Akif Nağı
Münaqişələrin həllində güc amili
Dünya uluslararası və daxili münaqişələr, irqi, etnik, dini, iqtidar-müxalifət münaqişələri şəraitində yaşamaq, mövcud olmaq zorunda qalmışdır. Gah bu münaqişələri həll etməyə çalışır, onlardan yaxa qurtarmağa cəhdlər edir, gah da reallıqla hesablaşıb münaqişələrin möcvudluğu ilə barışır. Daha doğrusu, mübarizədən usanıb, münaqişələr şəraitində heç nəyə dəymədən, status-kvonu saxlamqla yaşamağa öyrəşir. Bu halda münaqişəli şərait norma olaraq qəbul edilir. Münaqişə durumu adiləşir. Ancaq bu hal münaqişə tərəflərindən birinin, yaxud - bir neçəsinin mübarizədən kənara çəkilib öz taleyi ilə barışdığı hallarda olur və az-az rast gəlinir.
Əksər hallarda tərəflər münaqişənin bu və ya digər yollarla həllinə çalışırlar. Orta rəngləri nəzərə almasaq, minilliklərlə, ta ibtidai-icma dövründən başlayaraq, iki əsas yol, metod, üsul, yanaşma tərzi ortada olmuşdur:
a) dinc, danışıqlar yolu, tədricilik, təkamül, barışqanlıq, vasitəçilik, kompromis, qarşılıqlı güzəştlər və s.
b) zorun, gücün tətbiqini nəzərdə tutan yol, hərbi müdaxilə, radikallıq, dözümsüzlük, maksimalizm, kompromislərdən, yarımaddımlardan imtina, barışmazlıq və s.
Bu günə qədər hər iki yolun kifayət qədər müdafiəçisi və davamçısı vardır. Onların arasında kəskin mübahisə və mübarizə davam edir.
Mən ikinci yolun tərəfdarıyam. Hesab edirəm ki, birinci yol zəif tərəfi öz iradəsinə tabe etdirmək, zəifi öz vəziyyəti ilə barışmağa məcbur etmək, status-kvonu saxlamaq istəyən güclü tərəfin, yaxud vəziyyətin dəyişməz olaraq saxlanılmasında marağı olan tərəfin fırıldağıdır. Dinc vasitələrlə, danışıqlar yolu ilə hər hansı ölkənin daxilində, yaxud uluslararası münasibətlərdə münaqişənin nizamasalınmasına dair heç bir ciddi fakt yoxdur. Hətta bəzən çəkilən misallar reallığı o qədər də əks etdirmir, daha çox təbliğat xarakteri daşıyır. Dinc vasitələrlə gedən proses münaqişə tərəflərindən birinin öz vəziyyəti ilə barışmasına, təslim olmasına sıradan çıxmasına doğru aparır. Bu yol tərəflərdən birinin səfərbər olub, qüvvələrini cəmləşdirib müqavimət göstərmək imkanını heçə endirir. Bu yol qalibin, güclünün təntənəsinə doğru aparır. Bu yol zəifin, azlığın, məğlubun hüquqlarının tapdalanması, ta-nınmaması deməkdir. Burada demokratiyadan danışanların nəzərinə çatdırırıq ki, demokratiyanın da prinsipləri pozulur.
Zorun, gücün tətbiq edilməsini şərtləndirən arqumentlərdən biri odur ki, istənilən münaqişə vəziyyəti tərəflərdən birinin zor tətbiq etməsi ilə yaranır. Azərbaycan-Ermənistan münaqişəsi Ermənistanın silahlı zor, müdaxilə tətbiq etməsi ilə bağlıdır. İngilis-irland, yəhudi-fələstinli, ispan-bask, təzəcə cücərməkdə olan türkmən-kürd münaqişələrindən hər biri tərəflərdən hansınınsa zor, güc göstərməsi ilə birbaşa bağlıdır. Deməli, istənilən münaqişənin mahiyyəti tərəflərdən birinin gücə, zora əl atması ilə izah olunur. Əgər belədirsə, yəni zor, güc nəticəsində münaqişə yaranırsa, onda onu başqa yolla, dinc vasitələrlə necə həll etmək olar? Və olmur da! Bu nə təbiətin, nə də cəmiyyətin qanunlarına uyğun gəlir. Təsir əkstəsirə bərabərdir. Yoxsa dünya çoxdan dağılıb getmişdi. Dünyanın özü də ilk təkandan, yəni ilk zordan sonra yaranıb. Hər bir yenilik özünə yolu zorla açır. Dünya əksliklərin vəhdəti, ziddiyəti və mübarizəsi qanunu üzərində dayanır. Döyüşən, vuruşan dünya yaşayır, möhkəmlənir, inkişaf edir. Ona görə də dünyada münaqişələrin olmasından yox, olmamasından, yaxud onların döyüş, mübarizə yolu ilə həll edilməməsindən qorxmaq lazımdır. Münaqişə dünyanın, təbiətin, cəmiyyətin mahiyyətindən irəli gəlir. Münaqişə dünyanın hələ də yaşamağa, möhkəmlənməyə qadir olduğunun göstəricisidir. Münaqişə dünyanın daxili ehtiyatlarının tükənmədiyini nümayiş etdirir. Sadəcə olaraq, insanların üzərinə bu münaqişələri açıq meydanda, güclə həll etməklə, dünyanın ömrünü uzatmaq missiyası düşür. Passiv, münaqişəsiz, mübarizəsiz bir dövrə qədər yaşayıb çata bilsəniz, bilin ki, dünyanın axırı, yaxud Fukuyamanın təbirincə “tarixin sonu” çatıb.
