İsmayıl Musayev

Azərbaycanla ermənistan arasında diplomatik qarşıdurma

(aprel-iyun 1920-ci il)

Aprel istilasının ilk günlərindən etibarən Azərbaycanla Ermənistan arasında çox gərgin bir “diplomatik savaş” dönəmi yaşanmağa başladı. Daşnak hökumətinin XİN-i H.Ohancanyan hələ 1920-ci il aprelin 29-da AİK-in sədri N.Nərimanova 2886 saylı teleqram (nota) göndərdi. Orada Ermənistanın sərhədlərində yerləşən Azərbaycan hərbi hissələrinə Sovet qoşunları adı altında yeni qüvvələr göndərilməsi barədə məlumatlar alındığı yazılırdı. Notada habelə Azərbaycanın yeni rəhbərliyinin Qarabağ və Zəngəzurda hərbi əməliyyatları dayandıraraq öz qoşunlarını həmin bölgələrdən çıxaracağına inam bildirilirdi.

Azərbaycan XXİK-in müavini M.Hüseynov Ermənistana cavab notasında (30.IV.1920) ondan üç gün müddətində: 1) Qarabağı və Zəngəzuru öz qoşunlarından təmizləməyi; 2) öz sərhədlərinə çəkilməyi; 3) millətlərarası qırğına və ədavətə son qoymağı tələb etdi. Əks təqdirdə Azərbaycan İnqilab Komitəsinin özünü Ermənistan Respublikası hökumətilə müharibə vəziyyətində hesab edə­cəyi bildirildi (“Kommunist” qəzeti (rusca, 4.V.1920; №2) yazırdı ki, Ermənistanın Zəngəzuru və Qarabağı boşatlmaq­dan imtina etməsi sovet qoşunlarının onun üzərinə hücumuna səbəb ola bilər).

Eyni zamanda Azərbaycanın Qarabağ və Zəngəzurdakı qoşun hissələrinə hücumu dayandıraraq əlverişli mövqe tutmaq və müdafiə vəziyyəti almaq əmr olundu. S.Kirov, Q.Orconikidze və b. imzası ilə İrəvana vurulan teleqramda (1.V.1920) “24 saat ərzində” qoşunları Sovet Azərbaycanının ərazilərindən çıxartmaq tələb olunurdu. Bunun icra edilməməsinin Sovet Rusiyasına meydan oxumaq kimi başa düşüləcəyi və erməni silahlı qüvvələrinin onun ordusu tərəfindən həmin bölgələrdən kənarlaşdırılacağı yazılırdı.

Ermənistan rəhbərliyi Azərbaycan hökumətinin məlum notasını aldıqdan dərhal sonra Sovet Rusiyasına mü­ra­ciət etdi. Ermənistan XİN-i G.Çiçerinə teleqram (30.IV.1920; 2659 saylı) göndərərək qırmızı əsgərlər dəstəsinin Qarabağ və Zəngəzura irəlilədiyini və bu yolla da Türkiyə ilə birləşməyə çalışdığını qeyd edir, habelə Sovet Rusiyası ilə danışıqlar aparılması üçün parlamentin üzvləri L.Şant və b. ibarət nümayəndə heyətinin müəyyənləşdirildiyini bildirirdi. Daha sonra G.Çiserinə (surəti V.Leninə) ünvanlanan teleqramla (3.V.1920) Güney Qafqazda müstəqil respublikaların yarandığı dövrdə Zəngəzur və Qarabağın Ermənistandan ayrı düşməsi göstərilir, həmçinin orada erməni qoşun hissələrinin olması inkar edilirdi.

H.Ohancanyan Qafqaz cəbhəsinin Hərbi-İnqilab şurasına (Q.Orconikidzeyə) mayın 1-də göndərdiyi notada (surətləri V.Leninə, G.Çiçerinə, Azərbaycan İnqilab Komitəsinə də yollanılmışdı) mübahisəli ərazilərdə nə əvvəllər, nə indi erməni qoşunlarının olmadığını yazır, ondan Azərbaycana hərbi hissələrini həmin bölgələrdən çıxarmağı tapşırmağı xahiş edirdi. Həm bu, həm də digər sənədlərdən göründüyü kimi, Ermənistan onunla Azərbaycan arasındakı mübahisəli məsələlərin həllində Sovet Rusiyasının “vasitəçiliyi”ni istə­yir və buna çalışırdı.

