Fikrət Nəbiyev
Nankor qonşuların təcavüzkarlıq niyyəti reallaşa bilməz
İmperializm-ölməkdə və çürüməkdə olan kapitalizmdir deyə-deyə xalqı çürük ideyalarla silahlandıran Lenin iddia edirdi ki, guya xalq artıq azaddır, bərabərdir, ədalət prinsipi bütövlükdə bərqərar olacaq və son anda ölkə «hər kəsin əməyinə görə, hər kəsə tələbatına görə» prinsipi əsasında idarə ediləcəkdir, dövlət, hökumət qurumları ləğv ediləcək və kommunist özünüidarəçiliyinə keçiləcəkdir. Bəli bu utopiya əsasında aldadılan xalq bu 70 ildə nələr görmədi?
Xalqa azadlıq, bərabərlik vəd edən dövlət ilk növbədə proletar diktaturasını işə saldı. İndi adını hörmətlə çəkdiyimiz Zeynalabdin Tağıyev kimi görkəmli milyonerlərimiz, xalqın qeyrətini çəkən bəylərimiz bir sinif kimi mənəvi və fiziki cəhətdən məhv edilməyə məruz qaldı. Xalqın mənəvi dayağı olan Müşfiq kimi şair və yazıçılarımız məhv edildi. 1937-ci ildə xalqımızın bir çox qeyrətli oğulları, «qaymağı» Stalin rejiminin qurbanı oldu, siyasi don geyindirilərək məhv edildi. Xalqın adından çıxış edən bir qrup üzdəniraq dövlət nümayəndəsi guya xalqın mənafeyini güdərək xalqı itaətdə saxlamaq məqsədi ilə onun bütün düşünən «beynini» məhv etmək istədi. Bəli, bu idi anadangəlmə patoloji siyasi şüurun, patoloji siyasi təfəkkürün qüsurlu fəaliyyətinin sonrakı seriyaları…
Diktatura rejiminə əsaslanan Stalinin hökmranlığı dövründə xalqımıza qarşı ən böyük siyasi zərbələrdən biri Zəngəzur və Göyçənin Ermənistana birləşdirilməsi və Qarabağa muxtariyyət verilməsi idi. Xalqımız indi də onun əzabını çəkir. Bu xalqımıza qarşı yönələn patoloji siyasi şüurun, patoloji siyasi təfəkkürün acı nəticəsi deyilmi?
1933-cü ildə patoloji siyasi təfəkkürün ikinci bir dünya miqyaslı daşıyıcısı, subyekti tapıldı. 1941-1945-ci illərdə aparılan müharibə bir tərəfdən Hitler Almaniyasının patoloji-şovinist rejiminin nəticəsi idisə, digər tərəfdən Stalin rejiminə məxsus patoloji-proletar siyasi şüurun acı nəticəsi idi. Müharibənin nəticəsi hamıya məlumdur. Bu insanlıq aləminə vurulan ən böyük cinayət idi. Dünya tarixində görünməmiş bu qırğınlar patoloji siyasi təfəkkürün qüsurlu fəaliyyətinin nəticəsi deyilmi?
Hüquq ədəbiyyatında göstərilir ki, baş verən hadisədə cinayətin tərkibi, yəni, baş verən əməlin obyekti, obyektiv tərəfi, subyekti və subyektiv tərəfi varsa o, cinayətdir. Yuxarıda göstərilən əməllər, hadisələr əksərən cəmiyyət əleyhinə, bəşəriyyət əleyhinə edilən əməllərdir. Belə ki, bütün hallarda qanunla qorunan ictimai münasibətlər pozulur. subyektin hərəkət və ya hərəkətsizliklə törətdiyi əməllə baş verən nəticə arasında səbəbli əlaqə vardır. Subyekt məlumdur və həmin subyektin etdiyi əməl qarşısına qoyduğu məqsədə nail olmaq üçün həyata keçirilir. Yəni edilən əməldə səbəb, məqsəd, motiv elementləri də vardır.
Lakin marksizm-leninizmə söykənən sovet hüquqşünaslığı hüquqi prinsiplərə heç vaxt ciddi yanaşmamışdır. Marksizm-leninizmin özü də elə siyasi şüurun patologiyasının nəticəsidir və sağlam siyasi təfəkkür qabiliyyətinin korşalması nəticəsində meydana çıxmışdır.
Hər hansı bir siyasi lider və ya siyasi elita ona görə müəyyən siyasi addım atır ki, ilk növbədə cəmiyyətin indiki vəziyyəti onu qane etmir. Patoloji siyasi təfəkkürün daşıyıcısı olan elita və ya siyasi lider tərəfindən cəmiyyətin olduğu vəziyyətlə olmalı olduğu vəziyyət arasındakı ziddiyyəti həll etmək üçün atılan addım çox zaman nə reallığa, nə də ideala adekvat olmur və cəmiyyətə baha başa gəlir.