Dinc yolun tərəfdarları çox vaxt Hindistanda M.Qandi hərəkatının, yaxud ABŞ-da Martin Lüter Kinq hərəkatının adını çəkirlər. Bu hərəkatların qısa tarixini xatırladım. Mahatma Qandinin hərəkatı 1919-cu ildən başladı, yalnız 30 ildən sonra nəticə verdi. Bu hərəkatda qeyri-zorakı metodlardan istifadə olunurdu. Qandi bu metodlara “satiyaqraxa” – həqiqətə inad adını vermişdi. M.L.Kinq fəal müqavimətdən imtina edir, zənciləri zora zorla cavab verməməyə çağırır, daha çox müxtəlif boykotlardan istifadə etməyə (məsələn, ağlarla qaraların bir avtobusda getməsinə imkan verməyən şirkətin boykot edilməsi və s.) üstünlük verirdi.
a) Bu
hərəkatın tərəfdarlarının nəzərinə aşağıdakıları çatdırıram:
Hindistan müstəqilliyə uzun müddətdən sonra və natamamlıq kompleksi ilə nail
oldu, indi də vəziyyətdən xilas ola bilməmişdir. Müqayisə üçün onun qonşuları
(Pakistan və Çin) sıçrayış və zorakılıqla müstəqilliyə nail oldular. Və bu gün
onların inkişaf səviyyəsi ilə Hindistanınkını heç müqayisə etməyə dəyməz
b) Qandi hərəkatında da başa düşdülər ki, yalnız qeyri-zorakı yolla nəticəyə gəlmək çətindir. Ona görə də öz hərəkatlarını “həqiqətə inad” kimi xarakterizə edirdilər. Vaxtaşırı isə zora əl atırdılar, yaxud onların qeyri-zorakı addımları zorakı elementlərlə zənginləşdirilirdi. Təsadüfi deyil ki, vaxtaşırı onların üzvlərindən eyni vaxtda 25-30 min adam həbsdə olurdu.
c) Qandi hərəkatının nəticəsidir ki, Hindistan cəmiyyəti hələ bu gün də özünü təsdiq prosesini başa çatdırmamışdır. Qeyri-zorakı metodlara üstünlük verən Hindistanda M.Qandi də daxil olmaqla ölkə rəhbərləri yalnız zorakı yolla, qətllə hakimiyyətdən uzaqlaşdırılır. Cəmiyyətin natamamlıq kompleksini göstərən paradoks!
d) M.L.Kinq hərəkatının nəticəsidir ki, ABŞ-da zəncilər hələ də özünü təsdiq prosesini yaşayır, özlərinə cəmiyyətdə yer tapa bilmir, hələ də cəmiyyətin tör-töküntüləri rolunda qalırlar. Amerika mühitinə az-çox bələd olanlar bilirlər ki, zəncilər özlərini hər yerdə çox pis aparır, nümayişkaranə şəkildə qaydalara əməl etmir, “pis oğlan” olduqlarını qəsdən gözə soxurlar. Bu, özünütəsdiq prosesinin davam etdiyini göstərir. Zəncilərin müxtəlif vəzifələrə, hətta yüksək dövlət vəzifələrinə çəkilməsi həmin disbalansın süni şəkildə aradan qaldırılmasına xidmət edir. Müqayisə üçün, radikal mübarizə yolu ilə getmiş Cənubi Afrika Respublikasında zəncilərin vəziyyəti, əldə etdikləri nəticələr başqalarını dəfələrlə qabaqlayır. Burada zənci dövləti, zənci cəmiyyəti anlamı hətta əhalisinin hamısı zəncilərdən ibarət olan ölkələrə nisbətən daha bitkin və yüksək formasına çatıb. Əlcəzairi də misal çəkə bilərəm. Heç kim oranın yenidən nə vaxtsa ərəb ölkəsi olacağına inanmırdı. Zorakı metodlarla mübarizə aparan əlcəzairlilər az vaxt ərzində nəticəyə nail oldular.