Bu arada, mübahisəli məsələlərlə əlaqədar olaraq, Azərbaycanın XXİK-i ilə Ermənistan XİN-i arasnıda notalar mübadiləsi genişləndi. H.Ohancanyan mayın 3-də M.Hüseynova yolladığı notada (surətləri V.Leninə, G.Çiçerinə, Q.Orconikidzeyə) Azərbaycan hökumətinin 30 aprel tarixli nota-ultimatumundakı məsələlərlə bağlı yenə də riyakarcasına nə əvvəllərdə, nə də indi Azərbaycan ərazisində erməni qoşunlarının olmdaığını söyləyir, Qarabağ-Zəngəzuru özlərininki sayaraq, Azərbaycanın hərbi hissələrinin orada yerləşməsindən narahatçılığını bildirirdi.

Notada daha sonra yazılırdı ki, Azərbaycan öz hakimiyyətini heç vaxt Zəngəzura yaymamışdır, buna görə də onu öz ərazisi saymaq üçün hər hansı bir hüquqi və faktiki əsası yoxdur; Zəngəzur öz kəndliləri, Şura tərəfindən idarə olunur və özünü Ermənistanın ayrılmaz hissəsi hesab edir. Özünü sülhsevər kimi qələmə verən H.Ohancanyan notasının sonunda gələcəkdə yeni silahlı toqquşmaların baş verə bilməsi imkanını aradan qaldırmaq məqsədilə: a) bütün hərbi əməliyyatları birdəfəlik dayandırmağa; b) iki qonşu respublika arasındakı sərhədlər haqqında məsələnin yekunlaşdırılması üçün danışıqlara başlamağa çağırırdı.

Azərbaycan hökuməti Ermənistan rəhbərliyinə cavab notasında (8.V.1920) onun yuxarıdakı “dəlilləri”lə razılaşmadığını və danışıqlara isə hazır olduğunu bildirdi. Mayın 9-da Azərbaycan XXİK-i “Erməni xalqına və erməni hökumətinə, Çiçerinə və hamıya, hamıya…” başlıqlı müraciət etdi. Həmin müraciətdə vaxtilə Zəngəzur, Naxçıvan, Şərur və Ordubadda baş verən qarşılıqlı erməni-azərbaycanlı qırğınları xatırlanır, Ermənistanın da sovetləşəcəyi təqdirdə onunla dil tapmağın xeyli asanlaşacağı (?! – İ.M.) fikri vurğulanır, bütün mübahisəli məsələlərin həlli məqsədilə danışıqlar aparmaq üçün öz səlahiyyətli nümayəndələrini mayın 15-dən gec olmayaraq Bakıya göndərmək təklif edilirdi.

Ermənistan XİN-i mayın 12-də Azərbaycan XXİK-in müavini M.Hüseynova və Azərbaycan xalqına ünvanlanan (surətləri G.Çiçerinə və V.Leninə) nota göndərdi. Bu notada çoxlu “maraqlı mülahizələr” vardı. Orada göstərilirdi ki, Azərbaycandakı yeni hökumətin birinci addımı Qarabağ və Zəngəzur ermənilərinin qətiyyətlə və dəfələrlə iradələrini ifadə etmələrinin əksinə olaraq, onları zorla öz əsarətinə salmaq istiqamətinə yönəldilmişdir. Notada Mustafa Kamala, Ənvər paşaya və Nuru paşaya böhtanlar atılır (onlar öz ölkələrində və Qafqazda erməni qırğınlarının təşkilatçıları kimi qələmə verilirdilər) və belə şəxslərlə əlaqələr saxladığına görə Azərbaycan hökumətinə iradlar tutulurdu.

Bu nota ilə Azərbaycan tərəfi yalnız Ermənistanda müsəlmanlara qarşı edilən vəhşiliklərdən danışmaqda və Naxçıvanda dinc erməni əhalisinə (?!-İ.M.) münasibətdə törədilən zorakılıqlar barədə isə susmaqda ittiham edilirdi. Notanın axırında Ermənistan hökuməti AİK-in bütün mübahisələrin həlli üçün danışıqlara başlamağa dair təklifini qəbul etdiyini və bu məqsədlə də səlahiyyətli təmsilçilər kimi Bakıdakı diplomatik nümayəndə M.Arutyunyantsın və digərlərinin təyin olunduqlarını bildirirdi.

Şimali Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinin ələ keçirilməsinə böyük siyasi və strateji əhəmiyyət verən Sovet Rusiyası onların tutulması üçün həm diplomatik vasitələrdən istifadə edir, həm də xüsusi hərbi əməliyyatların planlarını işləyib hazırlayır. Habelə daxildəki bəzi qüvvələrlə birlikdə buna əlverişli ideoloji zəmin yaratmağa çalışırdı.

