Elçin Əhmədov
Ermənistan-Azərbaycan münaqişəsi
Cənubi Qafqazda ən uzunmüddətli münaqişə kimi
XX əsrin 80-ci illərinin sonunda Sovetlər İttifaqında yaranmış vəziyyətdən istifadə edən ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. Ermənilərin bu ərazi iddiaları xaricdəki erməni lobbisi və onların ilhamvericiləri tərəfindən uzun illər hərtərəfli plan əsasında hazırlanmışdı.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Bu illərdə Sovetlər İttifaqının rəhbər orqanları regionda vəziyyəti sabitləşdirmək üçün səmərəli tədbirlər hazırlamaq və onları həyata keçirmək iqtidarında olmadılar. Münaqişəyə başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi (kütləvi informasiya vasitələri və mərkəzi mətbuatın ermənipərəst çıxışları) açıq-aşkar özünü göstərirdi. 1988-ci il hadisələri başlayan göndən Dağlıq Qarabağ məsələsi ittifaq mətbuatının səhifələrində geniş şərh olunur, mərkəzin təbliğat maşını hadisələri birtərəfli işıqlandırmaqda davam edir, informasiya blokadası Azərbaycanının mövqeyini görünməyə qoymurdu.
SSRİ hökümətinin, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistana himayədarlıq etməsi səbəbindən hadisələr getdikcə mürəkkəbləşdi və hər iki respublika müharibə vəziyyətində qarşı-qarşıya dayandı. Moskvanın hakim dairələrində ermənilərin müdafiə olunması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da genişlənməsinə gətirib çıxartdı.
1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqələrini də zəbt etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan silahlı qüvvələri tərəfindən bütün yuxarı Qarabağ işğal edildi. Bundan snora erməni hərbi qüvvələrinin qarşısında duran vəzifə işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək və Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün Laçın rayonunu də ələ keçirmək idi. Az sonra Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın işğalçılıq niyyətinin böyük oldduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Azərbaycanın Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Çox təəsüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və sənədlər qəbul edilərkən Şuranın daimi üzvüləri olan böyük dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və məzmununun qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Erməinistanın Azərbaycana qarşı təcavüzü bu dövlətlərin böyük "səyləri" nəticəsində "Dağlıq Qarabağ reqionunda və onun ətrafında münaqişə " kimi qiymətləndirdi. Şuranın daimi üzvüləri olan ABŞ, Rusiya, Fransa münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə kimi baxırdılar. BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilirkən həmin ölkələrin, xüsusilə Fransanın təkidi ilə Azərbaycan ərazisinə edilən hücum "Dağlıq Qarabağ ermənilərinin hərkətləri" kimi qiymətləndirildi və Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq vermədilər. Erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal çıxmasına deyil, münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.
Münaqişənin dinc vasitələrlə nizama salınması üçün 1992-ci ilin martında yaradılan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması ilə yanaşı, Minsk qrupunun üzvü olan dövlətlərin də mövqeyində yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.
Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və bunu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər bir xeyli dərcədə Rusiya-Qərb qarşıdurmasının nəticəsi idi. ATƏT-in Minsk qrupu yaradılan zaman bu qurumun vasitəçiliyi bir növ Rusiyaya alternativ kimi qəbul edilirdi. 1993-cü ilin ikinci yrısından 1994-cü ilin dekabrına -yəni Budapeşt sammitinə qədər olan dövr Rusiyanın reqionda nüfuzunun daha da artması ilə xarakterizə olunurdu. Budapeşt sammitindən sonra Rusiya və ATƏT-in vasitəçilik fəaliyyəti birləşdirildi və Minsk qrupunda Rusiyanın daimi həmsədrliyi möhkəmləndirildi. Güman edilirdi ki, Minsk qrupunda iki həmsədrin olması, Rusiya ilə ATƏT arasında rəqabətin aradan qaldırılmasına gətirib çıxaracaq. Lakin Qərbin reqionda fəallığının artması, xüsusi ilə Lissabon sammitindən sonra Fransa və ABŞ nümayəndələrinin Rusiya ilə yanaşı Minsk qrupuna həmsədr təyin olunmaları Ermənistan-Azərbaycan danışıqlarına öz təsirini göstərdi.