Zora qarşı yalnız zor müsbət nəticə verə bilər. Yuxarıda qeyd etdiyimiz kimi münaqişə ən azından bir tərəfin zora əl atması nəticəsində meydana gəlir. Zora əl atmış tərəf isə öz mövqeyindən danışıqlar yolu ilə imtina etmir. Əgər imtina etmək fikri olsaydı, heç zora əl atmazdı. Fələstinlilər İsrailin zoruna qarşı zora əl atmasaydılar, bu gün Fələstin məsələsi, ümumiyyətlə, gündəmdə dayanmazdı və yəqin ki, fələstinliləri artıq çoxdan unutmuşdular. Y.Ərəfata qədər fələstinlilərlə heç kəs hesablaşmırdı. Y. Ərəfatı xeyli müddət terrorçu adı ilə heç bir dövlət yaxına buraxmırdı. Ancaq sonra bütün dövlətlər onu tanıdılar, onunla hesablaşdılar. Bu gün onun ölümündən sonra da dünya fələstinliləri dinləyirsə, bu ilk növbədə Y. Ərəfat fenomeninin nəticəsidir.
Azərbaycan-Ermənistan münaqişəsi 11 ildir dondurulub, danışıqlar gedir, ancaq heç bir nəticə yoxdur. Azərbaycan 1992-1993-cü ildə ilk dəfə ciddi zorakı metodlara, hərbi gücə əl atdı. Dərhal nəticə əldə olundu. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 məlum qətnaməsi, 1993-cü ilin iyununda Ermənistan rəhbərliyinin Kəlbəcərdən çıxmaq haqqında sənədə imza atması – bunların hamısı Azərbaycanın zora əl atması, yaxud real zorla hədələməsinin nəticəsi idi.
Bəzən güclə, zorakı metodlarla daha tez və daha təmiz nəticələrə nail olmaq mümkündür. İstənilən münaqişənin həllnidə dinc vasitələr, danışıqlar yolu çoxlu yeni elementlərin ortaya çıxmasına, yeni çalarların əlavə olunmasına gətirib çıxarır. Bu isə məsələnin mahiyyətini dəyişir, diqqəti ilkin mövqedən uzaqlaşdırır, təhriflərə səbəb olur. Vaxt heç vaxt münaqişənin ədalətli həllinə işləmir. Vaxt keçdikcə, güclü tərəf daha da, güclənir, müttəfiqləri və maraqlı tərəfləri işə cəlb edir. Həmçinin az vaxt ərzində ictimai-maraq, beynəlxalq rəy, akuallıq kimi kateqoriyalar arxa plana keçir.
İngiltərə Folklend adaları ilə bağlı hadisəyə dərhal reaksiya verdi, hərbi güc tətbiq olundu, az vaxt ərzində nəticə əldə olundu. Belə cəld reaksiya verməsəydi, indi hələ də ATƏT-in Minsk qrupuna oxşar hansısa Avropa-Amerika vasitəçilik missiyasi İngiltərə ilə Argentina arasında yol ölçərdilər. Bir sıra İngiltərə mətbu orqanları, diplomatları bəzən bu addımı təqdir etməyən mövqedən çıxış edirlər. Ancaq ərazisini basqa ölkənin təcavüzündən qorumuş bir dövlətin nümayəndələri, məncə, səmimiyyətdən uzaq danışırlar. Türkiyə adalarını zəbt etməyə cəhd göstərmiş Yunanıstana qarşı bir günün içərisində bütün qüvvələrini səfərbər edib hərəkətə başladı. Xorvatiya 4 gün ərzində hərbi güc tətbiq etməklə torpaqlarını Serbiya işğalından azad etdi. Düzdü, buna görə beynəlxalq təşkilatlar tərəfindən bəzi sanksiyalara məruz qaldı. Ancaq daha vacib nəticəyə nail oldu. 30 ildən artıq İraq rejimini danışıqlar yolu, dinc vasitələrlə dəyişməyə çalışan ABŞ heç nəyə nail ola bilmədi və sonda hərbi zorun tətbiqinə üstünlük verməli oldu.
