Həcər Qasımova
Qarabağ konflikti beynəlxalq problem kimi
Dağlıq Qarabağ konfliktinin sosial-fəlsəfi kontekst və tədqiqi aktual elmi-metodoloji əhəmiyyət kəsb edir. Problemin bu aspektinin nəzərdən keçirilməsi bütövlükdə politoloji tədqiqatlarda xüsusi yer tutur. Bu konflikt öz xarakteri və təbiətinə görə müəyyən universallıq kəsb edir, ona görə ki, belə bir konflikt polietnik cəmiyyətlərdə üzə çıxa bilər. Əlbəttə, biz bunu heç də bütün polietnik cəmiyyətlər üçün tipik saymırıq və hesab edirik ki, geosiyasi əhəmiyyət daşıyan regionlarda (məsələn, Qafqaz) belə bir problemin meydana çıxması müəyyən regional səbəblərlə bağlıdır.
Lakin başlıca məsələ budur ki, Qarabağ konflikti baş verəndən bir qədər sonra beynəlmiləlmiş və buna görə də onun həlli daha da mürəkkəbləşmişdir. Cənubi Qafqazda gedən geosiyasi oyunlarda iri dövlətlərin, xüsusilə ABŞ ilə Rusiyanın mənafelərinin toqquşması problemin həllindən çox meydan açmışdır.
«Qarabağ kartı» adı altında gedən diplomatiyaya burada Birləşmiş Ştatların siyasi iştirakı müstəsna əhəmiyyət kəsb edir. ABŞ-ın siyasi sisteminin üstünlüyü bundadır ki, bu superdövlət öz siyasi-iqtisadi potensialından rasional istifadə etməyi bacarır. Üstəlik də bu dövlətin digər iri dövlətlərlə müqayisədə hərbi üstünlüyü belə bir qənaətə gəlməyə əsas verir ki, Birləşmiş Ştatlar hər bir konfliktin, o cümlədən Qarabağ konfliktinin həllində aparıcı rol oynaya bilər. Lakin hadisələrin göstərdiyi kimi, bu ölkə Qarabağ konfliktinin həllində maraqlı olsa da, məsələyə qədərincə müdaxilə edə bilmir, ya da ola bilsin ki, müdaxilə etməyi önəmli saymır.
Vəziyyəti realistcəsinə qiymətləndirsək, qeyd etməliyik ki, beynəlxalq təşkilatların konfliktlərin tənzimlənməsində və idarə edilməsindəki rolu müstəsna əhəmiyyət kəsb edir. Başlıca məsələ həmin beynəlxalq strukturlarla faydalı əməkdaşlıq münasibətləri qurmaqdır. Beynəlxalq təşkilatlar proseslərin gedişində belə bir proqnoz vermişdilər ki, keçmiş Sovetlər İttifaqında və Şərqi Avropada konfliktlərin başlıca səbəbləri həmin bölgələrdəki dövlətlərin sosial və siyasi strukturlarıdır. Hər halda bu ölkələrdə baş verən böhran konfliktlərin meydana çıxmasının vahid faktorudur. Bu da maraqlı cəhətdir ki, həmin konfliktlərin qarşısını alan faktorlar sosializm sisteminin süqutu ilə məhv edildi.
Qarabağ konfliktinin həllində maraqlı olan dövlətlərin diplomatik səyləri nə qədər pozitiv və faydalı olsa da, beynəlxalq təşkilatların yüksək statusu belə konfliktin həllində müsbət irəliləyiş yaratmır. Məsələn, ATƏT-in konfliktin həllində heç bir real iş görə bilməməsi təkcə bu qurumu nüfuzdan salmır, həm də ictimaiyyətin Avropa siyasi institutlarına etimadını da azaldır. Bununla yanaşı, Beynəlxalq təşkilatların konfliktlərin həllinə səmərəli təsir göstərmək səyləri maneələrlə üzləşir və həmin institutların özlərinin böhrana düşməsinə gətirib çıxarır. İkinci mürəkkəb məsələ budur ki, Avropada gedən siyasi inteqrasiya prosesi Avropadan kənarda gedən etnosiyasi konfliktlərə nəzarət etməyə imkan vermir. Bu isə istər-istəməz onsuz da Qafqaz regionuna can atan Birləşmiş Ştatların fəaliyyətinə geniş meydan açır. Qərbi Avropa ilə ABŞ-ın Qafqazda milli mənafelərinin toqquşması regionda tam sabitliyin yaranmasına əsas vermir. Və deməli, bu zaman Qarabağ konfliktinin həlli yolunda da maneələr yarana bilər. Belə ki, iri dövlətlər arasında mənafelər toqquşması dərinləşəcəyi təqdirdə zorakaılıq faktlarının da meydana çıxacağını istisna etmir.
Buna görə ATƏT-in təhlükəsizlik məkanı genişlənməlidir. Lakin təcrübə göstərir ki, ATƏT bu gün postsovet məkanını özünün etnosiyasi konfliktləri sınaqdan çıxararaq laboratoriyasına çevirmişdir. Bütövlükdə götürülsə, ATƏT bütün Avropa məkanında konfliktlərlə bağlı təhlükəsizliyi təmin edən, sülh işinə təhlükə yaradan maneələri aradan qaldıran yeganə siyasi institutdur. Bu institut önləyici (preventiv) diplomatiyada önəmli rol oynayır və Sovetlər İttifaqının dağılması bu institutun fəaliyyətinə yeni təcrübə əlavə etmişdir.
Lakin, təəssüflə qeyd edilməlidir ki, ATƏT bu günədək Qarabağ konfliktinin
həllində heç bir pozitiv iş görə bilməmişdir. Ən düşündürücü hal budur ki, həmin
siyasi institut özünün başlıca funksiyasını – vasitəçilik funksiyasını yerinə
yetirmək keyfiyyətini itirməkdədir. Bunu ATƏT nümayəndəsinin: «tərəflər öz
aralarında razılığa gəlməsələr, konfliktin həlli prosesi uzanacaqdır» -
deməsi bir daha təsdiqləməyə əsas verir. Halbuki Dağlıq Qarabağ konfliktinin
tənzimlənməsində ATƏT-in preventiv diplomatiya rolu indi xüsusi əhəmiyyət kəsb
edir. O bu gün bütün resurslarından istifadə etsə də, BMT-nin Təhlükəsizlik
Şurasının Qarabağ konfliktinin həlli ilə bağlı 4 qətnaməsindən heç birinin
həyata keçirilməsi sahəsində önəmli iş görə bilməmişdir.
Qarabağ konfliktinin tənzimlənməsi «Sülhü qorumaq» konsepsiyasının
reallaşmasının bir çalarıdır. Bu mənada ATƏT-in vasitəçilik missiyasının
gücləndirilməsi, bu işdə Azərbaycan diplomatiyasının səylərinin artırılması son
dərəcə aktual məsələ olaraq qalmaqdadır.