Firidun Ağasıoğlu
Qarabağ «Böyük Ərməniyə» çağında
Qarabağda türklərin yerli xalq olduğunu və sonralar «erməni» adlanan hayların bura gəlmə xalq olduğunu göstərən tarixi bəlgələrdən biri də m.ö. II əsrə aid yazılı daşlardır. Belə ki, bu çağda Erməniyə hökmdarı Artaşeslə bağlı olan bu tarixi bəlgələr azər türkcəsində yazılmışdır.
Selevki dövlətinin m.ö. II əsrdə Erməniyə ölkəsindəki strategi Artaşes idi. O, Axuryan (Arpa) çayının Araza qovuşduğu yerdə salınmış Armavir (keçmiş Kürdüklü) şəhərində otururdu. Selevki hökmdarı III Antiox romalılara m.ö. 190-da məğlub olanda onun canişini Artaşes bu fürsətdən istifadə edib özünü çar elan etdi və ona tabe olan Ərməniyənin ərazisini böyütmək üçün qonşu İber (Gürcüstan) və Alban (Azərbaycan) ölkələrindən müvəqqəti də olsa, bir-iki bölgə qopara bildi. Beləliklə, Artaşes ömrü uzun olmayan ilk Erməniyə dövlətini qurdu.
Adı türkcə Ərtaş (Artaş) olan bu Erməniyə çarı Artaşesin (m.ö.189-160) milli mənsubiyəti bəlli olmasa da, onun midiya (mada) soylarından birinə aid olması mümkündür, çünki M. Xorenatsi onu mar, yəni madalı adlandırır. Hər halda Artaşesin hay olmadığını əksər tarixçilər söyləyir.
Qədimdə ayrı-ayrı məbədlərə, mülkədara və ya hökumətə aid torpaqların hüdudu, bölgə və ölkə sınırları, müəyyən işarələrlə nişanlanırdı. Erməniyədə bu ənənə Artaşesin vaxtında ortaya çıxmışdı. Onun vaxtında yeni siyasi-inzibati ərazilər yaratmaq, ayrı-ayrı feodallara verilən torpaqların sərhədlərini müəyyən etmək üçün başı üçdiş şəklində yonulmuş sınır daşlarından istifadə olundu və uzun müddət bu daşlar «Artaşesin mərz (sınır) daşı» kimi yaddaşlarda qaldı.
Bu olaydan 700 il sonra V əsrdə M. Xorenatsi yazırdı ki, torpaq reforması aparan Erməniyə hökmdarı Artaşesin vaxtında feodal mülklərini və ayrı-ayrı bölgələri bir-birindən ayırmaq üçün sınırlarda torpağın üstündə azacıq başı görünən dördkünc şəkildə yonulmuş daş bəlgələrindən istifadə olunurdu. Üzərində yazısı olan bu sınır bəlgəsi daşlarından ikisi Göyçə gölü yaxasındakı Qulalı və Yuxarı Qaranlıq kəndlərindən 1906 və 1932-ci illərdə tapılmışdır. Aramey hərflərilə yazılmış həmin yazıları müxtəlif dillərdə oxumaq istəyən uzmanlar (Dupont-Sommer, Borisov, Kokovtsov, Payazat, Türo-Dancen, Dyakonov və Starkova, Perixanyan, Tirasyan və başqaları) hələlik qəbul olunası bir nəticə əldə edə bilməmişlər. Yalnız ilk iki sözün Artaşes məlik olduğunu əksər tədqiqatçılar təsdiq etmiş və burada Artaşesin adının yunan-makedon deyiminə uyğun Artaxşasi (Artaksati) yazılması qeyd olunmuşdur.
A.Dupont-Sommer bu yazının aramey dilində olub guya Göyçə gölündə Artaşesin «balıq tutması» haqqında məlumat verdiyini qeyd edir. Əvvəla, yazı aramey əlifbası ilə olsa da, aramey (sami) dilinin qaydalarına uyğun gəlmir, ikincisi də, bu yazılı sınır daşı ilə K.Trever demişkən, balıq tutmağın heç bir əlaqəsi yoxdur. İ.Dyakonov ilə K.Starkovanın birgə yazdığı məqalədə daşın üzərindəki yazıda kiməsə torpaq sahəsi ayrılması və ya kiminsə torpaq sahəsinin sınırlanması haqqında məlumat olduğunu qeyd edirlər, lakin aramey dilinin qaydalarına uyğun gəlməyən bu yazıda hansısa yerli dilə aid ideoqramların aramey hərfləri ilə verilməsini də istisna etmirlər. A.Borisov isə yazının güya arameycə başlanıb hay və ya fars dilində davam etdiyini yazsa da, cümləni bu dillərin heç birində tamamlaya bilmir. Beləliklə, kiçik bir mətnin şərhində irəli sürülən müxtəlif fərziyələr biri digərini təkzib edir.
Birinci daşın üzərindəki yazı tamdır, ikinci daşın yazısında isə sağdakı işarələr zədələndiyi üçün yarımçıqdır. Yarımçıq yazıların gümanlarla oxunuşu həmişə mübahisəli olur. Buna baxmayaraq, birinci bütöv yazının oxunuşuna yardım edəcəyini düşünüb, hər iki daşın və onların üzərindəki yazıların müxtəlif qaynaqlarda verilən şəkillərini əldə edəndən sonra onu oxumaq mümükün oldu.