Tanınmış Çin hərbi nəzəriyyəçisi Sun Tszi (e.ə. VI -V əsrlər) yazırdı ki, ordu öz sabitliyi ilə, dövlət öz bütövlüyü ilə qalib gəlir. Onun fikrinə görə, müharibə, güc tətbiqi hər bir dövlət üçün vacib və əsas məsələdir. Dövlətin mövcudluğu onun gücündən, güc tətbiq edə bilməsindən asılıdır. Ərazi bütövlüyünə qəsd edilmiş Azərbaycan dilemma qarşısındadır: ya reallıqla razılaşıb bir dövlət kimi məhvə doğru yolunu davam etdirməlidir, ya da öz gücünə arxalanıb müharibə yolunu seçməlidir. Lakin hərbi nəzəriyyəçi K. Klauzevitsin ifadəsi ilə desək, “müharibə - siyasətin başqa vasitələrlə davamıdır”. Ona görə də Azərbaycanda müharibəyə gətirəcək, davamı müharibə olacaq siyasət bu gün aparılmalıdır. Bu siyasəti həyata keçirməklə müharibəni başlayıb qələbə çalmaq üçün Azərbaycanın bütün imkanları vardır. Başqa amillərin üzərində dayanmadan maddi və maliyyə imkanlarını önə çəkirəm. Hazırda Ermənistanın illik dövlət büdcəsi 800 milyon ABŞ dolları həcmindədir. Bu ölkənin 2005-ci il üçün hərbi büdcəsi 84 milyon dollar planlaşdırılıb. Ermənistan işğal olunmuş ərazilərdə hərbi hissələrin saxlanılmasına ildə 12 milyon dollar xərcləyir. İşğalçı dövlətin zəbt olunmuş Azərbaycan ərazilərində saxladığı 25 minlik hərbi qüvvənin 3200 nəfərini xarici muzdlular, 7 min nəfərini isə ermənistanlı hərbi çağırışçılar təşkil edir. Ekspertlərin hesablamalarına görə, müharibə başlayarsa, hərbi əməliyyatların hər günü tərəflərə 25 milyon dollara başa gələcəkdir. Buraya hər iki ölkənin insan ehtiyatları amilini də əlavə edirəm. Görünür ki, müharibə ağır maddi, maliyyə xərcləri, böyük insan ehtiyatları tələb edir. Ancaq hər kəsə aydındır ki, Azərbaycanla Ermənistanın imkanları və buradan da şansları heç müqayisə də oluna bilməz.
“Güc nəzəriyyəsi”nin tərəfdarları kimi tanınan R. Nibur, F. Şuman, H. Kissincer, E. Karr, H. Morgentau, P. Aron və digərləri “güc” kateqoriyasına mühüm əhəmiyyət verirlər. Bu nəzəriyyəyə görə, beynəlxalq siyasət ilk növbədə gücə əsaslanır. Yəni hər hansı dövlətin güc toplamaq istiqamətində səyləri beynəlxalq münasibətlərin inkişafına birbaşa təsir göstərən mühüm amildir. Güc mərkəzləri arasında təşəkkül tapan “qüvvələr tarazlığı” sistemi beynəlxalq münasibətlərin həm sabitliyini, həm də inkişafını təmin edir. H. Morqantau “Millətlər arasında siyasi münasibətlər. Hakimiyyət uğrunda mübarizə” kitabında göstərir ki, beynəlxalq aləmdə dövlət öz mövqeyini iki yolla – hərbi strategiya və diplomatiya vasitəsilə həyata keçirir. Diplomatiya isə yalnız gücə söykənəndə real nəticələr verir. Diplomatiya öz ixtiyarında olan güc elementlərindən istifadə etməklə səmərəli olur. Dünya münasibətlərində hər bir dövlətin yeri milli güc deyilən kriteriya ilə müəyyənləşir. Milli güc özündə siyasi, iqtisadi, hərbi, demoqrafik, coğrafi, elmi-texniki, sosial-psixoloji və mədəni gücləri birləşdirir.
Beynəlxalq hüququn əsas prinsipləri BMT Nizamnaməsində, BMT Baş Assambleyasının qəbul etdiyi Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə (1970-ci il), Helsinki Müşavirəsinin Yekun Aktında (1975) və digər normativ sənədlərdə təsbit edilmişdir. Bu prinsiplərdən biri zor işlətməmək və zor işlətməklə hədələməmək prinsipidir. Bu prinsipə əsasən, bütün ölkələr öz beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi toxunulmazlığına və siyasi müstəqilliyinə qarşı zor işlətməkdən və zor işlətməklə hədələməkdən imtina edirlər. Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş Ermənistan artıq bu prinsipi pozmuşdur. Beynəlxalq hüquqa görə, dövlətin üzərinə silahlı basqın olarsa, işğala məruz qalarsa, o, müdafiə, öz torpaqlarını işğaldan azad etmək məqsədilə silahlı qüvvə, güc tətbiq edə bilər. Göründüyü kimi, beynəlxalq hüquq konkret hallarda güc tətbiq edilməsini birmənalı şəkildə təsbit edir.
Beləliklə, bütün növ münaqişələrin nizama salınmasında, aradan qaldırılmasında zorun, gücün tətbiqi, radikal yanaşma metodları daha səmərəli, çevik, effektli, ədalətli forma, yol kimi qəbul olunmalıdır.