Durğunluq dövrünə müraciət edək. O zaman biz hamımız alimdən tutmuş dövlət məmurunadək, fəhlədən tutmuş dövlət rəhbərinədək həmin dövrü tərifləyirdik. Natiqlərimiz və ziyalılarımız hər yerdə-kitablarda, mətbuatda, xalq arasında artıq kommunizmin astanasında olduğumuzu söyləyirdilər. Ali məktəblərdə fiziki əməklə zehni əmək arasında, kəndlə şəhər arasında əksliyin tezliklə aradan götürüləcəyindən, dövlətin ölüb gedəcəyindən, kommunist özünüidarə sisteminin üstünlükləri haqqında böyük həvəslə danışılırdı. Totalitar siyasi rejim şəraitində yaşayan xalq böyük ümidlə o xoşbəxt günləri gözləyirdi. Bir ara hətta bütün siyasi dərslik və kitablarda, 1980-ci ildə kommunizmin artıq formalaşacağı göstərilirdi. Bu yalan təbliğat bir tərəfdən mənəvi idraki dəyərlərimizi korlayır, digər tərəfdən isə cəmiyyətə məxsus olan maddi nemətlərimizin bir hissəsini məhv edirdi. Ancaq xalqın şüurlu hissəsi başa düşürdü ki, belə bir siyasi rejim şəraitində yaşamaq ən azı dözülməzdir. Xalqa məxsus olmalı olan hakimiyyəti mənimsəmiş kommunist partiyası xalqı artıq cana doydur-maqdadır. Xalqı bu boyunduruq altından çıxarmaq lazımdır! Ancaq o zaman heç kim bunu necə etmək lazım olduğunu bilmirdi. Adamların əksəriyyəti isə heç ağıllarına belə gətirə bilmirdi ki, nə vaxtsa güc bəla ilə üzv yazıldığı kommunist partiyasından imtina etməli olacaq, sosializmə və kommunizmə qarşı gizli duyduqları nifrəti nə vaxtsa açıqca ifadə edəcək, xalqı tədricən cana doyuran totalitar siyasi rejimə qarşı çıxış edəcəklər. Yalan vədlərə inanmış xalq yalnız siyasi rejimin özünü ifşası dövründə ayıldı.
Bu siyasi patoloji şüurun özünüdərki idi. Siyasi patoloji iradə isə cəmiyyəti olmalı olduğu vəziyyətə gətirmək üçün yenidənqurma adlanan uğursuz bir cəhd etdi. SSRİ-nin sonuncu dövlət başçısı Qorbaçov tərəfindən edilən bu cəhd SSRİ-nin dağılması ilə nəticələndi. Müttəfiq respublikalar azadlıq əldə edib, BMT-nin üzvü oldu.
Totalitar siyasi rejim şəraitindən qurtulan xalqlar demokratik siyasi rejimə keçidin başlanğıcını qoydular. Qərbin totalitar siyasi rejimə tabe edilmiş sosialist ölkələri də yalançı, simasız təməl üzərində yaradılmış ideyadan imtina edərək, azad rəqabət yolunu seçdilər və əslində öz müqəddəratını həll etmək səlahiyyətini bu prosesdə aldılar. Xalqlar əsl siyasi azadlığı vətəndaş cəmiyyəti, hüquqi dövlət, bazar iqtisadiyyatı sisteminə keçidin nəticəsi olaraq əldə etdilər və yalnız öz siyasi azadlığını əldə etdikdən sonra öz mənafelərindən çıxış edərək dünya ölkələri ilə ayrı ayrılıqda inteqrasiya etdilər.
Lakin o da doğrudur ki, siyasi azadlıq xalqlara heç də Qorbaçov tərəfindən verilmədi. siyasi azadlığı heç kim heç bir ölkəyə vermir. Onu gərək qazanasan. Vətəndaşlar öz azadlığı uğrunda özü mübarizə etməlidirlər.
Xatırladaq ki, Azərbaycan kimi neft diyarı olan «yağlı tikə»ni əldən vermək istəməyən Rusiya ilk öncə hiyləgər təcavüz yolunu tutdu. Bu, erməni-Azərbaycan münaqişəsini təzələmək və onun qanlı təcrübəsini bir daha canlandırmaq yolu idi. İmperiya 1988-ci ildə Qarabağ münaqişəsini yaratdı. Qarabağın Ermənistana birləşdirilərək «Böyük Ermənistan» yaratmaq haqqında geniş planlar gündəmə gətirildi. Əvvəlcə İrəvana, sonra Zəngəzur və Göyçə mahalına yiyələnən ermənilər öz havadarlarının köməyi ilə indi də Dağlıq Qarabağa yiyələnmək istədilər.
