Guldanə Nəcəfli
XVIII əsrin I yarısında ermənilərin Qarabağ ərazisində
dövlət yaratmaq cəhdlərinə təkan verən amillər
Demokratik, müstəqil Respublikamızın ərazisi artıq neçə illərdir ki, erməni qəsbkarlarının təcavüzünə məruz qalmış, soydaşlarımız öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasətin kökləri daha qədim dövrlərə gedib çıxır. Vaxtilə Cənubi Qafqaz regionunda bir qarış da belə torpağı olmayan ermənilərin Azərbaycan torpaqları hesabına dövlət yaratmaq üçün göstərdikləri canfəşanlıqları əks etdirən sənəd və materialları, şişirdilmiş saxta faktlarları ifşa etməyin aktuallığı bu gün üçün olduqca vacibdir.
Tarix boyu ən böyük saxtakarlığa məruz qalan, müxtəlif yollarla şişirdilmiş, uydurma faktlarla özgəninkiləşdirilməyə (erməniləşdirilməyə) çalışılan tarixi torpaqlarımızdan biri də Qarabağdır. Bildiyimiz kimi, Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (vilayətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qarabağın ilk bəylərbəyi Qacarlar tayfasından olan Şahverdi Soltan Ziyadoğlu olmuşdu.
Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı H.Məmmədov bu barədə yazır: «İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzasına qədər uzanırdı».
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi xristian məlikliyi yaradılmışdı. Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala «erməni milli dövlətçiliyi»nin nümunəsi, «əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan» qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar. Məsələn: erməni tarixçisi A.R.İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi «tarixi Ermənistan ərazisi» adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində olan xristian məlikləri «faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar» kimi təsvir etmişdir.
İlk olaraq məliklərin özləri haqda: XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan – Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahqulu- Mağavizdən, Gülüstan (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız birinin - Xaçının məlikləri Həsən Cəlalyan övladıdır. Digər «Qarabağnamə» müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində «Təzkirət-əl-mülk»də …Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər «ölkə»yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII-XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı».
Qarabağın xristian məlikliklərinin əhalisi haqqında: erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur. Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban (avqan) adlandırmışlar.
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar. H.Məmmədov İbrahim Rəhimizadənin «Gəncineyi-fəthi-Gəncə» əsərinə istinadən köstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar.
Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq xülyası «xristian himayəçiliyi» pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlmişdi. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri qovşağında etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin ərazidən hərbi plastarm kimi istifadə edə bilsin.
Ermənilər Rusiya hakimiyyət dairələri ilə yaxınlıqdan ilk növbədə öz milli mənafeləri üçün istifadə etməyə çalışırdılar. Buna görə də, tarixi sənədlərdə, məktublarda Gənubi Qafqaz, onun xalqları, iqtisadiyyatı, yolları, becərilən məhsullar və s. məlumatlarla yanaşı, xüsusilə müxtəlif regionlarda məskunlaşmış ermənilərin sayını çoxaldaraq, guya məhz xristian olması səbəbindən müsəlmanlar tərəfindən incidilməsi barədə uydurma məlumatlar yazırdılar.
XVIII əsrin I rübündə «erməni milli azadlıq hərəkatının görkəmli xadimi» kimi qələmə verilən, azərbaycanlılara qarşı məkrli niyyətlərlə yaşayan İsrail Ori adlı birisi istər Qərbi Avropanın, istərsə də Rusiyanın yuxarı dairələrilə olan görüşlərində erməniləri «əzabkeş», «acı taleli», «kafirlərin zülmü altında olan» xalq kimi qələmə verərək, onları buna inandırmağa, müsəlmanlara böhtan atmaqla ermənilərin təhrikçilik fəaliyətinə bir növ haqq qazandırmağa çalışırdı. İstər XIX əsr, istərsədə müasir erməni tarixçiləri isə öz əsərlərində Qarabağ ərazisində yaşayan ermənilərin «kafirlərin zülmü altında əzab-əziyyət çəkdiklərini, aclıq və səfalət içində yaşadıqlarını» vurğulayan məktubları xüsusilə qabarıq şəkildə izah edir və rus qoşunlarının onları «kafirlərin zülmündən xilas edəcək» bir qüvvə kimi Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına yürüşünə haqq qazandırırlar.
Lakin onlar sosial-iqtisadi vəziyyətin ağır olduğundan xəbər verməyən digər məktublaradakı faktlara nədənsə göz yumurlar. Faktlara diqqət edək: Məliklərin1799-cu il 9 aprel tarixli knyaz Platinə yazmış olduğu məktubda qeyd olunur: «Bizim hər şeyimiz-pulumuz, əmlakımız, silah daşımağa qadir adamlarımız var. Yalnız ölkəmizə rəhbərlik edənimiz yoxdur. Allahdan çox arzu edirik ki, bu borcumuz da yeinə yetirilsin. Sizin gəlişiniz naminə əmlakımızla, qanımızla və canımızla sizə xidmət etməyə hazırıq». Digər bir məktubda isə rus qoşunları Qarabağa gəldiyi halda, ermənilərin onlara 60 min pud un və 10 min öküz verəcəkləri vəd olunur.
XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin zəifləməsi, Rusiya dövlətinin qüdrətinin artması və imperator I Pyotrun öz nəzərini Cənubi Qafqaza yönəltməsi ilə alban katalikosu və məliklər siyasi oriyentasiyalarını dəyişdilər, «xristian kartını» işə salaraq «xristian qardaşlarından» əl tutmağı rica etdilər.
Qarabağın xristian məliklərinin «biz xristianlar kafirlərin zülmü altında günbə-gün öz xristianlığımızı da itiririk» kimi müraciətləri o zaman Rusiya dövlətinin Cənubi Qafqazla bağlı strateji məqsədlərini ört-basdır etmək üçün əvəzolunmaz bəhanə idi. Məhz bu bəhanələr I Pyotrun Azərbaycanın Xəzərsahili bölgələrinə yürüşü zamanı ermənilərə «xüsusi qayğı» göstərməsinə zəmin yaratmışdı. Belə ki, I Pyotr ermənilərlə bağlı 1724-cü il 10 noyabr tarixli xüsusi fərman imzalamışdı. Həmin fərmanda göstərilirdi ki, «Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılsın və general Matyuşkinə tapşırılırdı ki, …ermənilərə mehribanlıq göstərmək, mühafizələrini yaxşı təşkil etmək, boşalmış evləri, münbit torpaqları onlara vermək lazımdır. Şübhələndiyiniz müsəlmanları dərhal bu yerlərdən çıxarmalı və orada xristianlar yerləşdirilməlidir. …. erməniləri hər vasitə ilə bu ərazilərə dəvət etməyə çalışın, müsəlmanların isə mümkün qədər sayını azaldın. Lakin bunu elə edin ki, onlar heç nə başa düşməsinlər».
Pyotrun verdiyi bu fərmandan aydın olur ki, o yalnız Rusiyanın mənafeyi naminə ermənilərə belə diqqət göstərir və himayədarlıq edirdi. Xəzərsahili əyalətlərdə, xüsusilə müsəlmanlar yaşayan regionlarda ermənilərin məskunlaşmasına razılıq verməsi onun gələcəkdə həyata keçirmək üçün nəzərdə tutduğu Şərq siyasətinin tərkib hissəsi idi.
Ermənilər Aşağı Xaçın monastırının baş keşişi vardapet Minasın da iştirak etdiyi I Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik keçirməyə başladılar. Yürüşün planına əsasən rus qoşunları Dərbəndi tutulduqdan sonra, I Pyotr Şamaxıya gedərək orada olan erməni və gürcü hərbi hissələrilə birləşməli idi. Bununla bağlı Qanzasar katalikosu Yesai I Pyotra müraciətində yazırdı: « …erməni məliklərinin başçılıq etdiyi 12 min(?) nəfərə yaxın hərbi birləşmə… Gəncə yaxınlığında gürcü qüvvələri ilə birləşərək rus çarının Şamaxıya gəlişini gözləyirlər.
Erməni müəllifləri I Pyotrun yürüşü ərəfəsində yazılmış bu məktubdakı «saxta rəqəmdən» geniş şəkildə istifadə edərək Qarabağ ərazisində erməni əhalisinin sayını süni şəkildə çoxaltmağa çalışırlar. Halbuki Qarabağ məliklərinin əhalisi haqda ilk tutarlı statistik məlumat Qarabağ xanlığının ləğv edilməsi ilə bağlı 1823-cü ildə keçirilən kameral sayımda verilmişdir. Həmin sayım üzrə bütün Qarabağ əyalətində 18 min 563 ailə qeydə alınmışdı, onlardan beş xristian məlikliyinin payına yalnız 1 min 559 ailə və ya bütün ailələrin 8,4 faizi düşürdü.
Beləliklə, ermənilər öz məkirli siyasətlərini gerçəkləşdirmək üçün başlıca olaraq xarici dövlətlərə, o cümlədən çar Rusiyasına arxalanmışlar. Onlar həmin dövlətlərə ünvanlanmış məktublarında torpaqlarımızı özününküləşdirməyə çalışılmışlar. Lakin bu məkirli siyasətin heç ğir tarixi kökləri olmadığı üçün ermənilərin hələ bir neçə əsr bundan qabaq XVIII əsrin I yarısında Azərbaycan torpaqlarında, əsasən də Qarabağ bölgəsində özlərinə dövlət yaratmaq xülyası baş tutmamışdı.