Məhz bu məqsədlə də RSFSR XXİK-in müavini, milliyyətcə erməni olan Qaraxan mayın 15-də İrəvana (1101 saylı) və Bakıya (1102 saylı) teleqramlar göndərdi. Həmin teleqramlarda: a) Ermənistan hökumətinin, Azərbaycanla onun arasındakı mübahisəli məsələlərin həllində vasitəçi rolunu öz üzərinə götürmək barədə, Sovet Rusiyasına edilən təklifinin qəbul olunduğu və b) digər tərəfin də buna razılığının zəruriliyi (şübhəsiz bu formal səciyyə daşıyırdı və protokol naminə idi) bildirilirdi.

Sovet Rusiyasının rəhbərliyi əsas məqsədini bu teleq­ramlarla açıqlayaraq mübahisəli ərazi məsələləri nizamlananadək – guya millətlərarası toqquşmalara və qırğınlara yol verməmək üçün – Naxçıvan, Zəngəzur, Qarabağın Qızıl ordu tərəfindən tutulacağını bəyan etdi. Azərbaycanın XXİK-i öz cavabında Sovet Rusiyasının bu vasitəçilik missiyasına razılığını bildirdi. Habelə ona öz nümayəndələrinin təyin olunmasını sürətləndirməyi, danışıqların yeri kimi Ermənistanın təklif etdiyi Qazaxın əvəzində isə (dəmir yolundan kənarda – hər iki respublikanın paytaxtından aralı olması və s. görə) Bakını məsləhət gördü.

Yenidən Rusiyanın asılılığına keçməsinə baxmayaraq, onun qoşunları bəzi mülahizələrə görə ermənilərin iddia etdikləri və hərbi hissələr saxladıqları Azərbaycan ərazilərini tutmağa hələ ki tələsmirdilər. Bu fikri G.Çiçerinin Q.Orconikidzeyə teleqramı (2.VI.1920) da təsdiqləyir. Teleqramda deyilirdi: “Azərbaycan hökumətinə bildirin ki, biz Şuşa və Cəbrayılı tutmaqla kifayətlənmək zərurəti qarşısında qalmışıq… Bakı hökumətinə Naxçıvan və Culfanı indi tutmağın mümkün olmadığını və hərbi status kvo ilə kifayətlənmək məcburiyyətində qalmağın obyektiv səbəblərini bildirməyi xahiş edirəm… Bakıdakı böyük nüfuzunuzdan istifadə edib Azərbaycan hökumətinin Şərur-Dərələyəz qəzasını deyil, Qarabağ və Zəngəzuru mübahisəli ərazi kimi etirafına nail olmağı xahiş edirik”.

Daha sonra G.Çiçerin 1920-ci il iyunun 19-da 168/174 saylı teleqramla bildirirdi ki, Qarabağ, Zəngəzur, Naxçıvan və Culfa nə Ermənistana, nə Azərbaycana birləşdirilməməli, yerli sovetlərin razılığı ilə Rusiya qoşunlarının işğalı altında olmalıdır. Lakin Q.Orconikidzenin ona ünvanlanan teleqramından (21.VI.1920) bu da ayıdn olur ki, G.Çiçerinin Qarabağ və Zəngəzura dair N.Nərimanova vurduğu teleqramda həmin ərazilərin Azərbaycana birləşdrilməsindən danışılırdı.

Bizcə, bu cür qeyri-müəyyən (ziddiyyətli) mövqe Sovet Rusiyasının “mübahisəli” elan etdiyi Azərbaycan torpaqlarının hesabına Ermənistanı da özünün bilavasitə asılılığına keçirmək, həmçinin XI ordunun işğalı ilə razılaşmayaraq, üsyanlara və çıxışlara başlayan xalqımıza təzyiqi artırmaq niyyətilə izah oluna bilər. N.Nərimanovun, PK (b) P Qafqaz Ölkə komitəsinin üzvü R.Mdivaninin, AK(b)PMK üz­vü A.Mikoyanın və PK (b) P Ermənistan komitəsinin üzvü A.Nuricanyanın imzaları ilə G.Çiçerinə və Q.Orconikidzeyə göndərilən 1920-ci il tarixli məlumat çox əhəmiyyətlidir.

