də yardımçı olmuşlar. N.Nərimanovun Azərbaycan mənafeyinə daha çox bağlı olduğunu nəzərə alan «yeniləşmiş imperiya» rəhbərləri onu S.M.Kirovla (1921-1926) əvəz etdilər. Ümumiyyətlə, sovet hakimiyyəti dövründə imperya mərkəzi Azərbaycanda milli kadrlara etibar etməmişdir. Yardımçı, tabe vəziyyətinə salınmış yerli «dövlət xadimləri» (H.Sultanov, R.Axundov, M.Bağırov, M.B.Qasımov, Q.Musabəyov və b.) isə «proletar beynəlmiləlçiliyi» ruhunda fəaliyyət göstərdilər və bu zaman ərzində ermənilərin xəyallarının bir qismini DQMV-nın yaradılması ilə gerçəkləşdirirdilər. O zaman Azərbaycanda imperiya mərkəzinin canfəşanlığına etiraz edən şəxslər meydana çıxdılar. Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən olan Əyyub Xanbudaqov «milli sapıntıçılara» başçılıq edərək 1924-cü ildə bu cərəyanın istəklərini aşağıdakı şəkildə izhar etdi:
1) Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmmalıdır;
2) Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçilməlidir;
3) Azərbaycan milləti özünü idarə etmək iqtidarındadır, Moskvadan təyin olunan şəxslər milli kadrların müstəqil fəaliyyətinə əngəllər törədirlər, bu hala qətiyyətlə son qoyulmalıdır.
4) İşçi birlikləri, kooperativlər və digər dövlət müəssisələri sözdə deyil, əməldə türkləşdirilməlidir;
5) Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskunlaşdırmaq istəyən sovet hökumətinin bu siyasətinə son qoyulmalıdır;
6) Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını təmin etmək üçün Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının təşkilatı əsası ilə qanunu dəyişdirilməlidir.
Ə.Xanbudaqovun bu çıxışı Moskvanın zorakı tədbirləri ilə qarşılandı. Onu Azərbaycandan sürgün etdilər. İlk cəza tədbirləri nəticəsiz qalmadı: Təcrübəsiz (bir çox hallarda karyerist) Azərbaycan «siyasi xadimləri» imperiya mərkəzindən gələn bütün yazılı və şifahi göstərişləri can-başla yerinə yetirməyə başladılar. Sovet rejimi şəraitində yaşayıb fəaliyyət göstərə bilməyən vətənpərvərlər isə Azərbaycanı tərk etməli oldular.
Yenicə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ictimai-iqtisadi, mədəni durumu Azərbaycan «kommunistlərinin» başlıca qayğılarından birinə çevrilmişdi. Dağlıq Qarabağda yaşayan erməni əhalisinin ikiqat qayğı ilə əhatə olunması tədricən bu vilayətin Azərbaycandan uzaqlaşmasının bünövrəsini qoymuşdu. Bir çox tarixi sənədlər bunu aydın surətdə təsdiqləyir. DQMV-nın yaradılması prosesində yeni Rusiya rəhbərlərinin böyük himayəçiliyinə arxalanaraq fəal iştirak etmiş, 1920-ci ilin mayında Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin olunmuş, «Qizil Ordu» hərbi inqilab şurasının səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmiş A.N.Karakazov (1890-1938) 1923-cü ilin 19 iyulunda «Bakinskiy raboçiy» qəzetinə verdiyi müsahibəsində erməni hiyləgərliyi ilə qeyd etmişdir: «Qarabağ iqtisadi baxımdan Azərbaycanla sıx bağlıdır. Buna görə də o, muxtar vilayət kimi ayrılaraq ASSR-nin tərkibində qalır» (К истории образования НКАО Азербайджанской ССР. 1918-1925. Документы и материалы. Баку, 1989, с. 155). Bu erməni avantüristi 1923-1928-ci illərdə DQMV İcraiyyə Komitəsinin sədri, 1928-1930-cu illərdə isə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi olmuş, sonralar Moskvada SSRİ Su Təsərrüfatı İdarəsinin, habelə Azərbaycan pambıq tədarükü idarəsinin rəisi vəzifələrində «çalışmışdır». Sovet rejimi illərində minlərlə bu cür erməni «dövlət və təsərrüfat xadimi» Azərbaycanda və Azərbaycandan kənarda imperiya rəhbərlərinin himayəçiliyi, yerli «rəhbərlərin» isə müşahidəçi və icraçı mövqeyi tutmaları sayəsində vətənimiz, xalqımız əleyhinə fitnəkar, avantürist fəaliyyət göstərmişdir. Bu «fəaliyyətin» nəticələri gec-tez zahirə çıxırdı.