1997-ci ildə Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanan bir neçə təkliflər planı irəli sürüldü. Lissabon sammitinin sənədində öz əksini tapan prinsiplər əsasında hazırlanan "paket" (bu variant Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsini nəzərdə tuturdu) və "mərhələli" (bu variant isə münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tuturdu) planları Azərbaycan tərəfi əsas kimi qəbul etmiş, Ermənistan isə təcavüzkar niyyətindən əl çəkməyərək bunun əleyhinə çıxmışdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri 1998-ci ilin noyabrın 9-da Azərbaycanın mənafeyinə zidd və danışıqların davam etdirilməsinə imkan yaratmayan növbəti təklifi irəli sürdülər. Dünya praktikasında mövcud olmayan bu prinsip "ümumi dövlət" ideyasına əsaslanırdı ki, bu da ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarının təsdiq etdiyi qərarlardan və prinsiplərdən geri çəkilmək demək idi.
ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina e1tdi. Sonuncu təklifdən imtina edilməsindən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Minsk qrupu bu günə qədər yeni təkliflə çıxış etməmişdir.
1999-cu ilin aprelindən başlayaraq Azərbaycan və Ermənistan prezidentləri ikitərəfli və vasitəçilərin iştirakı ilə 25-dən çox keçirilən danışıqlarda da hələlik heç bir nəticə əldə olunmamışdır.
Cənubi Qafqazda ən "uzunömürlü" münaqişə olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması reqionun təhlükəsizliyinin təmin edilməsində başlıca maneədir. Bunu artıq ATƏT də, Avropa Şurası da, Avropa İttifaqı da rəsmi şəkildə bəyan etmişdir. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) rəsmi şəxsləri də münaqişənin tezliklə aradan qaldırılmasında maraqlı olduqlarını bildiriblər.
2004-cü ilin əvvəlindən başlayaraq ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin, AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Terri Devisin reqiona səfərlərinin müntəzəm xarakter alması, eyni zamanda Avropa Parlamentinin işğal edilmiş 5 rayonun azad edilməsi təklifi ilə çıxış etməsi münaqişənin nizama salınması prosesində vasitəçilərin bir qədər fəallaşdığını göstərir.
Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll, daha sonra isə Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru, reqion üzrə tanınmış ekspert-mütəxəssis Frederik Starrın münaqişənin nizama salınmamasından narahatlıqlarını bildirərərk, onun Cənubi Qafqazda inkişafa maneə olduğunu dilə gətirmişlər.
Azərbaycan hətta torpaqlarına təcavüz olduqdan sonra da vasitəçilik missiyalarından imtina etməyərək münaqişənin ATƏT-in Minsk qrupu çəpçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Azərbaycan beynəlxalq təşkilatların, xüsuslə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir.
Çox təəsüf ki, münaqişənin dinc vasitələrlə aradan qaldırması sahəsində ATƏT-in Minsk qrupunun və dünya birliyinin göstərdiyi səylər təsirli nəticələr verməmişdir. Buna səbəb, bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək güzəştə getmək istəməməsidirsə, digər tərəfdən beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun qarşılıqlı güzəşt prinsipini üstün tutaraq, ikili standartlar mövqeyindən çıxış etməsidir. Bundan başqa, ATƏT-in başlıca çatışmamazlıqlarından biri də, ATƏT çərçivəsində və onun himayəsi altında müqaviləni pozan, eyni zamanda onu yerinə yetirməkdən imtina edən tərəfə sanksiya tədbiqetmə mexanizminin olmamasıdır.
Böyük dövlətlər və beynəlxalq təşkilatların regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü faktının birbaşa etiraf olunmaması ilə bağlıdır.Ona görə də bu münaqişədə Ermənistanın Azərbaycana təcavüzü faktlarını etiraf etmədən, qəbul edilən beynəlxalq sənədlərdə bu barədə heç nə söyləmədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir.
Ermənistan Respublikası BMT Nizamnaməsin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini pozmasına baxmayaraq adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq üçün münaqişə bölgələrindəki çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitədə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildirirlər. Halbuki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamlərində Ermənistanın münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunur. Deməli, Ermənistan bu münaqişədə bitərəf olmayıb, dolayı yolla olsa da, hərbi təcavüzə rəvac verib. Bu isə, beynəlxalq cinayətdir və BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessiyasına təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilib. Ona görə də beynəlxalq birlik təcavüzün qarşısını almaq üçün BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq tədbirlər görməlidir.
Əgər böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.Təcavüzkarın qarşısı alınmazsa, son vaxtlar Avropanın mərkəzində, o cümlədən Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə yönəldilmiş səylər münaqişənin bütün regiona yayılması nəticəsində heçə endirilə bilər.