Məlumatda yazılırdı: “Artıq Sovet Azərbaycanın tərkibinə daxil olan, guya mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə billdiririk ki, bu yerlər mübahisəsizdir və bundan sonra da Azərbaycanın hüquqdlarında yerləşməlidir. Başdan-başa müsəlmanlarla məskunlaşan, bir ildən artıqdır ki, ayrı düşən (?! – İ.M.) və yerli əhalinin qüvvələrilə daşnak hökumətindən müdafiə olunan Culfa və Naxçıvan rayonları həm hərbi cəhətdən, həm də Türkiyə ilə bilavasitə əlaqə məqsədlərilə bizim qoşunlarla tutulmalı və Azərbaycana birləşdirilməlidirlər. Daşnak hökuməti ilə hər hansı danışıqları öz tərəfimizdən... vaxtsız hesab edirik”.

N.Nərimanov bu məlumatdakı fikir və mülahizələri inkişaf etdirərək yazırdı: “Dünyada heç kəs göstərilən vila­yət­lərin (Qarabağ və Zəngəzurun) əhalisinin Azərbaycanla birləşməsinə rəylərini bildirmələrinə təsir göstərməyimizə mane olmaq imkanında deyildir”. “İndi bu vilayətlərin güzəştə gedilməsi (Ermənistana)… Sovet hakimiyyətinin nəinki Azərbaycanda, həm də İranda və Türkiyədə nüfuzdan düşməsi olacaqdır” (Göründüyü kimi, torpaqların əldən getməsi təhlükəsi deyil, Sovet hakimiyyətinin nüfuzunun itirilməsi daha çox narahatçılıq doğururdu).

Yuxarıda göstərilən nöqteyi-nəzər bu məsələlərin həllində zahirən obyektiv və bitərəf (ən yaxşı halda ziddiyyətli), əslində isə ermənipərəst mövqe tutan (N.Nərimanovun “Qafqazdakı canişin”, M.Məmmədzadənin “Rusiya ordusunun yeni Sisianovu” adlandırdıqları) Q.Orconikidze tərəfindən əvvəlcə müdafiə edildi. Belə ki, o V.Leninə, İ.Stalinə, G.Çiçerinə ünvanladığı məlumatda: a) Naxçıvan-Ordubad rayonunun və onun şimal hissəsinin Türkiyənin Bəyazid diviziyası tərəfindən tutulduğunu; b) Dronun qoşunlarının bu bölgəni ələ keçirmək üçün ciddi təhlükə yaratdığını; c) Qabrielyanın “Azərbaycan Şərur-Dərələyəz qəzasından və Nax­çıvan rayonundan imtina edərsə erməni nümayəndə heyəti Qarabağ və Zəngəzurun dərhal Azərbaycana birləşdirilməsinə razılaşacaqdır” mülahizəsilə əlaqədar N.Nərimanovla danışıqlar aparılacağını yazırdı.

Həmin məlumatdan göründüyü kimi, Q.Orconikidze Azərbaycanda Sovet hakimiyyətinin möhkəmlənməsi və Bakının əldə saxlanması naminə Dağlıq Qarabağın Azəbaycana birləşdirilməsinə, onun torpağı olan Zəngəzur və digər yerlər barədə isə heç söhbətin belə gedə bilməməsinə dair qəti inamını bildirmişdi. Həmçinin bu ərazilərin erməni əhalisinin təhlükəsizliyinə başı ilə təminat verdiyini və burada müxtariyyət elan etməklə – müsəlman hərbi hissələrini oraya yeritmədən – erməni əhalisini təşkil edəcəyini vurğulamışdı.

O belə bir cəhəti də xüsusilə diqqətə çatdırmışdı ki, məsələnin başqa cür həlli bizim Azərbaycanda vəziyyətimizi dayanıqsız edir və bununla Ermənistanda heç nə udulmur (Əlbəttə məlum siyasi şəraitdə sonuncunun bizə gərəkli olması istisna edilməməklə); Azərbaycana belə münasibət bizi onun geniş kütlələrinin gözündən çox salar və əleyhdarlarımızın işi üçün yüksək səviyyədə zəmin yaradar.

Daha sonra birbaşa telefon rabitəsi zamanı N.Nərimanovun “Siz deyirsiniz: digər vilayətlərə iddia etməyin. Bilmək maraqlıdır, bunlar hansı vilayətləndir… (Sənəddə anlaşılmazdır – İ.M.). Qarabağ və Zəngəzur Azərbaycanın mübahisəsiz vilayətləridir… Mən şəxsən məsələnin sizin təklif etdiyiniz şəkildə qoyuluşu ilə razıyam” fikrilə bağlı Q.Orconikidze bunları bildirmişdi:

  ·Siz Zəngəzur və Qarabağdan savayı həm də Naxçıvan, Şərur-Dərələyəz qəzası və Ordubada da iddia irəli sürmüşsünüz;

  ·Mən indi Qarabağ və Zəngəzurla əlaqədar Çiçerinlə danışdım, təcili və şərtsiz olaraq bu vilayətlərin Azərbaycana birləşdirilməsini, sizin isə digər vilayətlərə dair iddialardan daşınmağınızı, Qarabağ və Zəngəzura müxtariyyət verilməsini, həm də bunun heç bir halda sülh müqaviləsində (Ermənistanla RSFSR arasındakı nəzərdə tutulur – İ.M.) göstərilməməsini və mütləq sizin tərəfinizdən həyata keçirilməsini təklif edirəm.