Azərbaycan «millətçilərinə» amansız divan tutan imperiya mərkəzi Cənubi Qafqazda, Azərbaycanda çoxlu cinayətlər törətmiş «Daşnaksütyun» üzvlərini, erməni «hərbi xadimləri»ni azad edir, onların SSRİ-dən xaricə getmələrinə şərait yaradırdı (Bax: К истории образования, s.158). «Millətçilərə» qarşı amansız mübarizədə lazımi, zəruri məqamadək istifadə olunmuş «yeni Azərbaycan rəhbərləri» (Q.Musabəyov, M.D.Hüseynov, Ə.Qarayev, S.Ağamalıoğlu, H.Sultanov, Ç.İldırım və b.) XX əsrin 30-cu illərində «millətçi» damğası ilə imperiya dairələrinin repressiyalarına məruz qaldılar. Halbuki onlar son məqamadək «proletar benəlmiləlçiliyi» ideyasına sadiq olmuş, Sovet dövləti rəhbərlərinin bütün göstərişlərini can-başla yerinə yetirmişdilər. Bu məqamda da erməni fitnəsi «həlledici rol» oynamışdı. Mühüm bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan əleyhinə daha canfəşanlıqla fəaliyyət göstərmiş erməni «siyasi və təsərrüfat xadimlərindən» bir çoxu əslən Qarabağın dağlıq hissəsindən olmuşdur. Sovet rejiminin varlığının 20-ci ilinə doğru «Azərbaycan millətçiləri» kimi «zahirə çıxmış» bu şəxslərin cəzalandırılmasının əsas təşəbbüskarı Dağlıq Qarabağ ermənisi Levon İsayeviç Mirzoyan (1897-1939) idi. O, hakimiyyət dəyişikliyi ərəfəsində Azərbaycanda bolşevik təşkilatına soxulmuş, sonralar imperiya mərkəzinin fəal yardımı ilə mühüm vəzifələrə yiyələnmiş çoxsaylı erməni fitnəkarlarından idi. L. Mirzoyan 1920-1929-cu illər ərzində Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, sədri, xalq əmlak komissarı, AK(b)P-nin Bakı Komitəsinin və AK(b)P MK-nın katibi vəzifələrini tutaraq, Azərbaycan əleyhinə fəaliyyət göstərmişdi. İmperiya mərkəzinin etimadını qazanmış bu şəxs 1929-1933-cü illərdə Perm və Uralda vilayət partiya komitələrinin ikinci katibi, 1933-1938-ci illərdə isə Qazaxıstan ölkə KPMK-nın birinci katibi vəzifələrində sınanılmışdı. O, hələ 1923-cü ildə Bakı Partiya təşkilatında bəyan etdiyi raportunda «bəzi yerli kommunistlərin Azərbaycanın sənayeləşdirilməsi planının dəyişdirilməsini tələb etdiklərini» göstərmişdi. Erməni fitnəkarı bildirmişdi ki, «bəzi yerli kommunistlərin» irəli sürdüyü alternativ plana əsasən, ölkənin iqtisadi müstəqilliyi tamamilə təmin olunmalı, Azərbaycandan toplanan vergilər yerli ehtiyacların ödənilməsinə yönəldilməli, rusların Azərbaycana köçürülməsi siyasətinə son qoyulmalı, ölkəyə rus köçkünlərinin deyil, Volqaboyu tatarların cəlb olunaraq yerləşdirilməsi təmin edilməlidir. Bu «siqnal» imperiya mərkəzinin diqqətindən yayınmamışdı. AKP-nin Moskvadan təyin olunmuş rəhbəri Polonski 1932-ci ildə Azərbaycanın Rusiyadan ayrılmasını və müstəqil bir dövlət olmasını istəyən «yerli millətçiliyin» öhdəsindən gəlməyi qərarlaşdırdı: 1937-ci ildə R.Axundov, M.Hüseynov, M.Qasımov, X.Balayev, K.Abdullayev və bir çox Azərbaycan «millətçisi» siyasi və bioloji həyatdan uzaqlaşdırıldı….