Sağdan sola yazılan bu yazıların m.ö. II əsrə aid olduğunu təsdiq edən uzmanlar onun soldansağa transkripsiyasını və müxtəlif oxunuşunu verir, lakin belə oxunuşların mənasız söz yığını olduğunu da etiraf edirlər. Burada həmin oxunuşları təkrar etməyə lüzüm yoxdur, yalnız əksər uzmanların daha elmi saydığı semitoloq A.Borisovun transkripsiyasını və oxunuşunu verək:
|
|
Burada 1-ci daşın yazısındakı son sətirin ilk işarəsi «r» hərfilə
verilmişdir (bunu «d» və «n» sayanlar da var), halbuki daşdakı yazıya diqqətlə
baxanda onun «b» hərfi olduğunu seçmək olur. Aramey yazısında bəzən
eyni və ya oxşar işarə iki ayrı-ayrı səsi bildirir, özəlliklə Arşak (Arsaq)
sikkələrində «z» və «y» səsləri işarəsi ilə verilir. Bu yazıların
aramey əlifbası ilə olduğunu söyləyən tədqiqatçılar yazının
hansı dildə olmasını müəyyən edə bilmir,
yalnız «yerli dillərdən biri» olacağını söyləyirlər. Onu udi, hay, iran
və aramey dilində oxumağa cəhd edənlər hələlik qəbul olunası nəticə əldə
etməmişlər.
Yazının tapıldığı bölgədə Urartu və Saqa eli çağından protoazər boylarının yaşadığını «Azər xalqı» kitabında vermişdik, Artaşesin vaxtında da (m.ö. II əsr) burada azər boyları yaşayırdı. İlk Ərmən dövlətinin formalaşdığı həmin çağda bu bölgəyə başqa etnik boyların sızması şübhə doğurmur, lakin adı çəkilən yazı yerli aborigenlərdən olan azərlərin dilində oxuna bilir. Belə ki, uzmanların verdiyi transkripsiyada yalnız bir hərfi dəyişməklə (z/y) aşağıdakı yazılış və oxunuş alınır:
Buradakı bryi kimi yazılmış söz barıyı (barısı), bəriyi, beriyi və birəyi şəklində oxuna bilir. Qədim türk dilində barık «görünən nəsnə» (M. Kaşğari, I. 456-2; DTS, 84), berik «bərkidilmiş», birə «ölçü» (DTS, 95,101) və beri «bu tərəf, sağ, güney» sözləri olsa da, bunlardan yalnız ölçü anlamlı birə (mərz) sözü mətnin məzmununa daha uyğun gəlir. İkinci daşın üzərindəki yazıda isə sözlərin ilk hissələri pozulduğundan onu oxumaq olmur. Ancaq həmin daşın da sınır bəlgəsi olub, üzərindəki yazının məzmunca əvvəlki yazıya yaxınlığı görünür: [ar]tğşsi [ml]k bryi [yr]itr ğl[…]nbin […]i.
|
|
Qaynaqlarda I və II sınır daşlarının şəkilləri və üzü köçürülmüş I və II yazılar belə verilmişdir:
Göründüyü kimi, bizim variantda yalnız 4-cü sətirin ilk hərfi şəkildə olduğu kimi cizgisi azacıq əyilmişdir. Bu isə başqalarının r, n, d kimi oxuduğu səsi deyil, b səsini bildirən işarədir və həmin hərf 2-ci sətirin dördüncü işarəsində də özünü göstərir. Qalan işarələr isə digər uzmanların verdiyi işarələrdən fərqlənmir:
Göründüyü kimi, o çağlarda Ön Asiyanın müxtəlif bölgələrində işlək olan aramey yazısı Göyçə bölgəsinə də gəlib çatmışdı. Artaş məliyin göstərişilə mərz daşının iki sahə arasındakı sınırda qoyulması haqqında olan bu yazı isə hələlik azər dilinin ən qədim yazı nümunəsidir. 2000 ildən artıq torpaq altında qalan bu yazılı daş kimi bəlgələr tapıldıqca tarixin gerçək üzü də aydın görsənəcəkdir.
|
|
Beləliklə, Ermənistan Elmlər Akademiyasında saxlanan bu bəlgə daşların Göyçə bölgəsinin qədim əhalisi haqqında verdiyi bilgi çox önəmlidir. Bu yazılı daşlar aydın göstərir ki, hay tayfalarının Güney Qafqaza ayaq açdığı illərdən çox əvvəl indiki Ermənistan azər türklərinin yurdu idi. Ona görə də bu türklərin torpaqları üzərindən hayların hoppanıb Qarabağa keçməsi fikri gülünc görünür. Əslində isə, haylar yalnız Ermənistanda məskunlaşandan sonra Qarabağa keçə bilərdilər. Yazılı daşlar göstərir ki, Artaşesin vaxtında yaranan mifik «Böyük Ərməniyə» dövlətinin Arpa çayından doğuda hay əhalisi yox idi.