Q.Orconikidze G.Çiçerinə göndərdiyi sənədlərdən birində isə onun Azərbaycanla Ermənistan arasındakı mübahisəli vilayətlər haqqındakı teleqramını aldığını, buna görə də B.Leqran və Ter-Qabrielyanla görüşdüyünü, Azərbaycanın Qarabağ və Zəngəzurun təcili, şərtsiz ona birləşdirilməsinə təkid etdiyini, bununla razılaşmaq lazım gəldiyini çatdırdı.

Yaranmış müvafiq siyasi şəraitdə tutduğu mövqeyini açıqlayan Q.Orconikidze yazırdı ki, “hər iki qəza iqtisadi cəhətdən Bakıya can atır və İrəvandan tamamilə ayrılmışdır (Burada da məsələ tarixi və hüquqi baxımdan deyil, iqtisadi əlaqələr və İrəvandan ayrı düşmək kimi cəfəng nöqteyi-nəzərdən əsaslandırılır; bu da həm o vaxt, həm də indi əsassız iddialara və müharibələrə gətirib çıxarmışdır – İ.M.). Xüsusilə də hazırda Bəyazid diviziyası paz kimi araya girməkdədir və belə bir vəziyyətdə bölgələrin mübahisəli durumda saxlanmaları onların türklər tərəfindən tutulmaları və bütün erməni əhalisinin qırılması ilə nəticələnər, biz isə heç vəchlə bunun qarşısını ala bilmərik”.

Serqoya görə, göstərilən ərazilərin Azərbaycana birləşdirilməsi onun kommunistlərinə güclü üstünlük verər və rəsmi Bakını digər vilayətlərə iddialarından çəkinməyə vadar etməyə şərait yaradardı. Buna görə də teleqramda son olaraq deyilirdi ki, mənim fikrim belədir: Qarabağ və Zəngəzuru təcili Azərbaycana birləşdirmək; mən Azərbaycanı bu vilayətlərə muxtariyyət verməyə məcbur edərəm, lakin bu onun tərəfindən olmalıdır və heç bir halda müqavilədə yazılmamalıdır. Q.Orconikidze V.Lenin və G.Çiçerinə yolladığı bir teleqramında (19.VI.1920) isə bunları bildirirdi:

·Azərbaycan Qarabağa, Zəngəzura, Naxçıvan və Şərur-Dərələyəz qəzalarına iddia edir;

·Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti elan olunmuşdur və yuxarıda göstəridən ərazilər özlərini Azərbaycan Sovet respublikasının hissəsi sayırlar. Naxçıvan artıq bir neçə aydır ki, üsyançıların – müsəlmanların əlindədir (?! – İ.M.) və Şərur-Dərələyəzə aid məndə məlumatlar yoxdur;

· Azərbaycan heç bir halda Qarabağ və Zəngəzursuz keçinə bilməz;

· Ümumiyyətlə, fikrimizcə, Azərbaycanın nümayəndəsini Moskvaya çağırmaq, Azərbaycana və Ermənistana dair bütün məsələləri onunla birlikdə həll etmək lazım gəlir. Bunu Ermənistanla müqavilə imzalanadək etmək lazımdır.

Q.Orconikidze belə fikirləri V.Leninə, İ.Stalinə və G.Çiçerinə vurduğu teleqramda (16.VII.1920) də təkrarlamışdı. Eyni zamanda iyulun 14-də G.Çiçerinə digər bir teleqramında isə Zəngəzuru mübahisəli ərazi elan edərək digər bölgələrin… Ermənistana birləşdirilməsi fikrini ortaya atmışdı. Bütün bunlardan göründüyü kimi, Q.Orconikidzenin bu ziddiyyətli, əslində ermənilərin mənafeyinə xidmət edən, mövqeyi Naxçıvan və Zəngəzurun Ermənistana verilməsinə dair 1920-ci ilin sonlarında elan ediləcək sənədlər və görüləcək tədbirlər üçün çıxış nöqtəsi, müəyyən bir zəmin idi.