İmperiya mərkəzinin çoxsaylı sosial-siyasi və iqtisadi eksperimentlərindən biri də Zaqafqaziya Federasiyasının (1922-1936) yaradılması idi. Bu eksperimentdən də daha çox ermənilər faydalandılar. Təbii ehtiyatlar baxımından yoxsul olan «Ermənistan» əhalisinin bir qismi bu dövrdə zəngin iqtisadi potensialı olan Azərbaycana köçdü, bu potensialdan bəhrələnərək, fitnəkar erməni xislətinin yayılma arealını genişləndirdi. «Ermənistan»ın Azərbaycan iqtisadi potensialı hesabına inkişafı Azərbaycanda müxtəlif mühüm vəzifələrə yiyələnmiş erməni «siyasi xadimləri»nin fəal himayəçiliyi təmin edirdi. Bu zaman ərzində Azərbaycanda erməni əhalisinin daha yığcam halda yaşadığı DQMV başlıca «qayğı obyektlərindən» birinə çevrilmişdi. Azərbaycan «mərkəzi hökuməti»nin Dağlıq Qarabağda gündəlik qayğısı nəzərdən keçirilən dövrün rəsmi sənəd və materiallarından da bəlli olur (Bax: К истории образования НКАО). Azərbaycan «hökuməti»nin bu sahədəki fəaliyyəti imperiya mərkəzinin daimi nəzarəti altında idi. Dağlıq Qarabağın erməni separatçıları bu «qayğıdan» və Moskvanın himayəçiliyindən ruhlanır, azğınlaşır, Bakıdan daha artıq maliyyə vəsaiti, yanacaq, «qayğı» tələb edirdilər. Vilayət rəhbərləri daim narazılıq nümayiş etdirirdilər. Məsələn, 1923-cü ilin 12 oktyabrında «Vilayətin siyasi vəziyyəti haqqında» məlumat verən AKP-nin Qarabağ Vilayət Komitəsinin katibi Manutsyan qeyd edirdi: «Əksinqilabi qüvvələrin işi tamamilə hiss olunmur və hər hansı bir fitnəkar şayiə yoxdur. Yalnız vilayət mərkəzinin Şuşadan köçürülməsindən narazı olan Şuşa sakinləri ümumi dissonans (qarışıqlıq, – red.) yaratmışlar (Yenə orada, s. 203). Azərbaycan SSRİ hökumətinin illik hesabatlarında DQMV-nın inkişafının nəticələri xüsusi olaraq nəzərə çatdırılırdı. «Dövlətin qayğısı» sayəsində ermənilər Azərbaycanın maarif, mədəniyyət obyektlərində əlverişli mövqelər qazanmışdılar (Yenə orada, s. 322-324). Beləliklə, XX-əsrin 20-30-cu illərində Azərbaycan əsasən milli siyasi kadrlar tərəfindən deyil, «yeni» Rusiyanın imperialist düşüncəli «xadimləri» və erməni fitnəkarları tərəfindən idarə olunmuş DQMV-nın Azərbaycandan tədricən ayrılması prosesinin əsasları məhz bu dövrdə qoyulmuşdur. Adları dövrün rəsmi sənədlərində, materiallarında hallanan Q.Musabəyov, H.Sultanov, M.B.Qasımov, S.Ağamalıoğlu, H.Hacıyev və digər milli «siyasi xadimlər» əslində rus-erməni qruplaşmalarının sərt nəzarəti altında olmuş, onlar tərəfindən idarə edilmişlər. Əsrin 40-80-cı illərində isə imperiya mərkəzi milli respublikalarda «partiyanın ikinci katibi» funksiyalarını yerinə yetirmiş şəxslərin yardımı ilə sərt nəzarət prinsipinə üstünlük vermişdir. AKP MK-nın son katibi olmuş V.Polyaniçkonun «fəaliyyəti» buna parlaq misallardan biridir. Əsrin 20-30-cu illərində fəal olmuş Dablıq Qarabağ erməniləri 80-ci illərin sonunda yeni fitnəkar çıxışlara başladılar, əlverişli regional, lokal və qlobal şəraitdən istifadə edərək məskunlaşdıqları ərazidə qondarma «respublika» yaratdılar, bu «respublikanı» münaqişədə bilavasitə iştirak etmiş «Ermənistana» tanıtdılar, fəal təbliğat sayəsində beynəlxalq miqyasda onları dəstəkləyən qüvvələrdən istifadə etməyə başladılar…
Öncə (1988-ci ildə) Azərbaycan «rəhbərliyi» Dağlıq Qarabağ problemini «süni, uydurulmuş problem» kimi qələmə verməyə çalışırdı. Sonra məlum oldu ki, bu, həqiqətən müşkül problemdir və Azərbaycanın inkişafı üçün böyük əngəldir. Hazırda Azərbaycanda belə bir fikir qərarlaşmaqdadır ki, Dağlıq Qarabağ probleminin ən azı 80 illik tarixi vardır və həlli təxirə salındıqca bu problem böyüməkdədir. Mühüm bir cəhəti də qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ probleminin xüsusi tarixi araşdırma obyektinə çevrilməsi böyük aktuallığa malik olan, labüd zərurət kimi qarşımıza çıxmışdır. Bu problemin həllinin başlıca təşəbbüskarları Azərbaycan rəhbərliyi, vətəndaşları (beynəlxalq təşkilatların konstruktiv yardımı istisna olunmamaq şərtilə) olmalıdırlar. Mövcud olan hər şey məhvə məhkumdur. Dağlıq Qarabağ problemi də bu baxımdan istisna olunmur. O, aradan qalxmalı, ədalət bərpa edilməlidir. Azərbaycan cəmiyyətinin, mütərəqqi beynəlxalq ictimaiyyətin bu problemi tezliklə həll etməyə kifayət qədər qüdrəti vardır. Əzmi varmı?
Bu suala isə cavabı Zaman verəcək…