1990-cı il yanvarın 20-də törədilən qırğın Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmaq üçün İmperiya tərəfindən edilən daha bir qanlı cəhd idi. Maskalanmış «böyük qardaşımızın» iç üzü artıq bütün dünyaya bəlli oldu.
Alma-Atada, Tbilisidə törədilən qanlı hadisələr Bakıda daha dəhşətli şəkildə davam etdirildi. Lakin, nə Bakı hadisələri, nə sonra törədilən Vilnüs hadisələri xalqların azadlıq əzmini qıra bilmədi.
Ancaq bu ayrılma prosesi, azadlıq əzmi, bazar rəqabəti, hüquqi dövlət, vətəndaş cəmiyyəti, demokratiya ideyalarının gerçəkləşdirilməsi prosesi xalqlar və millətlər üçün bir çox problemlər və çətinliklər də yaratdı.
İqtisadi mənada bu çətinlik nədə oldu? Keçmiş SSRİ dövründə vaxtı müəssisə, zavod və fabriklər elə təşkil edilmişdi ki, hər hansı bir hazır məhsul almaq üçün bir neçə respublika ərazisində fəaliyyət göstərən müəssisələr istər-istəməz bir-biri ilə əlaqə saxlamalı idi. SSRİ-nin dağılması prosesində respublikaların bir-birinə qarşı münasibəti dəyişdi. müəssisə, zavod və fabriklər tədricən dağılıb məhv olmağa başladı. İnsanlar işsizliklə qarşılaşdı. Əvvəllər SSRİ dövründə qanunla (İnzibati hüquqpozmalar haqqında Qanunla) dörd ay işsiz olan hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb olunmaq təhlükəsi altında olduğu halda, sonradan SSRİ-nin dağılması ilə bağlı iş qabiliyyəti olan əhali içərisində aşkar bir işsizlik meydana çıxdı. aclıq, səfalət halları bir reallığa çevrildi.
İctimai təhlükəsizlik səviyyəsinin get-gedə aşağı enməsi müşahidə olundu, cinayətkarlıq artdı.
Müstəqillik qazandıq. Amma, bununla bəlalarımız bitmədi. Rusiya Ermənistana havadarlıq etməyi öz boynuna götürmüşdü. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycana edilən yeni acı təcavüzün nəticəsi idi. Azərbaycanlılara qarşı edilən bu soyqırım faşist təcavüzündən də dəhşətli oldu.
Təpədən dırnağadək silahlanmış 366-cı motoatıcı alayın erməni-rus birləşmələri mühasirə şəraitində olan Xocalı şəhərinin dinc, silahsız sakinlərinə gecə hər tərəfdən əvvəlcə top mərmiləri və güllələrlə atəş açdılar. Sonra isə şəhər sakinlərini vəhşicəsinə qırdılar.
Belə misli görünməmiş bir cinayətə görə rus-erməni «faşist mafiyası» beynəlxalq məhkəmə qarşısıqda cavab verilməli idi. Hazırda bir milyon əhali öz ölkəsində qaçqına çevrilmişdir.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqı bu bəladan qurtarmaq üçün bir çox işlər görülmüşdür. Birinci, təcavüzkarı dünya ictimaiyyətinə öz adı ilə təqdim etmək istiqamətində müəyyən uğurlar qazanılmışdır. İkinci, siyasi arenada müvəffəqiyyət qazanmaq üçün daxili sabitlik zəminində iqtisadiyyatı yüksəltmək sahəsində əsaslı müvəffəqiyyətlər əldə edilmişdir. Üçüncü, tarix sübut edir ki, cəngavərlik bizə irsi olaraq keçmişdir. Xalqın döyüş əzmi, milli mənliyi özünə qaytarılmaqdadır. Bəzən Azərbaycanda mövcud olan bir çox iqtisadi çətinliklərə ölkədəki müharibə şəraitinin nəticəsi kimi baxırlar. Düzdür, müharibə şəraitinin az-çox buna təsiri var. belə bir vəziyyətin yaranma səbəbini mən, əsasən, 70 ildən artıq bir müddətdə SSRİ şəraitində idarə, müəssisə və təşkilatlarda «tənbəllər dünyası» yaradılması faktında görürəm. İndi də bir çox adamlar əməli işlə məşğul olmaq xüsusiyyətinə malik deyillər. Bu hal keçid dövrü üçün xarakterikdir. Yəqin ki yaxın gələcəkdə bu ziddiyyət aradan qalxacaqdır. Azad xalq üçün hər şeyi hakimiyyət etmir. Azad xalqın özü cəmiyyəti olduğu vəziyyətdən olmalı olduğu vəziyyətə gətirməkdə hakimiyyətlə əlbir olmalıdır.
Nankor qonşuların təcavüzkarlıq niyyəti reallaşa bilməz! Tez-gec xalqımızın birliyi nəticəsində Qarabağda qələbə sevincini yaşayacağıq.